Berde Turbesi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bərdə türbəsi, Allah-Allah türbəsi və ya Nüşabə qalası — Bərdə şəhərində yerləşən tarixi memarlıq abidəsi.
Bərdə türbəsi | |
---|---|
40°22′59″ şm. e. 47°07′40″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşir | Bərdə |
Memar | Əhməd bin Eyyub əl-Hafiz Əlbənnayi ən-Naxçıvani |
Tikilmə tarixi | 1322 |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
İstinad nöm. | 6 |
Kateqoriya | türbə |
Əhəmiyyəti | dünya əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəXIV əsrdə Bərdədə iki qülləvari türbə tikilmişdir ki, onlardan biri müasir dövrə qədər qalmışdır. Elmi ədəbiyyata 1322-ci il tarixli Bərdə türbəsi adı ilə daxil olan abidənin nə vaxt və kim tərəfindən tikildiyi üstündəki kitabələrdən məlumdur. Bərdə türbəsi hələ XIX əsrdən tədqiqatçıların diqqətini cəlb etmişdir. 1848-ci ildə Bərdəni ziyarət etmiş məşhur şərqşünas Xanıkov abidənin üzərindəki kitabələri oxumuş və bu kitabələr daha sonra 1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfindən nəşr edilmişdir. Akademik Dorn eyni zamanda Bərdə türbəsinin təsvirini də nəşr etmişdir.
Bərdə türbəsindəki bu kitabə Naxçıvan memarlarının hələ XIV əsrdə məsul binaları tikmək üçün başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Naxçıvan memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən son dərəcə qiymətli bir sənət nümunəsidir.
Memarlıq xüsusiyyətləri
redaktəBərdə türbəsi qülləvari türbələrə xas quruluşda olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni cənazənin dəfn edildiyi hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə günbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırılma ornamentlərlə bəzədilmişdir. Sərdabəyə Şimal tərəfdən dromos ol vasitəsi ilə daxil olurmuşlar. Türbənin yerüstü hissəsi isə üç əsas memarlıq quruluşundan əmələ gəlir: daşdan hörülmüş kürsülük,dairəvi gövdə və çadırvari günbəz. Sahəsi etibarilə ən çox yer tutan bəzək ünsürü silindrik gövdəni örtən və firuzəyi kaşıdan quraşdırılmış kitabədir. Kürsülükdən başlayaraq yuxarıdakı haşiyəyə qədər səkkiz metr yarımlıq bir hissəni örtən və firuzəyi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bir kompozisiyadan əmələ gələn bu kitabə 200 dəfədən artıq Allah sözünü naxış şəklində təkrarlayır. Türbənin gövdəsini örtən yazılı səthdən sonra ornament, daha sonra bir metr hündürlüyündə geniş kitabə qurşağı yerləşir. Bu kitabənin yeri qara rəngli kaşıdan, yazılar isə ağ rəngli kaşıdan quraşdırılıb. Kitabə qurşağından sonra günbəzə keçid təşkil edən 3 yaruslu stalaktit kəməri yerləşdirilmişdir. Bu stalaktitlərin daxili səthləri də rəngli həndəsi ornamentlə örtülmüşdür. Stalaktit qurşaqdan sonrakı konusşəkilli günbəzin səthi də qırmızı və firuzəyi kaşıdan ibarət həndəsi ornamentlərlə örtülü olmuşdur.
Öz quruluşu və bəzəyi etibarilə Bərdə türbəsinin ən maraqlı kompozisiya ünsürlərini Şimal və Cənub tərəflərdə yerləşmiş iki portal (baştağ) təşkil edir. Ümumi sxemi etibarilə bir-birinə uyğunlaşsalar da bu iki baştağ bir-birindən fərqlənir.
Şimal portalında, stalaktit qurşağından yuxarıdakı kitabəson dərəcə bədii şəkildə yerinə yetirilib. Kitabənin abidənin gözə çarpan bir yerdə, demək olar ki, əsas kompozisiya mərkəzində yerləşdirilməsi memarın yüksək ictimai mövqeyinə dəlalət edir. Kitabənin məzmunu belədir: ”Əməli Əhməd bin Eyyub əl-Hafiz Əlbənnayi ən-Naxçıvani”
1322-ci ildə Bərdədə ucaldılmış türbə Qarabağlardakı türbənin ən yaxın oxşarıdır. İri daş plitələrlə üzlənmiş kürsülükdə kvadrat kərpiclərdən tikilmiş bir qədər yarımqazma proporsiyalı qüllə ucaldılmışdır. Türbənin xarici hissəsi şaquli istiqamətdə firuzəyi kərpiclə üfüqi istiqamətdə isə yaxşı cilalanmış adi kərpiclə düzülmüş «köynəklə» örtülmüşdür. Müxtəlif bəzək birləşmələri və kərpicin fakturası bütün fasad boyu dəfələrlə təkrarlanan «Allah» sözünü əmələ gətirir.
Frizin orta zolağında nesxlə işlənilmiş Quran ayəsi kitabəsinin qalıqları yer tutur. Onun süd kimi ağ hərfləri firuzəyi bitki motivləri ilə biri-birinə qarışmışdır. Bu mürəkkəb toxunuşun fonu, türbənin mozaika dekorasiyası üçün səciyyəvi olan, tünd göy şirdən təşkil edilmişdir.
Yuxarı otağa ox üzərində yerləşdirilmiş effektli baştağlarla tərtib olunmuş iki giriş qapısı açılır. Onların kompozisiya sxemi Qarabağlar türbəsinin baştağına yaxındır, ancaq bəzəklərində bir sıra xüsusiyyətlər müşahidə olunur. Baştağlar yalnız çoxrəngli ornament naxışlarının sadəcə zənginləşmiş və kompozisiya cəhətdən qabardılmışdır.
Daxili fəza adəti üzrə iki yerləşgəyə ayrılmışdır. Alt yerləşgə - sərdabə dörd dərin taxçalarla mürəkkəbləşdirilmiş plan həllinə görə kvadratı xatırladır. Yuxarı yerləşgənin interyeri divarlarında oxvari sonluğa malik dayaz taxçaları olan düzgün onbucaqlı prizma şəklindədir. Hamar şəkildə suvanmış divarlarda hansısa dekorativ elementin izi qalmamışdır.
Memar, qülləli türbələrə xas olan "ümumfasadlığı" saxlayaraq, böyük ustalıqla şimal tağbəndin mahiyyətini daha çox qabartmışdır. Qülləli türbələr arasında Bərdə türbəsi daha çox şimal nöqtəsində durur: stilistik cəhətdən onun yaxın oxşarı xeyli cənubda yerləşir.
Bərpası
redaktəUzun illər baxımsız qalan Bərdə türbəsinin bərpasına 1960-cı illərdə başlanılıb. Səhv aparılan bərpa işləri nəticəsində türbənin görkəmi dəyişib, kitabələr silinib, üzərinə qoyulan ağır beton kostruksiya isə çatların əmələ gəlməsinə səbəb olub. Türbənin bərpasına 2012-ci ildə başlanılıb və 2018-ci ildə yenidənqurma işləri tam başa çatdırılıb. Türbənin betondan quraşdırılmış qəzalı günbəzi tam sökülərək yenidən hörülüb və kaşılı kərpiclə üzlənib. 427 m² sadə və mürəkkəb formalı kaşı elementləri hazırlanaraq tətbiq edilib. Quranın Ayətul-kursi surəsi və kufi əlifbası ilə kitabələr bərpa olunub. Kaşılar arasındakı hörgü tikişləri təmizlənərək xüsusi məhlul qarışığı ilə yenidən doldurulub. Divardakı çatlar tam regenerasiya edilib. Sərdabənin pilləkəni şüşə örtüklə bağlanıb və orada mərmər sənduqə quraşdırılıb. Bərpa işləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin sifarişilə "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən həyata keçirilib. 25 mart 2018-ci ildə yenidən açılışı baş tutub.[1]
İstinadlar
redaktə- ↑ AzərTAc. "Martın 25 də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Bərdə" (az.). Youtube.com. 25.03.2018. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-26.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Azərbaycanda üzərində 200 dəfədən çox "Allah" kəlməsi həkk olunan türbə - FOTOLAR" ( (az.)). islamazeri.az. 2016-12-27. 2017-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.