Qelegahli Ismayil Efendi - Wikipedia
Qələgahlı İsmayıl əfəndi Şeyx İbrahim əfəndi oğlu (1838, Qələgah, Quba qəzası – 1895, Ufa, Rusiya imperiyası) - Rus müstəmləkə zülmünə qarşı mübarizə aparmış şəxslərdən biri.[1] Ruhani.[2]
İsmayıl əfəndi | |
---|---|
İsmayıl əfəndi Şeyx İbrahim əfəndi oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Qələgah, Quba qəzası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Ufa, Rusiya imperiyası |
Vəfat səbəbi | xəstəlik və ya zəhərlənmə |
Həyat yoldaşı | Xanım |
Uşaqları | Həmdulla əfəndi Əfəndizadə, Şəmsəddin əfəndi, Əmri, Vasiq, Babaş |
Atası | Şeyx İbrahim əfəndi |
Anası | Fatimə |
Dini | Sünni, İslam |
Fəaliyyəti | Rus müstəmləkə zülmünə qarşı mübarizə |
Həyatı və Fəaliyyəti
redaktə1838-ci ildə Quba qəzasının Qələgah kəndində Şeyx İbrahim əfəndinin böyük oğlu olaraq dünyaya gəlmişdir. Özündən başqa iki qardaşı (Əbülvəhhab və Məhəmməd) da olan İsmayıl əfəndi,[3] qardaşları ilə birlikdə atalarının ölmündən sonra onlara miras qalan İslamın təbliği[2] və rus zülmünə qarşı mübarizəni davam etdirirdilər.
Azərbaycanda müstəmləkəçilik idarəçiliyini möhkəmləndirən çarüsul-idarələri əhalini bəylərin, ağaların əli ilə əzmək üçün məqsədyönlü layihələrini uğurla həyata keçirirdilər. Belə ki, 1870-ci il 8 (21) noyabrda çarın fərmanına əsasən kəndlilər ağır torpaq vergisindən qismən azad oldularsa da, "mali-cəhət", "Avraz", "Çöpbaşı və başqa vergilər yenə də qalmaqda davam edirdi. Fərman heç bir yenilik gətirməmiş, Şeyx İbrahim əfəndinin ölümündən sonra qəzada düşmənin zülmü daha da artmışdı.
1889-cu ildə baş verən quraqlıq ucbatından Qubanın mahallarında aclıq tüğyan edirdi. Ölənlərin sayı gündən-günə artırdı. Bir yandan da bəylər kəndlilərin zəhmət haqlarını verməkdən boyun qaçırırdılar. İsmayıl əfəndi haqsızlıqlara göz yuma bilməzdi. O, ayağa qalxdı. Nahiyyələrə baş çəkib ağsaqqallarla görüşdü. 100-dən çox kəndlinin haqqının təmin olunmasına nail oldu.[1]
Həbs oluması və Sürgün edilməsi
redaktəZil-qadə ayının əvvəllərində İsmayıl əfəndini Qubernatorluğa çağırdılar. Onu mayor Zubov qəbul etdi. Zubov, İsmayıl əfəndiyə qardaşları ilə birlikdə etdikləri "özbaşnalıqlar"ı dayandırmalarını və öz işləri ilə məşğul olub, ölü basdırmağa davam etmələrini, əks halda 37-ci ildə baş verənlərin təkrar baş verə biləcəyini deyərək İsmayıl əfəndini hədələdi. Əfəndi Zubovun hədələrinə məhəl qoymur, Zubova əsaslı arqumentlərlə cavab verərək onu susdururdu. Əfəndi ilə bacara bilməyəcəyini anlayan Zubov dedi:
Get! Yaxın vaxtlarda görərik, kim haqlıdır? Sən, yoxsa mən.[1]
1890-cı ildə Zubov tapşırığına əsasən Mustafa bəy 30 nəfərlik dəstə ilə Əfəndinin evinə basqın edib onu həbs etdi. Eyni vaxtda Əfəndinin digər iki qardaşı da həbs edildilər. Onlar "müridizmi qızışdıranlar"[4] kimi sürgün edildilər. Ruslar qardaşları əvvəl Ufa vilayətinə gətirirlər. İsmayıl əfəndi və qardaşlarının müsəlmanlar arasında nüfuzu burada da artığından ruslar onları ayırmağa qərara alırlar. Məhəmməd əfəndi Kurqana, Əbdülvəhhab əfəndini isə Saratov vilayətinin Saryevka qəsəbəsinə təkrar sürgün edirlər.[5]
Vəfatı
redaktəQardaşları ayıran ruslar İsmayıl əfəndi üzərində nəzarəti gücləndirməklə, ona Ufadan 100 km aralıdakı bir dağ aulunda yaşamağa icazə verirlər. İsmayıl əfəndi 1895-ci ildə qəfildən xəstələnərək vəfat edir. Kimisinə görə ürək tutmasından, kimisinə görə isə ruslar tərəfindən almaz tozu ilə zəhərlənərək öldürülmüşdür.[5]
İstinadlar
redaktə- ↑ 1 2 3 Dünyamalı, Kərim. Bir soyun taleyi (az.). Bakı: Mütərcim. 2003. 98.
- ↑ 1 2 Yaqub, Paşa. Övliyalar ensiklopediyası, cild I (az.). Bakı: TUNA. 2020. 547.
- ↑ Yaqub, Paşa. Övliyalar məskəni Quba mahalı (az.) (2-ci nəşr). Bakı: Zərdabi LTD. 2012. 15.
- ↑ Tərtib edəni: Tarix elmləri doktoru, professor RÜSTƏMOVA - TOHİDİ, SOLMAZ. Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə (az.). Bakı. 2013. 107.
- ↑ 1 2 Dünyamalı, Kərim. Bir soyun taleyi, ikinci hissə (az.). Bakı: Mütərcim. 2003. 111.