Paytakaran - Wikipedia
Paytakaran — Qafqaz Albaniyasına daxil olan əyalətlərdən (nahanq) biri. Paytakaran mənbələrdə müxtəlif adlarla - Kaspk / Kazbk (erməni mənbələrində), Kaspiana (yunan-Roma mənbələrində), Paytakaran-Balasikan (Musa Kalankatlı və bəzi erməni mənbələrində), Balasakan / Balasəcan / Balasican / Bələsican (fars və ərəbdilli mənbələrdə) və s. formada adlandırılmışdır.
Bu əyalət müasir Şimali Azərbaycanın cənub-şərq hissəsində yerləşmiş və şərqdə Xəzər dənizinin sahillərinə kimi uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsi də Paytakaranın tərkibinə daxil idi. Bəzi vaxtlarda Paytakaran Atropatenanın şimal-şərq torpaqlarını da öz tərkibinə birləşdirmişdir. Ehtimal olunur ki, Şirvanın Xəzər dənizinə kimi cənub-şərq hissəsi Abşeron yarımadası ilə birlikdə Paytakaranın tərkibində olmuşdur.
Mərkəzi eyniadlı Paytakaran (böyük ehtimalla Beyləqan) şəhəri idi. Paytakaran siyasi cəhətdən bəzən Qafqaz Albaniyasının tərkibində, bəzən isə müstəqil olmuşdur. Lakin IV əsrin ikinci yarısından bu əyalət Albaniyanın tərkibinə daxil idi. V-VIII əsrlərdə Balasakanda qafqaz albanları, kaspilər, hunlar, xəzərlər, akasirlər və başqa tayfalar yaşamışdır.[1]
Hazırda Cənubi Azərbaycanın Sarab şəhristanında yerləşən Biləsicin kəndinin adı Balasakan vilayətinin adından qalma bir toponim (yer adı) ola bilər.
İstinadlar
redaktə- ↑ Azərbaycanın Tarixi-Siyasi Coğrafiyası Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine səh. 19, Vaqif Piriyev