Palciq Vulkani - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Palçıq vulkanları – vulkan palçığı materiallarından təşkil olunmuş, zirvəsində krateri olan yastı konus formalı təpə (hündürlüyü 400m-dək). Fasiləsiz və ya vaxtaşırı vulkan palçığı, qaz, suxur qırıntıları, su (bəzən neftli) püskürür.[1]
Haqqında
redaktəAzərbaycanın neft-qaz rayonlarında 300-dən çox palçıq vulkanı və palçıq vulkanı təzahürü yerləşmişdir. Onların əksəriyyəti intensiv qrifon-salza fəaliyyəti ilə səciyyələnir və yer səthinə KH qazları, minerallaşmış sular, neft emulsiyalı lilli palçıq çıxarır. Adətən palçıq vulkanının püskürməsi güclü yeraltı uğultu və partlayışla başlanr. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır.[2] Bəzən vulkan üzərində alovun hündürlüyü 1000 metrə (Qarasu a.vulkanı) çatır. Palçıq vulkanının qazları əsasən, metandan, qismən ağır karbohidrogenlər və təsirsiz qazlardan ibarət olur. Palçıq vulkanının suyu yod, brom, bor və s-li hidrokarbonatlı-natriumlu olur, palçığının tərkibində çoxlu mikroelement (bor, civə, manqan, mis, barium, stroisium, litium və s.) olur. Hər il Azərbaycanda 2-dən 5-dək, bəzən daha çox püskürmə paroksizmi baş verir. Keçən əsrin müxtəlif illərində palçıq vulkanı fəaliyyətində aktivləşmə qeydə alınmışdır və püskürmələrin sayı həmişəkindən çox olmuşdur.[3] Azərbaycan Respublikasında palçıq vulkanları geniş yayılmışdır. Palçıq vulkanlarından başqa onların "pilpilə", "yanardağ", "bozdağ", "axtarma", "qaynaca", və s. yerli adları da var. Azərbaycan Respublikasında 220-dən çox palçıq vulkanlar var (Abşeron yarımadasında, Qobustanda, cənub-şərq Şirvan düzənliyində, Samur-Dəvəçi ovalığında, Abşeron və Bakı arxipelaqlarında). Ən böyükləri Qalmas, Torağay, Böyük Kənizdağ və s. Çoxlu kəsik konus şəklindədir. Hündürlüyü 20–400 m, əsasının diametri 100–4500 m olur.[4] 2007-ci ildə "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu" yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir.
Palçıq vulkanlarının mənşəyi
redaktəPalçıq vulkanlarının mənşəyi haqqında ilk dəfə H. V. Abix fikir söyləmişdir. O, belə bir nəticəyə gəlmişdir ki, palçıq vulkanları səthə çıxmaq üçün lazım olan istilik enerjisini – maqmadan, brekçiya əmələ gətirən qırıntı süxurlarını – yarılma (qırılma) zonasından, suyu – dənizdən, qazı – bitumlu süxurlardan, palçıq vulkanlarının fəaliyyətinin başlanması üçün lazım olan impulsları isə zəlzələlərdən alır. Digər geoloq – alimlər palçıq vulkanlarının əsas yaranma səbəbini geodinamikada – qırışlar, boşluqlar və çatların yaranması və inkişafı ilə əlaqələndirirlər. Neftçi – geoloqların fikrincə isə palçıq vulkanları neft yataqlarında toplanmış karbohidrogen qazlarının ifrat təzyiqi nəticəsində yaranır. Palçıq vulkanları ətraf sahədən 400 – 500 m-dək yüksələn, əsasının deametri 100-dən 350 m-dək olan kəsik konus formalıdırlar. Vulkanın təpəsi onun kraterinə uyğun gəlib yastı qabarıq formadan dərin çuxuradək müxtəlif formalarda olur. Krater adətən vulkanın mərkəz hissəsində yerləşir. Sopka brekçiyası və onu müşayiət edən qaz və su kanalla xaricə çıxır və zaman keçdikcə toplanaraq vulkan konusunun yamacları ilə aşağıya axaraq üzərində vulkan oturan tacın strukturunu örtüb gizlədir. Krateri piyalə formasında olan palçıq vulkanları da olur. Palçıq vulkanı yer səthində və ya dəniz dibində toplanmış sopka materialından təşkil olunmuşdur. Vulkan tullantıları içərisində bəzən diametri 1 – 2 metr olan daha böyük süxur parçalarına da təsadüf edilir. Vulkan boğazı, əsasən, şaquli istiqamətli olub, sopka brekçiyasının xaricə çıxarılmasına şərait yaradır. Vulkan boğazı iki əsas hissədən – başlıca kanaldan və damarlardan ibarət olur. Palçıq vulkanı konusları "sopka brekçiyası" adlanan süxur kütləsindən ibarətdir. Sopka brekçiyası, əsasən, ətraf süxurlara yad olan sərt süxur qırıntıları ilə gilli kütlə qarışığından ibarətdir. Sopka brekçiyası bərk olduqda vulkan konusunun yamacları dik (Otman – Bozdağı, Kalmas, Torağay və s.), su ilə zəngin olduqda isə konus alçaq və yastı, krater isə boşqabvarı formada olur. Palçıq vulkanları sopka brekçiyasını yer səthinə çıxaran bacalardır. Sopka brekçiyası ilə birlikdə qaz və minerallaşmış su da çıxır. Bu zaman əsas püskürmə kütləsi adətən vulkan kraterindən vaxtaşırı coşqun püskürmə paroksizmləri şəklində xaricə atılır. Paroksizmlərarası dövrdə adətən vulkanın təpəsində və ya onun yamaclarında yerləşən xeyli parazitik kraterlərdən – qrifon və salzalardan zəif qaz, su və çox vaxt az miqdarda sopka lili çıxır. Sopka brekçiyası böyük yelpikvari və ya dilvarı axınlar şəklində ətrafa yayılır və tezliklə quruyur. Bu axınların eni bir neçə yüz metr, uzunluğu bir neçə kilometr, qalınlığı isə bəzən 10 m və daha artıq olur. Sopka brekçiyası axınları çox vaxt bir – birini örtür. Güclü püskürmələr ərəfəsində bir sıra radial və konsentrik çatlar əmələ gəlir. Zaman keçdikcə eroziya amillərinin təsiri ilə relyef barrankoslara bölünür. Bu barrankoslar aşağıya doğru endikcə dərinləşib genişlənir və bəzən dərin dar dərələrə çevrilir. Azərbaycanın bəzi vulkanları öz adlarını sopka örtüyünün rənginə görə almışlar. Məsələn, "Bozdağ", "Ağtirmə" (Ağtirmə adı buradan əmələ gəlmişdir) və s. Palçıq vulkanı fəaliyyətinin müəyyən cizgilərini səciyyələndirən ayrı-ayrı yerli adlar ədəbiyyata daxil olmuşdur. Məsələn, Keyrəki (dəmirçi kürəsi anlayışından), Yanandağ, Pil – Pilə, Ayrantökən, Sürüncə və s. Bundan başqa sonuna batmaq mənasını verən "batan" kəlməsi əlavə edilən adlara da rast gəlinir. Məsələn, Lökbatan, At(a)batan. Sopka örtüyünün rənginə və bitki örtüyünə görə palçıq vulkan püskürmələrinin sayını müəyyən etmək olur. Yerləşmə şəraitinə və yerinə görə, palçıq vulkanları yerüstü, gömülmüş və dəniz vulkanlarina bölünür. Yerüstü palçıq vulkanları içərisində normal inkişaf etmiş və denudasiyaya uğramış konusları olan vulkanlara ayrılır. Azərbaycanda konusları normal inkişaf etmiş vulkanlar olduqca çox yayılmışdır. Bunlara Keyrəki, Ağtirmə, Gülbaxt, Böyük Kənizədağ, Torağay, Kalmas, Kürsəngi və s. aiddir. Müəyyən geoloji zaman ərzində konusları eroziya prosesi nəticəsində yox olmuş və bundan sonra daha püskürməyən vulkanlar müstəqil bir sinfə – gömülmüş (qazıntı) vulkanlara (Bibiheybət, Zığ, Qum adası) aid edilir. Dəniz vulkanları, öz növbəsində, ada və sualtı vulkanlara bölünür. Abşeron və Bakı arxipelaqlarının ada və saylarının hamısı mənbə etibarilə, palçıq vulkanı hadisələrilə bağlıdır. Lakin bunların dəniz tərəfindən yuyulması müxtəlif olduğundan, nəticədə ya ada palçıq vulkanları, yaxud da saylar əmələ gəlir.
Palçıq sopkası hündürlüyü 0.5 m-dən 40–50 m-ə qədər, əsasının diametri 5–150 m hüdudlarında olan düzgün formalı kiçik konusdan ibarətdir. Sopka az miqdarda süxur qırıntıları qarışmış gilli materialdan təşkil olunmuş, sülb süxur qırıntılarına malik pelit (xırda dənəvərli, əsasən, gilli çöküntü süxuru), qaz və bəzən üzərində neft pərdəsi olan su ayırır. Pelitlərin konsistensiyasından asılı olaraq sopka şiş təpəli və ya gümbəzvarı konus şəklini alır. Onun yuxarı hissəsindəki boğazın dəliyindən kanalla sopka lili səthə çıxır.
Palçıq sopkası kraterinin ölçüləri bir neçə desimetrdən 20–30 m-ə qədər olur. Sopkanın palçıq vulkanından əsas fərqi birincinin tullantıları içərisində yalnız sopka brekçiyasının olmamasıdır. Palçıq sopkaları müstəqil və parazit sopkalara bölünür. Sonuncular palçıq vulkanının krater çölündə və ya yamaclarında püskürmələrarası dövrlərdə meydana gəlir. Bunların sayı onlarla olur. Müstəqil sopkalar böyük olduqları halda, parazitik sopkaların hündürlüyü 2–3 m-dən artıq olmur.
Salzalar tam inkişaf etməmiş qıfvarı yarımkonusdan ibarət olub, içərisi lil materialı və ya içərisində iri süxur qırıntıları olmayan bulanıq su ilə dolur. Salzalardan qaz, su, neft, neftlə suyun qarışığı ifraz olunur. Salza çalalarının diametri geniş hüdudlarda dəyişir və bir neçə 10 santimetrdən 5–120 m-ə qədər və daha artıq olur. Ayrı-ayrı qaz, su və neft çıxışları qrifonlar adlanır. Bu çıxışların dəliklərinin diametri 1–2 sm-dən bir neçə metrə qədər olur. Qrifonların fərqləndirici əlaməti onlarda sülb süxur qırıntılarının olmamasıdır. Ayrılan lilli maddənin konsistensiyasından asılı olaraq əsasının diametri 5 m, hündürlüyü 0.5–3 m-ə çatır. Qrifonlar müstəqil fəaliyyət göstərən qrifonlara və palçıq vulkanlarının fəaliyyəti ilə əlaqədar olan parazit qrifonlara ayrılır. Sonuncular həm krater gölündə və həm də yamaclarda yerləşir[5].
Xəzərdə palçıq vulkanı
redaktəQuruda yerləşən palçıq vulkanlarından başqa, gömülmüş və dəniz palçıq vulkanları da məlumdur. Xəzər dənizində 140-dan çox sualtı palçıq vulkanı var. Bakı arxipelaqında səkkiz ada (Xəzər-Zirə, Zənbil, Qarasu, Gil, Səngi-Muğan, Çigmil və s.) palçıq vulkanı mənşəlidir. Gömülmüş palçıq vulkanları quyularla aşkar olunmuşdur. Onların fəaliyyətinin izlərinə müxtəlif yaşlı layların arasında rast gəlinir. Məlumatlara görə, Azərbaycan Respublikası ərazisində palçıq vulkanlarının ilk fəaliyyəti təqribən 25 mln.il əvvələ aiddir. Azərbaycan Respublikası ərazisində 1810-cu ildən indiyə qədər 50 vulkan təqribən 200 dəfə püskürmüşdür. Lökbatan vulkanında 19 püskürmə qeydə alınmışdır.
Palçıq vulkanları kontinental və dəniz mənşəli də ola bilər. Xəzər dənizində periodik sualtı proseslərin fəaliyyəti nəticəsində palçıqdan adalar yaranır, lakin dənizin suları bizlərdən yüzlərlə sualtı palçıq konusları "məharətlə" gizlədir. Palçıq vulkanları təbiətin unikal abidələrindən olub görünüşcə əsl vulkanın kiçicik formasına bənzəyir. Lakin vulkandan fərqli olaraq, odlu lava əvəzinə palçıq püskürür. Palçığın üzə çıxıb qaynamasına səbəb isə qazlardır. Qazların tərkibi adi vulkan qazının tərkibinə bənzərdir. İlk baxışdan palçığın yüksək temperaturda qaynaması ehtimal edilir. Lakin palçığın temperaturu adətən sabit qalır və ən isti yay aylarında belə 15 C-ni aşmır.
Azərbaycanın palçıq vulkanları
redaktəPalçıq vulkanlarına dünyanın bir çox yerlərində təsadüf etmək olar. Amma palçıq vulkanların 1/3 hissəsi Azərbaycanda, 16000 km² ərazidə cəmlənmişdir! Təbiətin möhtəşəm və sirri açılmamış təzahürü bütün forma və çeşid müxtəlifliyi ilə qəsdən sanki burada canlanmışdır. Elə bu səbəbdən də Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Azərbaycanda palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir.
Palçıq vulkanı dedikdə, təsəvvürümüzdə "pıqqıldayan" palçıqla dolu bir gölməçə canlanır və bu şəkil eynimizi heç də oxşamır. Vaxtaşırı palçıq vulkanın püskürməsi nəticəsində yaranan vəziyyət isə təbiətin bu təzahürünə olan münasibətimizi pisliyə doğru kəskinləşdirir. Belə ki, Homer özü də "Odissey"ində Plutonun yeraltı dünyasına girişi "kədərli səhralıq məskəndə" – palçıq vulkanlarında təsvir etmişdir. Adətən palçıq vulkanlarına neft və qaz yataqlarının yaxınlığında təsadüf olunur. Akademik İ. M. Qubkinin palçıq vulkanları ilə neft yataqlarının əlaqəsi nəzəriyyəsinə əsaslanaraq, Azərbaycanda məşhur Neft Daşları yatağı, Türkmənistanda isə Barsa-Kəlməs və Qotur-Təpə neft yataqları kəşf edilmişdir. Adi vulkanların vurduğu hədsiz maliyyə itkilərindən fərqli olaraq, palçıq vulkanlarından neft kəşfiyyat quyusu kimi də istifadə oluna bilər. Adi neft quyusunun dərinliyi 10–12 km-ə çatır və qazılması üçün milyonlarla dollar vəsait tələb olunur.
Palçıq vulkanları inşaatda geniş istifadə olunan təbii xammal kimi də qiymətli və əvəzsizdir. Vulkan gili tikinti üçün yararlıdır. Vulkan gilindən istifadə olunan kərpic isə yüksək keyfiyyətinə görə fərqlənir. Palçıq vulkanlarının iqtisadi sərfəliliyinin başqa bir tərəfi onun rekreasiya (istirahət) əhəmiyyətli təbii ehtiyat olmasından irəli gəlir. Palçığın tərkibi çox lazımlı mikroelementlərlə zəngin olduğundan, onların çoxu müalicəvi əhəmiyyətə malikdir. Hələ 1980-ci illərdə ölkənin 16 tibb müəssisəsində vulkan palçığı poliartrit, radikulit, hepatit, bir çox dəri xəstəliklərinin və əsəb sisteminin müalicəsində tətbiq edilirdi.
Hazırkı zamanda da dünya təcrübəsində palçıq vulkanları yerləşən, möhtəşəm və əsrarəngiz görünüşə malik ərazilərə turistləri cəlb etmək üçün turlar təşkil edilir, müalicəvi əhəmiyyətli kurortlar salınır. Bu ölkələr rekreasiya əhəmiyyətli resurslarından bacarıqla istifadə edərək milyonlarla gəlir əldə edirlər.
Azərbaycandakı vulkanların çoxunun yaxınlığında isə yaşayış evləri və ictimai iaşə obyektləri tikilib. 7-ci Binəqədi şosesinin üstündə, Şaban dağının yaxınlığında yerləşən "Keyrəki" vulkanın ətrafında bu gün əməlli-başlı yaşayış məntəqəsi salınıb. Ötən il bu vulkanın güclü püskürməsi nəticəsində həmin ərazidə yaşayan əhali təşvişə düşsə də, indi orada yeni evlər tikilməyə başlanıb. Bu gün də həmin ərazidə tikinti işləri davam edir. Azərbaycan hüdudlarında palçıq vulkanı təzahürləri Xəzəryanı – Quba, Şamaxı – Qobustan, Küryanı, Abşeron vilayətlərində, Bakı arxipelağında və Kür və Qabırrı çayları arasında geniş yayılmışdır. Palçıq vulkanları Abşeron yarımadasının qərb hissəsində, Cənubi və Mərkəzi Qobustanda və Xəzəryanı düzənliyi Xəzər dənizinə qovuşan cənub — şərq hissəsində ən çox inkişaf etmişdir.
Palçıq vulkanizminin zəif təzahürləri Böyük Qafqazın cənub yamacında Girdimançayın başlanğıcından şərqdə Həftəsaib, Zəngi kəndləri yanında, Lahıc yaxınlığında, Basqal kəndi ətrafında qeyd edilir.
Xəzəryanı – Quba vilayəti. Böyük Qafqazın cənub-şərq batımının geniş şimal dağətəyi zolağını və Xəzəryanı düzənliyi əhatə edir. Qaynarca vulkanından başqa, vilayət hüdudlarında kiçik sopka, qrifon və salzalar rast gəlinir.
Şamaxı – Qobustan vilayəti. Böyük Qafqazın cənub — şərq hissəsini əhatə edir. Ərazinin şimal zonasında Şıxzəgirli, Mərəzə, Şıxıqaya, Şeytanud, Qırqışlaq və başqa vulkanlar yerləşmişdir. Cənub zonada Torağay, Böyük Kənizədağ, Kiçik Kənizədağ, Dəvəlidağ, Ütəlgi, Ayaz — Ağtirmə (Ayazaxtarma), Nardaran — Ağtirmə (Nardaranaxtarma), Hacıvəli və başqa vulkanlar qeyd olunur. Ələt tirəsi boyu çox iri palçıq vulkanları – Daşmərdan, Solaxay, Ayrantökən, Qoturdağ, Qırdağ və başqa vulkanlar yerləşmişlər.
Küryanı neftli — qazlı vilayəti. Bu vilayət hüdudlarında Kalmas, Mişovdağ, Qırovdağ, Durovdağ, Hamamdağ, Ağzıbir, Kürsəngi kimi iri palçıq vulkanları yerləşmişdir.
Kür və Qabırrı çayları arası sahə, Orta Kür çökəkliyi hüdudlarında palçıq vulkanı təzahürləri sopka, qrifon və salza şəklindədirlər.
Abşeron vilayəti. Bu vilayət eyniadlı yarımadanı və Xəzər dənizinin ona qovuşan sahil zonasını əhatə edir. Palçıq vulkanları vilayətin qərb və mərkəz hissəsində daha geniş yayılmışdır. Vilayətin qərbində və mərkəzində Hökməli, Binəqədi, Saray, Novxanı, Zigilpiri, Keyrəki, Abix, Boğ — boğa, Böyükdaş, Otman -Bozdağı, Lökbatan, Şonqar, Quşxana və başqa çox iri vulkanlar yerləşmişdir. Vilayət hüdudlarında Zığ və Bibiheybət ərazilərində gömülmüş palçıq vulkanları mövcuddur. Abşeron arxipelaqı hüdudlarında Buzovna sopkası, Palçıq sopkası, Neft daşları və başqa iri palçıq vulkanları vardır.
Bakı arxipelaqı vilayəti. Bu vilayət Cənubi Xəzərin şimalda Balıqçı burnundan başlamış cənubda Qızılağac körfəzinədək uzanan geniş qərb hissəsini əhatə edir. Bu vilayətin palçıq vulkanları, konusları su səthindən baş qaldıran ada (Bulla, Oblivnoy, Los, Svinoy, Qlinyannı və s.) və ya sualtı saylardan (Kornilov – Pavlov sayı, Poqorelaya Plita rifi, Qolovaçev sayı və s.) ibarətdir. Bakı arxipelağının dəniz palçıq vulkanları antiklinal qurşaqların davamında zəncirvarı sıra ilə düzülmüşlər. Palçıq vulkanı mənşəli bir sıra sualtı saylar – Yupiter, 1906-cı il sayı, 1933-cü il sayı, Makarov sayı və başqaları Abşeron yarımadasından cənubda yerləşmişdir.
Azərbaycan ərazisində palçıq vulkanları qeyri-bərabər yayılmışlar. Onlar bu və digər ölçüdə – kiçik və çox iri yüksəklikdən ibarət olub, Böyük Qafqazın cənub — şərq batımının, Küryanı ovalığın, Bakı arxipelağı, Abşeron yarımadası və Abşeron arxipelağının müasir relyefinin əmələ gəlməsində böyük rol oynayırlar. Morfoloji cəhətdən palçıq vulkanları nisbi hündürlüyü 5 – 150 m-dən 400 – 500 m-dək olan kəsik konus şəklində olub, xarici görünüşünə görə maqmatik vulkanları xatırladır. Onların təpəsi kraterə uyğun gəlir. Kraterin diametri 400 – 500 m, əsasının diametri isə 6000 – 10000 m və daha artıq olur.
Şimali və Mərkəzi Qobustanın palçıq vulkanları, əsas etibarilə, Təbaşir və Paleogen çöküntüləri üzərində yerləşmişdir. Bu zonalardan cənubda, yəni Cənubi Qobustan, Küryanı ovalığı və Abşeron vilayətində onlar nisbətən coşqun fəaliyyət göstərən vulkanlardır. Ayrı — ayrı iri vulkanlara, Xəzər dənizi akvatoriyasında da rast gəlinir.
Geomorfoloji əlamətlərinə görə, Abşeron vilayəti şimal — qərb, cənub — qərb, şərq və Xəzər dənizi akvatoriyası kimi dörd hissəyə bölünür. Qərb zonasında Keyrəki, Zigilpiri, Qobu – Bozdağı, Güzdək – Bozdağı və s. palçıq vulkanları yerləşir. Cənub — qərb zonası Abşeron yarımadasının mərkəzi və qərb hissələrini əhatə edir. Bu zonada Lökbatan, Quşxana, Torpaqlı – Ağtirmə (Axtarma) və başqa palçıq vulkanlarının konusları ucalır. Yarımadanın şərq zonası Abşeron yarımadasının ən alçaq şərq hissəsini əhatə edir və onun relyefi zəif dislokasiyaya uğramış abşeron əhəngdaşları örtüyü ilə müəyyənləşmişdir. Bu zonada Boğ — boğa, Qırmaku və s. palçıq vulkanların kiçik konusları yüksəlir.
Abşeron yarımadası dərinliyi 30 – 50 m-ə qədər olan Xəzər dənizi akvatoriyası ilə əhatə olunmuşdur. Bu zona hüdudlarında Pirallahı (Artyom), Jiloy, Qum adaları, Darvin, Neft daşları, İkiqardaş daşları, Qriqorenko sualtı sayları yerləşmişdir. Tektonik cəhətdən yarımada Böyük Qafqazın cənub — şərq batımında yerləşir. Yarımada hüdudlarında 36 palçıq vulkanı Abşeron yarımadasında, 8 palçıq vulkanı isə Abşeron arxipelağında öyrənilmiş və təsvir olunmuşdur.
[6].
Təhlükəli vulkanlar
redaktəBu vulkanların püskürməsi o qədər də təhlükəsiz deyildir. Məsələn, XV əsrdə püskürən palçıq vulkanı Azərbaycanın Köhnəgədi kəndini palçıq altında basdırmışdır. 1922-ci ildə Bakı ətrafında yerləşən Omanbozdağ palçıq vulkanının püskürməsi nəticəsində alov 14 km hündürlüyə yüksəlmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. "hAzərbaycan Sovet Ensiklopediyası - VII Cild (M,N,O,Ö,P)". ek.anl.az. 31 yanvar 2021-c1 il tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. "hAzərbaycan Sovet Ensiklopediyası - VII Cild (M,N,O,Ö,P)". ek.anl.az. 31 yanvar 2021-c1 il tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi. "Palçıq vulkanları". 2023-12-04 tarixində arxivləşdirilib.
- ↑ "Palçıq vulkanları". 2023-12-09 tarixində arxivləşdirilib.
- ↑ "PALÇIQ VULKANLARI". 2009-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-31.
- ↑ "Mərkəz" qəzeti, 5.06.04
- Ç. İsmayılov. Y. Qəribov. Məktəblinin coğrafiya lüğəti. Bakı,2006. səh.185.
- Esmira Əsədullayeva məqaləsi, azecology.org Arxivləşdirilib 2021-12-13 at the Wayback Machine
- BBC
- Az. Elmlər Akademiyası Geologiya şöbəsi Arxivləşdirilib 2006-10-30 at the Wayback Machine