Osman Qazi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
I Osman Qazi (osm. عثمان بك — Osman Bey,türk. Osman Gazi, Birinci Osman; 1258, Söğüt, Biləcik ili – iyun 1326, Söğüt, Biləcik ili) — Kiçik Asiyada Osmanlı bəyliyinin ilk hökmdarı (1302–1326). Osmanın hakimiyyəti dövründə bəylik müstəqil oldu, Bizansın Kiçik Asiyadakı əraziləri hesabına onun sərhədləri əhəmiyyətli dərəcədə genişləndirildi. Osmanın rəhbərliyi altında əsas idarəetmə orqanları yaradıldı Onun atası Ərtoğrul qazi olaraq da bilinir(bəzi mənbələrə görə). O, Osmanlı İmperatorluğunun qurucusu hesab olunur və XX əsrin əvvəllərinə qədər mövcud olan Osmanlı sülaləsinin qurucusudur. Osmanın qılıncı dövlət təbərrükü, taxta çıxmanın təntənəli atributu və iman mübarizəsinin simvoludur. Türk xalqının əhəmiyyətli bir hissəsi Osmanlı İmperiyasının dağılmasından əvvəl özlərini osmanlılar adlandırdılar.
I Osman | |
---|---|
osman. عُثمان غازى | |
| |
1280 – 1302 (ləqəbi: Fəxrəddin) | |
Əvvəlki | Ərtoğrul Bəy |
1302 – 1326 | |
Baş nazir | Osman Qazi oğlu Ələddin Bəy və ya Hacıkəmaləddin oğlu Ələddin Paşa |
Sonrakı | I Orxan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Söğüt Rum Səlcuqlu dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Bursa, Osmanlı dövləti |
Dəfn yeri | Bursa |
Fəaliyyəti | Bəy |
Atası | Ərtoğrul Qazi |
Anası | Həlimə Xatun[2] |
Həyat yoldaşları | Rəbiə Bala Xatun və Malhun Xatun |
Uşaqları |
I Orxan , Ələddin Paşa, Çobanbəy, Məlik, Həmid, Pazarlu, Savcı, Fatma Xatun [1] |
Ailəsi | Osmanlı xanədanı |
Dini | İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Mənbələr problemi
redaktəOsmanlı İmperiyasının mənşəyi ilə bağlı köhnə və ya müasir olan nəzəriyyələrin heç birinin mübahisəsiz olmadığı aydındır. Eyni şəkildə Osman Qazi haqqında olan ənənəvi hekayələrin demək olar ki hamısı uydurmadır. Müasir tarixçinin edə biləcəyi ən yaxşı iş, ən erkən Osmanlı tarixinin qara dəlik olduğunu açıq şəkildə etiraf etməkdir. Bu boşluğu doldurmaq üçün edilən hər hansı bir cəhd sadəcə başqa bir nağılın yaranmasına səbəb olacaqdır.Kolin İmber
Osmana aid həməsr tarixi mənbələrin əskikliyi səbəbindən, onun həyatı haqqında çox az faktiki məlumatlar məlumdur. Onun hakimiyyətinə dair heç bir yazılı sübut yoxdur,[3] çünki demək olar ki, bütün sənədlər sonradan yazılmış saxta sənəd olduqları aşkar edilmişdir.[4] Buna görə Osman haqqında bütün məlumatlar, xeyli sonradan yaranan və inkişaf etdirilən şifahi rəvayətlər və əfsanələrə söykənir.[4] Osmanlı mənbələrindən müasir zamana qədər qorunub-saxlanılan ən qədimi 1476-cı ildə Aşıqpaşazadə tərəfindən yazılmağa başlayan "Tevarih-i Âl-i Osman" (Osman sülaləsinin salnaməsi) əsəridir. İmperiyanın ilk məşhur salnaməçisi Yaxşi Fakih (1413-cü ildən sonra vəfat etmişdir) olmuşdur, onun atası Orxanın yanında imam idi.[3] Yaxşı Fakih "Menakıb-ı Ali Osman Yıldırım Han’a Gelince" (Osmanlı sülaləsinin İldırım xana qədər istismarının təsvirləri) adlı əsərində Osmandan başlayaraq I Bəyazidə qədər olan (1398–1402-ci illər) salnamə yazmışdır. Bu salnamənin əsli müasir zəmanəyə qədər gəlib-çatmamışdır, lakin hesab olunur ki, o, demək olar ki, sözbəsöz olaraq Aşıqpaşazadə və bir sıra digər Osmanlı tarixçilərinin əsərlərinə daxil olmuşdur. Eyni mətndən Yaxşı Fakihin özü haqqında da məlumatlar götürülmüşdür.[5] Aşıqpaşazadə 1413-cü ildə Yaxşı Fakihin evində qaldığını və ondan tarix kitabının əldə etdiyini yazırdı, hansından ki istifadə edərək, Aşıqpaşazadə hadisələri təkrarən yazdı. Oruc qeyd edirdi ki, "Bu hadisələri hardan bildiyimi və topladığımı soruşsalar, indi Kostantin şəhərində [İstanbulda] yaşayan bir dərvişin şahidliyinə istinad edərəm. Onun adı Dervîş Ahmed Âşıkî, yüz yaşlı müdrik insan. […] O, bu hadisələrin hamısını yazmışdır. Ancaq, onun məlumat mənbəsi Orhan Qazinin imamının oğlu Yaxşı Fakih idi, hansı ki Sultan Muradın atası Sultan Mehemmedin hakimiyyətinə qədər yaşamışdır."[6] Sülalə banisinin həyat hekayəsi ilk dəfə on beşinci əsrdə, ölümündən bir yarım əsr sonra yazıldığı üçün, o ana qədər müəyyən əfsanə və rəvayətlər formalaşdı. Həm də nəzərə alınmalıdır ki, bütün bu salnamələr XV əsrin sonu — XVI əsrin əvvəllərində Osmanın nəsil davamçılarının sifarişi ilə və nəzarəti altında yaradılırdı.[4] Tədqiqatçılar hesab edirlər ki, Osmanlı tarixinin erkən dövrü ilə bağlı hekayələrdə həqiqəti bədii ədəbiyyatdan ayırmaq olduqca çətindir.[7] Məsələn, Kolin Imber yazırdı ki, 15-ci əsrin salnamələrində Osman haqqında tapılan hekayələrin hamısı uydurmadır: "ən elementar mətn təhlili göstərir ki, Osman Qazi və onun ardıcılları ilə bağlı demək olar ki, bütün" faktlar "uydurmadır"".[8]
İlk illəri
redaktəOsman bəy (bəzi mənbələrə görə Orxun bəy)[9] 1258-ci ildə Söyüddə doğulub.[10] Həyatının erkən dövrü haqqında etibarlı qeydlər yoxdur. Osman bəyin soyuna və boyuna aid məlumatlar ənənəvi xarakter daşıyır və ən qədimi ölümündən 100 il sonra yazılmışdır. Bu əsərlər arasında Əhmədinin (ö.414) Dastan və Təvarix-i Mûlûk-i Âl-i Osman, Şükrullahın (ö. 1464), Behçetu't-Təvarix və Âșıqpaşazadənin (ö. 1481) Təvarix-i Âl-i Osman adlı əsərlərini qeyd etmək olar.
Atası Ərtoğrul Qazi (bəzi qaynaqlara görə Ərdoğdu Bəy) Qərbi Anadoluda Söyüd ovalığı ilə Domaniç yaylağında yaşayan Oğuz türklərinin Bozox boyunun Qayı qolundan olan sayca çox olan bir obaya başçılıq edirdi. Osman Qazi onun kiçik oğlu idi. Tarixçi İbni Kamal (ö. 1534) Təvarix-i Al-i Osman adlı əsərində Ərtoğrul Bəyin Anadoluya (Ruma) gəldiyi zaman artıq iki oğlu olduğunu, Söyüddə köçəri həyatı yaşayarkən 1254-cü ildə (hicri 652-ci ildə) "aslan bədənli ay üzlü" kiçik oğlu Osmanın doğulduğunu bildirir.[11] Xalq rəvayətlərinə görə anası (ya da nənəsi), Xayma Anadır.
Yenə tarixçi İbni Kamal, Osmanın gəncliyində "igidlər arasına girdiyini" və "vurmaqda tutmaqda və durmaqda və oturmaqda hərkəsi özünə uydurduğunu" qeyd edir və qardaşlardan ən kiçiyi olmaqla yanaşı "şəmşir (qılınc) və tədbirdə hamısından əvvəl olduğunu" bildirir. Bu açıqlamanın Oğuz dastanının mövzularına bənzər şəkildə işlənildiyi barizdir.[10]
1281-ci ildə 23 yaşında Qayı Boyundan Ömər Bəyin qızı Malhun Xatun ilə evləndi. Bu evlilikdən daha sonra Osmanlı Dövlətinin başçısı olacaq Orxan Qazi doğuldu.
Daha sonra Şeyx Ədəbalinin qızı Bala Xatun ilə evləndi. Bu evlilikdən də Əlaəddin Bəy dünyaya gəldi.
Bəyliyi əlinə keçirmə səyləri
redaktə1281-ci ildə atası Ərtoğrul Bəy 90 yaşlarında ikən vəfat edir.
Bir çox tarixçinin ortaq fikrinə görə, bəylik vəzifəsinin Osman bəyə keçməsi sülh yolu ilə olmamışdır və bəylik vəzifəsini üzərinə götürmək üçün Osman Qazi yaxınları ilə "taxt mübarizəsi" aparmışdır. Bu mübarizənin kiminlə aparıldığı və necə inkişaf etdiyi mübahisəlidir, bu haqda tarixçilər fərqli izahatlar vermişlər.
Bir çoxlarının qəbul etdiyi bu izahatlardan birinə əsasən, Osman Qazi əmisi Dündar Qazi ilə bəylik uğrunda münaqişəyə girişmişdir. Bu izahata gőrə Qayı boyunun öndər uluları Dündar Bəyin tərəfini saxlamaqda, boyun gənc igidləri isə Osman Bəyi dəstəkləməkdə idi. Bu münaqişənin necə və nə qədər müddətə davam etdiyi bilinmir. Amma münaqişənin sonunda Osman Bəy qalib gəlmiş və düşmənə qarşı edilən axınlara qarşı çıxdığı bəhanəsi ilə yaşlı Dündar Bəyi bir oxla öldürmüşdür. Bundan sonra Osman Bəy Oğuz adətinə uygun olaraq Qayı boyunun başçısı olmuşdur.[10]
Başqa bir versiya olan Hacı Bəktaş Vəlinin "Vilayətnamə" əsərində isə Osmanın bəyliyin başına keçməsi fərqli şəkildədir.[12] Qayı boyu Sultanönü və ətraf ərazilərdə məskunlaşdıqdan sonra əmisi Aydoğmuş və sonra atası Ərdoğdu (Ərtoğrul) bəy daha sonra isə kiçik əmisi Gündüz Alp Qayı boyuna bəy olmuşdur. Bu dövrdə Osman Qazi adamları ilə birlikdə Bizans şəhərləri Yarhisar, Biləcik, İnəgöl və İznik bölgələrinə axınlar təşkil etməyə başlamışdır. Bizanslı Bursa təkfuru(hakimi) Konyada olan Anadolu Səlcuq sultanı III Əlaəddin Keyqubada elçilər göndərərək bu axınları şikayət etmişdir. Səlcuq sultanı Gündüz Alpa xəbər yollayaraq axınları təşkil edən Osman Qazini çəkindirməsini istəmişdir. Gündüz Alp isə Osman Qazini tutduraraq Konyaya, III Əlaəddin Keyqubadın hüzuruna göndərmişdir. Ancaq III Əlaəddin Keyqubad Osman Qazinin şəxsiyyətini bəyənir. Sultan razılıq alması üçün onu Qarahöyükdə olan Hacı Bəktaş Vəlinin yanına yollamışdır. Hacı Bəktaş Vəli Osman Qazini qonaqpərvərliklə qarşılamış və öz tülbəndini onun başına sarımış, sanki onun başına tac qoymuşdur. Osman Konyaya geri qayıdarkən Hacı Bəktaş Vəli onunla birlikdə sultana Osmanı tərifləyən bir məktub yollamışdır. Mənbədə sultanın məktubu oxuduqdan sonra Osmana böyük bir mənsəb verilməsini istədiyi bildirilir. Osman Qazi Sultanönünün mərkəzi olan Söyüdə geri döndükdən sonra sultan ona qızıl başlı bayraq və mehtər göndərib, onu mükafatlandırmışdır. Bu versiya "Vilayətnamə" əsərindən başqa Yazıçızadənin "Səlcuqnamə" əsərində də təkrar olunur.[13] Bir sıra tarixçilər bu mükafatlandırmanı Osmanın bəyliyinə müstəqillik verilməsi kimi qiymətləndirirlər.[10] Hacı Bəktaşın "Vilayətnamə" əsərində sonradan Osman Qazi və Gündüz Alp arasında olan münasibətlərin necə cərəyan etdiyi haqqında məlumat yoxdur. Buna baxmayaraq bəzi tarixçilər hesab edir ki, Osman Qazi ilə Gündüz Alp arasında mübarizə olmuşdur və Osman Qazi Gündüz Alpı məğlub edərək bəyliyi ələ keçirtmişdir. Bəzi tarixçilər isə belə bir mübarizənin olmadığını bildirir. Başqa bir versiyaya görə isə Gündüz Alp Domaniç müharibəsində şəhid olmuşdur. Bir sıra tarixçilər bu versiyalara əsaslanaraq əslində Osman Qazi və Dündar bəy arasında mübarizənin olmadığı, bu versiyanın Osman Qazi və Gündüz Alp arasındakı mübarizədən təsirlənərək ortaya atıldığını hesab edirlər.
Bitaniya bölgəsində Bizans qüvvələri ilə mübarizənin genişlənməsi
redaktəOsman Qazi 1280-ci illərdən 1300-cü ilə qədər təqribən 20 il Osmanlı dövlətinin yaranması ərəfəsində Bitaniya bölgəsində (Bursa-Biləcik-İznik ətrafı) Bizans qüvvələri ilə bəyliyini gücləndirmək üçün bir sıra toqquşmalar yaşamışdır. Bu toqquşmalardan onun silahdaşları Samsa Çavuş, Qonur Alp, Ağca Qoca, Aygüt Alp, Qazi Əbdürrəhman və başqa "alp" bəylərin axınçıları olmuşdur. Osman Qaziyə dini və mənəvi dəstəyi əxilər vermişdir. Xüsusən də qızı Bala xatunla evləndiyi Əskişəhər əxilərinin İtburnu şeyxi olan Şeyx Ədəbalı ona müşavirlik etmiş, dəstək olmuşdur.[10]
Osman Qazi ilk dəfə 1283-cü ildə İnəgöl təkfuru (hakimi) Nikola ilə arasında baş verən Ermənibeli döyüşündə məğlub olmuşdur. Bu döyüşdə qardaşı Saruhanın oğlu Bayhoca şəhid olmuşdur. 1284-cü ildə Osman bəy 300 nəfərlik qüvvə ilə İnəgöl yaxınlığındakı Əmirdağının ətəklərində Kuluca qalasına gecə anidən hücum edərək qalanı tutmuşdur. Bu Osmanlıların tarixə keçmiş ilk qala fəthidir.[10][14] 1286-cı ildə Osman bəy ilə İnəgöl və Qaracahisar (Malachiya) hakimlərinin birləşmiş qüvvələri arasında Əkizcə yaxınlığında Domaniç döyüşü baş vermişdir. Osman bəy bu döyüşdə qalib gəlmişdir, amma qardaşı Saruhan (bəzi mənbələrə görə Gündüz Alp) şəhid olmuşdur. Bu qələbə nəticəsində Qaracahisar Osman bəyin əlinə keçmişdir. Bundan sonra Osman Qazi müttəfiqləri ilə birlikdə axınlar etmək siyasətini yeritmişdir. Mudurnu yaxınlığında olan Samsa Çavuş, qardaşı Satılmış və Köse Mikayıl qüvvələri ilə Sakarya çayı boyunca yerləşən Sorkun, Tarkalı Yenicəsi və Göynükə axınlar etmişdir.[10]
1298–1299-cu illərdə Osman Qazinin güclənməsindən narahat olan və təhlükəni hiss edən Biləcik (Belakona) hakimi Yarhisar hakiminin qızı ilə evləndirəcəyi oğlunun toy mərasiminə Osman Qazini də dəvət edərək orada pusqu quraraq onu öldürməyi düşünmüşdü. Buna baxmayaraq Osman Qazinin dostu olan və Biləcik hakiminə düşmən olan Harmanqaya hakimi bu pusqu haqqında Osman Qaziyə xəbər verərək, onun pusquya düşməyinin qarşısını almışdır. Osman Qazi oyun içində oyun deyə adlandırdığı siyasətlə bu şəhəri ələ keçirtmişdir. Bu "oyun içində oyun" siyasətinə görə 40 nəfər silahdaşına qadın paltarı geyindirərək Biləcik qalasına gizlicə keçirmişdir. Digər tərəfdən keçələrə bürünərək qalaya girən adamlarının da köməyi ilə Biləcik qalasını ələ keçirmişdir. Bu deyiş Osmanlı tarixinin Osman bəy haqqında olan mifik düşüncələrin əsasını təşkil edir. Eyni zamanda Osman bəy Yarhisardan toya gələnləri qoruyan qüvvələri Çakır ətrafında məğlub etmişdir. Toya gələnlər içərisində olan Yarhisar hakiminin qızı Holofira (sonradan Nilufər xatun) ələ keçirilərək Osman bəyin oğlu Orxan Qazi ilə evləndirilmişdir. Bu toqquşmaların nəticəsində Biləcik hakimi öldürülmüş, Biləcik və Yarhisar qalaları Osman bəy tərəfindən ələ keçirilmişdir.[10]
Eyni zamanda (1298–1299-cu illər aralığında) Turqut Alp İnəgöl qalasını mühasirəyə almış və bu qala da Osmanlıların əlinə keçmişdir.[15]
Bəyliyin müstəqilliyini qazanması və yerli Bizans qüvvələri ilə toqquşmalar
redaktəOsman bəyin hansı tarixdə bəyliyi qurması tarixçilər arasında mübahisəlidir. Kulaca və Qaracahisar qalalarının fəth olunmasından sonra 1299-cu ildə İnəgölün də alınması Osmanlı dövlətinin quruluş tarixi olaraq qəbul edilir. Bir sıra tarixçilər 1299-cu ildə Anadolu Səlcuq dövlətinin süqutundan sonra Osman Qazinin müstəqillik qazanaraq Osmanlı dövlətini qurduğunu qəbul edirlər. Digər tarixçilər 1299-cu ildə Anadolu Səlcuq sultanı II Qiyasəddin Məsudun Osman Qaziyə bayraq və mehtər göndərməsini bəyliyə istiqlal vermək mənasına gəldiyini qeyd edirlər.
İpəkçilik və dəmirçilik mərkəzi olan Biləciyin Osmanlıların əlinə keçməsinin Osman Qazinin 70 illik həyatının üçüncü mərhələsində olduğunu tarixçilər qeyd edirlər. Həyatının bu mərhələsində döyüşlərin önəmli rolu olmuşdur.[15]
Bu mərhələdə ilk uğuru Körpühisarın ələ keçirilməsi hesab olunur. Bu mərhələdə hədəf önəmli bir Bizans şəhəri olan Nikeyaya (sonradan İznik) çevrilmişdir. İznik gölünün şərqində yerləşən Nikeya şəhərinə qarşı olsun deyə gölün qərbinə 1301-ci ildə əhalisi türkmənlərdən ibarət Yenişəhər qurulmuşdur. Osman bəy Yenişəhəri bəyliyə mərkəz etmişdir.
Tarixçi Mehmed Nəsrinin 1500-cü illərdə yazdığı əsərə görə həmin ildə Osman Qazinin adına ilk xütbə Şeyx Ədəbalinin müridi olan Qaramanlı Dursun tərəfindən Qaracahisarda məscidə çevrilmiş bir kilsədə oxunmuşdur.[16]
Osman bəy bəyliyin ərazilərindən Oğuz törələrinə uyğun olaraq yaxın qohumlarına və silahdaşlarına "dirlik" şəklində paylar vermişdir. Əskişəhər qardaşı Gündüz bəyə, Qaracahisar oğlu Orxan bəyə, Yarhisar Həsən Alpa, İnəgöl isə Turqut Alpa verilmişdir.[10]
Bizansın əsas qüvvələri ilə mübarizələr
redaktəOsman bəy və silahdaşlarının axınçı birlikləri 1299-cu ilə qədər yerli Bizans qüvvələri ilə mübarizə aparmışdır. Bizans imperatoru II Andronik türkmən bəyliklərinin getdikcə artan təhdidini başa düşmüşdür. Həmin il imperatorluq vəzifəsini bölüşdüyü Mixailin komandanlıq elədiyi Bizans ordusu indiki Gərməncik qəsəbəsi yaxınlarında olan Menderes Magnesiyasnda bir türkmən ordusuna məğlub olmuşdur və əsir düşməmək üçün qaçmışdır.
Bundan bir neçə həftə keçdikdən sonra 17 iyun 1302-ci ildə Bizansın Bursa, Orxaneli (Atarnos), Kite, Kestel hakimlərinin yerli gücləri Konstantinopoldan gəmilərlə göndərilən muzdlu alan birlikləri ilə birləşərək Osman Qazi ilə qarşı-qarşıya gəlmişdir. Onlar Osman bəyin ələ keçirdiyi Nikeya (İznik) şəhərini geri almaq üçün Yalova yaxınlarında yerləşən Yalakova istiqamətindən irəliləməyə başladılar. 2000 nəfərlik mərkəzi Bizans birliyinə Heteriarkos Muzalon komandanlıq edirdi.[17]
Osman bəyə Bizans əsgərlərinin sahilə çıxması xəbəri gəlmişdi. O, Bizans qüvvələrinin Yalakovadan cənuba irəliləyərək İzniki geri almasının qarşısını almağı hədəf olaraq seçdi. Osman bəy komandanlıq elədiyi 5000 nəfərlik qarışıq türkmən atlı və piyada birlikləri ilə sürətlə hərəkət edərək Yalakdərədən Yalakova sahilə gəldilər. Bizans ordusunun sərkərdəsi Muzalon bunu gözləmirdi və bu qarşılaşma ani basqın xarakteri daşıyırdı. Bizansın muzdlu əsgərləri alanlar əks-hücuma keçərək əsas Bizans qüvvələrinin geri çəkilməsinə və yenidən yığışmasına şərait yaratdı. Buna baxmayaraq Bizans əsgərləri toqquşmada məğlub oldu və nizamsız şəkildə geri çəkilməyə başladılar. Beləliklə say üstünlüyünə də sahib olan Osman bəy bu döyüşdə qalib gəldi. Nəticədə Bizans qüvvələri çox itki verməsələrdə geriyə, Nikomediya (İzmit) şəhərinə doğru qaçmağa başladılar. Əsas Bizans qüvvələri isə alanların onları qoruması nəticəsində hələ də sahildə olan gəmilərə minib Konstantinopola qaçdılar.[18][19]
Tarixçi Xəlil İnalcığın 2009-cu ildə verdiyi müsahibəyə görə Osmanlı bəyliyinin dövlət kimi əsasının qoyulması 1302-ci ildə Yalova yaxınlarında baş verən Bafeus döyüşündə qazanılan qələbədən sonra olmuşdur.[10][20]
Bu döyüş Yalovanın Hersoq kəndi yaxınlığında baş vermişdi. Bu döyüşə Bizans tarixinin tədqiqatçısı olan Yorgi Pachymeres yazdığı xronologiyada Yalakdərə içindəki Bizans məntəqəsi olan Bafeusa görə döyüşü Bafeus döyüşü olaraq adlandırmışdır. Bəzi türk tarixçiləri isə Bafeusun türkcə qarşılığı olan Çobanqala adını əsas götürərək Çobanqala döyüşü adlandırırlar. Buna baxmayaraq digər tarixçilər, Jozef von Hammer,[21] Əhməd Rafiq Altınay[22] və başqaları bu döyüşü Qoyunhisar döyüşü olaraq adlandırırlar.
Bu döyüşdə Osmanlı tərəfdən Osman bəyin qardaşı oğlu Aydoğdu bəy şəhid olmuşdur.[10] Bafeus döyüşü Bizansın nizami ordusu ilə Osmanlılar arasında baş verən ilk döyüşdür.
Bu döyüşdən sonra Mərmərə dənizinin cənub sahilləri Osman bəyin hücumları qarşısında müdafiəsiz qaldı. Həmin il Kite qalası, Orxaneli (Atarnos) və Ulubat gölünün içində yerləşən Alyos adası Osmanlıların əlinə keçdi. Kite qalasının komandanı müqavimət göstərdi, qala ələ keçəndən sonra Aydoğdunun qisasının alınması üçün öldürüldü. Osman bəyin Egey dənizindən Edremitə qədər yolunun açıldığını Bizans imperatoru da başa düşürdü.[15] Osmanlı qüvvələri burada əsas yerləri tutmaqla yanaşı ətrafdakı kəndlərə də axınlar təşkil elədi. Bu axınlar Mərmərə dənizinin cənubundakı əkin sahələrində yaşayan kəndli əhali arasında təşvişə səbəb olmuşdu və onlar tədricən köçə başladılar. Bizans tarixinin tədqiqatçısı olan Yorgi Pachymeres Bizansın əkin sahələrində yaşayan kəndlilərin başlatdığı böyük köçü və bu köçün səbəb olduğu çətinliklər haqqında kitabında yazmışdır.[23]
Bafeus döyüşünün nəticəsində Bizans imperatoru Osmanlını və digər türkmən bəyliklərini Qərbi Anadoludan çıxartmaq siyasətinə başlamağa qərar vermişdir. Aralıq dənizində elədiyi talanlarla məşhurlaşmış Roger de Flor və onun tabeliyində olan muzdlu Katalon birliyinin Siciliya ilə olan müqaviləsi başa çatdıqdan sonra ona edilən Anadoluya gəlmək təklifini qəbul etmiş və Konstantinopola dəvət olunmuşdur. Çoxu katalonlardan ibarət olduğu üçün Katalon birliyi adlanan bu muzdlu əsgərlər ailələri ilə birlikdə 1 sentyabr 1302-ci ildə 31 hərbi və köməkçi yük gəmiləri ilə birlikdə Haliçə gəlmişdir. Bu birliyin çoxu ağır atlı birliklərdən ibarət olmaqla sayının 2500-ə çatdığı məlumdur. Bizans imperatoru II Andronik Katalon birliyinin özünə sadiqliyini artırmaq üçün birliyin komandanı Roger de Floru qızı ilə evləndirmişdir.[18]
Roger de Flor əvvəlcə genuyalıları Konstantinopolda cəzalandırmışdı. Sonra Qapıdağ yarımadasındakı önəmli Kzykus şəhərini mühasirəyə alan Karəsi bəyliyinin qüvvələrini ağır məğlubiyyətə uğratmışdır. Bu döyüşdə Katalon birliyi ağır atlı birlikləri və ox keçirməz zirehləri ilə məşhurlaşmışlar. Sonra Alaşəhərə keçərək oranı mühasirəyə alan Qaramanoğulları bəyliyinin qüvvələrini ağır məğlubiyyətə uğratmışdır. Sonra ordusu ilə Gülək boğazına qədər irəliləmişdir və geri dönərək qənimətlərinin saxlandığı Alaşəhərə gəlmişdir. Burada onun birliyinə Avropadan yeni qüvvələr qoşulmuşdur. Katalon bölüyü və Roger de Flor sonra Konstantinopola getmişdir. Roger de Flor İmperator IX Mixailə dəstək üçün Adrianopola(Ədirnə) getmişdir, lakin 1305-ci ildə burada sui-qəsd nəticəsində öldürülmüşdür.[18] Katalon birliyi Osmanlılarla döyüşməsə də digər üç bəyliyin qüvvələrini məğlubiyyətə uğratmışdır. Bizans tarixçiləri qeyd edir ki, Katalon birliyinin məğlubedilməzliyi ilə məşhurlaşması Osmanlı bəyliyinin Mərmərə dənizinin cənubuna etdiyi axınların sürətini yavaşlatmışdır.[18]
1308-ci ildə axınlar yenidən başladı. İlk olaraq İznik-İzmit yolu üzərində yerləşən önəmli məntəqə olan Trikokiya (Qarahisar) ələ keçirildi. 1313-cü ildə Osman bəyə çox köməyi dəyən Bizansın Harmanqaya hakimi Mixail Köşes İslamı qəbul etdi və Köse Mikayıl adını alaraq axınlara qoşulmağa başladı. 1313–1315-ci illərdə Sakarya çayı boyunca yerləşən Lefke, Mekece, Ağhisar, Geyve, Gölbazarı və Ləbləbiçi qalaları ələ keçirildi.[10]
Bu fəthlərdən sonra bəyliyin ərazisinin daha da böyüməsi üçün Bursa şəhərinin ələ keçirilməsi tələb olunurdu. Osman bəyin dövründə onun əsgərləri Bursanın böyük qalasını ələ keçirə biləcək səviyyədə deyildi. Bu səbəbdən Osman bəy Bursanı uzun müddət mühasirə altında saxlamaqla təslim olmağa vadar etməyə çalışdı. Şəhərin daha yaxşı mühasirədə saxlanılmağı üçün ətrafda iki kiçik qala inşa olundu. Bu qalaların idarəsini Osman bəy qardaşı oğlu Ağteymurla köləsi Balancıqa verdi.[10]
Son illəri və ölümü
redaktəOsman Qazi son illərində qocalığı və tutulduğu damla xəstəliyi (podaqra) səbəbindən bəyliyin idarə olunmasını oğlu Orxana tapşırdı. Osman bəyin nə vaxt ölüb, bəyliyin idarəsinin tam şəkildə Orxan bəyin əlinə keçməsi tarixi isə mübahisəlidir. 1320-ci ildən sonra baş verən hadisələrdə artıq Osman bəyin adı keçmir. 15-ci yüzilliyin Osmanlı tarixçilərindən olan Ruhi Çələbinin yazdığı "Tevarih-i Âli Osman" adlı əsərində Osman bəyin 1320-ci ildə öldüyü yazılmışdır. II Mehmed və II Bəyazidin dövrlərində yaşayan və 1502-ci il hadisələrinə qədər olan tarixi qələmə alan Oruc bəyin "Tevarih-i Âli Osman" adlı başqa bir əsərində isə Osman bəyin 1327-ci ildə öldüyü yazılmışdır. Digər tarixçilər də Osman bəyin ölüm tarixini bu iki tarix arasında göstərir. Çağdaş tarixçilərindən olan Necdet Sakaoğlu qeyd edir ki, 1320-ci ildən sonrakı hadisələrdə Osman bəyin adı keçmir və 1324-cü ildə Orxan bəyin idarəni ələ alması haqqında mənbələrdə məlumatlar vardır.[10] O, bu nəticəyə gəlmişdir ki, Osman bəy 1324-cü ildə ölmüşdü.
Osman bəyin harada öldüyü məsələsi də mübahisəlidir. Böyük ehtimalla Söyüddə ölmüşdü. Bəzi tarixçilər iddia edirlər ki, Bursa onun ölümündən əvvəl Osmanlıların əlinə keçmişdi və Osman bəy Bursada ölmüşdü. Buna baxmayaraq tarixçilərin böyük bir hissəsi Bursanın Orxan bəyin idarəni ələ keçirməsinin ilk illərində fəth olunduğu fikrini qəbul edirlər. Buna əsaslanaraq Osman bəyin ilk öncə Söyüddə atası Ərtoğrul bəyin türbəsində dəfn olunduğu, Bursanın fəthindən sonra isə məzarının Bursa qalasında Osmaniyyə meydanında yerləşən Gümüşlü Kümbetə (Aya Ella) köçürüldüyünü qəbul edirlər.[10]
Yenilikləri
redaktəOsman Qazi ilk Osmanlı pulunu 1324-cü ildə zərb etdirmişdi.
Ailəsi
redaktəHərəmxanası
redaktəOğulları
redaktə- I Orxan
- Bazarlı Bəy
- Çoban Bəy
- Həmid Bəy
- Ələddin Bəy
- Məlik Bəy
- Savcı Bəy
Qızı
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ İmber, Colin. The Ottoman Empire 1300 - 1481. The İSİS Press İstanbul. 1990. ISBN 975-428-015-0.
- ↑ Onun haqqında mənbələrdə məlumat olmasa da Domaniçin Çərşənbə kəndində yerləşən qədim türbəni ona aid bir ziyarətgah olaraq qəbul edirlər. II Əbdülhəmid bu qədim türbə əvəzinə yeni bir türbə tikdirmişdir.
- ↑ 1 2 Babinger, 1927. səh. 10—11
- ↑ 1 2 3 Еремеев, Мейер, 1992, Глава 10. От бейлика до султаната
- ↑ Şahin, 2013; Süreyya, 1996.
- ↑ Kaçar, 2015. səh. 48—49
- ↑ Ихсаноглу, 2006; Финкель, 2017.
- ↑ Imber, 1993. səh. 73
- ↑ "Arxivlənmiş surət". 2021-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-11.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Sakaoğlu, Necdet "Osman I", (1999) Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, C.2 s.392–395 İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık, ISBN 975-08-0073-7.
- ↑ İbn-i Kemal (Kemalpaşazade) (haz. Şerafettin Turan) (1992) Tevarih-i Al-i Osman I, II ve VII Defterler, Ankara :Türk Tarih Kurumu
- ↑ Firdevsi-i Rumi/Uzun Firdevs, Vilayetname-i Hazret-i Hünkar Hacı Bektaş-ı Veli, yazma eser. Mənbə: Sakaoğlu, Necdet (1999), Bu Mülkün Sultanları, İstanbul: Oğlak Yayınları ISBN 975-329-299-6 s. 26, 517
- ↑ Yazıcizade, Ali, Selçukname", Yazma. Topkapı Sarayı Müzesi Kıt. Revan K. No.1391 Mənbə:Sakaoğlu
- ↑ Bəzi tarixçilərə görə buranın fəthindən çox razı qalan Anadolu Səlcuq Sultanı II Qıyasəddin Məsud Osman Qaziyə Bəy titulu vermişdir.
- ↑ 1 2 3 Firdevsi-i Rumi/Uzun Firdevs, Vilayetname-i Hazret-i Hünkar Hacı Bektaş-ı Veli, yazma eser. Kaynak: Sakaoğlu, Necdet (1999), Bu Mülkün Sultanları, İstanbul: Oğlak Yayınları ISBN 975-329-299-6 s. 26, 517
- ↑ Mehmet Nesri, (haz. Faik Reşit Unat ve Mehmet A. Köymen). (1983) Kitab-ı Cihanuma Nesrî Tarihi) C. I Ankara:Türk Tarih Kurumu (3.baskı) ISBN 975-16-0722-1
- ↑ Bizanslı tarixçi Pachymeres (1835) "De Michaele et Andronico Palaeologis (Cild. II, 4), səhifə. 327
- ↑ 1 2 3 4 Norwich, John Julius (1991) Byzantium: The Decline and Fall, Londra: Penguin ISBN 0-14-011449-1 s.263
- ↑ Ahmet Akyol, (2009) "Bafeus Muharebesi"
- ↑ Haber sitesi "ntvmsnbc"'nin 27 Temmuz 2009 tarihli bülteninde "Prof. İnalcık: Osmanlı 1302'de kuruldu" adlı madde [1] Arxivləşdirilib 2014-11-27 at the Wayback Machine/
- ↑ Joseph von Hammer-Purgstall, (1827–1835) Geschichte des osmanischen Reiches
- ↑ Ahmet Refik Altınay, Büyük Tarih-i Umumî, Vol. 4], [Kütüphane-i İslâm ve AskerîBüyük Tarih-i Umumî, Vol.
- ↑ A. Failler (ed) ve V. Laurent (Fr. çev.) (1984) Georges Pachymeşres: Relations historique C. 1, (Yunanca və Fransızca)
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Osman Qazi türbəsinin 3D görüntüsü Arxivləşdirilib 2012-12-07 at the Wayback Machine
I Osman Doğum: 1258 Vəfat: 1326
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Ərtoğrul Qazi |
Qayı boyunun Bəyi 1281-1299 |
Xələfləri Osmanlı quruldu |
Sələfləri Osmanlı quruldu |
Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 1299-1326 |
Xələfləri I Orxan |