Mahmud Tagiyev - Wikipedia
Mahmud Əzizağa oğlu Tağıyev (11 iyun 1923, Bakı – 21 noyabr 2001, Bakı) — Azərbaycan rəngkarı, Azərbaycan SSR əməkdar rəssamı (1982).
Mahmud Tağıyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Xalidə Səfərova |
Fəaliyyəti | rəssam |
Təhsili | Azərbaycan Dövlət Rəssamlıq Məktəbi, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu, Leninqrad Dövlət Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu |
Janrlar | peyzaj, portret, natürmort |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMahmud Tağıyev 11 iyun 1923-cü ildə Bakıda anadan olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1949–1953-cü illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində, 1953–1956-cı illərdə isə İ. Repin adına Leninqrad Dövlət Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır.[1]
Mahmud Tağıyev 1946-cı ildə rəssam Xalidə Səfərova ilə ailə qurmuş və həmin ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. O, 21 noyabr 2001-ci ildə Bakı şəhərində vəfat etmişdir.[2]
Rəssam Tağı Tağıyevin qardaşı, Əkrəm Tağıyevin atasıdır.
Yaradıcılığı
redaktəMahmud Tağıyevin erkən yaradıcılığının əsas mövzuları natürmort və mənzərə əsərləri hesab olunur. O, 1960-cı illərdən başlayaraq sənaye və kənd təsərrüfatına aid mövzuları araşdırmışdır. Rəssam Azərbaycanda sovet tikililərinin quruculuq prosesinin əsas məqamlarını təsvir etmişdir. Bunlara Mingəçevir su anbarı və Sumqayıt alüminium zavodunun təsvirləri daxildir. M. Tağıyev bu illər ərzində portret janrını araşdırmağa davam etmiş və xüsusi olaraq tarixi portret janrına müraciət etmişdir.[3]
Rəssamın yaradıcılığına "Əriklər" (1969), "Əncirlər" (1974), "Eyvan" (1987), "Natürmort", "Yaz gülləri" (1993), "Lalələr", "Almalar" (1993), "Məcnun", "Leyli", "Güldanda güllər", "Dağlarda bahar", "Bakı", "Neft emal zavodunun işıqları", "Avarçəkən", "Yuxu", "Çılpaq", "Dədə Qorqud", "Səməd Vurğun", "Yeddi gözəl" və başqa əsərlər daxildir.[2]
Mahmud Tağıyevin Bakıda (1947-ci ildə Xalidə Səfərova ilə birgə, 1958, 1969, 1993), Moskvada (1990, 1988-ci illərdə X. Səfərova ilə birgə) fərdi sərgiləri keçirilmişdir.[2] Onun əsərləri Rusiya, Türkiyə, Ukrayna, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İran, Suriya və Misirdə sərgilənmişdir.[1]
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1 dekabr 1982[4]
- Zaqafqaziya respublikalarının 1-ci bienallının diplomu (Tbilisi, Gürcüstan SSR) — 1986
- "Müasir Azərbaycan incəsənəti" rəssamlıq müsabiqəsinin 3-cü mükafatı (BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən Bakıda təşkil olunub) — 1996
İstinadlar
redaktə- ↑ 1 2 "Mahmud Tağıyev". nar-gallery.com. 17 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2020.
- ↑ 1 2 3 Azərbaycan Dövlət Rəsm Qalereyası. Azərbaycan rəssamları haqqında qısa məlumat kitabçası. Bakı. 2017. səh. 30–31.
- ↑ "Rəngkarlıq muzeyi: əmək, istirahət və xəyallar – 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə". YARAT Müasir İncəsənət Mərkəzi. 17 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2020.
- ↑ "Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekаbr 1982-ci il tarixli Fərmanı" (PDF). Azərbaycan Milli Kitabxanası. 16 yanvar 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 fevral 2020.