Lorenso Medici - Wikipedia
Lorenso di Pyero de Mediçi "Möhtəşəm" (it. Lorenzo di Piero de Medici il Magnifico; 1.1.1449, Florensiya - 8.4.1492[2], Karedci) — italyan dövlət xadimi, Florensiya Respublikasınn de-fakto hakimi və İtaliyada İntibah mədəniyyətinin ən güclü və intuziast hamisi.[3][4][5] Müasir florentinlər tərəfindən həm də Möhtəşəm Lorenso (it. Lorenzo il Magnifico) kimi tanınan dövlət xadimi, eyni zamanda maqnat, diplomat, siyasətçi və alim, sənətkar və şairlərin hamisi olmuşdur. Hami kimi o daha çox Botiçelli və Mikelancelonun təhsil və yaradıcılığını maliyyələşdirməsi ilə məşhurdur. Siyasətçi kimi Lorensonun fəaliyyəti İtaliya Liqası dövlətlərinin gücləndirilməsi, alyans ölkələrinin əməkdaşlığını yaratmaqla İtaliya yarımadasında on illərlə davam edən siyasi sabitliyə nail olunması ilə xarakterikdir. Onun yaşam dövrü İtaliya intibahı və Florensiya Qızıl dövrünün əsas hissəsini təşkil edir.[6]
Lorenso Mediçi | |
---|---|
it. Lorenzo de' Medici | |
| |
2 dekabr 1449 – 8 aprel 1492 (ləqəbi: Möhtəşəm) | |
Əvvəlki | Pyero di Kozimo Mediçi |
Sonrakı | Axmaq Pyero |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Florensiya, Florensiya Respublikası |
Vəfat tarixi | (43 yaşında) |
Vəfat yeri | Mediçi villası, Karedci, Florensiya Respublikası |
Dəfn yeri | San-Lorenso bazilikası |
Milliyyəti | italyan |
Vətəndaşlığı | Florensiya Respublikası |
Fəaliyyəti | siyasətçi, yazıçı, şair, bankir[d] |
Atası | Pyero Mediçi |
Anası | Lukretsiya Tornabuoni |
Həyat yoldaşı | Klariçe Orsini |
Uşaqları |
Lukretsiya Mediçi Axmaq Pyero Maddalena Mediçi Covanni Mediçi Luiza Mediçi II Culyano Mediçi Kontessina Mediçi |
Ailəsi | Mediçilər[1] |
Dini | katolik xristian |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Xarici siyasətdə Lorenso, Papa IV Sikstin ərazi ambisiyalarının qarşısını almaq üçün 1454-cü ildə İtaliya Liqasında balansın saxlanılması üçün dəqiq plan təklif etməsi ilə yadda qalıb. Buna görə də ona qarşı Patsi qəsdçiliyi (1478) törədilir və nəticədə Lorensonun qardaşı Culyano öldürülür.
Lorensonun ölümü ilə müxtəlif italyan dövlətləri arasında sülhü təmin edən Lodi sülhü (1454) pozulur. Lorenso Mediçi Florensiyadakı Mediçi kapellasında dəfn edilmişdir.
Həyatı
redaktəGəncliyi, təhsili və erkən fəaliyyəti
redaktəLorensonun babası Kozimo Mediçi Florensiya Respublikası və Mediçi bankına rəhbərlik edən ilk sülalə üzvü olmuşdur. Avropanın ən zəngin insanlarından biri olan Kozimo var-dövlətinin əsas hissəsini dövlətə və filantropiyaya sərf edirdi, məsələn, incəsənətə hamilik edir və ictimai işləri maliyyələşdirirdi.[7] Lorensonun atası Pyero di Kozimo Mediçi də eyni dərəcədə Florensiyanın vətəndaş həyatının mərkəzində dayanmış, messenat və kolleksioner olmuş, Lorensonun əmisi Covanni di Kozimo Mediçi isə ailənin işgüzarlıq məsələlərini həll etmişdir. Lorensonun anası Lukresiya Tornabuoni sonetlər yazmış və Mediçi Akademiyasındakı şairlər və filosoflarla dostluq etmişdir.[8] Atası və əmisinin ölümündən sonra anası Lorensonun məsləhətçisi olmuşdur.[7]
Lukresiya və Pyeronun beş övladından ən uğur vəd edəni olan Lorenso diplomat və yepiskop Centile de Beççi və humanist filosof Marsilio Fiçinodan təhsil almış, Con Arqiropulosdan isə yunan dilini öyrənmişdir.[9] Lorenso qardaşı Culyano ilə birlikdə cəngavər yarışları, qırğı uçurma yarışları, ovçuluq, Siena Paliosunda at çapma yarışlarında iştirak etmişdir.
1469-cu ildə 19 yaşında olarkən Lorenso, Mediçilər tərəfindən təşkil edilmiş boks yarışında ilk mükafatını qazanmışdır. Bu döyüş qarşılaşması Luici Pulçi tərəfindən yazılmış şeirin mövzusu olmuşdur.[10] Bu hadisədən bəhs edən Nikkolo Makiavelli isə ehtimal ki, sarkazmla yazır ki, o, “sevmli olduğuna görə yox, öz döyüş qabiliyyəti və hünəri sayəsində qalib gəlmişdir.”[11] O, Verrokkyo tərəfindən çəkilmiş bayrağı dalğalandırmış, atı isə Morello di Vento adlandırılmışdır.[12][13]
Gənclik illərindən başlayaraq atası Pyero Lorensonu bir çox siyasi baxımdan əhəmiyyətli səfərlərə yola salır. Roma səfəri zamanı isə Lorenso Roma papası da daxil olmaqla Papa dövlətinin mühüm siyasi və dini xadimləri ilə görüşərək danışıqlar aparır.[14]
Lorensonun xarici görünüşünü təsvir edən mənbələr onun kifayət qədər sadə görünüşə malik olduğunu qeyd edirlər. Lorenso Mediçi orta boylu, qısa ayaqlı və geniş bədənli, tünd saç və göz rəngli, qabarıq burunludar açılan gözlü və cingiltili səsli olmuşdur. Lorensodan fərqli olaraq, qardaşı Culyano daha düz üz cizgilərinə malik olmuş, yaraşıqlı hesab edilmiş və “qızıl oğlan” kimi tanınmışdır. Bottiçelli özünün “Mars və Venera” əsərində Mars obrazın yaradarkən Culyanonun obrazından ilhamlanmışdır.[15] Hətta Lorensonun yaxın dostu Nikkolo Valori də onu çirkin kimi təsvir edərək yazır: “Xarici görünüşünü nəzərə alsaq təbiətin ona ögey ana kimi yanaşdığını düşünmək olar, lakin, ağıl və zəka ilə bağlı bütün sahələrdə o, sevən və qayğıkeş ana kimi davranmışdır. Onun üzünün dərisi tünd rəngli idi, üzü gözəl olmasa da o qədər ləyaqətlə dolu idi ki, hörmət və ehtiram hissi doğururdu.”[16]
Evliliyi və ailəsi
redaktə7 fevral 1469-cu ildə Lorenso etibarnamə əsasında Klariçe Orsini ilə ailə qurmuşdur. Mərasim 4 iyun 1469-cu ildə Florensiyada baş tutmuşdur. Klariçe, Monterotondo və Braççiano hakimi olan Ciakomo Orsini və Maddalena Orsinin qızı idi. Lorenso və Klariçenin 10 uşağı olmuş və Kontessina Antoniya xaric olmaqla hamısı Florensiyada doğulmuşdur:
- Lukresiya Mariya Romola Mediçi (1470 - 1553)[17] – 10 sentyabr 486-cı ildə Yakopo Salviati ilə evlənmiş və 10 uşaq dünyaya gətirmişdir. Onun övladlarından Kardinal Covanni Salviati, Kardinal Bernardo Salviati, Mariya Salviati (Toskana böyük hersoqu I Kozimonun anası) və Françeska Salviati (Roma Papası XI Levin anası) məşhurdur.
- Doğulduqdan sonra vəfat edən əkizlər (mart 1471)
- Pyero di Lorenso Mediçi (1472 – 1503)[17] – “Axmaq” ləqəbi ilə tanınıb, atasının ölümündən sonra Florensiyanı idarə edib.
- Mariya Maddalena Romola Mediçi (1473 – 1528) – 25 fevral 1487-ci ildə Françesketto Çibo ilə (Roma Papası VIII İnnokentinin qeyri-qanuni oğlu) evlənmiş və 7 uşaq dünyaya gətirmişdir.
- Kontessina Beatriçe Mediçi – doğumundan qısa müddət sonra 23 sentyabr 1474-cü ildə vəfat etmişdir.
- Covanni di Lorenso Mediçi (1475-1521)[17] – 1513-cü ildə X Lev adı ilə Roma Papası olmuşdur.[18]
- Luiza Mediçi (1477-1488)[17] – həm də “Luiciya” kimi tanınmışdır, Covanni Mediçi il Popolanoya vəd edilmiş, lakin gənc yaşda vəfat etmişdir.
- Kontessina Antoniya Romola Mediçi (1478-1515)[17] – Pistoyada doğulmuş, 1494-cü ildə Pyero Ridolfi (1467-1525) ilə evlənmiş və 5 uşaq dünyaya gətirmişdir. Övladlarından Kardinal Nikkolo Ridolfi məşhurdur.
- Culyano di Lorenso Mediçi (1479-1516)[17] – 1515-ci ildə Fransa kralı I Fransisk tərəfindən Nemur hersoqu elan edilmişdir.
Lorenso qardaşı oğlu Culyo di Culyano Mediçini (1478-1534) övladlığa götürmüşdür. 1523-cü ildə dörd il Florensiya hakimi olduqdan sonra Culyo VII Klement adı ilə Roma Papası elan edilmişdir.[19]
Son illəri və ölümü
redaktəLorensonun hakimiyyəti dövründə ailə bankının bir neçə filialı problemli kreditlərə görə müflis olaraq bağlanmışdır. Həyatının son illərində Lorenso maddi çətinliklərlə üzləşmiş və dövlət pullarını qeyri-qanuni yolla xərcləməyə başlamışdır.
Lorensonun həyatının sonlarına yaxın Florensiya Savonarolanın təsiri altına düşür. Savonarola xristianların həddən artıq Yunan-Roma mədəniyyətinə “bulaşdıqlarını” düşünürdü. Onun Florensiyada nüfuz qazanmasında isə Lorenso rol oynamışdır.[20]
8 aprel 1492-ci ildə gecə vaxtı Kareccidəki köhnə ailə villasında Lorenso vəfat etmişdir.[21] Ölüm yatağında olarkən Savonarola Lorensonu ziyarət etmişdir. Rahibin ölüm yatağında olan Lorensonu lənətləməsi məlumatı Roberto Ridolfinin “Vita di Girolamo Savonarola” adlı kitabında rədd edilir. Lorensonun vəfatının şahidi olanların yazdıqlarına görə, o, sülh içində, günün yevangeliyasını dinlədikdən sonra vəfat etmişdir.[22] Deyilənə görə onun ölümü qəribə hadisələrlə müşahidə olunmuşdur: Florensiya kafedralının günbəzini şimşək vurmuş, ruhlar görünmüş və Via Leonedə şirlər peyda olmuşdur.[23]
Lorensonun vəfatından sonra Sinyoriya və Florensiya Soveti əmr vermişdir:
Bir müddət əvvəl vəfat etmiş şəhərin ən dahi şəxsi Lorenso Mediçi bütün həyatı boyunca onu qorumağa, bəzəməyə və yüksəltməyə çalışmış, həm fikirləri, həm də əməlləri ilə həmişə hakimiyyətin qulluğunda olmuşdur; dövlətin mənfəəti və azadlığı üçün heç bir çətinlik və problemdən qaçmamışdır...Xoş niyyətli adamın xatirəsi florentinlər arasında anılsın deyə Senat və şəhər sakinləri yaxın günlərdə ictimai vida mərasiminin təşkil edilməsinə qərar vermişdir. Bütün şəhər əhalisinin ümumi rifah və sülh naminə bir araya gəlməsi gözlənilir.[24]
Lorenso qardaşı Culyano ilə birlikdə Florensiyanın San-Lorenso kilsəsində dəfn edilmişdir. Lorenso gözlənildiyi kimi Mikelancelo tərəfindən yaradılmış “Sagrestia Nuova”da yox, Pyero və Covanni Mediçilər üçün hazırlanmış qırmızı profir sarkofaqda torpağa verilmişdir. Sonuncuda Lorenso və Culyanonun daha az tanınmış iki həmadı dəfn edilmişdir: Urbino hersoqu Lorenso və Nemur hersoqu Culyano.[25] 1559-cu ildə Lorenso və Culyanonun qalıqları “Sagrestia Nuova”da Mikelancelo tərəfindən hazırlanmış Madonna heykəlinin altında dəfn edilmişdir.[25]
Lorensonun varisi “Axmaq Pyero” ləqəbi ilə tanınan böyük oğlu Pyero di Lorenso Mediçi olmuşdur. 1494-cü ildə o atasının bütün mirasını xərcləyərək Florensiyada Mediçi hakimiyyətinin bitməsinə səbəb olmuşdur. Onun oğlu Covanni X Lev adı ilə Roma Papası elan edildikdən sonra, 1512-ci ildə ispan ordusunun köməkliyi ilə şəhəri ələ almağa müvəffəq olmuşdur.[26] Lorensonun öz oğlu kimi böyütdüyü qardaşı oğlu Culio, VII Klement adı ilə Roma Papası elan edildikdən sonra Mediçilərin Florensiyadakı hakimiyyətini rəsmiləşdirmiş və Alessandro Mediçini ilk varis hersoq elan etmişdir.[27]
Fəaliyyəti
redaktəSiyasi fəaliyyəti
redaktə1469-cu ildə atasının ölümündən dərhal sonra iyirmi yaşlı Lorenso dövlətə rəhbərliyi öz öhdəsinə götürür. Lorensonun hakimiyyətə gəldiyi vaxtda, Mediçi bankı onun babasının inşaat layihələri, müharibələr və siyasi xərclərdən xeyli zəifləyərək borclu vəziyyətə düşmüşdü.[28]
Babası, atası və oğlu kimi, Lorenso da Florensiyanı surroqat hakimlər – şəhər şurası üzvlərinə rüşvət vermək və strateji qohumluq əlaqələri yaratmaqla idarə etmişdir.[29][30] Mediçilərlə rəqib olan Florensiya ailələri bu dövrdə birincinin şəhərin siyasi həyatında dominant olmasından narazı idilər, hətta Lorensonun ölümündən sonra belə Mediçilərin düşməni olan ailələr Florensiya həyatına təsir edən faktor kimi qalırdılar.[29] Mediçilərlə rəqib olan ailələrdən ən güclüsü Patsi ailəsi idi və Lorensonun hakimiyyəti dövründə məhz Patsilər Mediçilərin hakimiyyətinə son qoymağa yaxın idi.[31]
26 aprel 1478-ci ildə Pasxa bazar günündə baş vermiş və Patsi qəsdçiliyi kimi tanınan hadisə zamanı Cirolamo Riario, Françesko Patsi və Françesko Salviatinin (Piza arxiyepiskopu) rəhbərliyi ilə Florensiyada hakimiyyəti ələ keçirmək üçün Santa-Mariya-del-Fiore kafedralında Lorenso və qardaşı Culyanoya qarşı sui-qəsd təşkil edilir.[32] Bu zaman Salviati hamisi olan Roma Papası IV Sikstin göstərişi ilə hərəkət edirdi. Sui-qəsd nəticəsində çoxlu bıçaq zərbəsi alan Culyano vəfat edir, şair Ancelo Polisiano tərəfindən müdafiə olunan Lorenso isə yüngül boyun kəsiyi ilə canını qurtara bilir.[33] Qəsd xəbəri bütün Florensiyaya yayılır, florentinlər qəsdçilərə divan tutaraq Piza arxiyepiskopu və Patsi ailəsinin əlaqədar üzvlərini linçləyirlər.[31]
Patsi qəsbkarlığına görə Papa IV Sikstin tərəfkarlarının cəzalandırılmasından sonra Mediçilər və Florensiya Müqəddəs Taxtın qəzəbinə tuş gəlir, Sikst Mediçilərin mümkün bütün varidatını ələ keçirir, Lorenso və Florensiya hakimləri, daha sonra isə bütün şəhər əhalisi kilsədən xaric elan edilir.[34] Bütün bunların az effekt verdiyini görən Papa IV Sikst Neapol kralı I Ferdinandla müqavilə bağlayır. Ferdinandın oğlu olan Kalabriya hersoqu Alfonsonun rəhbərliyi altında Neapol ordusu Florensiya Respublikasına hücuma başlayır.[35]
Lorenso vətəndaşlar tərəfindən müdafiə edilir. Mediçilərin Bolonya və Milandakı[31] ənənəvi tərəfdarlarının köməkliyi ilə müharibə getdikcə uzanır, Neapola şəxsən səfər edən Lorenso bir neçə ay kralın əsiri olduqdan sonra nəhayət ki, məsələni həll edərək müharibəyə son qoydu. Bu siyasi uğur sonrada Lorensoya Florensiya Respublikasının konstitutiyasında dəyişiklik tələb etməyə imkan verir ki, bu da onun hakimiyyətini daha da möhkəmləndirir.[29]
Bundan sonra Lorenso babası Kozimo Mediçi kimi sülhün qorunması siyasəti yürüdən Lorenso Şimali İtaliya dövlətləri arasında əməkdaşlıq və dostluq mühitini qorumağa, Fransa və Müqəddəs Roma imperiyası kimi xarici dövlətləri isə İtaliya sərhədlərindən kənarda saxlamağa çalışır. Osmanlılarla dəniz ticarəti Mediçilər üçün əsas gəlir mənbələrindən biri olduğuna görə Lorenso Osmanlı sultanı II Mehmedlə yaxşı münasibət saxlamışdır.[36]
Toskananın zəy yataqlarından əldə edilən xam məhsulun satışından daha çox gəlir əldə etməyə çalışması Lorensonun ictimai nüfuzuna xələl gətirir. Zəy Volterranın yerli sakinləri tərəfindən aşkarlanmış və bu vacib təbii yatağın işlənilməsində kömək almaq üçün Florensiyaya müraciət edilmişdi. İtaliyanın Tolfa kommunasında yatağın kəşf edilməsinə kimi şüşə, dəri və parça istehsalında mühüm element olan zəyin əldə edildiyi yataqların hamısı Osmanlı ərazisində yerləşirdi və Avropaya zəy çatdırılması Genuyanın monopoliyasında idi. 1462-ci ildən etibarən Roma kuriyası, daha sonra isə Lorenso və Mediçi bankı faydalı qazıntı yataqlarının işlənməsinə dəstək nümyiş etdirirlər, Roma Papası isə kafirlərdən mal alınmasını qadağan etməklə yerli məhsulu dəstəkləyir, hər kantar zəy üçün isə iki dukat vergi təyin edir.[37] Volterralılar zəyin dəyərini anladıqdan sonra qazıntıdan əldə edilən gəlirlərin Florensiyalı himayədarlarının cibinə yox, şəhər büdcəsinə getməsini tələb edirlər. Nəticədə Volterranın Florensiyadan ayrılması üçün üsyan başlayır ki, bu da bir neçə vətəndaşın ölümü ilə nəticələnir. Lorenso üsyanı güc vasitəsiylə yatırmaq üçün şəhərə muzdlu ordu göndərir, muzdlular isə Volterranı qarət edirlər. Lorenso vəziyyəti düzəltmək üçün şəxsən şəhərə səfər etsə də, bu hadisə onun fəaliyyətini ləkələyən tarix kimi yadda qalır.[38][39]
Hamiliyi
redaktəLorensonun sarayında çalışmış rəssamlar Pyero və Antonio del Pollayololar, Andrea del Verrokkyo, Leonardo da Vinçi, Sandro Bottiçelli, Domeniko Girlandayo və Mikelancelo Buonarroti XV əsrdə İntibah mədəniyyətinin formalaşması və inkişaf etdirilməsində mühüm rol oynamışlar. Lorenso özü çox iş sifariş etməsə də, yuxarıda adları sadalanan rəssamların digər hamilərdən sifarişlər qəbul etməsinə kömək etmişdir. İtaliya İntibahının ən mühüm simalarından biri olan Mikelancelo üç il Lorensonun evində yaşamış, onun ailəsi ilə bir süfrədə nahar etmiş və Marsilio Fiçinonun rəhbərliyi ilə təşkil edilən müzakirələrdə iştirak etmişdir.
Lorenso özü də rəssamlıqla məşğul olmuş, həmçinin doğma Toskan dialektində şeirlər yazmışdır. Şeirlərində həyatın əhəmiyyətini qeyd edən Lorenso, xüsusilə ömrünün son dövrlərinə aid əsərlərində insanın əhvalının qeyri-stabillik və kövrəkliyini etiraf etmişdir. Lorensonun şeirlərinin əsas mövzusu sevgi, bayramlar və işıqdır.[40]
Kozimo Mediçinin topladığı kitab kolleksiyası tezliklə Mediçi kitabxanasına (həm də Laurensiana kitabxanası adıyla tanınır) çevrilir, Lorenso isə kitabxananı genişləndirməklə məşğul olur. Lorensonun təmsilçiləri şərqdən külli miqdarda klassik əsərlərin nümunələrini əldə edərək Florensiyaya gətirmiş, burada xüsusi emalatxanalarda həmin əsərlərin üzü köçürülmüş və tərcümə edilərək bütün Avropaya yayılmışdır. O, alim dostları, o cümlədən Marsilio Fiçino, Polisiano və Covanni Piko della Mirandolla kimi filosoflar vasitəsiylə humanizmin inkişafını dəstəkləmişdir.[41] Onlar Qədim Yunan filosoflarının əsərlərini öyrənir, Platonun ideyalarını Xristianlıq təlimləri ilə birləşdirməyə çalışırdılar.
Şəxsi marağından başqa, Lorenso həm də incəsənətdən siyasi alət kimi istifadə etmişdir. Nümunə kimi Girlandayo, Botiçelli, Pyetro Perucino və Kozimo Rosselliyə Romada Sikstin kapellasının divarlar rəsmlərinin sifariş edilməsi göstərilə bilər; bu sifarişlərin Lorenso və IV Sikst arasındakı münasibətləri möhkəmləndirmək məqsədi daşıdığı bildirilir.[41]
1471-ci ildə Lorensonun hesablamalarına görə, onun ailəsi xeyriyyə işləri, tikinti və vergilərə 663 000 florin (təxminən 460 milyon ABŞ dolları) xərcləmişdir. O, yazır,
“Mən bundan təəssüflənmirəm, baxmayaraq ki, bir çoxları bu məbləğin heç olmasa yarısının cüzdanda olmasını istəyərdi, mən hesab edirəm ki, bu bizim dövlətimiz üçün fəxrdir və fikirləşirəm ki, pullar yaxşı xərclənilib.”[42]
Populyar mədəniyyətdə
redaktə- CBBC telekanalının istehsalı olan “Leonardo” serialında gənc Lorenso Mediçi aktyor Kolin Rayan tərəfindən canlandırılmışdır.[43]
- “Assassin's Creed II” oyununda Lorenso Mediçi Ezio Auditore da Firensenin rəqibi olmuşdur.[44]
- Starz telekanalının istehsalı olan “Da Vinçinin əcinnələri” teleserialında Lorenso Mediçi aktyor Elliot Kovan tərəfindən canandırılmışdır.[45]
- Rai 1 telekanalının istehsalı olan “Mediçilər” teleserialında Lorenso Mediçi aktyor Deniel Şarman tərəfindən canlandırılmışdır.[46]
- İntibah dövrü Florensiyasından bəhs edən “Lorenzo il Magnifico” adlı stolüstü oyunun personajları Lorenso və onun müasirləridir.[47]
İstinadlar
redaktə- ↑ Union List of Artist Names (ing.). 2015.
- ↑ Picotti, Giovanni Battista. Medici, Lorenzo de', detto il Magnifico // Enciclopedia Italiana. 1934. 2 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2020.
- ↑ Parks, Tim. "Medici Money: Banking, Metaphysics, and Art in Fifteenth-Century Florence". The Art Book. New York: W.W. Norton & Co. 12 (4). 2008: 288. doi:10.1111/j.1467-8357.2005.00614.x. ISBN 9781847656872. 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-08.
- ↑ "Fact about Lorenzo de' Medici". 100 Leaders in world history. Kenneth E. Behring. 2008. 27 September 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 may 2020.
- ↑ Kent, F. W. Lorenzo De' Medici and the Art of Magnificence. Renaissance and Reformation / Renaissance et Réforme. 27. USA: JHU Press. 28 December 2006. 110–112. doi:10.1086/586785. ISBN 0-8018-8627-9. JSTOR 43445687. 13 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 May 2020.
- ↑ Brucker, Gene. Living on the Edge in Leonardo's Florence. Berkeley: University of California Press. 21 March 2005. 14–15. doi:10.1177/02656914080380030604. ISBN 9780520930995. JSTOR 10.1525/j.ctt1ppkqw. 27 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 May 2020.
- ↑ 1 2 Hugh Ross Williamson, Lorenzo the Magnificent, Michael Joseph, (1974), ISBN 07181 12040
- ↑ Milligan, Gerry. Lucrezia Tornabuoni. Oxford Bibliographies. Oxford University Press. 26 August 2011. doi:10.1093/OBO/9780195399301-0174. 21 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2020.
- ↑ Durant, Will. The Renaissance. The Story of Civilization. 5. New York: Simon and Schuster. 1953. 110.
- ↑ Davie, Mark. "Luigi Pulci's Stanze per la Giostra: Verse and Prose Accounts of a Florentine Joust of 1469". Italian Studies. 44 (1): 41–58. doi:10.1179/007516389790509128. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
- ↑ Machiavelli, Niccolò. The Florentine history. 2. London : A. Constable and co. limited. 1906. səh. 169.
- ↑ Poliziano, Angelo. The Stanze of Angelo Poliziano. University Park, Pa.: Pennsylvania State University Press. 1993. x. ISBN 0271009373. OCLC 26718982.
- ↑ Christopher Hibbert, chapter 9
- ↑ Niccolò Machiavelli, History of Florence, Book VIII, Chpt. 7.
- ↑ Hugh Ross Williamson, p. 70
- ↑ Janet Ross. "Florentine Palaces & Their Stories". 14 August 2016. Page 250.
- ↑ 1 2 3 4 5 6 Tomas, Natalie R. The Medici Women: Gender and Power in Renaissance Florence. Aldershot: Ashgate. 2003. 7, 21, 25. ISBN 0754607771.
- ↑ J.N.D. Kelly, The Oxford Dictionary of Popes (Oxford 1986), p. 256.
- ↑ "CATHOLIC ENCYCLOPEDIA: Pope Clement VII". www.newadvent.org. 2013-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
- ↑ Donald Weinstein, Savonarola the Rise and Fall of a Renaissance Prophet (New Haven, 2011) Chap 5: The Magnificent Lorenzo
- ↑ Cuvier, Georges. Cuvier’s History of the Natural Sciences: Nineteen lessons from the Sixteenth and Seventeenth Centuries. Publications scientifiques du Muséum. 24 October 2019. səh. 474. ISBN 9782856538739. 27 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2020.
- ↑ Drees, Clayton J. The Late Medieval Age of Crisis and Renewal, 1300-1500: A Biographical Dictionary. Greenwood Publishing Group. 2001. səh. 347. ISBN 9780313305887. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
- ↑ Hugh Ross Williamson, p. 268.
- ↑ Williamson, pp. 268–9
- ↑ 1 2 Hugh Ross Williamson, p. 270-80
- ↑ "History of the Medici". History World. 2021-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
- ↑ "Alessandro de' Medici (1510–1537) • BlackPast". 9 December 2007. 27 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2020.
- ↑ Walter, Ingeborg. "Lorenzo der Prächtige: Mäzen, Schöngeist und Tyrann" [Lorenzo the Magnificent: Patron, Aesthete and Tyrant]. Damals (German). 45 cild no. 3. 2013. səh. 32.
- ↑ 1 2 3 Reinhardt, Volker. "Die langsame Aushöhlung der Republik" [The Slow and Steady Erosion of the Republic]. Damals (German). 45 cild no. 3. 2013. 16–23.
- ↑ Guicciardini, Francesco. History of Italy and History of Florence. New York: Twayne Publishers. 1964. səh. 8.
- ↑ 1 2 3 Thompson, Bard. Humanists and Reformers: A History of the Renaissance and Reformation. William B. Eerdmans Publishing Company. 1996. 189 ff. ISBN 0-8028-6348-5. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.
- ↑ Jensen, De Lamar. Renaissance Europe: Age of Recovery and Reconciliation. Lexington, Mass: D.C. Heath and Company. 1992. 80.
- ↑ Durant, Will. The Renaissance. The Story of Civilization. 5. New York: Simon and Schuster. 1953. 125.
- ↑ Hancock, Lee. Lorenzo de' Medici: Florence's Great Leader and Patron of the Arts. The Rosen Publishing Group, Inc. 2005. səh. 57. ISBN 1-4042-0315-X.
- ↑ Martines, Lauro. April Blood: Florence and the Plot Against the Medici. Oxford University Press. 2000.
- ↑ Inalcik, Halil. The Ottoman Empire: The Classical Age 1300–1600. London: Orion Publishing Group. 2000. səh. 135. ISBN 978-1-84212-442-0.
- ↑ de Roover, Raymond. The Rise and Decline of the Medici Bank, 1397–1494. Harvard University Press. 1963. 152–154.
- ↑ Machiavelli, Niccolò. The Florentine history. 2. London : A. Constable and co. limited. 1906. 197–198.
- ↑ Durant, Will. The Renaissance. The Story of Civilization. 5. New York: Simon and Schuster. 1953. 112.
- ↑ La Poesia di Lorenzo di Medici | The Poetry of Lorenzo di Medici- Lydia Ugolini; Lecture (1985); Audio
- ↑ 1 2 Schmidt, Eike D. "Mäzene auf den Spuren der Antike" [Patrons in the footsteps of Antiquity]. Damals (German). 45 (3). 2013: 36–43.
- ↑ Brucker, G., redaktorThe Society of Renaissance Florence: A Documentary Study. New York: Harper & Row. 1971. səh. 27.
- ↑ "Leonardo: Colin Ryan plays Lorenzo". BBC. 28 March 2011. 26 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2020.
- ↑ Kelly, Andy. "Revisiting the renaissance with Assassin's Creed 2". PC Gamer. Future US, Inc. 9 March 2017. 27 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2020.
- ↑ Truitt, Brian. "Who's who in 'Da Vinci's Demons' Season 2". USA Today. 19 March 2014. 27 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2020.
- ↑ Clarke, Stewart. "Daniel Sharman and Bradley James Join Netflix's 'Medici'". Variety. Penske Business Media, LLC. 10 August 2017. 1 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2020.
- ↑ "Lorenzo il Magnifico". 16 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2020.
Ədəbiyyat
redaktə- Lorenzo de' Medici, The Complete Literary Works, edited and translated by Guido A. Guarino (New York: Italica Press, 2016).
- Miles J. Unger, Magnifico: The Brilliant Life and Violent Times of Lorenzo de' Medici (Simon and Schuster 2008) is a vividly colorful new biography of this true "renaissance man", the uncrowned ruler of Florence during its golden age.
- André Chastel, Art et Humanisme à Florence au temps de Laurent le Magnifique (Paris, 1959).
- Christopher Hibbert, The House of Medici: Its Rise and Fall (Morrow-Quill, 1980) is a highly readable, non-scholarly general history of the family, and covers Lorenzo's life in some detail.
- F. W. Kent, Lorenzo de- Medici and the Art of Magnificence (The Johns Hopkins Symposia in Comparative History) (The Johns Hopkins University Press, 2004) A summary of 40 years of research with a specific theme of Il Magnifico's relationship with the visual arts.
- Peter Barenboim, Michelangelo Drawings – Key to the Medici Chapel Interpretation (Moscow, Letny Sad, 2006) ISBN 5-98856-016-4, is a new interpretation of Lorenzo the Magnificent' image in the Medici Chapel.
- Barenboim P. D. / Peter Barenboim. "The Mouse that Michelangelo Did Carve in the Medici Chapel: An Oriental Comment to the Famous Article of Erwin Panofsky". 2017.
- Barenboim, Peter (with Heath, Arthur). 500 years of the New Sacristy: Michelangelo in the Medici Chapel, LOOM, Moscow, 2019. ISBN 978-5-906072-42-9
- Williamson, Hugh Ross, Lorenzo the Magnificent. Michael Joseph, London. (1974) ISBN 0-7181-1204-0
- Parks, Tim, Medici Money: Banking, Metaphysics, and Art in Fifteenth-Century Florence (W. W. Norton & Company 2005) ISBN 0393328457, is a mixture of history and finance, documenting the logistics of Lorenzo and the Medici Banks