Hesen Mollazade Gencevi - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hacı Həsən Mollazadə Gəncəvi (1853, Nuxa – 1919, Gəncə) — Azərbaycan islam ruhanisi və mütəfəkkiri.
Həsən Mollazadə Gəncəvi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1853 |
Doğum yeri | |
Vəfat tarixi | 1919 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | alim |
Uşağı |
Həyatı
redaktəHacı Şeyx Həsən Molla Imamqulu oğlu Mollazadə Gəncəvi 1853-ci ildə Şəki[1] şəhərində dünyaya gəlib. Hacı Şeyx Həsənin ailəsi maldar tərəkəmə tayfası idi, yəni onlar tam köçərilərdən fərqli olaraq daimi qışlaq və yaylaq yerlərinə malikdilər, həm də az da olsa əkinçiliklə məşğul idilər.
Hacı Şeyx Həsən uşaqlıqda çobanlıq edib. Ona atası Molla İmamqulu oxumağı və yazmağı öyrədib. Şəkini tərk edərək Gəncəyə gələndə Həsənin 12 yaşı vardı. O, burada Şah Abbas mədrəsəsində oxuyaraq savadını artırıb, daha sonra isə 5 il Təbrizdə Hacı Səfərəli mədrəsəsində təhsil alaraq (Abdulla Şaiq’in atası Mustafa ilə birlikdə) ərəb və fars dillərini də mükəmməl öyrənib. Burada təhsilini bitirdikdən sonra o, Nəcəf şəhərinə gedərək 5 il də burada dini elmlərin incəliklərinə yiyələnib və müctəhid rütbəsinə çatıb. Əldə olan bilgilərə görə, Həsən təhsilini başa vurduqdan sonra müqəddəs Həcc ziyarətinə gedib və bundan sonra "hacı" titulu qazanıb.
Artıq ali savadlı ruhani kimi özünü təsdiqləmiş Hacı Şeyx Həsən Naxçıvana gələrək Nehrəm kəndində yaşayıb. Burada o, dostunun qızı Məşədi Xədicə xanımla ailə qurub.Məşədi Xədicə xanım Cəlil Məhəmmədquluzadənin məşhur "Usta Zeynal" hekayəsinin baş qəhrəmanı Usta Zeynalın qardaşı qızıdır. Nehrəm mühiti, təbii ki, onun daxili potensialının tam gerçəkləşməsinə imkan vermirdi, buna görə də Gəncəyə qayıdaraq burada ruhani kimi fəaliyyət göstərib. Yerli camaat Molla Hacı Həsənə onun üçün Gəncədə Səbzikar qəbiristanlığının yanında indiki İsmət Qayıbov küçəsi ərazisində torpaq sahəsi alıb. Hacı Şeyx Həsən ömrünün sonunadək burada yaşayıb.
Gəncə müctəhidinin qızı Həbibə xanımla yeni ailə quran Hacı Şeyx Həsən bu izdivacdan 2 il sonra Naxçıvandakı ailəsini də Gəncəyə gətirib. XX yüzilin başlanğıcında Cənubi Qafqazın mərkəzi sayılan Tiflisə gedərək şeyxülislamın yanında imtahan verən Hacı Şeyx Həsən Gəncə Şiəməzhəb Ruhani Məclisinin üzvü və Gəncə şəhərinin axundu təyin edilib. O, Şah Abbas məscidindəki ruhani seminariyasında ilahiyyətdən dərs deyirdi.
Hacı Şeyx Həsən Mollazadə Gəncəvi dərin ilahiyyatçı alimdi. Araşdırmalarımıza görə, Mollazadə 10-a yaxın kitabın müəllifidir. Bu əsərlərin içərisində 4 cildlik "Zübdət-ət-təvarix. Həzrəti Adəmdən zəmanəmizə qədər keçən vüquati-təvarixiyyeyi-came dörd cild üzərinə yazılmış tarixi-ümumidir" (I cild, Tiflis: "Qeyrət" mətbəəsi, 1905, 261 səh.; II cild, Gəncə: Əsgər Hacı Həsənzadə mətbəəsi, 1909, 128 səh.; IV cild, Gəncə: Əbilov və Haqverdiyev mətbəəsi, 1912, I kitab, 100 səh., II kitab, 92 səh.; III cild, I kitab, Gəncə: Əbilov və Haqverdiyev mətbəəsi, 1913, 155 səh.), 2 cildlik "Müxtəsər tarixi-islam. Tarix elmləri ümumudur və ayineyi-cəhannümadır" (Gəncə: Haqverdiyev, Rzayev və Əbilov mətbəəsi, 1908, I cild, 119 səh.), "Tarixi-ənbiyayi-üzam əleyhüssəlam" (Gəncə: Əbilov və Haqverdiyev mətbəəsi, 1913, 60 səh.), "Hidayətül-müslimin və yaxud Mizanül-ədyan" (Gəncə: Haqverdiyev və Əbilov mətbəəsi, 1910, 116 səh.), "Əqaidül-islam və firuiddin" (Gəncə: Haqverdiyev və Əbilov mətbəəsi, 1911, 118 səh.), "İbtidai-əqaidül-islam və firuiddin" (Gəncə: Haqverdiyev və Əbilov mətbəəsi, 1911, I hissə, 36 səh.), "Bəsirətül-islam. Müfəssəl əqaidül-islam və firuiddin" (Gəncə: Haqverdiyev və Əbilov mətbəəsi, 1911, 120 səh.) və b. mühüm yer tutur.
Hacı Şeyx Həsən Mollazadə Gəncə şəhərinin mədəni-maarif həyatında da yaxından iştirak edirdi. "Gəncə quberniyasının 1903-cü il üçün yaddaş kitabı"nda Mollazadənin adını şəhər Dumasının üzvləri arasında görürük. O, buraya müsəlman din xadimləri zümrəsindən seçilmişdi. 1919-cu ildə vəfat etmiş Hacı Şeyx Həsən Gəncədə Səbzikar məzarlığında dəfn edilib.
Bunu da bildirmək vacibdir ki, bir sıra ciddi elmi nəşrlərdə Axund Hacı Şeyx Həsən Mollazadə Gəncəvi (1848–1919) Şəkinin Gəncəlilər məhəlləsində doğulduğuna görə özünə "Gəncəvi" nisbəsi götürmüş görkəmli din alimi və şeyxülislam Axund Hacı Məhəmmədhəsən İsmayıl oğlu Mövlazadə Şəkuyi (1853–1932) ilə qarışdırılıb. Şeyxülislam Mövlazadə bir çox başqa dəyərli əsərləriylə yanaşı, Qur`anın dilimizə ilk tərcüməsi olan 2 cildlik "Kitabül-bəyan fi təfsirül-Qur`an" adlı möhtəşəm əsərin (Tiflis: "Qeyrət" mətbəəsi, 1908) müəllifidir.
Azərbaycanın mənəvi həyatında görkəmli rol oynamış Hacı Şeyx Həsən Mollazadə Gəncəvinin həyatı haqqında verdiyimiz bu qısa bilgidən sonra qeyd edək ki, onun aşağıdakı övladları olmuşdur: Hüseyn, Cəfər Axundov, Həmid, Məcid, İsrafil, Həsən, Səriyyə və Sürəyya.
Əsərləri
redaktə- Zubdad ud- təvarik.- 1 cild.- Tiflis: , 1905 (1323 h.).- 261 s.
- Zubdad ud- təvarik.- III cild- I hissə Gəncə:, 1913 (1331 h.).- 155 s.
- "Tarixi-ənbiyayi-üzam əleyhiməssəlam " Gəncə 1913 (1331 h.).- 60 s.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Sovet Ensiklopediyasl. 10-cu tom. S. 146.