Georgiyevsk Muqavilesi 1802 - Wikipedia
Bu səhifə və ya bölmənin müəlliflik hüququ pozuntusu olduğu güman edilir. |
Georgiyevsk müqaviləsi və ya Georgiyevsk traktatı — 1802-ci il dekabrın 26-da Georgiyevsk şəhərində Rusiya ilə Quba, Talış xanları və Dağıstanın bəzi feodalları arasında bağlanmış müqavilə.[1]
Georgiyevsk müqaviləsi | |
---|---|
İmzalanma tarixi | 26 dekabr 1802 |
Qüvvəyə minməsi | 26 dekabr 1802 |
Haqqında
redaktəRusiya hökmdarı I Aleksandr (1801–1825) atası I Pavel kimi, ilk illər Rusiyanın himayəsi altında Şimali Qafqaz birliyi yaratmağa çalışırdı. Onun tapşırığı ilə Sisianov xanlarla danışıqlar aparmağa başladı. Görüş yeri üçün Georgiyevsk şəhəri seçildi. Burada Quba, Bakı, Talış xanları, Dağıstan hakimlərindən Tarku şamxalı, Qaraqaytaq usmisi, Tabasaran və b. yerlərin başçıları toplanmalı idi. 1802-ci il 2 sentyabra təyin edilmiş görüş baş tutmadı. Bu görüşü yalnız 1802-ci ilin dekabr ayında keçirmək mümkün oldu. Görüşdə Quba, Dərbənd və Lənkəran xanları, həmçinin Tarku şamxalı, Qaraqaytaq usmisi və başqa dağlı hakimləri iştirak edirdilər. Bakı xanı görüşə gəlmədi. 26 dekabrda hakimlər arasında müqavilə imzalandı.
Giriş və 12 maddədən ibarət olan bu sənəd üzrə onu imzalayan xanlar və hakimlər söz verirdilər ki, onların arasında olan düşmənçilik, narazılıq və çəkişmələri bir tərəfə qoyacaq, bir-birilə savaş aparmayacaq (maddə 1), mübahisələri dinc yolla həll edəcəklər (maddə 2). İranın hücum edəcəyi halda ona qarşı birgə çıxış etmək (maddə 3), ticarəti, dənizçilik işini yoluna qoymaq da (maddə 5–10) nəzərdə tutulurdu.
Çar hökuməti Bakı xanlığının bu birliyə qoşulmaması ilə razılaşa bilmirdi. Gürcüstanın Rusiyaya qatılması ilə bu xanlığa çox böyük diqqət verilməkdə idi. Çünki Dəryal dərəsindən keçən hərbi Gürcüstan yolu təlabatı ödəyə bilmirdi. I Aleksandrın 12 sentyabr 1801-ci il tarixli, baş komandan Knorrinqin adına göndərilən buyruğunda bu barədə yazılmışdı: "Ətraf hakimlər və xalqlarla əlaqə yaratmaqla Rusiyaya meyil edənlərin sayını çoxaltmaq gərəkdir… (Kür çayının) töküldüyü yerə və özəlliklə Xəzər dənizində ən yaxşı limana sahib olan Bakı xanı vasitəsilə çalışmalı ki, Gürcüstandakı qoşunlarımız üçün Qafqazın çətin dağ yolu ilə deyil, Həştərxandan su yolu ilə yüklərin çatdırılması imkanı əldə edilsin". Buna görə 1803-cü ildə Bakı xanlığı ilə də ayrıca müqavilə bağlandı.
Traktat Azərbaycan və Dağıstanda Rusiyanın nüfuzunun güclənməsinə şərait yaratdı. Beləliklə çar hökuməti Azərbaycan xanlıqlarının ərazilərini zəbt etmək üçün hazırlıqlara başladı.
İstinadlar
redaktə- ↑ Ҝеорҝијевск трактаты (1802) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 70.
Ədəbiyyat
redaktə- Azərbaycan tarixi. XIX – XXI əsrin əvvəli. Bakı, 2010.