Gence Qalasi Qedim Seher Yeri - Wikipedia
Qədim Gəncə — arxeoloji kompleks, orta əsrlər Gəncəsində məntəqə,[2] təxminən XVII əsrdə burada şəhər mövcud olmuşdur. Qədim Gəncənin xarabalıqları hal-hazırda Azərbaycanın Gəncə şəhərinin 6–7 km şimal-şərqindədir.[3][2]
Qədim Gəncə | |
---|---|
40°42′54″ şm. e. 46°25′17″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Gəncə şəhərindən 6-7 km şimal-şərqdə, İmamzadə məzarlığının yaxınlığında. |
Aidiyyatı |
Ərməniyyə Şəddadilər Azərbaycan Atabəyləri Səfəvilər |
Tikilmə tarixi | VI-XVII əsrlər |
Üslubu | Arran memarlıq məktəbi |
Sahəsi | 12-16 km² |
Material | kərpic, çiy-kərpic, əhəngdaşı, gil, daş üzləmə. |
Vəziyyəti | qoruq |
İstinad nöm. | 59 |
Kateqoriya | Arxeoloji abidə |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Qalanın xarabalıqları Gəncə şəhərinin yaxınlığında yerləşir. Şəhər yerində müxtəlif dövrlərdə arxeoloji qazıntı işləri aparılsa da bu işlər tamamilə yekunlaşdırılmayıb. Qazıntılar zamanı qala divarlarının bir hissəsi, şəhərin müxtəlif ictimai binalarının qalıqları və çoxlu maddi mədəniyyət nümunələri aşkarlanıb. Arran memarlıq məktəbinə uyğun olaraq Gəncə qalasının divarları kərpicdən inşa edilib. Ümumiyyətlə qədim Gəncə şəhər yerinin erkən orta əsrlər dövründə inkişafa başladığı, Nizami Gəncəvi dövründə ən yüksək inkişaf mərhələsinə çatdığı, monqol yürüşləri zamanı dağıdılaraq tənəzzülə uğradığı bildirilir. Lakin sonradan şəhər yenidən bərpa edilərək böyük ticarət mərkəzinə çevrilmişdi.
Yerləşməsi
redaktəQədim Gəncə ilə Gəncənin arasında bir neçə dəqiqə fərq var. Bəzi orta əsr mənbələri indiki Gəncənin coğrafi mövqeyi haqqında məlumat verir. Belə ki, XIV əsr fars tarixçisi və coğrafiyaşünası Həmdullah Qəzvini yazmışdır:
“Gəncə beşinci iqlimə aiddir. Onun uzunluğu 80°, eni isə 40°34'-dür”.[3] |
Ərəb tarixçisi və coğrafiyaşünası Əbülfida (XII–XIV əsrlər) Gəncənin 78° şərq uzunluğunda, 41°20' şimal enliyində göstərmişdir. Sonralar coğrafiyaşünas Sadiq İsfahani (XVII əsr) qədim mənbələr əsasında Gəncəni 88° şərq uzunluğu və 41°15' şimal enliyində göstərmişdir.[3]
Ona görə də vüsəti demək olar ki, hamısının müəlliflərin öz aralarında yaxındır, fərq isə həmin uzunluq dairələrində müşahidə olunur, çünki hesablamalar olmasa, o zaman dəqiq astronomik cihazların, son çətinləşdiyini idi.
Orta əsr coğrafiyaşünasları uzunluğu "Xoşbəxtlik adası"ndan, enini isə ekvatorial xətdən hesablayıblar. Bütün müəlliflərin hesablamalarında enliklər bir-birinə yaxın hesablansa da, astronomik cihazların olmaması səbəbi ilə ölçmələrin dəqiq aparılmasında maneələr olduğuna görə demək olar ki, bütün müəlliflərdə uzunluqlarda fərq müşahidə olunur.[3]
Araşdırılma tarixi
redaktə1935–1937-ci illərdə Kirovabad Diyarşünaslıq Muzeyinin (indiki Gəncə Tarix-Diyarşünaslıq Muzeyi) fondunu zənginləşdirmək üçün oranın direktoru E. R. Xadarin Gəncə yerüstü memarlıq abidələrinin yerləşdiyi sahənin sağ sahilindəki istehkamdan şimalda qismən qazıntılar aparıb.[4] Və nəticədə orta əsrlərə aid olan keramika, şüşə, saxsı, sümük və digər əl əməyi alətləri tapılmış və sərgi yaradılaraq nümayiş etdirilmişdir.[4] Tapıntılardan biri əl əməyi olan bişirilib rənglənmiş, üstü üç xətt relyef naxışlı dairəvi formalı məişət qabıdır (keramik küpdür). Daha sonra müntəzəm qazıntılar nəticəsində çox sayda belə əşyalar tapıldı. Onların bir çoxunun üzərində ornamentlərlə əhalinin dini ritualları, məişəti və məşğuliyyət səhnələri əks olunmuşdur. E. R. Xadarinin qazıntıları sistemsiz bir tərzdə, əsas məqsədi ancaq toplamaqdan ibarət olmasına görə, arxeoloji araşdırmaya mənfi təsir etmişdir.[4]
1938–1940-cı illərdə İshaq Cəfərzadə "Qədim Gəncənin tarixi-qazıntıları" oçerkində şəhərin arxeoloji qazıntılarının nəticələrini qeyd etmişdir.[4] Sırf 1938–1940-cı illərin arxeoloji qazıntıları nəticəsində Qədim Gəncə qala divarlarının öyrənilməsi, onun memarlıq quruluşu haqqında danışmağa imkan verdi.[1]
1981–1982-ci illərdə Qədim Gəncə ərazisində arxeoloq Cabbar Xəlilovun araşdırmaları nəticəsində IX–XVII əsrlərə aid olan mədəni təbəqə və eləcə də bir çox qiymətli sənət nümunələri aşkar edilmişdir. Onların arasında Çində hazırlanmış heroqlifli saxsı qab aşkar edilmişdir.[5]
Gəncə şəhər yerində 1949-cu ildən etibarən professor İshaq Cəfərzadənin başçılığı ilə arxeoloji qazıntı işləri aparılıb. Hal-hazırda da bu abidədə tədqiqatlar davam edir. Hal-hazırda Gəncə arxeoloji ekspedisiyasının rəhbəri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "İlk orta əsrlər arxeologiyası" şöbəsinin müdiri Arif Məmmədovdur.
Qısa tarix
redaktəQədim Gəncə şəhərinin erkən tarixi yazılı mənbələrdə əsasən VII–IX əsrlərdən hesablansa da, bu ehtimal heç bir konkret tarixə və ya hadisəyə əsaslanmır.[6] Arxeoloji qazıntılar göstərmişdir ki, Qədim Gəncə şəhəri daha qədim bir yaşayış yerinin əsasında formalaşmışdır; həmin yaşayış yeri tədricən böyüyərək inkişaf etmiş və şəhər kimi tanınmışdır.[7] Ə. Salamzadə hesab edir ki, VII əsrdən zənginliyinə görə şəhər artıq Gəncə (pəhləvi dilində xəzinə anlamını verən gənzə sözündən) adlandırılmağa başlayır.[6] İ. Cəfərzadə həm də tarixi mənbələrdə Gəncə şəhərindən daha əvvəl qeyd edilməyə başlayan Arran şəhərini Qədim Gəncə yaşayış yeri ilə identikləşdirməyin mümkün ola biləcəyini bildirir.[7] Ə. Salamzadə isə bu təklifin əsassız olmadığını qeyd edir.[6] Bu məqamda Şamaxı şəhəri ilə paralel gətirən Ə. Salamzadə bildirir ki, bu tarixi şəhər də mənbələrdə əvvəlcə Şirvan adı ilə qeyd edilmiş, daha sonra isə Şamaxı adı istifadə olunmağa başlamışdır; Şirvan adı isə daha çox əyalətin adı kimi istifadə olunmağa davam etmişdir. Qədim Gəncə şəhəri isə ehtimal ki, əvvəlcə Arran adlanmış və VII əsrdən isə Gəncə kimi tanınmağa başlamışdır.[6] Digər bir məqam isə XIII əsrin I yarısında Amasiya şəhərində inşaatla məşğul olmuş ustad memar Məhəmməd ibn Mahmudun Arran sakini olduğunu göstərməsidir.[8] Nəzərə alsaq ki, sənətkarlar öz nisbələrində adətən əyalət yox, şəhər adı qeyd edirdilər, memarın məhz Arran adlı şəhərdən olmasın düşünmək olar.[6] Bununla yanaşı XI–XII əsrlərdə Qədim Gəncədə yaşayıb fəaliyyət göstərmiş Əbül-Üla, Məhsəti və Nizami kimi sənətkarlar məhz Gəncəvi ləqəbi daşımışlar.
X əsrdə artıq böyük şəhər olan Qədim Gəncə, Şəddadilər dövlətinin paytaxtına çevrilir. 1063-cü ildə Qədim Gəncə şəhərini əhatə edən qala divarı tikilir, xəndəklər qazılır və dəmir darvazalar hazırlanır.[9] XII əsrdə Gəncə artıq Ön Asiyanın ən qabaqcıl şəhərləri sırasında qeyd edilir. Lakin, 1139-cu ildə baş vermiş zəlzələ şəhərdə ciddi dağıntıların meydana gəlməsinə və inkişafın ləngiməsinə səbəb olur. Buna baxmayaraq, XII–XIII əsrlərdə Gəncə hələ də ən böyük sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən biri kimi xatırlanır.[6]
Şəhərə növbəti güclü zərbə XIII əsrdə monqolların Azərbaycana ikinci yürüşü zamanı vurulur. Birinci yürüş zamanı Gəncə vergi verərək dağıntılardan xilas ola bilsə də, ikinci yürüş zamanı uzun müddətli mühasirədən sonra monqol süvariləri Qədim Gəncə qalasını ala bilirlər. Şəhər tamamilə dağıdılır və əhalisi qılıncdan keçirilir. Bundan sonra şəhər bərpa edilsə də, əvvəlki inkişaf səviyyəsinə çata bilmir.[6] XIV–XV əsrlərdə Gəncə yerləşdiyi əyalətin ən əhəmiyyətli şəhəri olsa da, mənbələrdə onun adı daha az qeyd edilir.
Tərk edilməsi
redaktəXVI əsrdə şəhər Səfəvi-Osmanlı müharibələrinin mərkəzlərindən birinə çevrilir. 1587-ci ildə Fərhad Paşanın rəhbərlik etdiyi Osmanlı ordusu Gəncə şəhərini ələ keçirir. Osmanlı türkləri şəhərin möhkəmləndirilməsi üçün dərhal işə başlayırlar və yeni qala divarları inşa edilir. 1606-cı ildə I Şah Abbas tərəfindən mühasirəyə alınana kimi Gəncə Osmanlı dövlətinin tərkibində qalır.[10]
Mənbələrin məlumatına görə, Gəncə şəhərini ələ keçirdikdən sonra, I Şah Abbas onu, yeni əraziyə köçürməyi əmr edir.[10] Ə. Salamzadə bu baxımdan şəhərin tam köçürülməsindən yox, şəhər mərkəzinin köçürülməsindən bəhs edildiyini göstərir.[10] A. Bakıxanov bu haqqda yazır:
Şah, Gəncə şəhərini əvvəlki yerindən bir fərsəx (təxm. 6-7 km) yuxarı, hazırda çinarlar əkilmiş çeydan olan yerə köçürdü. Məscid və karvansaraylar ondan sonra qalan möhtəşəm abidələrdir. Onların planını Persiyada məşhur alim olan Bahəddin hazırlamışdır.[11] |
Ə. Salamzadə hesab edir ki, Qədim Gəncə tam olaraq XVI əsrin sonu – XVII əsrin əvvəllərində Osmanlılar tərəfindən yeni qalanın inşası və I Şah Abbas tərəfindən şəhər mərkəzinin köçürülməsindən sonra tərk edilmişdir. XVII əsrin 50-ci illərində bu ərazilərdə olmuş Arseni Suxanov yazır:
...17-ci gündə (iyul, 1652) nahar vaxtı Gəncəyə çatdıq və karvansarayda yerləşdik. 18-ci gün kiçik adamlarla bir fərsəxə qədər yol gedib Qədim Gəncəyə çatdıq; yer daha böyük, daha çox məskunlaşmış idi, şəhər də başqa idi, şəhər qalasından kənarda yerləşən ticarət sahəsi də daha böyük idi, köhnə şah onu qırx il əvvəl tərk etmişdi. Ticarət sahəsinin ortasında, şəhərin düz qabağında böyük çay olub, indi isə axını başqa yerə dəyişdirilib. Şəhər və çoxlu binalar təməlinə kimi dağıdılıb; lakin məscid olduğu kimi qalır. Həmin ərazidən bir qədər uzaqlaşıb sahədə gecələdik...[12] |
1647-ci ildə İrəvandan Bakıya səfər edən türk səyyahı Övliya Çələbi Gəncə şəhərindən keçir. O, qeyd edir ki, Gəncə böyük şəhər olsa da, onun qala divarları şah tərəfindən dağıdılmışdır. Onun sözlərinə görə o zaman şəhərdə altı min ev (ailə) var idi.[13] Ə. Salamzadə qeyd edir ki, hər evdə orta hesabla 7 nəfər olduğunu nəzərə alsaq, şəhərdə təxminən 40.000 əhalinin yaşadığını qeyd etmək olar.[10] Ö. Çələbi qeyd edir ki, şəhərdə çoxlu bağlar, ictimai binalar, karvansaraylar, hamamlar, qapalı bazar və imarət var idi. Şəhər ətrafı isə sıx tut bağları ilə əhatə olunmuşdur. O, bildirir ki, "Gəncə nalları və dəmir əşyaları da Gəncə ipəyi kimi məşhurdur."[14]
İstinadlar
redaktə- ↑ 1 2 Щеблыкин, 1943
- ↑ 1 2 Насирли, 1990
- ↑ 1 2 3 4 Альтман, 1949
- ↑ 1 2 3 4 Ахмедов, 1988
- ↑ 5
- ↑ 1 2 3 4 5 6 7 Саламзаде, 1964. səh. 123
- ↑ 1 2 Джафарзада, 1949. səh. 101
- ↑ Weber, Donald N. The architecture of Islamic Iran. New Jersey. 1955. 68.
- ↑ ибн Лютфуллах, Ахмед. Джами ад-дувал (Труды Ин-та истории АН Азерб. ССР, т. XII). Баку. 1957. 218.
- ↑ 1 2 3 4 Саламзаде, 1964. səh. 124
- ↑ Bakıxanov, A. Gülüstani-İrəm. Bakı. 1926. 98.
- ↑ Суханов, Проскинтарий Арсений. 1649-1653 гг. Православный палестинский сборник, т. VII. СПб. 1889. 103–104.
- ↑ Челеби, Эвлия. Книга путешествия: (Извлечения из сочинения турецкого путешественника XVII века): Перевод и комментарии. Вып. 3: Земли Закавказья и сопредельных областей Малой Азии и Ирана (Сост. и отв. ред. А. Д. Желтяков; Примеч. и коммент. А. Желтякова, М. Залумяна и Г. Путуридзе). Москва: Институт востоковедения АН СССР, Наука. 1983. 286.
- ↑ Челеби, Эвлия. Книга путешествия: (Извлечения из сочинения турецкого путешественника XVII века): Перевод и комментарии. Вып. 3: Земли Закавказья и сопредельных областей Малой Азии и Ирана (Сост. и отв. ред. А. Д. Желтяков; Примеч. и коммент. А. Желтякова, М. Залумяна и Г. Путуридзе). Москва: Институт востоковедения АН СССР, Наука. 1983. 287.