Fatma Mehreliyeva - Wikipedia
Fatma Mehrəliyeva Yusif qızı (4 iyun 1926, Quba – 4 yanvar 2000, Bakı) — xanəndə (lirik soprano), Azərbaycan SSR Əməkdar artisti (1956).[1]
Fatma Mehrəliyeva | |
---|---|
Fatma Yusif qızı Mehrəliyeva | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 4 iyun 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 4 yanvar 2000 (73 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, xanəndə |
Fəaliyyət illəri | 1940—2000 |
Janrlar | muğam, xalq mahnısı |
Səs tembri | lirik-soprano |
Mükafatları |
Həyatı
redaktəFatma Mehrəliyeva 4 iyun 1926-cı ildə Qubada anadan olmuşdur. O, orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Bunun nəticəsi olaraq Fatma Mehrəliyeva müəllimlərinin təkidi ilə Bakı musiqi festivalında iştirak etmək üçün Bakıya getmiş və festivalda "Qubanın ağ alması" xalq mahnısını ifa etmişdir. On bir yaşlı Fatmanın ifası Üzeyir Hacıbəylinin diqqətini cəlb etmişdir. Bəstəkar Fatma Mehrəliyevanı himayəsinə götürərək yaxşı təhsil alması üçün hər cür şərait yaratmışdır. Belə ki, Fatma Mehrəliyeva 1938-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Bakıya gəlmişdir.[1]
Fəaliyyəti
redaktəFatma Mehrəliyeva 1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki "Sazçı qızlar" ansamblında əmək fəaliyyətinə başlamışdır. Elə həmin ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş və geniş konsert proqramları ilə çıxış etmişdir.[1]
1941-1945-ci illərin Böyük Vətən müharibəsi zamanı cəbhədə hərbçilər qarşısında çıxış edən Fatma Mehrəliyeva Üzeyir Hacıbəylinin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələrini ifa etmişdir. Mehrəliyeva, həmçinin Musiqisi Üzeyir Hacıbəyovun sözləri Səməd Vurğunun olan "Şəfqət bacısı" mahnısının ilk ifaçısı olmuş, lakin həmin ifanın lent yazısı qalmamışdır.[1]
Fatma Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının mahir ifaçısı kimi şöhrət qazanmışdır. Elə bu şöhrət sayəsində lirik soprano səsə malik olan müğənni 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən "Arşın mal alan" filmində Telli roluna çəkilmişdir. Yaratmış olduğu Telli obrazı Mehrəliyevanın yaradıcılığında böyük rol oynamışdır.[1]
Fatma Mehrəliyevanın oxuduğu muğamlar arasında "Kəsmə şikəstə"nin özünəməxsusi yeri olmuşdur. Belə ki, musiqişünas alim, professor Ramiz Zöhrabov "Zərbi muğamlar" kitabında "Kəsmə şikəstə"ni məhz Fatma Mehrəliyevanın ifasında nota köçürmüşdür. Bundan başqa, "Getmə dayan", "Olmaz-olmaz", "Ceyranım", "Qubanın ağ alması", "Azərbaycan maralı", "Ahu kimi", "Qaragilə", "Muğan qızı", "Lay-lay", "Unuda bilmirəm" və s. kimi xalq və bəstəkar mahnlarını oxuyan müğənni "Qatar" və "Segah-zabul" muğamlarını ifa edərək Azərbaycan musiqi mədəniyyətinə öz töhfələrini vermişdir.[1]
Vəfatı
redaktəFatma Mehrəliyeva 4 yanvar 2000-ci ildə vəfat etmişdir.[1]
Mükafatları
redaktəAzərbaycan musiqi sənətindəki xidmətlərinə görə 1956-cı ildə respublikanın Əməkdar artisti adına layiq görülüb.[1]
Filmoqrafiya
redaktəSəs yazıları
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Həmidə Nizamiqızı. "Fatma Mehrəliyeva dünyasına xəyali səfər" (Azərbaycan). medeniyyet.az. 7-12-2018 tarixində arxivləşdirilib.