Corc Bul - Wikipedia
Corc Bul (2 noyabr 1815[1][2][…] – 8 dekabr 1864[1][2][…], Ballintempl[d], Munster[d][3]) — ingilis riyaziyyatçısı, riyazi məntiqin yaradıcılarından biridir[4].
Corc Bul | |
---|---|
ing. George Boole | |
Doğum tarixi | |
Doğum yeri | Linkoln, İngiltərə |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | İrlandiya |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri | |
Uşaqları | |
Elm sahəsi | riyazi məntiq |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCorc Bul 1815-ci il, noyabr ayının 2-də İngiltərənin Linkolnşir şəhərinin Linkoln qəsəbəsində kasıb bir ailədə dünyaya gəlib. Həmin dövrdə qədim dilləri (latın və yunan) öyrənməyə xüsusi maraq var idi. Sözsüz ki, Bulun təhsil aldığı əsasən imkansız ailələrin oxuduğu məktəbdə bu dillər tədris olunmurdu. Lakin Bul sərbəst şəkildə bu dilləri öyrənirdi. Bundan əlavə, riyaziyyat və məntiqlə maraqlanan məhdud təhsilə malik atası Corca bu fənlərin ilkin mərhələsini tədris edirdi.
Bul artıq 16 yaşında valideynlərinə kömək etmək üçün özəl bir ibtidai məktəbdə müəllim assistenti kimi fəaliyyətə başladı. O, 4 il iki məktəbdə müəllimlik fəaliyyəti ilə məşğul olur. Bul gələcək həyatı haqqında düşünürdü, özü üçün bir yol seçməyə çalışırdı. O, ilkin biliklərinin normal səviyyədə olduğunu anlasa da peşə baxımından qənaətbəxş hesab etmirdi. Nəhayət, Bul dini xadim olmağı qərara alır. O, kilsə həyatına hazırlaşaraq ciddi şəkildə fransız, alman və italyan dillərini öyrənməyə başlayır. Ailəsinin yoxsulluğu yenə də onun planlarını alt-üst etdi. Valideynləri onu inandırmağa çalışırdılar ki, maliyyə durumunun pisləşməsinə görə dini həyatdan imtina etməlidir. Gənc Corc valideynlərinə qulaq asaraq bu fikrindən daşındı və 1835-ci ildə özəl məktəb açmağa qərar verdi. Bul burada riyaziyyatı tədris edirdi və paralel olaraq özü sərbəst şəkildə tam ali riyaziyyat kursunu öyrənirdi.
1849-cu ildə İrlandiyanın Kork şəhərində yerləşən Kral Kolleci (hazırda Kork Kollec Univesiteti) təsis olundu. Riyaziyyatçı həmkarlarının tövsiyəsi ilə Corc kollecdə universitet təhsili olmamasına baxmayaraq professor dərəcəsi aldı və ömrünün sonuna qədər burada çalışdı. Hazırda həmin universitetdə C.Bulun şərəfinə yaradılmış kitabxana, İnformatika Tədqiqatlar üzrə Bul Mərkəzi(Boole Centre for Research in İnformatics) fəaliyyət göstərir.
Ailə həyatına gəldikdə, Bul 1855-ci ildə Meri Everest ilə ailə qurub. Onların 5 qız övladı olub. Qızlarından Alisiya həndəsə, Lyusi kimya sahəsində alim kimi tanınıb, Lilian isə yazıçı kimi şöhrət tapıb.
İşlərindəki dahiliyi kəşf edildikcə Bula müxtəlif mükafatlar təqdim edilib. Dublin və Oksford universitetlərindən fəxri dərəcə aldı. 1844-cü ildə "Kral Cəmiyyəti"nin medalına layiq görülüb. 1857-ci ildə Kral Cəmiyyətinə üzv qəbul edildi. Lakin gec başlayan karyerası erkən sona çatdı. 1864-cü ildə bir gün evindən məktəbə qədər olan iki millik yolu şiddətli yağış altında getmək məcburiyyətində qalır və yaş paltarlarla dərs keçir. Bunun nəticəsində soyuqlayaraq sətəlcəm xəstəliyinə tutulur. Corc Bul 1864-cü il, dekabrın ayının 8-də İrlandiyanın Ballintempl qəsəbəsində vəfat edib.
Elmi fəaliyyəti
redaktəC.Bul fransız riyaziyyatçıları Pierre Simon Laplas və Jozef Lui Laqranjın işlərini araşdırırdı. Onların əsərləri ilə yaxından tanış olduqca ilk riyaziyyat məqaləsinin təməlini meydana gətirəcək qeydlər çıxarırdı. O sırada yeni qurulmuş olan "Kembric Riyaziyyat Jurnalı" nın (Cambridge Mathematical Journal) redaktoru olan Dunkan Qreqori ilə tanış olur. Təsadüfi deyil ki, Bulun diferensial tənliklərə, xətt transformasiyasının cəbr problemlərinə həsr olunmuş ilk elmi məqaləsi "Analitik dəyişikliklər nəzəriyyəsi üzrə tədqiqat" 1839-cu ildə "Kembric riyaziyyat jurnalı"nda çap olundu.
Mütəmadi olaraq Kembric Riyaziyyat jurnalında məqalələri dərc olunurdu. Ümumilikdə bu jurnalda Bulun 22 məqaləsi çap olunub. D.Qreqori ona Kembricdə akademik riyaziyyat dərsi almasını tövsiyə etdi. Lakin ailəsinə baxmaq məcburiyyətində olan Corc məktəbi tərk edə bilmədi. Parlaq istedada malik Bul dayanmadan riyaziyyat sahəsində tədqiqat aparır və araşdırmalarını məqalələri ilə ictimaiyyətə çatdırırdı.
Qeyd edək ki, Bulun "Fəlsəfə jurnalı"nda (Philosophical Magazine) 16 məqaləsi, fəlsəfi işlər (Philosophical Transactions) jurnalında isə 6 memuarı çap olunub. Bundan əlavə həmin dövrün nüfuzlu mətbu orqanlarında, o cümlədən, "Edinburq Kral Cəmiyyəti və İrlandiya Kral Akademiyasının işləri" (Transactions of the Royal Society of Edinburgh and of the Royal Irish Academy), "Sankt Peterburq Akademiyasının bulletenləri" (Bulletin de l’Académie de St-Pétersbourg), "Tətbiqi riyaziyyat jurnalı" (Journal für die reine und angewandte Mathematik) nəşrləri ilə mütəmadi olaraq əməkdaşlıq edib. Bul ümumilikdə 50 məqalənin və bir neçə monoqrafiyanın müəllifidir.
İstinadlar
redaktə- ↑ 1 2 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 George Boole // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
- ↑ "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.605
Xarici keçidlər
redaktə- Corc Boole
- Буль (Boole) Джордж Arxivləşdirilib 2014-08-18 at the Wayback Machine (rus dilində)