Cemsid Naxcivanski Adina Herbi Lisey - Wikipedia
Cəmşid Naxçıvanski adına hərbi lisey — Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmış diviziya komandiri Cəmşid Naxçıvanski adını daşıyan hərbi lisey.[2]
Cəmşid Naxçıvanski adına Hərbi Lisey | |
---|---|
40°20′48″ şm. e. 49°57′52″ ş. u.HGYO | |
Şüar | Bütöv Azərbaycan naminə |
Əsası qoyulub | 19 aprel 1971 |
Tip | Hərbi Lisey |
Direktor | Anar Mirzəyev[1] |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Zığ qəsəbəsi, Polad Həşimov küçəsi |
Vikianbarda əlaqəli mediafayllar |
24 noyabr 1997-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi lisey adlandırılmışdır. Hərbi liseyin məzunları Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan ordusunun yaranmasında, ölkənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. C. Naxçıvanski adına hərbi liseyin məzunlarından 1000 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür.[2]
Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında C. Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı açılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır.[2]
5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi.
Tarixi
redaktəÇar Rusiyası dövründə Orta Asiya və Qafqazın müsəlman xalqları orduda xidmətə cəlb edilmirdilər. Yalnız bəy və mülkədar ailələri imperatora sədaqətlərini bildirmək üçün öz uşaqlarının hərbi xidmət keçməsinə könüllü razılıq verirdilər.[3] Bu hal Sovet İttifaqının qurulmasından sonra da davam etmiş və yalnız 1938-ci ildən sonra azərbaycanlıların ümumi hərbi xidmətə cəlb edilməsinə başlandı. Lakin onlar əsasən xüsusi hərbi bilik və hazırlıq tələb etməyən hissələrə göndərilirdilər. Yalnız II Dünya müharibəsi illərində canlı qüvvəyə olan ehtiyac səbəbindən SSRİ-nin bütün müsəlman xalqları kimi azərbaycanlıların da ön cəbhəyə göndərilməsinə icazə verildi.
1971-ci ildə SSRİ-də hərbi təmayüllü iki internat məktəbi vardı: Naximov və Suvorov adına hərbi təmayüllü məktəblər. Lakin, tədrisin rus dilində olması və uzaqda yerləşmələri orada azərbaycanlıların təhsil almasını çətinləşdirirdi.
Azərbaycan Maarif Nazirliyi və respublika hərbi komissarlığı Azərbaycan KP MK bürosunun 1971-ci il 29 aprel tarixli qərarını əsas götürərək, hərbi təmayüllü internat məktəbinin açılması üçün 1971-ci il iyunun 16-da müraciət hazırladı. Bu müraciət dərhal müzakirə olunur və 20 iyul 1971-ci ildə "İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında" Azərbaycan KP MK bürosu qərar qəbul edir. 1971-ci ilin noyabr ayında məktəbin açılışı olur. Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əliyev bu təntənəli mərasimdə iştirak edir və bildirir ki, yeni məktəbə diviziya komandiri general Cəmşid Naxçıvanskinin adı verilir.
Tədris
redaktəC. Naxçıvanski və Heydər Əliyev adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisələridir. Hərbi liseyə qəbul 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən test imtahanlarını verməklə qəbul olunurlar. Hərbi liseydə təhsil müddəti 2 ildir. 2 tədris ili ərzində kursantlara Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən, 13 fənn tədris edilir. Liseylərdə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı, hərbi hazırlıq və idman dərslərində qabiliyyətlərini inkişaf etdirirlər.[2]
Yenidənqurmadan sonra
redaktəCəmşid Naxçıvanski adına hərbi lisey 11 hektar ərazini əhatə edir. Burada tikinti, təmir və yenidənqurma işləri 2018-ci ilin fevral ayında başlanıb. Hərbi liseyin ərazisində qərargah binası, kursant yataqxanası, tibb məntəqəsi, hamam-camaşırxana-qazanxana kompleksi inşa edilib, eləcə də mövcud binalar əsaslı təmir olunub və qurğular yerləşdirilib. Hərbi liseydə sahəsi 1800 kvadratmetr olan üçmərtəbəli yeni qərargah binası inşa olunub. Ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, abadlıq tədbirləri görülüb. Binanın qarşısında Cəmşid Naxçıvanskinin büstü və ətrafında xatirə kompleksi yerləşir.[4]
Liseyin ərazisində tibb məntəqəsi də inşa olunub. İkimərtəbəli 32 çarpayılıq tibb məntəqəsində funksional diaqnostika, həkim, oftalmoloji kabinetlər, laboratoriya, sarğı otağı, təxirəsalınmaz yardımın göstərilməsi üçün otaq, xidməti otaqlar, palatalar və müasir yeməkxana yaradılıb. Buradakı şərait şəxsi heyətə yüksək səviyyədə ixtisaslı tibbi yardımın göstərilməsinə imkan verir.[4]
Hərbi Liseydə yaradılan qapalı idman kompleksində kursantların idmanla məşğul olmaları üçün hərtərəfli imkanlar var. Kompleksdə trenajor, gimnastika zalları, mini-futbol, basketbol və voleybol oyunlarının keçirilməsi üçün meydança yaradılıb.
Hərbi liseydə Heydər Əliyev Muzeyi də fəaliyyət göstərir. Hələ sovet dövründə gələcəkdə müstəqil Azərbaycanın milli zabit kadrlarının yetişdirilməsi zərurətini uzaqgörənliklə diqqətə alan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi lisey yaradılıb. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu hərbi təhsil ocağına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Ümummilli lider Heydər Əliyevin 1998-ci və 2002-ci illərdə imzaladığı sərəncamlarla Hərbi Liseyin yaradılmasının 25 və 30 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd edilib. Muzeydə Ulu Öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda nizami ordu quruculuğu, Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması, o cümlədən Hərbi liseyin inkişafına göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolar, sənədlər və nəşrlər nümayiş olunur.[4]
Hərbi liseyin tədris korpusundakı dördmərtəbəli bina da əsaslı təmir edilib. Burada tədris prosesi Azərbaycan dili, ictimaiyyət, riyaziyyat, informatika, xarici dil və təbiət fənn bölmələri üzrə həyata keçirilir. Korpusda fənn kabinetlərində, kimya və fizika laboratoriyalarında kursantların bilik və hazırlıqlarının artırılması üçün hər cür şərait yaradılıb.
İstinadlar
redaktə- ↑ "Vətən Müharibəsi Qəhrəmanı rəis təyin edildi". 2024-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-07.
- ↑ 1 2 3 4 "Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Lisey". Archived from the original on 2023-01-22. İstifadə tarixi: 2020-12-18. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Революция и гражданская война в России: 1917–1923 гг. Энциклопедия в 4 томах. — М.: Терра, 2008. — (Большая энциклопедия). — 100 000 экз. — ISBN 978-5-273-00560
- ↑ 1 2 3 "İlham Əliyev Cəmşid Naxçıvanski adına hərbi liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- ""Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi"nin və "Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI" (az.). https://e-qanun.az. 24.01.2023 tarixində arxivləşdirilib.
- "Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Lisey" (az.). https://mod.gov.az. 2023-01-22 tarixində arxivləşdirilib.