Birlesmis Milletler Teskilatinin Iqlim Deyisikliyi Konfransi 2024 - Wikipedia
2024-cü il BMT-nin İqlim Dəyişmələri Konfransı, tam adı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı və ya qısaca COP29 — BMT-nin iqlim dəyişmələri konfranslarının 11–22 noyabr 2024-cü il tarixlərində Bakıda keçirilən 29-cu iqlim konfransı.[2] Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri və Azərbaycanın milli neft şirkəti SOCAR-ın keçmiş əməkdaşı Muxtar Babayev 2024-cü ilin yanvarında COP29-un prezidenti seçilib.[2][3] Bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib. Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in yüksək səviyyədə təşkilinə görə Konvensiya Katibliyinə və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkürünü bildirərək qeyd edib: "Qarşılaşdığımız problemlər kollektiv fəaliyyət, razılaşdırılmış ümumi məqsəd və istəklərə sədaqət tələb edir. Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb".[4]
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Konfransı (2024) | |
---|---|
ing. 2024 United Nations Climate Change Conference | |
Keçirilmə tarixi | 11–23 noyabr 2024[1] |
Keçirildiyi yer | Bakı, Azərbaycan |
İştirakçılar | BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası üzvləri |
Rəsmi saytı | cop29.az |
Ardıcıllıq | |
Vikianbarda əlaqəli mediafayllar |
COP29 iqlim fəaliyyətini sürətləndirmək və 2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul edilən Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüşdür. Bu sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb. 2016-cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti adından, keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.[1]
Konvesiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.[5]
Prezident İlham Əliyevin sərəncamı ilə beynəlxalq təcrübə nəzərə alınaraq ölkənin Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ölkədə keçiriləcək COP29 tədbirinin prezidenti təyin edilib.
Konfransda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını imzalayan bütün 198 ölkənin nümayəndə heyətləri iştirak edəcəklər.[1]
İctimaiyyət konfransda şəxsən iştirak edə bilməsə də, mavi zonadakı bir çox tədbirlər, məsələn, qurumların plenar iclasları, dövlət başçıları ilə yüksəksəviyyəli seqment, bir çox mətbuat konfransları və başqa tədbirlər ictimaiyyət üçün canlı yayımlanacaq.[1]
Tarixi
redaktəBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlində keçirilib. Adı; COP "Conference of the Parties" Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğunu bildirir.[1] Bundan əvvəlki tədbir — COP28 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.[1]
Milli hökumətlər 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını qəbul edərək gələcəkdə onun daha fəal tədbirlərin həyata keçirilməsi üçün əsas olacağını təsdiq etdilər.[6]
Bu çərçivədə 1997-ci il dekabrın 11-də Yaponiyanın Kioto şəhərində Kioto protokolu qəbul edilib və protokol 2005-ci il fevralın 16-da qüvvəyə minib. Kioto protokolu qlobal istiləşməyə səbəb olan istixana qazlarının atmosferə tullantılarını məhdudlaşdırır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Kioto protokolu üzrə istilik effekti yaradan qazların azaldılmasına dair öhdəliklərin yerinə yetirilməsinin birinci mərhələsi (2008–2012-ci illər) başa çatdıqdan sonra 2012-ci ildə Dohada 18-ci Tərəflər Konfransında Kioto protokolunun ikinci mərhələsi üzrə Doha əlavəsi qəbul edilib.[6]
Həmçinin 2016-cı il aprelin 22-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris sazişinin imzalanma mərasimi keçirilib və bu sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıblar. Konvensiyanın 12-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq Tərəf ölkələr iqlim dəyişmələri sahəsində hazırkı milli şərait ilə bağlı müntəzəm olaraq Konvensiyanın katibliyinə atmosferə atılan istilik effekti yaradan qazların emmisiya mənbələri, səviyyəsi və onların azaldılması istiqamətində görülən işlər barədə həm ölkə, həm də sektorlar üzrə hesabatlar təqdim edirlər.[6]
COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu (Afrika ölkələri, Asiya ölkələri, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələr) təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul edir.[4]
Strukturu
redaktəCOP29-un Prezidenti | COP29-un baş danışıqçısı | COP29-un baş icraçı direktoru | COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı | COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu | COP29-un İqlim üzrə gənclər çempionu |
---|---|---|---|---|---|
Muxtar Babayev | Yalçın Rəfiyev | Elnur Soltanov | Nərmin Carçalova | Nigar Arpadarai | Leyla Həsənova |
Məqsədi
redaktəCOP tədbirlərinin məqsədi, Paris sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır.[1]
2023-cü il, dekabrın 15-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Prezident çıxış edərək, bildirmişdir:
Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.[7] |
2015-ci ildə dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris sazişi qəbul olunub. 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri tərəfindən imzalanan bu sənədi 2016-cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti adından, keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.[1]
11–24 noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80–100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır.[5]
COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsət[1] və 2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün tarixi görüşdür.[8]
Azərbaycanın "yaşıl vədləri"
redaktə"Yaşıl" iqtisadiyyata keçid və "yaşıl" enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycanın neft-qaz şirkəti olan "SOCAR"-ın Dubaydakı COP28 tədbirində metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsi ölkənin iqlim problemlərinə həssaslığının təzahürüdür".[1]
Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə kimi 1.5°C hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.[9] "Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş torpaqları "Yaşıl enerji" zonası elan edib və 2022–2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.[1]
Turizmə təsiri
redaktəKonfrans müddətində Bakı şəhərinə iki həftə ərzində təqribən 70–80 min xarici qonağın gələcəyi ehtimal edilir.[10] Bunun da ölkənin iqtisadi, siyasi, turizm həyatına müsbət töhfələrini vermiş olacağı təxmin edilir.[11] Tədbirdən sonrakı təbii təbliğat nəticəsində Azərbaycanı görmək istəyənlərin sayının kəskin artacağı proqnozlaşdırılır.[12]
Nəticəsi
redaktə12 gün davam Beynəlxalq Konfransın nəticəsində COP29-un Sədrliyi çoxtərəfli beynəlxalq danışıqlar çərçivəsində uzun müddət açıq qalan məsələlərin həllinə nail olur. Bundan sonra ölkə və şirkətlərin öz iqlim məqsədlərinə nail olmaq üçün əməkdaşlıq edə biləcəyi yüksək keyfiyyətli və şəffaf karbon bazarları yaranacaq, Paris Sazişinin 6-cı maddəsi milli iqlim planlarının həyata keçirilməsi zamanı hər il 250 milyard ABŞ dollarına qənaət etməyə imkan verir.[13]
COP29 Sədrliyi Tərəfləri qənaət olunan vəsaitləri yüksək iqlim ambisiyalarına yönəltməyə çağırır ki, fevral ayında keçiriləcək Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) növbəti mərhələsi qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq hədəfini qoruyub saxlamaq baxımından mühüm əhəmiyyətə malikdir. Ölkələrə iqlim planlarının ambisiyalarını artırmaq üçün vaxtında dəstək verən bu mühüm nailiyyət kritik məqamda əldə edilib.
“Biz on ildir ki, davam edən danışıqlara yekun vurduq və qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq hədəfini qorumaq üçün vacib mexanizmi işə saldıq”, deyə COP29-un Prezidenti Muxtar Babayev bildirib: “İqlim dəyişməsi transmilli problemdir və 6-cı maddə də transmilli həllərə yol açır, belə ki, atmosfer üçün emissiyaların harada azaldıldığı önəmli deyil.”[13]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 "Azərbaycanda keçiriləcək COP29 nədir, xərcini kim çəkəcək, kimlər gələcək? 10 suala cavabda" (az.). https://www.bbc.com. Archived from the original on 2024-01-20. İstifadə tarixi: 23 yanvar 2024.
- ↑ 1 2 Gayle, Damien. "Oil industry veteran to lead next round of Cop climate change summit". The Guardian (ingilis). 2024-01-05. ISSN 0261-3077. 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
- ↑ "Climate change: Former oil executive Mukhtar Babayev to lead COP29 talks in Azerbaijan" (ingilis). 2024-01-05. 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
- ↑ 1 2 "COP29 2024-cü ildə Azərbaycanda keçiriləcək" (az.). https://eco.gov.az. Archived from the original on 2024-06-25. İstifadə tarixi: 26 yanvar 2024.
- ↑ 1 2 Orxan Məmmədli. "Nədir COP29?" (az.). https://banker.az. 16 dekabr 2023. Archived from the original on 2024-02-08. İstifadə tarixi: 8 fev 2024.
- ↑ 1 2 3 Mübariz FEYİZLİ. "COP29 harada keçiriləcək?" (az.). https://www.yeniazerbaycan.com. 9 dekabr 2023. Archived from the original on 2024-01-30. İstifadə tarixi: 30 yanvar 2024.
- ↑ "COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib" (az.). https://president.az. 15 dekabr, 2023. Archived from the original on 2023-12-15. İstifadə tarixi: 22 yanvar 2024.
- ↑ "COP-un (Tərəflər Konfransı) tarixi" (PDF) (az.). https://files.preslib.az. Archived from the original on 2024-09-05. İstifadə tarixi: 7 avq 2024.
- ↑ "Azərbaycanın "yaşıl" enerjiyə keçidlə bağlı təşəbbüsləri" (az.). cop29.az. Archived from the original on 2024-09-30. İstifadə tarixi: 9 okt 2024.
- ↑ "COP29 Azərbaycanın iqtisadi imkanlarını daha yaxından təqdim etməyə şərait yaradacaq" (az.). https://ereforms.gov.az. Archived from the original on 29 November 2024. İstifadə tarixi: 18 mar 2024.
- ↑ Ləman Sərraf. "COP29 Azərbaycan turizminə necə təsir edəcək?" (az.). https://sia.az. 12 Fevral 2024. Archived from the original on 26 February 2024. İstifadə tarixi: 29 may 2024.
- ↑ AZƏRTAC. ""COP29"dan sonra Azərbaycana turist axını birəbeş artacaq" (az.). https://yeniavropa.az. 1 Yanvar 2024. Archived from the original on 29 May 2024. İstifadə tarixi: 29 may 2024.
- ↑ 1 2 "COP29 tədbirində Paris Sazişinin 6-cı Maddəsi tam şəkildə razılaşdırılıb və bununla da beynəlxalq karbon bazarlarının fəaliyyətinə start verilir" (az.). https://cop29.az. 23 noy, 2024. Archived from the original on 2024-12-02. İstifadə tarixi: 25 noy 2024.