Bilal Ehmed - Wikipedia
Bilal Əhməd (tam adı: Bilal Mahmud oğlu Əhməd; 1884, Pirşağı, Bakı qəzası – 1944, Kirovabad) — Türk İşçi Teatrı və Azərbaycan Dövlət Dram Teatrının ilk baş rejissoru və direktoru, Əməkdar artist, dramaturq, yazıçı, tərcüməçi, teatr və kino xadimi, aktyor.
Bilal Əhməd | |
---|---|
Bilal Mahmud oğlu Əhməd | |
Doğum tarixi | 1884 |
Doğum yeri | |
Vəfat tarixi | 1944 |
Vəfat yeri | |
Vəfat səbəbi | Ciyər xəstəliyi |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ |
Uşağı | Gülxanım Əhməd |
Atası | Mahmud Əhməd |
Anası | Çeşmi Əhməd |
Təhsili | Leninqrad (Sankt-Peterburq) İncəsənət İnstitutu |
Mükafatları | Əmək qəhrəmanı |
Həyatı
redaktəBilal Əhməd 1884-cü ildə Bakının Pirşağı kəndində dünyaya gəlib. Atası Kərbəlayı Mahmud öz dövrünün məşhur həkimi olub. Anası Çeşmi xanım isə adlı-sanlı "Məmməd Səfi" nəslindən idi. İlk təhsilini mollaxanada alan Bilal Əhməd ərəb-fars dillərini mükəmməl öyrənir. Daha sonra o, Bakı gimnaziyasına qəbul olur və 1907-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir. Gimnaziyada oxuduğu illərdə rus və alman dillərini öyrənir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bilal Əhməd Azərbaycan hökuməti tərəfindən Leninqrad (Sankt-Peterburq) İncəsənət İnstitutuna oxumağa göndərilir.
Repressiya qurbanı olan Bilal Əhməd 1937-ci ildə həbs olunur. Heç bir günahı olmadığı üçün doqquz aydan sonra onu həbsxanadan buraxırlar. Həbsxanadan çıxdıqdan sonra sənətdən uzaqlaşır və başqa işdə işləməyə başlayır. Lakin NKVD tərəfindən daimi nəzarətdə olan Bilal Əhməd, işlədiyi yerdə ermənilər tərəfindən boynuna şər atılaraq yenidən həbs olunur. On il həbs cəzasına məhkum olunan Bilal Əhməd 1944-cü ildə Gəncə həbsxanasında ciyər xəstəliyindən vəfat edir.
Ailəsi
redaktəO, Leninqradda Mariya Vasilyevna adlı ziyalı bir xanımla ailə həyatı qurur. Bu izdivacdan bir qız övladı olur. Qızı Gülxanım Cənubi Osetiyada, Sxinvalidə yaşayıb. Uzun müddət orada məktəb direktoru işləyib.
Fəaliyyəti
redaktəAilədə səkkiz uşaq olan Bilal gimnaziyada oxuduğu illərdə imkansızlıqdan işləməyə məcbur olur və Orucov qardaşlarının mətbəəsində işə başlayır. Mürrəttib ixtisasına yiyələnir. O vaxt Süleyman Məlikov, Qulam Məmmədli, Hacıməmməd Qafqazlı, Ağabəy Mahmudov və b. Bilal Əhmədlə birlikdə "Kaspi" mətbəəsində işləmişlər. Hüsxətti gözəl olan Bilal Əhməd dram əsərlərinin üzünü köçürür. suflyorluq və artislik edir. Sankt-Peterburqda institutu bitirdikdən sonra 1924-cü ildə Bakıya qayıdan Bilal Əhməd Türk İşçi Teatrına işə girir. Bilal Əhməd bu teatrda əvvəlcə artist, sonra ədəbi hissə müdiri, ən nəhayət, teatrın direktoru vəzifəsinə qədər yüksəlir. 1933-cü ildə Türk İşçi Teatrı xüsusi qərar ilə Gəncəyə köçürülür. Lakin Bilal Əhmədi bacarıqlı bir teatr təşkilatçısı kimi Şəkiyə - Dram Teatrını yaratmağa göndərirlər. 1933-cü ildə yenidən Bakıya qayıdan Bilal Əhməd Azərbaycan Dram Teatrına baş rejissor və direktor təyin edilir.
O, həm də tərcüməçi kimi fəaliyyət göstərib. Qoqolun, Çexovun, Qriboyedovun və b. əsərlərini Azərbaycan dilinə tərcümə edib. 1925-ci ildə Abbas Mirzə Şərifzadənin rejissorluğu ilə çəkilmiş "Bismillah" filmində Bilal Əhməd aparıcı rollardan biri olan Əhməd rolunda çəkilib. Bilal Əhməd Azərbaycan kinosunun yaradıcılarından biri olub. Teatrda və kinoda xidmətləri nəzərə alınaraq Bilal Əhməd o dövr üçün yüksək ad sayılan Əmək qəhrəmanı (indiki Əməkdar artist) adına layiq görülmüşdür. Bilal Əhmədin ədəbi irsi Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində mühafizə olunur.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Hafiz Sadıqov. Əhməd Bilal, yaxud yaxşılığa yamanlıq… "İlham" qəzeti. 14 may 1991. səh.2