Qulam Memmedli - Wikipedia
Qulam (Qulaməli) Məmməd oğlu Məmmədli (25 mart 1897, Təbriz – 18 noyabr 1994, Bakı) — azərbaycanlı publisist, teatrşünas, salnaməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR əmakdar mədəniyyət işçisi (1977), Azərbaycan SSR əmakdar jurnalisti (1984) Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1972), əmək veteranı (1976), İttifaq əhəmiyyətli təqaüdçü (1987), M.F.Axundov adına ədəbi mükafat laureatı (1989).
Qulam Məmmədli | |
---|---|
Təxəllüsü | Qulaməli Məmmədli |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (97 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | jurnalist, teatrşünas, publisist |
Mükafatları |
|
Həyatı
redaktəQulam Məmmədli 1897-ci il martın 25-də Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra Bakı teatr texnikumunda oxumuşdur (1924–1926). Əmək fəaliyyətinə Aşqabadda kustar emalatxanada dəmirçi kimi başlamışdır (1910–1914). Orada Nobel zavodunda fəhlə, İ.İ.Aleksandrov mətbəəsində mürəttib işləmişdir (1913–1919). Türküstan cəbhəsi Birinci Ordunun siyasi şöbəsi nəzdində olan mətbəədə mürəttib, müsəlman teatr truppasında aktyor (1920–1921), Dövlət mətbəəsində mürəttib (1921–1923) olmuşdur. 1923-cü ilin iyun ayında Bakıya köçüb "III İnternasional" mətbəəsində mürəttib, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kəndli qəzeti"ndə redaktor müavini, "Azərbaycan kolxozçusu" qəzetinin redaktoru, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Yeni yol" qəzetinin redaktoru, "III İnternasional" mətbəəsinin sex müdiri, "Kommunist" qəzeti redaksiyasında kütləvi şöbə müdiri, respublika radio komitəsinin uşaq verilişləri redaksiyasında baş redaktor olmuşdur (1929–1941). İkinci Dünya müharibəsi dövrü səfərbərliyə alınmışdır: Tbilisidə Qafqaz cəbhəsi siyasi şöbəsində ədəbi işçi, Təbrizdə azərbaycanca buraxılan "Vətən yolunda" qəzeti redaksiyasında ədəbi işçi, Bakıda Azərbaycan SSR Radio Komitəsində xarici verilişlərin baş redaktoru, yenidən Təbrizdə çıxan "Vətən yolunda" qəzeti redaksiyasında müdir (1941–1946) vəzifələrində işləmişdir. Bakıya qayıdıb Birləşmiş Nəşriyyat İdarəsində redaktor, Azərbaycan kinostudiyasında ssenari şöbəsinin rəisi, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kirpi" satirik jurnalı redaksiyasında məsul katib, sonra baş redaktor vəzifələrində çalışmışdır. 1959-cu ildə fərdi təqaüdə çıxmış, ikiillik fasilədən sonra Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi (1961–1969), Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi məsələlər üzrə direktor müavini olmuşdur (1969–1975).
Ədəbi fəaliyyətə toplayıcı və tərtibçi kimi başlamışdır. Heyran xanımın, Mirzə Əli Möcüz Şəbüstərinin toplayıb tərtib etdiyi seçilmiş əsərlərini, "Bəxtiyarnamə"ni ilk dəfə 1945-ci ildə Təbrizdə çap etdirmişdir. "İran Azərbaycanının müasir şairləri" (1946), "Səttarxan" şeirlər toplusu (1948), "Mirzə Əli Möcüz" (1948), "Xiyabani" (1949), "Cənubi Azərbaycan şairləri" antologiyası (1950), "Heyran xanım" (1951), "Atmacalar" (1958–1961), "Əliağa Vahid. Seçilmiş əsərləri" (1975) və s. kitablar onun əməyinin bəhrəsidir. O, bunları toplayıb, tərtib edib nəşrə vermişdir.
Hələ 1934-cü ildə Maksim Qorki onun xalq sərvətinə qayğıkeş münasibətini bəyənmişdi. Ömrü boyu yanar ürəkli ictimaiyyətçi olmuşdur: "Bilik" cəmiyyətində ateizm elmi-metodik sovetinin sədri (1952–1981), Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında mətbuat məsələləri heyətinin üzvü (1952–1983), Bakının Oktyabr rayonu xalq deputatları Sovetinin deputatı seçilmişdir (1935–1937). Azərbaycan KP MK nəzarət komissiyası rəyasət heyətinin üzvü (1928–1934), Azərbaycan KP MK plenumu üzvlüyünə namizəd olmuşdur (1934–1937).
1994-cü il noyabrın 18-də Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1977
- "Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı — 1984
- "Əmək veteranı" medalı — 1976
- 4 dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
- "50 il" partiya veteranı nişanı
- "Qızıl qələm" mükafatı (Azərbaycan Jurnalistlər İttifaqı) — 1972
- M. F. Axundov adına ədəbi mükafat (Azərbaycan Yazıçılar İttifaqı) — 11 yanvar 1989 ("Nəriman Nərimanov" kitabı (1988) və publisistika fəaliyyəti üçün)[1]
- İttifaq əhəmiyyətli təqaüdçü — 1987
Əsərləri
redaktə- Klassik Azərbaycan ədəbiyyatında ateizm motivləri. Bakı: Bilik, 1958, 32 səh.
- Ateistin cib lüğəti. Bakı: Bilik, 1962, 108 səh.
- Tüfeyli ocaqları. Bakı: Bilik, 1963, 102 səh.
- Molla Nəsrəddin (salnamə). Bakı: Azərnəşr, 1966, 564 səh.
- Hüseyn Ərəblinski (salnamə). Bakı: Azəməşr, 1967, 290 səh.
- Cahangir Zeynalov (salnamə). Bakı: Azərnəşr, 1968, 170 səh.
- Azərbaycan teatrının salnaməsi (I hissə). Bakı: Azərnəşr, 1974, 584 səh.
- Üzeyir Hacıbəyov (albom kitab). Bakı: İşıq, 1975, 92 səh. (şərikli)
- İmzalar. Bakı: Azərnəşr, 1977, 120 səh.
- Cavid ömrü boyu. Bakı: Yazıçı, 1982, 298 səh.
- Azərbaycan teatrının salnaməsi (II hissə). Bakı: Yazıçı, 1983, 300 səh.
- Üzeyir Hacıbəyov (salnamə). Bakı: Yazıçı, 1983, 550 səh.
- Molla Nəsrəddin (salnamə). II çapı. Bakı: Gənclik, 1984, 600 səh.
- Üzeyir Hacıbəyov (albom kitab). Bakı: İşıq, 1985, 62 səh. (şərikli).
- Abbas Mirzə Şərifzadə. Bakı: İşıq, 1985, 242 səh.
- Nəriman Nərimanov (salnamə). Bakı: Yazıçı, 1987, 357 səh.
- Sizə kim lazımdır? Bakı: Maarif, 1990, 192 səh.