Boyuk Sor Golu - Wikipedia
Böyük Şor gölü — Abşeron gölləri içərisində ən böyük su səthi olan və gərgin ekoloji vəziyyətdə olan göldür. Böyük Şor gölü Abşeron yarımadasının mərkəzində, Bakı şəhərinin Binəqədi, Sabunçu və Nərimanov rayonları sərhəddində yerləşir. Bakı Olimpiya Stadionu Böyükşor gölünün şərq sahilində yerləşir.[1]
Böyük Şor gölü | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 6 m |
Eni | 1,5-2,0 km |
Uzunluğu | 10,0 km |
Sahəsi | 13 km² |
Həcmi | 45000000 km³ |
Dərin yeri | 4,20 m |
Orta dərinliyi | 2,35 m |
Yerləşməsi | |
40°27′02″ şm. e. 49°53′15″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayonlar | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəAparılmış müşahidələrin nəticələrinə əsasən göl akvatoriyasının açıq yerlərində dərinliklər 3,40–3,95 m, maksimal dərinlik isə 4,20 m təşkil edir. Gölün yaxın hissələrində dərinlik 0,50–1,70 m arasında dəyişir. Oval formada olan gölün uzunluğu şimal-qərbdən cənub-şərqə doğru istiqamətlənməklə 10 km-ə çatır, maksimal eni isə 1,5–2,0 km-dir. Göl şimal tərəfdən qədim Xəzərin terrasından ibarət olan maili, cənubdan isə düzbucaqlı kəsilmiş yamacla əhatə olumuşdur. Hazırda Böyük Şor gölü, bütün ətraf ərazilərdən yeraltı su axınının yönəlmiş olduğu qapalı bir hövzədir. Gölün su səthi 1300 ha, həcmi isə 45 mln kub metrdir.
Böyük-şor gölünə şəhərin Binəqədi, Sabunçu və Nərimanov rayonlarının göl ətrafında salınmış və kanalizasiya sistemləri ilə təchiz olunmayan məişət, ticarət və digər obyektlərindən, fərdi evlərdən tullantı suları axıdılır. Hal-hazırda 49 mənbədən gölə gün ərzində 18 min m³ sənaye və məişət suları daxil olur. Gölün əsas çirklənmə mənbələrindən biri gölün şərq hissəsində Sabuncu rayonu ərazisindəki Balaxanı zibilxanasıdır. Böyük Şor gölünün əsas çirklənmə mənbəyi XX əsrin 30-cu illərindən başlayaraq ətraf ərazilərdə neft çıxarılması zamanı əmələ gələn neft-mədən sularının gölə axıdılması olmuşdur.
Statistik məlumatlara görə 1929-cu ildə Keşlə kanalı vasitəsilə gölə neft-mədən suları axıdılmışdır. Bu suların 60%-i bilavasitə qazma, qalanı isə mədənlərdə istifadə olunmuş, bilavasitə dənizdən su xətləri ilə götürülmüş sulardan ibarət olmuşdur. 1970-ci illərdən başlayaraq gölə fekal, təsərrüfat-məişət və sənaye suları axıdılmışdır. Təsərrüfat-fekal sular gölə təmizlənmə prosesi keçmədən, sistemsiz formada açıq kanal və çökəkliklər vasitəsilə axıdılmışdır ki, bu da ərazinin sanitariya vəziyyətini xeyli pisləşdirmiş, gölün dibi və sahil zolağı neft məhsullarının bitum qatı altında qalmışdır. İsti havalarda neft məhsullarının buxarlanması səbəbindən atmosferdə neftin yüngül konsentrasiyaları yayılaraq kəskin qoxu yaranmasına səbəb olur.
Suyunun minerallaşmasına görə Böyük Şor gölü şor sulu göllər qrupuna aiddir və onun suyunun minerallaşması YVQH-dən dəfələrlə çoxdur. Gölün oksigen rejimi tam pozulmuşdur. Həll olmuş oksigenin göl suyunda cüzi olmasının əsas səbəblərindən biri çirkləndirici maddələrin oksidləşməsi nəticəsində bioloji proseslərin sürətlənməsidir. Məhz bununla bağlı Böyük Şor gölündə oksigenin biokimyəvi sərfi normadan bir necə dəfə çoxdur. Təbii faktorların və gölə atılan çirkab sularının təsiri nəticəsində Böyük Şor gölünün sularının minerallaşmasının artması ilə yanaşı suyun tərkibindəki kation və anionların konsentrasiyaları da kəskin şəkildə çoxalır. Belə ki, kalsium, maqnezium və xloridlərin miqdarı sanitar normadan dəfələrlə, sulfatlar isə bir necə dəfə yüksəkdir. Gölün əsas çirkləndiriciləri olan neft məhsulları və fenolların konsentrasiyaları YVQH-dən dəfələrlə coxdur. Göldə sintetik yuyucu maddələr də normadan çoxdur. Göldə əsas çirkləndirici maddələr kimi ağır metallardan mis, kadmium, dəmir, sink, manqan YVQH-dən bir-necə dəfə çoxdur.
Ekologiyası
redaktəSuyun inteqral çirklənmə indeksinə əsaslanaraq demək olar ki, 2000-ci ildə Böyük Şor gölü keyfiyyət sinfinin çox çirkli su sinfinə aid оlmuşsа, bu göstərici 2004-cü ildən başlayaraq fövqəladə çirkli su sinfinə aid edilmişdir. Böyükşor gölü neft və məişət tullantıları ilə ifrat dərəcədə çirkləndirilərək quşların yaşayışı üçün yararsız hala salınmışdır. Gölə həmsərhəd quru ərazilərdə də çoxllu sayda neft quyuları və məişət tullantıları vardır. Quyuların ətrafında neft gölməçələrinə rast gəlinir.
Gölün və ətrafdakı ərazinin böyük bir hissəsi uzunmüddətli texnogen çirklənmə nəticəsində sıradan çıxmış və fauna üçün tam yararsız hala düşmüşdür. Gölün Balaxanı tullantılar poliqonu olan sahilinə uzun illlər ərzində sənaye və məişət tullantıları atılmış, sahil bu tullantılarla çirklənmişdir və bu gün də bu tullantılar sututarlarını çirkləndirməkdə davam edir.[2]
İstinadlar
redaktə- ↑ "İlham Əliyev Böyükşor bulvarının və parkının açılışında iştirak edib". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-23.
- ↑ "Bərk məişət tullantılarının ceşidlənməsi zavodunun ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi" (PDF). 2021-08-30 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2022-01-03.
Xarici keçidlər
redaktə- Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2013-cü il tarixli, 61 saylı Fərmanı — e-qanun.az saytı
- Səth sularının çirklənmə vəziyyəti Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine