Azerbaycanin Ekologiyasi - Wikipedia
Azərbaycan ekologiyası — Azərbaycan Respublikası ərazisindəki ekoloji vəziyyət. İqtisadiyyatın inkişafı, demoqrafik artımı, əhalinin gəlir səviyyəsinin yüksəlməsi hesabına istehlakın artması, iqlim dəyişmələri və digər səbəblər ətraf mühitə mənfi təsirin artması ilə nəticələnmişdir. Su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, tullantıların idarə olunması sahəsindəki çatışmazlıqlar mövcud ekoloji problemlər sırasında hesab olunur.
Ekoloji problem
redaktəAzərbaycanın nəzarətsiz qalmış ərazilərində meşə zolaqlarının qırılması və yandırılması, Araz çayı və qollarının çirkləndirilməsi, flora və fauna növlərinin məhv edilməsi, mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsini halları baş verir. Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisinə ziyan dəymişdir ki, 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, mədəni üzüm, şümşə, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar ərazidən məhv olaraq dünya florasının xəzinəsindən silinmək üzrədir.
Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu ki, 1990-cı illərdən etibarən praktiki cəhətdən əraziyə nəzarət imkanı olmadığından sözügedən fauna və floranın hazırkı vəziyyəti barədə məlumat yoxdur.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 388,6 hektarı -Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri bu gün də təhlükədə olmaqdadır.
261 min hektar meşə, o cümlədən 13 197,5 hektar qiymətli meşə sahələri, 215 ədəd təbiət abidəsi, 5 ədəd geoloji-paleontoloji obyekt, hündürlüyü 45 metr, diametri 6-8 metrədək, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət abidələrinin əksəriyyəti məhv olunmuşdur.
Kəlbəcər rayonunda “Qırmızı kitab”a daxil edilmiş 968 hektar ərazini əhatə edən ayıfındığı ağacları da kütləvi şəkildə qırılaraq ixrac olunur. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ bitki vardır ki, bunlardan 200-ə qədəri dərman bitkiləri olmaqla, onlar da kütləvi şəkildə xaricə idxal olunur. Bu isə bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə səbəb olur.
Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən, Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 metr olan “Xan Mağarası” əvvəllər mühafizə olunurdu. Həmin abidələr 1990-illərdən başlayaraq digər məqsədlər üçün istifadə olunur.
İqlim dəyişmələri ilə mübarizə üzrə qlobal səylərə töhfə vermək üçün Azərbaycan 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürmüşdür.
Azərbaycanın ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə irili-xırdalı 7 relikt göl: Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi şirin su ehtiyatları bu gün çirkləndirilmiş və qurudulmuşdur.
Dağlıq Qarabağ ərazisində yerləşən Sərsəng su anbarından təzyiq vasitəsi kimi də istifadə edilir. 560 milyon m³ tutumu olan bu su anbarının suyu qış vaxtı ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan əhalisi azərbaycanlılardan ibarət olan kəndlərə və yaşayış məntəqələrinə buraxılır və nəticədə isti yay mövsümündə bu ərazidə kəskin su qıtlığı yaranır. Yaşayış məntəqələri, kənd təsərrüffati sahələri və kommunikasiya xətləri qışda su altında qalır. Yayda isə insanlar su qıtlığına məruz qalır və səhralaşma nəticəsində torpağın degradasiyası müşahidə olunur.
Sərsəng su anbarı respublikanın iqtisadiyyatında mühüm rol oynamış, əvvəl real olaraq 78 min hektar əkin sahəsinin suvarılmasına xidmət etmişdir.
1993-cü ildən 2018-ci ilə qədər Sərsəng su anbarından istifadənin mümkünsüzlüyü ölkənin iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatına ciddi zərərin vurulmasına səbəb olmuşdur. Onun texniki qurğularına xidmət göstərilmir və su rejiminə riayət olunmur. Su anbarı qəza vəziyyətində olduğundan, ondan aşağıda, dağətəyi və aran hissədə yerləşən ərazilərdəki 400 min əhali təhlükə altında yaşamaqdadır.
Məhz bütün bunları nəzərə alaraq, -ci ildə Avropa Şurası Parlament Assambleyasının fakt araşdırıcı missiyası ölkəmizdə olmuş və Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin sudan istifadə etmələri ilə bağlı 2085 (2016) nömrəli qətnamə qəbul edilmişdir. Qətnamədə vacib humanitar problemi nəzərə alaraq, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb edilmişdir.
Ölkəndə ən zəngin faydalı qazıntı yataqları , 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.), 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir ki, bu da respublikanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi. Ərazilərdən keçən təbii su mənbələri də hal-hazırda həddindən artıq çirklənməyə məruz qalır.
Araz və Kür çaylarının qolları olan uyğun olaraq Oxçuçay və Ağstafaçayın ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaratmışdır.
Qeyd olunanlarla yanaşı nüvə və radioaktiv materialların, habelə nüvə yanacağı tullantılarının qaçaqmalçılığında xüsusi rol oynaması faktlarının artması barədə məlumatlar praktiki olaraq Azərbaycanın nəzarətsiz qalmış ərazilərində radioaktiv tullantıların basdırılması dəqiq olduğuna əsas verir.
Belə ki, 1989-cu ilin dekabr ayında baş vermiş zəlzələdən sonra fəaliyyəti dayandırılan Metsamor AES-in işləmədiyi 1995-ci ilin oktyabr tarixinə qədər 6 il ərzində bu müəssisədəki və digər müəssisələrdəki nüvə materiallarının təhlükəsizliyinə ciddi beynəlxalq nəzarətin olmamasını nəzərə alınaraq həmin dövrdə nüvə materiallarının nəzarətdən çıxaraq yayılması imkanlarının nə dərəcədə böyük olduğunu göstərir.
Təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarına od vurularaq yandırılmış, on min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurmuşdur. 2006-cı ildən başlayaraq mütəmadi olaraq törədilən yanğınlar nəticəsində 110 min hektardan çox münbit torpaqlar məhv olmuşdur. Planlaşdırılan hədəflərə nail olmaq məqsədilə qısamüddətli və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr və ehtimal edilən fəsadlar nəzərə alınmaqla qərarların qəbul edilməsi və bu prosesdə alternativ variantların nəzərə alınması, ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi və s. prinsiplər qəbul edilmişdir.[1]
Dövlət Neft Şirkəti tərəfindən fəaliyyət zamanı 1 mln. ağac əkilib.[2]
2021 ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2 mln. ağac əkilib.[3]
Ekoloji siyasət
redaktəİqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir. Bu məqsədlə ölkədə çirklənmiş ərazilərin bərpası, meşə ilə örtülü ərazilərin miqyasının artırılması, biomüxtəlifliyin mühafizəsi, aid ərazilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, Xəzər dənizinin dəniz ətraf mühitinin qorunması, iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması, hidrometeoroloji müşahidə sistemlərinin və monitorinq şəbəkəsinin modernləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq, əhalinin ekoloji şüur səviyyəsinin artırılması fəaliyyət istiqamətlərindən olmuşdur.
2018-ci ildə neft və neft məhsulları ilə çirklənmiş ərazilərin ekoloji bərpası məqsədilə “Suraxanı rayonunda keçmiş Yod-brom zavodunun lay suları ilə çirklənmiş ərazisinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası”, Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində “Çuxurdərə gölməçələrinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası”, “Abşeron yarımadasında çirklənmiş torpaqların inventarlaşdırılması və qiymətləndirilməsi” və s. layihələr həyata keçirilir.
Bununla yanaşı tullantıların, o cümlədən plastik tullantıların idarə olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir, tullantıların təkrar emalının təşkili üçün təşviqat işləri aparılır.
Meşə ilə örtülü ərazilərin miqyasının artırılması istiqamətində aparılmış meşəsalma və meşəbərpa tədbirləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsi 2018-ci ilin siyahısına əsasən ölkə ərazisinin 12 faizini təşkil edir. 2002-2018 illərdə ölkədə 152,4 min ha meşəsalma və meşəbərpa tədbirləri aparılmış, 96,445 milyon ağac əkilmişdir.
Qeyri-meşə fondu torpaqlarında yaşıllaşdırma tədbirləri çərçivəsində arid ərazilərlə səciyyələnən ərazilərdə ümumilikdə 4438 hektar ərazidə 5 386 min ağac əkilmişdir. Yaşıllaşdırma layihələrinin davamlılığının təmin edilməsi üşün ərazilər damcılı suvarma sistemləri ilə təmin olunmuşdur. Suvarmada alternativ su mənbələrindən - duzsuzlaşdırılmış dəniz suyundan, həmçinin tullantı sularından təkrar istifadə olunur. Bundan başqa, məhsul verən ağaclara, o cümlədən zeytun və digər meyvə ağaclarının əkilməsinə üstünlük verilir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildəki 478 min hektardan 893 min hektara qədər artırılaraq ölkə ərazisinin 10,3%-nə çatdırılmışdır (10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı).
Su hövzələrində bioloji resursların artırılması istiqamətində 2002-2018 illərdə 7 milyard ədədə yaxın balıq, o cümlədən nərə cinsli və qızıl balıq körpələri yetişdirilərək su hövzələrinə buraxılmışdır.
Ölkədə iqtisadi inkişafla əlaqədar infrastruktur layihələri həyata keçirilir ki, bu da öz növbəsində ətraf mühitə təsirin qiymətləndirilməsi prosesinin tətbiqini zəruri edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xidmətlərin elektron qaydada göstərilməsi qurumlararası razılaşdırma prosesinin operativliyi və şəffaflığı baxımından əhəmiyyət kəsb edir.
Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi istiqamətində mütərəqqi üsulların tətbiq edilməsi, mövcud ekoloji sistemlərin qorunması, qanunvericiliyin təkmilləşdirilməsi, çirklənmiş ərazilərin ekoloji bərpası, meşələrin və yaşıllıq ərazilərinin artırılması, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən istifadənin inkişafı və enerji effektivliyinə nail olunması, ətraf mühitin monitorinqi və hidrometeoroloji müşahidə sisteminin təkmilləşdirilməsi, ekoloji problemlərin təhlili, həlli yollarının müyyənləşdirilməsi, insan kapitalının inkişaf etdirilməsi və əhalinin ekoloji təfəkkürünün artırılması prioritet istiqamət olaraq qəbul edilmişdir.
Ekoloji vəziyyət
redaktə2003-2010-cu illərdə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin artırılması və s. istiqamətlərdə həyata keçirilmiş layihələr ətraf mühitin komponentlərinin bərpasında rol oynamışdır.
Balıqçılıq və akvakultura sektorunun inkişafının beynəlxalq standartlara və qabaqcıl təcrübəyə uyğunlaşdırılması məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıq gücləndirilmişdir.
Aztullantılı texnologiyalardan istifadə, neftlə çirklənmiş ərazilərin reablitasiyası, su hövzələrinin ekoloji vəziyyətinin bərpa olunması, yaşıllaşdırma işlərinin həyata keçirilməsi xüsusi ilə Abşeron yarımadası, Bakı və Sumqayıt şəhərlərində ətraf mühitinin vəziyyətinin yaxşılaşması ilə nəticələnmişdir. Ölkə ərazisinin 12 faizi meşə ilə örtülüdür, 10,3 faizini isə xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir. Respublikada 10 Mili Park, 10 təbiət qoruğu və 24 təbiət yasaqlığı mövcuddur. Təbii və coğrafi şəraitin unikallığı burada flora və faunanın növ müxtəlifliyinin rəngarəngliyinə şərait yaratmışdır. Yer kürəsində mövcud olan 11 iqlim tipinin 9-na Azərbaycanda təsadüf edilir. Bu amil ölkədə zəngin biomüxtəlifliyin formalaşmasında mühüm rol oynayır. Ətraf mühitin mühafizəsi sahəsindəki çoxsahəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biridir.
Xəzər dənizinə antropogen təsirlərin müəyyən edilməsi məqsədilə bütün axarlar inventarlaşdırılaraq xəritələşdirilmişdir. Ətraf mühitin mühafizəsi, o cümlədən Xəzər dənizinin çirklənməsinin qarşısının alınması, bu istiqamətdə nəzarətin gücləndirilməsi məqsədilə müvafiq dövlət qurumları ilə birgə tədbirlər görülmüşdür.
Tullantıların idarə olunması ilə bağlı plastik və polietilen qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində işlərə 2018-ci ildən etibarən başlanılmışdır. Bu sahədə qanunvericiliyin və idarəetmə sisteminin təkmilləşdirilməsi, ictimai məlumatlılığın artırılması məqsədilə tədbirlər planı hazırlanmışdır. Tədbirlər Planında plastik qablaşdırma materiallarının məhdudlaşdırılması və onların alternativlərinin ölkə bazarına daxil olmasının asanlaşdırılması üçün stimullaşdırıcı tədbirlər nəzərdə tutulmuşdur. Plastik tullantıların toplanması və çeşidlənməsinin təşviqi məqsədilə xüsusi konteynerlərin yerləşdirilməsinə başlanılmışdır. Ayrıca toplanan plastik tullantılar təkrar emal müəssisələrinə yönləndirilir.
Ölkədə iqtisadi inkişafla əlaqədar infrastruktur layihələri həyata keçirilir ki, bu da öz növbəsində ətraf mühitə təsirin qiymətləndirilməsi prosesinin tətbiqini zəruri edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xidmətlərin elektron qaydada göstərilməsi qurumlararası razılaşdırma prosesinin operativliyi və şəffaflığı baxımından əhəmiyyət kəsb edir.[4]
Ekoloji təhlükəsizlik
redaktəMüasir dövrdə enerji təhlükəsizliyi və ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişmələri bəşəriyyəti narahat edən əsas problemlərdəndir. Bütün dövlətlər özlərinin yanacaq-enerji balansına yeni enerji mənbələrinin cəlb edilməsinə çalışırlar. Bu yarışda külək, günəş, biokütlə, dalğa, qabarma-çəkilmə, kiçik çayların hidroloji enerjisi kimi qeyri-ənənəvi enerji mənbələri xüsusi yer tutur.
Ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə yer verilir. “Yaşıl iqtisadiyyata” sərmayələrin cəlb olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir.
Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə yüksək dərəcədə həssas bir ölkədir və ölkə artıq iqlim dəyişmələrinin mənfi təsirlərini - daşqınlar, sellər, quraqlıq, istilik stressləri və s. kimi təbiət hadisələrinin sayının artmasını özündə hiss edir. Bu da adekvat adaptasiya tədbirlərini ön plana çəkir.
Bununla bağlı iqlim dəyişmələrinə həssas olan sahələrdə ətraf mühitə dost texnologiyalar tətbiq etməklə bir sıra infrastruktur layihələri - su anbarları və elektrik stansiyalarının inşası, meşəsalma və su layihələri həyata keçirilir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının -ci ildə Paris şəhərində keçirilmiş 21-ci Tərəflər Konfransında qlobal iqlim dəyişmələri üzrə 2020-ci ildən sonrakı dövr üçün iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səviyyəli beynəlxalq-hüquqi sənəd olan Paris Sazişi qəbul edilmışdir. Paris Sazişi, Konvensiyanın həyata keçirilməsinin genişləndirilməsi ilə davamlı inkişafa nail olmaq və yoxsulluğu aradan qaldırmaq üzrə səylər kontekstində iqlim dəyişmələri təhlükəsinə qlobal cavab tədbirlərini gücləndirmək məqsədini daşıyır.
Azərbaycan özünün nəzərdə tutulan müəyyən edilmiş milli töhfələri sənədində ölkənin milli şəraitini, gələcək inkişaf perspektivlərini və milli maraqlarını nəzərə alaraq, qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili olan 1990-cı il ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürmüşdür.
Azərbaycanda iqlim dəyişmələrinə təsirlərin azaldılması istiqamətində bərpa olunan enerji mənbələrindən və enerji səmərəli texnologiyalardan istifadənin artırılması, istilik elektrik stansiyalarında mazutdan istifadənin dayandırılması və onun əvəzinə daha təmiz yanacaq olan təbii qazdan istifadə edilməsi, meşə ərazilərinin genişləndirilməsi, səmt qazlarının atmosferə atılma həcminin və elektrik enerjisi istehsalında sərf olunan şərti yanacaq vahidinin ildən-ilə azaldılması və s. kimi tədbirlər həyata keçirilmişdir. Gələcəkdə də iqtisadiyyatın müxtəlif sektorlarında bu cür fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur ki, bu da qlobal iqlim dəyişmələrinə təsirin azaldılması istiqamətində göstərilən səylərə milli töhfənin daha da artmasına gətirib çıxaracaqdır.
İqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi işləri aparılmış, müasir tələblərə uyğun məlumatların təhlükəsiz saxlanması və idarə olunmasına imkan verən müvafiq telekommunikasiya sistemi qurulmuş, avtomat meteoroloji stansiyaların sayı 68-ə çatdırılmışdır.
Eyni zamanda monitorinq sistemi təkmilləşdirilmiş, ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması sahəsində yeni texnologiyaların tətbiqinə yer verilmiş, atmosfer havasının çirklənməsinin fasiləsiz monitorinqinin aparılması üçün avtomatik stansiyalar kompleksi qurulmuş, atmosfer havasının vəziyyəti barədə məlumatların onlayn qaydada ictimaiyyətə çatdırılması təmin edilmişdir.
2014-2018-ci illərdə Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi və mövcud normativ hüquqi aktların ölkənin qoşulduğu beynəlxalq müqavilələrin müddəalarına, həmçinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması, ətraf mühitə dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra yeni qanunlar qəbul olunmuş, mövcud qanunlarda isə əlavə dəyişikliklər edilmişdir. Qanunvericilik əsasən atmosfer havası, su ehtiyatları, məişət və istehsalat tullantıları, su bioresursları, biomüxtəlifliyin qorunması sahələrini əhatə etmişdir. Yeni qanunların qəbul edilməsi, mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bərabər, həmçinin onların icrasının təmin edilməsi məqsədilə müvafiq normativ aktlar, qaydalar hazırlanıb təsdiq olunmuşdur.
Mövcud problemlərin həll edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq təşkilatlarla, donor ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Belə ki, BMT-nin İnkişaf, Ətraf Mühit, Sənayenin İnkişafı proqramları, NATO, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı, İqtisadi Əməkdaşlıq təşkilatı, Dünya Bankı, Asiya bankı, Ümumdünya Vəhşi Təbiət fondu və s. təşkilatlarla əməkdaşlıq davam etdirilir. Bununla bərabər müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə iki tərəfli əməkdaşlıqlar qurulur.
Ətraf mühit sahəsində beynəlxalq müqavilələrə qoşulmağa da böyük diqqət yetirilir. Belə ki, Azərbaycan Respublikası bu günə kimi 21 konvensiyaya qoşulmuş, müvafiq protokollar imzalamışdır.[5]
Demoqrafik artımla yanaşı istehlakın kəskin artması, gələcəkdə bərpası mümkün olmayacaq təbii ehtiyatların tükənməyə başlaması kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir. Şübhəsiz ki, ətraf mühitlə bağlı problemlər bütün insanları narahat edir və bu problemlərin öyrənilməsi bəşəriyyətin inkişafının ən vacib tələblərindən biridir.
Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin-davamlı inkişafın formalaşdırılması hesabına ola bilər.
Hər bir ölkənin özünəməxsus ətraf mühit strategiyası və siyasət xətti olsa da, qlobal məqsədlər insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, cəmiyyətin sahib olduğu ətraf mühit dəyərlərinin qorunması və inkişafı, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmişdir.
Azərbaycan sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmişdir və bu nailiyyətlərin dayanıqlı olması əsas prioritet kimi qəbul edilmişdir. Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi ölkənin ekoloji siyasətinin əsas istiqamətləridir.
Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.
Azərbaycan hələ 2003-cü ildə Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli proqram qəbul etmişdir. Minilliyin İnkişaf Məqsədlərindən biri olan Ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət planına əsasən davamlı inkişaf prinsipləri dövlət siyasəti və proqramlarına daxil edilmişdir.
Müasir dövrdə enerji təhlükəsizliyi və ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişmələri bəşəriyyəti narahat edən əsas problemlərdəndir. Problemlərin həlli istiqamətində alimlər və mütəxəssislər tərəfindən müxtəlif fikirlər yürüdülür ki, bunlardan da bu gün üçün ən önəmlisi alternativ və bərpa olunan enerji mənbələrindən istifadədir.
Bütün dövlətlər özlərinin yanacaq-enerji balansına yeni enerji mənbələrinin cəlb edilməsinə çalışırlar. Bu yarışda külək, günəş, biokütlə, dalğa, qabarma-çəkilmə, kiçik çayların hidroloji enerjisi kimi qeyri-ənənəvi enerji mənbələri xüsusi yer tutur. Bu tip alternativ enerji mənbələrinin potensial imkanları sonsuzdur və onların ekoloji səmərəliliyi heç kəsdə şübhə doğurmur.
Ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə böyük yer verilir. “Yaşıl iqtisadiyyata” sərmayələrin cəlb olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir.
Azərbaycan, qlobal iqlim dəyişmələrini bəşəriyyətin üzləşdiyi ən çətin problemlərdən biri hesab edir və bu problemin qarşısının alınmasına yönəldilən birgə səyləri dəstəkləyir.
İqlim dəyişmələrinin təsirindən inkişaf səviyyəsindən asılı olmayaraq heç bir ölkə sığortalanmamışdır və bunu baş verməkdə olan ekstremal təbii fəlakətlər əyani şəkildə göstərməkdədir.
Davamlı inkişaf konsepsiyasının müddəalarına uyğun olaraq iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, alternativ enerji mənbələrindən səmərəli və dayanıqlı istifadə planetimiz üçün əmələ gələcək zərərin qarşının alınması istiqamətində mühüm rol oynayacaqdır.[4]
Ekoloji proqramlar
redaktəÖlkə iqtisadiyyatının sürətli inkişafı, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələləri həmişə diqqət mərkəzində olmuşdur.
Azərbaycan Respublikasında dayanıqlı inkişaf prinsipləri dövlət siyasəti proqramlarına daxil edilmişdir. Azərbaycan Respublikasının hökuməti tərəfindən qəbul edilmiş Milli və Dövlət Proqram sənədlərində bu hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir.
Bu proqramların əsas məqsədi ölkə iqtisadiyyatının, xüsusilə, qeyri-neft sektorunun dinamik inkişafına, əhalinin iqtisadi və sosial tələbatlarının daha dolğun təmin olunmasına, regionların inkişafına, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, ətraf mühitin mühafizəsinə yönəldilmiş dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarətdir.
“Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üzrə Milli Strategiya” çərçivəsində müvafiq tədbirlər görülmüş, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli sərəncamı ilə Qızılağac Milli Parkı yaradılmış, Zaqatala-Balakən regionunda ölkədə ilk biosfer qoruğun yaradılması istiqamətində iş aparılır.
Bəbir Azərbaycanın vəhşi təbiətinin mühafizəyə ehtiyacı olan aparıcı növlərindəndir. Ekoregionda sağ qalmış bəbir populyasiyası üçün Azərbaycanda əliverişli yaşayış yerləri Hirkan və Zəngəzur Milli Parklarının əraziləridir. 2013-cü ilədək sayı kritik həddə olan Qafqaz bəbirləri son illər ərzində Hirkan və Zəngəzur Milli Parklarının ərazilərində foto-tələlər vasitəsilə görüntülənmişdir. Onların arasında yetkin fərdlərlə yanaşı, bəbir balalarına rast gəlinmişdir. Azərbaycanda bəbirlərin sayının bərpa edilməsi üçün yol xəritəsi tərtib edilmiş və bu istiqamətdə işlər davam etdirilir. Avropa bizonunun Azərbaycana introduksiyası istiqamətində tədbirlər həyata keçirilir və 2019-cu ildə ilk bizon fərdlərinin ölkə təbiətinə buraxılması planlaşdırılmışdır.
2011-2018-ci illərdə ətraf mühitə dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra qanunlar qəbul edilmiş, normativ hüquqi aktlar təsdiq edilmiş, o cümlədən balıqçılıq və akvakulturanın inkişafı ilə bağlı qanunvericilikdə dəyişiklik edilmişdir. 2018-ci ildə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanun qüvvəyə minmiş, ekoloji ekspertiza prosesinin təkmilləşdirilməsi barədə Qanun qəbul edilmişdir.
Ətraf mühit problemlərinin həllində vətəndaş fəaliyyətinin gücləndirilməsi, əhalinin ekoloji şüur səviyyəsinin artırılması, bu istiqamətdə həyata keçirilən layihələrin səmərəli və nəticələrinin dayanıqlı olmasını, ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanılması ideyalarının gənclər arasında təbliği, ekoloji maarifçiliyin, ekoloji təhsilin və təbiətə humanist münasibətin təşviqi, həmçinin yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması məqsədi ilə ekoloji təbliğat xarakterli kütləvi tədbirlər keçirilmişdir.
Beynəlxalq təşkilatlarla əlaqələr genişləndirilmiş, müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə ikitərəfli əməkdaşlıqlar qurulmuş, bir sıra beynəlxalq tədbirlər həyata keçirilmişdir. BMT-nin İnkişaf Proqramı (UNDP), Sənaye İnkişaf Təşkilatı (UNİDO), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Avropa İqtisadi Komissiyası (UNECE), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Qlobal Ekoloji Fond (QEF),İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) və s. təşkilatlarla birgə layihələr həyata keçirilir.
2003-cü ildən etibarən Azərbaycanda ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramları, mövcud ekoloji problemlərin həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkədə prioritet olduğunu göstərir:
- “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”;
- “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası;
- “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 16 dekabr 2016-cı il tarixli 858/ü nömrəli Əmri ilə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əhatə etdiyi sahələr üzrə 2016-2018-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilmişdir;
- “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı”;
- “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram (2003-2010-cu illər)”;
- “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”;
- “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı (2004-2010-cu illər)”;
- “Azərbaycan Respublikasında hidrometeorologiyanın inkişaf Proqramı (2004-2010-cu illər)”;“Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı (2006-2009-cu illər);
- “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”;
- Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı Dövlət Proqramı (2003-2006);
İstinadlar
redaktə- ↑ "İşğal olunmuş ərazilərin ekoloji vəziyyəti". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-06.
- ↑ "SOCAR расчистила около 2,5 тыс. га нефтезагрязненных территорий". 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-31.
- ↑ "Сколько деревьев посажено в Азербайджане в 2021 году? - Отвечает министерство". 2021-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-31.
- ↑ 1 2 "Azərbaycan ekologiyası". 2019-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-06.
- ↑ "Ətraf mühitin mühafizəsi istiqamətində əldə olunmuş nailiyyətlər". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-06.