Enderun - Wikipedia
Əndərun (Osmanlıca: اندرون) — Osmanlı imperiyasında sarayda bürokratik və hərbi sahədə ixtisaslı kadrlar yetişdirən təhsil qurumudur.
Osmanlı dövlətində XV əsrin ortalarından etibarən mədrəsələr istisna olmaqla, ən önəmli rəsmi təhsil qurumu idi. Əsasən, mülki və hərbi idarəçilərin hazırlandığı bu məktəb, Osmanlıda mərkəzi və regional bürokratiya üçün lazimi insan resurlarını formalaşdırırdı. Əndərun təhsil sistemi II Murad dövründə Ədirnə sarayında təsis olunmuş, II Mehmed dövründə isə tamamlanmışdır.
Adətən ailələriylə əlaqələri tamamilə kəsilən və dəvşirilən uşaqlar Əndəruna alınmazdan əvvəl müəyyən bir təlimdən keçirilirdi. Xristian ailələrdən alınan bu uşaqlar əvvəlcə türk ailələrinin yanında türkcəni, İslami əsasları və əsas təlim-tərbiyəni öyrənir, daha sonra Ədirnə, Qalata, İbrahim Paşa saraylarının birində öz qabiliyyətlərinə uyğun dərslər alırdılar. Bu uşaqlara "acemi oğlanlar" (yəni, naşı oğlanlar) deyilirdi. Acemi oğlanlar buradakı təhsillərini bitirdikdən sonra "çıkma" adı altında müxtəlif hərbi vəzifələrə gətirilirdi. Daha bacarıqlı olanlar isə nisbətən yüksək təlim almaq üçün Əndəruna alınırdı. Əndərundakı təhsil Böyük və Kiçik odalar, Şahinçilər sinfi, Səfərlilər sinfi, Anbar odası, Xəzinə odası və Has oda olmaq üzrə 7 mərhələyə ayrılmışdı. Buradakı təhsilini sona qədər davam etdirə bilməyən iç oğlanlar eyni şəkildə, çıxma olaraq müxtəlif hərbi vəzifələrə gətirilirdi.
Əndərunun ilk iki pilləsi olan Böyük və Kiçik odalar, Səadət darvazasından içəridə uyğun olaraq, sağda və solda yerləşirdi. Bu mərhələlərə acemi oğlanlar məktəbindən olan qabiliyyətli və bacarıqlı məzun gənclər alınırdı. Bu gənclər İslam dini və mədəniyyəti, türkcə, ərəbcə və farsca dərslər alır, güləş, tullanma, qaçış, oxçuluq kimi idman təlimlərinə də qatılırdılar. Bu siniflərdə oxuyanlar "dolama" adlanan bir növ cübbə geyindiyi üçün, bunlara çox vaxt "dolamalı" da deyilirdi. Bu gənclər təxminən 15 yaşlarında olurdular. Bu siniflərdə həmçinin gənclərə müəyyən məsələlərdə kömək edən və yol göstərən lələlər də olurdu. Böyük odanın əhalisi 100, Kiçik odanın əhalisi isə 60 ikən, XVII əsrdə ümumi say 258 olmuşdur. Bu iki sinif 1675-ci ildə ləğv edilmişdir. Əndərunun üçüncü sinfi Şahinçilər sinfi idi. 40-a yaxın gəncin təhsil aldığı bu sinif isə IV Mehmed dövründə ləğv edilmişdir.
Əndərunun dördüncü sinfi olan Səfərlilər sinfi 1635-ci ildə IV Murad tərəfindən təsis olunmuşdur. Əvvəllər Əndərun əhalisinin camaşırlarını yuyub-təmizləməklə vəzifələndirilən bu sinifdəkilər, daha sonra musiqişünas, xanəndə, pəhləvan, bərbər və s. peşələr üzrə yetişdirilmişdir. Saraydakı dilsizlər, təlxəklər və cücələr də bu sinifdə yetişdirilmişdir. Səfərlilər sinfində təxminən 100 nəfər gənc təhsil alır, bu sinfin iç oğlanları çıxmalar əsnasında daha çox sipahi dəstələrinə verilirdi.
Anbar odası Fateh Sultan Mehmed dövründə qurulmuşdur. Padşaha yemək xidməti məhz bu sinif tərəfindən göstərilirdi. Burada olan iç oğlanlar hökmdarların və hərəmin çörək, ət, qoz-fındıq, şirniyyat, şərbət kimi hər cür qida və içki ehtiyacını hazırlayır və qoruyurdu. Saraydakı otaqların və məscidlərin şamları da bu oda tərəfindən təmin olunurdu. Odaya mənsub tələbə sayı 30 idi. Buradakı gənclər çıxmalar əsnasında daha çox qapıqulu süvari dəstələrinə verilirdi.
Xəzinə odası da Fateh Sultan Mehmed tərəfindən təsis olunmuşdur. Buranın rəhbəri baş xəzinədar və xəzinə kəndxudası idi. Baş xəzinədar sarayın ən nüfuzlu vəzifəlilərindən idi. Sarayda xidmət edən və sayı 2000-ə yaxın sənətkarların da rəhbəri olan baş xəzinədar Əndərun xəzinəsinin və saraya aid olan zəvahiratın və qiymətli əşyaların qorunmasında da məsuliyyət daşıyırdı. Sülh və müharibə şəraitlərində padşahın yanından ayrılmırdı. Bu bölmənin üzvlərinin sayı vaxtilə 150-yə qədər artmışdır. Buradan çıxma alan gənclər qapıqulu süvari dəstələrinə, mütəfərrikalığa və çeşnigirliyə alınırdı.
Xas oda Əndərunun ən yüksək mərhələsi idi və yenə II Mehmed tərəfindən qurulmuşdur. Xas odanın 4 yüksək rütbəlisi isə xas odabaşı, silahdar, çuxadar və rikabdar idi. Xas odanın ümumi üzv sayı 40 idi. Xas odalıların vəzifələri Hırka-i Səadət otağını təmizləmək və müqəddəs əmanətləri qorumaq idi. Padşah müəzzini, katibi, qəhvəçisi, baş çavuşu da bu sinifə aid edilirdi. Hərəmə bitişik olan Mabeyn otağında yerləşən bu sinifdən çıxmalar daha sonra vəzifə müddətlərinə görə, önəmli vəzifələrə gətirilirdi. Bu təyinatlar müəyyən ardıcıllığa və ənənəyə uyğun şəkildə aparılırdı. Ancaq bəzən padşahlar bu ənənəyə zidd olan təyinlər də etmişdir. Bunlara ən önəmli misal isə Sultan Süleyman Qanuninin xas odabaşı olan İbrahim ağanın sədarətə gətirilməsidir.
Mənbə
redaktə- D’Ohsson, Tableau général, VII, 34–56;
- Hızır İlyas, Letâif-i Enderûn, İstanbul 1276;
- Atâ Bey, Târih-i Atâ (Târih-i Enderûn), İstanbul 1293;
- B. Miller, The Palace School of Muhammed the Conqueror, Cambridge 1941;
- Uzunçarşılı, Saray Teşkilâtı, s. 297–357;
- Fethi İsfendiyaroğlu, Galata Sarayı Tarihi, İstanbul 1952;
- İsmail H. Baykal, Enderun Mektebi Tarihi, İstanbul 1953;
- Rycaut London 1968), s. 25–33;
- Ülker Akkutay, Enderun Mektebi, Ankara 1984;
- Albert Howe Lybyer, Kanuni Sultan Süleyman Devrinde Osmanlı İmparatorluğu’nun Yönetimi (trc. Seçkin Cılızoğlu), İstanbul 1987, s. 73–80;
- İsmet Parmaksızoğlu, "Enderun Mektebi", TA, XV, 193;
- a.mlf., "Enderun-i Hümayun", a.e., XV, 193–196;
- Ülkü Altındağ, "Topkapı Sarayı", Sanat, Topkapı Sarayı Müzesi, sy. 7, Ankara 1982, s. 12–43;
- a.mlf., "Hasoda Teşkilatı", Türk Etnografya Dergisi, sy. 14, İstanbul 1974, s. 97–113;
- V. J. Parry, "Enderun", EI² (İng.), II, 697–698;
- C. E. Bosworth, "Khâss Oda", a.e., IV, 1097.