Eli Naxcivani - Wikipedia
Əli Naxçıvani (19 sentyabr 1919[1], Bakı – 11 oktyabr 2019) — tanınmış bəhai, 1963–2003-cü illərdə Bəhai dininin əsas idarəedici mərkəzi olan Ümumdünya Ədalət Evində Ali Orqanın üzvü kimi fəaliyyət göstərmişdir. Əli Naxçıvani hər beş ildən bir keçirilən beynəlxalq səviyyəli seçkilərdə seçilərək, ümumilikdə səkkiz dönəm Ali Orqana üzv seçilmişdir. Ədalət Evinin üzvü kimi o 40 il xidmət etmişdir. 2003-cü ildə, 84 yaşında, Ümumdünya Ədalət Evinin razılığı ilə üzvlükdən istefa verib.
Əli Naxçıvani | |
---|---|
Doğum tarixi | 19 sentyabr 1919[1] |
Doğum yeri | |
Vəfat tarixi | 11 oktyabr 2019 (100 yaşında) |
Uşağı | |
Təhsili | |
Fəaliyyəti | ruhani, müəllim |
Həyatı
redaktəƏli Naxçıvani Bakının Şüvəlan kəndində 1919-cu ildə Bəhai ailəsində anadan olmuşdur. Əli Naxçıvaninin doğum tarixinin 1919-cu il olması həmin dövrdə ölkədəki qeyri-stabil ictimai, siyasi vəziyyət səbəbindən tam dəqiqləşdirilə bilməmişdir. Atası Mirzə Əli Əkbər Naxçıvani Əli doğulan zaman dünyasını dəyişmişdi. Fələstində yaşayan bəhai ailənin övladı olan anası, ərinin ölümündən sonra böyük oğlu Cəlal və kiçik oğlu Əli ilə birlikdə Fələstinə köçmüşdür.
1922-ci ildə Bəhai dinin mərkəzlərindən olan Hayfa şəhərinə köçən ailə burada yaşamağa başlayır. Əli Naxçıvani Hayfada olduğu dönəmdə Bəhai dinin ruhani və inzibati qaydaları ilə daha yaxından tanış olmaq imkanı qazanmışdır. Əli ilk təhsilini Hayfa şəhərində yerləşən və Yezuitlər ordeninə məxsus olan Des Freres Kollecində almışdır. Kollec yarı ibtidai-yarı orta məktəb olmaqla yanaşı, dərslər fransız dilində keçirilməkdə idi. Des Freres Kollecində təhsilini başa vurduqdan sonra Livanın paytaxtı Beyrut şəhərinə yollanaraq burada Beyrut Amerika Universitetinin nəzdindəki məktəbdə orta təhsilini bitirmiş və daha sonra həmin Universitetdə İngilis ədəbiyyatı üzrə ali təhsil almışdır. Əli Naxçıvani 1939-cu ildə təhsil aldığı universitetdən məzun oldu.
Ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyəti ilə məşğul olmaq üçün Tehran şəhərinə getmişdir. O, şəhərdəki əsas banklardan birində işə qəbul edilərək icraçı vəzifəsində işləməyə başlamışdır. Tehranda yaşadığı zaman şəhərin tanınmış bəhailərindən birinin qızı Violette Bənani ilə ailə qurmuşdur. Əli Naxçıvani ailə həyatı qurduqdan sonra 12 il İranda yaşamışdır. Bu müddət ərzində Qəzvin, Gilan, Zəncan, Təbriz və Şiraz kimi şəhərlərə gedərək burada bəhailiklə bağlı müxtəlif təbliğatlar aparmışdır. Əsasən Təbriz və Şiraz şəhərlərində yaşayan Əli Naxçıvani burada təkcə mənsub olduğu dinin təbliğatını aparmamış, eyni zamanda həmin şəhərlərdə yerləşən seçkili orqanlarda məsul vəzifələrdə çalışmışdır.
1951-ci ildə ailə Bəhai Dinini təbliğ etmək və Dini o ölkədə möhkəmlətmək üçün Uqandaya köçür. Afrika qitəsinə köçən zaman ailənin ilk övladı olan Bəhiyyənin üç yaşı vardı, üç il sonra isə Mehran adlı oğulları dünyaya gəlmişdir. Naxçıvani Afrikada olduğu on ilə yaxın müddət ərzində Bəhai dinin müxtəlif seçkili orqanlarında xidmət etmişdir. 1961-ci ildə bəhailərin bütün Milli Məhfilləri tərəfindən poçt vasitəsilə müvəqqəti Beynəlxalq Bəhai Şurasının seçkisi keçirildi. Əli Naxçıvani bu Şuraya üzv seçildi və iki il ərzində bu Şuranın Sədri olmuşdur.
1957-ci ildə, Bəhai dinində son rəhbər şəxs hesab olunan Şövqi Əfəndinin vəfatından sonra Bəhai dininin peyğəmbəri Bəhaullahın nazil etdiyi müqəddəs kitabdakı göstərişə əsasən dinin vahid idarəetmə mərkəzinin yaradılması qərarlaşdırılmışdır. 1963-cü ildə yaradılan Ümumdünya Ədalət Evinin ümumi işlərini idarə etmək üçün Ali İdarəedici orqana seçkilər keçirilir və ilk seçkidəcə Əli Naxçıvani doqquz nəfərdən ibarət Ali Orqana üzv seçilir. Hər 5 ildən bir keçirilən seçkilərin hər birində iştirak edərək seçilən Əli Naxçıvani, ümumulikdə səkkiz dönəm Ali Orqana üzv seçilmişdir. Ədalət Evinin üzvü kimi o 40 il xidmət etmişdir. 2003-cü ildə, 84 yaşında, Ümumdünya Ədalət Evinin razılığı ilə o üzvlükdən istefa vermişdir. İstefa verdikdən sonra da o, həyat yoldaşı Violetta ilə birlikdə müxtəlif ölkələri gəzərək dinin yayılmasında xidmətlər göstərmişdir. 2011-ci ilin 14 sentyabr tarixində Əli Naxçıvaninin həyat yoldaşı Violette Bənani vəfat etmişdir.
İşləri
redaktəƏli Naxçıvani tərəfindən Bəhailik dini ilə bağlı yazılmış kitablar
- Nakhjavání, Alí. Towards World Order. Baha'i Publications Australia. 2005. ISBN 978-1-876322-93-9.
- Nakhjavání, Alí. Shoghi Effendi: Author of Teaching Plans (PDF). Casa Editrice Baha'i Italy. 2006. ISBN 978-88-7214-107-6.
- Nakhjavání, Alí. Shoghi Effendi: The Range and Power of His Pen. Casa Editrice Baha'i Italy. 2006. ISBN 978-88-7214-112-0.
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.