Ebdurrehman Cami - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Əbdürrəhman Cami – tacik şairi, musiqişünası, filosof və alimi.
Əbdürrəhman Cami | |
---|---|
Doğum tarixi | 7 noyabr 1414[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 1492[1][2] (78 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, yazıçı, musiqi nəzəriyyəçisi, filosof |
Əsərlərinin dili | fars dili |
Əbdürrəhman Cami Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBöyük taçik şairi, musiqişünası, filosof və alimi Əbdürrəhman Nurəddin ibn Əhməd hicri qəməri ilə 817-ci il şəban ayının 8-də, miladi ilə 1414-cü il noyabrın 7-də Cam şəhərində (Xorasan) anadan olmuşdur.
Çox kiçik yaşlarından oxumağa başlamış, ilk təhsilini atasından almış, sonra isə Herat şəhərinin Xuş bazarında olan Dilgəş mədrəsəsində oxumuşdur. Burada Caminin müəllimi dövrünün məşhur sufilərindən olan ərəbist(?) mövlana Cüneydi Üsuli idi.
İstedadlı və zəhmətsevən olduğundan, kitabları tez oxuyub qurtarır və bir müddərrisdən başqasına keçirdi. Cami ilə məşğul olan müəllim və müddərrislər onun hafizəsinə heyran qaldıqlarını bildirir, bunu başqalarına deməkdən çəkinmirdilər. Məsələn, dövrünün ən görkəmli müəllimi və bilikli alimlərindən hesab edilən mövlana Xacə Əlaəddin Əli Səmərqəndi demişdir ki, o ömründə Cami qədər hafizəli və istedadlı şagird görməmişdir.
Bir az sonra Heratda tədris edilən bütün elmlərə kifayət qədər yiyələndikdən sonra, məlumatını artırmaq, xüsusilə də Heratda zəif tədris edilən təbiət elmlərini öyrənmək üçün Səmərqəndə getmək qərarına gəlir və orada məşhur astronom Uluqbəyin yaxın əməkdaşlarından olan Qazizadə Ruminin nücum və başqa təbiət elmləri sahəsində oxuduğu mühazirələrə qulaq asır. Səmərqənddəki müvəffəqiyyəti heç də Heratdakından az olmur. O, Səmərqənddən Herata qayıtdıqda, öz tələbkarlığı və çətin imtahan götürməsi ilə şöhrət tapmış, "Baharistan" da adı çəkilən mövlana Əli Quşçiyə həndəsə və cəbrdən imtahan verir. Əli Quşçi sualı axıra çatdırmamış Cami onun nə demək istədiyini başa düşür və dərhal cavab verir, özünün Səmərqəndə səfərinin hədər getmədiyini sübut edir.
Sufi təriqətlərindən nəqşbəndiliyi sevmiş və öz mürşüdü olaraq şeyx Sədəddin Kaşqarinin ardınca getmişdir. Nəqşbənd zülmə dözməyi, günahları bağışlamağı təbliğ edir, musiqi, rəssamlıq bə başqa incəsənət növləri ilə məşğul olmağa mane olmurdu. Bahəddin Nəqşbəndinin dediklərinə ciddi riayət etməyi tələb edən şeyx Sədəddin Kaşqari Caminin tərbiyəsinə böyük fikir verir və onun nəqşbəndi təriqətinin mürşüdü olmasına çox çalışırdı. Cami də öz növbəsində Sədəddin Kaşqarinin məsləhətlərinə əməl edir. Onun göstərişlərindən kənara çıxmırdı. Cami əsərlərində nəqşbəndi ideyalarının çox açıq və aydın inikası müşahidə edilir. Bir çox səfərlər etmiş və bu səfərlər zamanı müxtəlif sufi şeyxləri, alim, şair, incəsənət ustaları, dövlət xadimləri ilə, şah, sultan, saqan və müxtəlif silkə xas olan adamlarla görüşmüşdür.
1472-ci ilin payızında Məkkəyə ziyarətə getmək qərarına gəlir. O, bu səfərində Nişabur, Səbzəvar, Bəstam, Damqan, Qəzvin, Həmədan, Kərbəla, Məkkə, Mədinə, Dəməşq, Hələb və Təbriz kimi şəhərləri gəzir və onların bəzilərində aylarla qalıb oradakı alimlərlə görüşür, bəzən isə ciddi mübahisə etməli olur.
1492-ci il noyabr ayının əvvəllərində özünü pis hiss etməyə başlayır, xəstəliyi get-gedə şiddətlənir, nəhayət, məhərrəmin 17-də, yəni noyabrın 8-də səhər vəfat edir. Bəzilərinin fikrincə, noyabrın 9-da ölmüşdür. Sovet ədəbiyyatında hər iki tarixi göstərənlər var. Dəfn mərasimi Nəvainin yaxından iştirakı ilə təşkil edilir.
Caminin ölümünə Nəvai tarixi maddə yazmış, onu məşhur Hüseyn Vaiz oxumuşdur. İki beytdən ibarət olan bu şeirdə əbcəd hesabı ilə Caminin 894 hicri, yəni miladi 1492-ci ildə vəfat etdiyi bildirilir.
Özündən sonra böyük bir miras qoyub getmişdir. M.A. Salyenin dediyinə görə, alimlər Caminin əsərlərinin sayını 50 qəbul edirlər ki, bunlardan da 34-ü nəsr, 16-sı şeirlə yazışmışdır. Nəsr əsərləri içərisində bədii əhəmiyyəti olan yalnız "Baharistan"dır.
Yaradıcılığı
redaktəCaminin nə vaxtdan şairliyə başladığı hələ dəqiq təyin edilməmişdir. Lakin onun hələ lap cavan vaxtlarından şeirə böyük həvəs göstərdiyini yazırlar. Onun elmə məlum olan ən qədim əsəri 856 (1452)-ci ildə Əbdülqasim Baburə ithaf etdiyi "Müəmma haqqında risalə"dir. Adıçəkilmiş kitab onun ilk əsəri kimi nəzərə alınarsa, təxmini hesablamaya görə, ömrünün sonuna qədər fasiləsiz, ildə azı bir-iki əsər yazmışdır. Əsərlərinin miqdarı haqqında müxtəlif fikirlər vardır. Əsərlərinin sayını onun müridi və ən yaxın dostu, özbək şairi Əlişir Nəvai – 35, Şah İsmayılın oğlu Sam mirzə – 45, Caminin Tərcümeyi-halını yazan Əbdülqafur Lari – 47, Şirxan Ludi 1690-1691-ci ildə yazdığı "Miratul-xəyal" ("Xəyal güzgüsü") adlı təzkirəsində isə 99 göstərir. Y.E. Bertelsin fikrinə görə, 45-47 rəqəmləri həqiqətə daha yaxındır. Ən məşhur əsərləri üç divanı, "Həft övrəng", sufi şeyxlərin həyat və tərcümeyi-halına həsr edilmiş "Nəfəhatül-üns" və "Baharistan"dır.
Cami Əlişir Nəvaninin məsləhəti ilə birinci divanı "Fətihətəş-şəbab" (1479-cu il), yəni "Gəncliyin başlanğıcı", ikinci divanı "Vəsitətül-İqd" (1489-cu il), yəni "Həmayılın ortası", üçüncü divanı "Xatimətül-həyat" (1491-ci il), yəni "Həyatın sonu" adlandırmışdır. Cami divanlarını Nəvainin təklifinə görə belə adlandırdığını müqəddimədə özü qeyd edir.
Caminin "Nəfəhatül-üns min həzəratül-Qüds", yəni "Müqəddəs yerlərdən əsən dostluq nəsimi" əsəri özündən əvvəl yaşamış sufilərin, həməsri olan sufi şair və alimlərin həyatına həsr edilmişdir. Maraqlı burasıdır ki, 600-dən artıq şair, alim, şeyx və başqalarının tərcümeyi-halı izah edilən bu əsərdə iyirmidən çox qadının adı çəkilir ki, bunlar da öz əsərlərinin görkəmli sufilərindən hesab edilmişdir.
Cami əsərlərini dövrünün məşhur hökmdarlarına ithaf etməkdən boyun qaçırmamış və ya qaçıra bilməmişdir. Son dərəcə qürurlu, böyüklərə baş əyməyən Caminin əsərlərini müxtəlif hökmdarlara həsr etməsinin əsas səbəbini çamişunaslar onun maddi gəlir axtarmasında deyil, məhz əsərlərinin məzmununda, əllərində külli miqdarda ixtiyar olan hökumət başçılarına təsir göstərməkdə, onları ədalətə, mərhəmətə sövq etməkdə görürlər. Caminin bütün əsərlərində, fəlsəfi-ictimai istiqamətindən asılı olmayaraq, insanpərvərlik, ədalət və səxavətin tərənnüm edildiyini görürük. Cami nəqşbəndi təriqətinin mürşüdü və şeyxi mövqeyinə yüksəldikdə də heç vaxt təəssübkeş-fanatik olmamış, ədaləti, mərhəməti, düzlüyü üstün tutmuşdur. Başqa əsərlərində olduğu kimi, "Baharistan"da da həmin fikrin bədii ifadəsinə tez-tez təsadüf edilir. Bu nöqteyi-nəzərdən, yəni humanizm və ədaləti tərənnüm etmək, fanatizmə qarşı çıxmaq nöqteyi-nəzərindən Cami öz dövrünün fəlsəfi-ictimai görüşlərindən yüksəkdə durur. Firdovsi, Nizami, Sədi və başqa Şərq klassikləri kimi, Cami də bu halda öz sinfinin mənafeyindən yüksəyə qalxmış və xalq ideyalarını bədii formada təcəssüm etdirməyi bacarmışdır.
"Yusif və Züleyxa" romanı onu dünyaya tanıtdıran əsəridir. "Baharıstan" isə Caminin bədii əhəmiyyəti ilə seçilənidir.
Divanları
redaktə- "Fətihətəş-şəbab" ("Gəncliyin başlanğıcı", 1479-cu il)
- "Vəsitətül-İqd" yəni ("Həmayılın ortası", 1489-cu il)
- "Xatimətül-həyat" yəni ("Həyatın sonu", 1491-ci il)
Əsərləri
redaktə- Həft övrəng
- "Müəmma haqqında risalə" (Əbdülqasim Baburə ithaf) – 1452-ci il (H.q. 856-cı il)
- "Baharistan" (1487-ci il)
- "Nəfəhatül-üns" və "Həzəratül-Qüds", yəni ("Müqəddəs yerlərdən əsən dostluq nəsimi")
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Jāmī // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
Mənbə
redaktə- "Baharistan". Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1964. 92 səh. 40.000 tiraj. (farscadan azərbaycan dilinə tərcümə, müqəddimə və qeydlər Rəhim Sultanovundur)
- Y.E.Bertels. Cami (Dövrü, həyatı və yaradıcılığı) 1949-cu il. (rus dilində)
- Xanbaba Müşar "Fars və ərəbcə çap olunmuş kitab müəllifləri" (fars dilində) 3-cü cild. 1963-cü il.
Xarici keçidlər
redaktə- Əbdürrəhman Cami. Seçilmiş əsərləri. Bakı, “Öndər nəşriyyat”, 2004, 320 səh. ISBN 9952-416-36-8 (archive.org)