Sahqulu Sultan Ustacli - Wikipedia
Həmzə sultan Qazaq oğlu Şahqulu sultan Ustaclı (?-1568) — qızılbaş sərkərdəsi, Azərbaycan və Xorasan əmir əl-ümərası, Astrabad və Çuxursəd əyalətinin bəylərbəyi (1551-1568).
Şahqulu sultan Ustaclı | |
---|---|
Həmzə sultan Qazaq oğlu Şahqulu sultan Ustaclı | |
1548 – 1550 | |
Sonrakı | Keçəl Şahverdi |
1551 – 1568 | |
Əvvəlki | Hüseyncan sultan Rumlu |
Sonrakı | Məhəmməd xan Ustaclı |
Şəxsi məlumatlar | |
Doğum yeri | İrəvan, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | İrəvan, Səfəvilər dövləti |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Həmzə sultan Qazaq |
Uşaqları | Məhəmməd xan Ustaclı «Toxmaq», Şahəli sultan Ustaclı, Allahqulu bəy, Imamqulu bəy |
Həsən bəy Rumlu 1544-cü ildə baş vermiş hadisələrdən bəhs edərkən Həmzə sultan Qazağın oğlu Şahqulu sultanın Məşhəd hakimi olduğunu qeyd edir. O, həmçinin Kirman və Astrabadda da hakim olmuşdu.[1]
H.974-cü (1567) ildə Sultan Süleymanın vəfatı ilə əlaqədar Şah Təhmasibin başsağlığı vermək, Sultan Səlimin hakimiyyətə keçməsini təbrik etmək üçün vəzir Murad bəy İsfahani və 500 nəfər gənc ilə Çuxursəd hakimi Şahqulu sultanı da Osmanlı dövlətinə elçi göndərməsi onun Səfəvilər sarayında yüksək nüfuz sahibi olduğunu göstərir. O, Ədirnədə Sultan Səlimlə görüşmüş və Şahın göndərdiyi məktubu, hədiyyələri ona vermişdir.[2]
Həyatı
redaktəŞahqulu sultan Ustaclı Ustaclı boyunun məşhur nümayəndələrindən biri olan Çayan sultanın qardaşı Qazax sultanın oğlu idi. Əmisi Çayan sultan Hüseyn bəy Lələdən sonra Şah İsmayılın əmir əl-ümərası olmuşdu.[3] Şahqulu sultanın doğum tarixi haqqında mənbələrdə məlumat yoxdur. Anonim müəllif tərəfindən qələmə alınan “Tarixi-Qızılbaşan” əsərində onun haqqında müfəssəl məlumat verilib:
“Başqa birisi Qazax sultanın oğlu- Çayan sultanın qardaşı oğlu- Şahqulu sultandır ki, uzun illər Şah Təhmasibin adından Məşhəd hakimi idi və 958-ci ildə (1551) Şah Təhmasib onu çağırıb İsmayıl Mirzənin lələsi təyin etdi. Hüseyncan sultan Rumlunun vəfatından sonra Çuxursədin əmir əl-ümərası oldu və Şah Təhmasib onu Ruma səfir göndərdi. Oradan qayıtdıqdan sonra Qəzvin şəhərində axirətə köçdü. Şah Təhmasib onun qoşununu Məhəmməd xana tapşırdı.”[4]
1539-1540-cı ildə Astrabadda Xoca Məhəmməd Saleh Bitikçinin qiyam qaldırması və vilayətdə idarəçiliyi ələ keçirməsi xəbəri tezliklə Şah Təhmasibə çatdırıldıqda o, lazımı tədbirlərin görülməsi barədə göstəriş verdi. Onun fərmanı əsasında qoşun dəstəsi təşkil edildi və həmin qoşun dəstəsinə rəhbərlik Şahqulu sultan Ustaclu, Əmir sultan Rumlu, Hüseyncan sultan Rumlu və Həsən bəy Şamluya tapşırıldı. Fərmana əsasən, bu qüvvələr Astrabada yollanmalı və bölgəyə yetişdikdən sonra Astrabadın keçmiş hakimi Sədrəddin xan Ustaclı və onun ətrafında olan qoşun dəstəsi də həmin qüvvələrə qoşulmalı idi.[5] Şahqulu xan Ustaclı və adları çəkilən digər əmirlər dərhal bölgəyə yollandılar. Sədrəddin xan isə Şah Təhmasib tərəfindən göndərilən qoşun dəstəsinin yaxınlaşması xəbərini eşidincə fəallıq nümayiş etdirdi və Astrabad üzərinə hərəkət etdi. Məhəmməd Saleh Bitikçi məğlub edilib Şahın əmri ilə öldürüldü.[6]
1540-cı ildə Rüstəmdar hakimi Məlik Cahangir ibn Kavus da ətrafına qüvvə toplayaraq mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdı. Bu qiyam da Şah Təhmasibin müdaxiləsi nəticəsində tez bir zamanda yatırıldı. Şahın əmri ilə Rüstəmdara göndərilən qoşunun tərkibində Şahqulu sultan Ustaclının da adı çəkilir.[7][8]
Məşhəd hakimi kimi
redaktəHəsən bəy Rumlu “Əhsən ət-Təvarix” əsərində 1544-cü ildə Hümayun şahın gəlişi zamanı Şahqulu sultan Ustaclının Məşhəd hakimi olduğunu qeyd edir.[2] Hümayun və yanındakılar 1544-1545-ci ildə Cəmin Hərcərd kəndində yerləşən Şah Qasım Ənvarın məzarını ziyarət etdikdən sonra Məşhədə doğru hərəkət edirlər. Şah Təhmasibin fərmanına uyğun olaraq Hümayun şah Məşhəddə də çox böyük bir təntənə və izdihamla qarşılandı. 1544-cü il aprel ayının 8-də Məşhəd hakimi olan Şahqulu sultan Ustaclı bu böyük qonağın gəlməsi xəbərini alınca şəhər əyanları və əmirləri ilə birlikdə onu Məşhədin üç fərsəngliyində qarşıladı. Bu izdihamın əhatəsində də Hümayun şah Məşhədə daxil oldu və mövcud məlumatlara görə, 40 gün ərzində bu şəhərdə qonaq qaldı.[9]
1545-ci ildə Din Məhəmməd xan Özbək Xorasana hücum edir. Şahqulu sultan Ustaclı bir dəstə mülazimi ilə şəhərdən çıxmışdı. Onlar Türüq ətrafında ətrafında olarkən xəbər gəldi ki, Din Məhəmməd və özbəklər şəhərə hücum çəkiblər. Özbəklər onun qoşun böyüklərindən 60 nəfəri, o cümlədən Əhməd ağa Eşikağası, Möhürdar və digərlərini qətlə yetirdilər. Bundan sonra onlar şəhəri tərk edərək Nişabura üz tuturlar.[10]
H. 955 (1548)-ci ildə Həmzə Sultan Qazaxın oğlu Şahqulu sultan Ustaclı Astrabad hakimi idi. 1548-ci ildə Əli Sultan Özbək 6 minlik qoşun ilə Astrabad üzərinə hücuma keçir. Bu barədə “Əhsən ət-Təvarix”də yazılır:[11]
“Bu il Əli sultan Özbək altı min süvari götürüb, qələbə və yağmaçılıq surətini qara qələmlə və cəhalət mürəkkəbi ilə öz xəyal lövhəsinə qeyd edərək Astarabada basqına gəldi. Şahqulu sultan Ustaclu cövşən deşən dilavərlərdən yeddi yüz nəfərlə qızmış şir kimi Cürcan cəngəlliyindın çıxıb Əli sultana həmlə etdi. Tam təəccüblüdür ki, özbəklər də yerlərində möhkəm dayandılar. Xülasə, o iki igid qoşun intiqam qılınclarını qından sıyırıb baş səpməklə (baş kəsməklə) məşğul oldular. Nəhayət, düşmənlər arxalarını çevirib qaçmağa üz qoydular. Namuslu dilavərlər Günbədi-Qabusa qədər özbəkləri təqib etdilər, onlardan üç yüz nəfəri qətlə yetirdilər və özbəklərin başlarını dinin pənahı olan şaha göndərdilər. Şahqulu sultanın qasidi Azərbaycanda aləmin pənahı olan şahın ordusuna çatdı və Əli sultanın məğlubiyyətini ərz etdi. O həzrət xeyli sevindi.”[11]
Çuxursəd hakimi kimi
redaktə1549-1550-ci ildə İsgəndər paşa Çərkəz kürdlərin dəstəyini toplayıb Çuxursəd üzərinə yürüşə başlayır. O qızılbaşları məğlub edib İrəvan bazarını yandırır və Vana qayıdır. Bu xəbəri eşidən Osmanlı sultanı Sultan Süleyman onu mükafatlandıraaq Ərzurumun hakimiyyətini ona verir. Beləliklə İsgəndər paşa Səfəvilər ilə Osmanlı dövləti arasında yeni münaqişələrin yaranmasına səbəb olur. Qızılbaş əmirləri bir neçə dəfə ona məktub göndərib bu düşmənçilikdən əl çəkməsini istəsələr də İsgəndər paşa bu məktublara təhdidkar cavablarla qarşılıq verir. Bu zaman Şahqulu sultan Ustaclı da İsgəndər paşaya göndərdiyi məktubda Şah Təhmasibə qarşı hərəkətlərinə görə onu qınadığını bildirsə də, İsgəndər paşa bu məktuba məhəl qoymayır. 1551-ci ildə Şah Təhmasib Şahqulu sultanı İsmayıl Mirzənin lələsi təyin edir və Hüseynxan sultan Rumlunun ölümündən sonra Çuxursəd əmir əl-ümərası vəzifəsinə keçir.[4]
Əbdi bəy Şirazi də Həmzə sultan Qazağın oğlu Şahqulu sultanın 1551-ci ildə Məşhəd hakimi vəzifəsindən azad olunub, Çuxursədə bəylərbəyi təyin edildiyini təsdiqləyir.[2]
Hicri 958 (1551)-ci ildə I Şah Təhmasib Şəkinin müstəqilliyinə son qoymaq qərarına gəldi. Şah Təhmasib Şəki hakiminin üsyankar rəftarına qarşı cavab vermək məqsədilə 1551-ci ildə Şəki üzərinə yürüşə başlayır. Bu zaman Şəki hakimi Dərviş Məhəmməd xana nifrət bəsləyən gürcülər də I Təhmasibin yanına gəlib öz itaətlərini bildirirlər. Səfəvi ordusunun gəldiyi xəbərini eşidən Dərviş xan Gələsən-Görəsən qalasına sığınır. Digər əyanlar isə Kiş qalasına göndərildi. Şahqulu sultan Ustaclı, Sevindik bəy Qorçubaşı və Bədr xan Ustaclı Kiş qalasına göndərilən əyanlar idilər. [12]
Şahzadə Bəyazidin Səfəvi dövlətinə sığınması
redaktə1559-cu ildə Osmanlı şahzadəsi Sultan Bəyazid də Səfəvi dövlətinə pənah gətirərkən əvvəlcə Çuxursədə gəlmiş, Şahqulu sultana sığınmışdı. Bəyazid İrəvana gəldikdən sonra Şahqulu sultan sığınanların sayca çox olması səbəbindən narahatlıq duyaraq onların tələblərini bir elçi vasitəsilə Qəzvinə, Şah Təhmasibə çatdırdı. Bəyazid də onunla birgə öz elçisi Əli Ağa Çavuşbaşını şahın sarayına göndərir.[13] O qorxurdu ki, Amasya sülh müqaviləsinə əsasən yenidən Osmanlı dövlətinə qaytarılacaq. Şahqulu sultan osmanlılara yazdığı cavab məktubunda Bəyazidin şah tərəfindən tez bir zamanda onlara təhvil veriləcəyini bildirmişdi.[14] Bu müddət ərzində Şahqulu sultan Bəyazidi orada gecikdirməyə davam etdi. Əli Ağa Çavuşbaşı və Şahqulu sultanın elçisi Qəzvində Təhmasibin hüzuruna çıxdı. Şah Təhmasib Şahqulu sultana əmr göndərdi ki, Bəyazidə yaxşı qonaqpərvərlik göstərsin. Şah Təhmasib həmçinin Əli ağa Çavuşbaşının yanında and içdi ki, şahzadəni təslim etməyəcək. Bundan sonra öz elçisini Bəyazidin elçisi ilə birgə 1558-1559-cu ildə çoxlu hədiyyələrlə Çuxursədə göndərdi ki, Bəyazidi Qəzvinə gətirsinlər. Şah Təhmasib yol boyu əyalət hakimlərinə Osmanlı şahzadəsini yaxşı qarşılamağı əmr etmişdi. Şah Bəyazidə yazdığı məktubda Səfəvilərin yanına gəldiyinə görə çox sevindiyini bildirir. Şahın əmri ilə Şahqulu sultan Bəyazidi Naxçıvana qədər yola salacaqdı. Burada isə onu Azərbaycan vəziri Abdullah qarşılamalı idi. Elçi və Şahqulu sultan Ustaclı Bəyazid və tərəfdarları ilə birgə Təbrizə doğru hərəkətə başladılar. Şah Təhmasibin əmri ilə Şahqulu sultan Naxçıvanda onlardan ayrılıb İrəvana qayıtdı.[13]
Osmanlıya səfər etməsi
redaktəŞahzadə Bəyazidin qətlindən sonra da onunla bağlı olan məsələ iki dövlət arasında mövcud olan münasibətlər çərçivəsində yenidən gündəmə gəlmişdi. Belə ki, Osmanlı casusları saraya şayiə xarakterli məlumatlar çatdırırdılar ki, guya Şahzadə Bayəzidin böyük oğlu Orxan qətlə yetirilməyib və Səfəvi ərazisində sağ-salamat qalmaqdadır. Bu xəbər II Sultan Səlimi kifayət qədər təşvişə saldı və hakimiyyətə yiyələndikdən sonra tez-tələsik Səfəvi sarayına öz elçisini göndərməkdə məqsəd də həmin məlumatın doğru olub-olmadığını yoxlamaq idi. Çünki Orxanın sağ qalması və onun taxt-tac üçün iddia qaldırması Sultan Səlim hakimiyyəti üçün təhdidə çevrilə bilərdi. Osmanlı elçisi Qəzvində olarkən bu məsələ ilə ətraflı maraqlandı. Səfəvi sarayının əmir və əyanları da onu inandıra bildilər ki, Şahzadə Bayəzidin oğlunun sağ qalması və onun Səfəvi hüdudları daxilində yaşaması məsələsi həqiqətdən uzaqdır.[15] Bu məlumat Sultan Səlimə çatdırıldı və bildirilir ki, bu məlumatı alandan sonra Sultan Səlim də öz taxt-tacının gələcəyinə görə bir qədər xatircəm oldu. Lakin mövcud olan məlumatlar görə, Sultan Səlimin bu narahatçılığı aradan qalxmayıbmış. Belə olduqda Şah Təhmasib həm yeni sultanın taxta çıxmasını təbrik etmək, həm Sultan Süleymanın ölümü ilə bağlı baş sağlığı vermək həm də sultanı Bəyazidin oğlunun sağ qalması məsələsində arxayın salmaq üçün 1567-ci ildə Şahqulu sultan Ustaclını, Murad bəy İsfahani və 500 nəfər gənc ilə birlikdə Osmanlı sarayına elçi göndərdi. Şahqulu sultan Ədirnədə Sultan Səlimlə görüşmüş və Şahın göndərdiyi məktubu, hədiyyələri ona vermişdir. Mənbələrin verdiyi məlumata görə bu məktub 70 gəz uzunluğunda idi və 8 ay müddətində yazılmışdı. Məktubunda Şah 95 türkcə beytə də yer vermişdi. Elçilik heyətində qızıl ilə bəzənmiş paltarlar, külçələr dolu 300 süvari də varidi. Bu süvarilərin atlarının əyəri də qızıl və gümüşdən hazırlanmışdı. Şahqulu sultanın paltarındakı mücəvhərlər olduqda çox və diqqətə layiq idi. Şah həmçinin onunla Sultan Süleymanın ölümü ilə bağlı Osmanlıda yaşayan yoxsullara paylamaq üçün böyük bir miqdar pul da göndərmişdi. Lakin bundan xəbər tutan Sultan Səlim 15 aprel 1568-ci ildə Şərqi Anadolu hakimi Piyalə paşaya əmr edir ki, Şahın göndərdiyi pullar yoxsullara paylanılmasın. Buna səbəb Osmanlı hakimini Səfəvilərin Anadolu türkləri arasında propaqanda aparacağından qorxması idi.[16]
Ölümü
redaktəŞahqulu sultan Ustaclı 1568-ci ildə Ədirnədən qayıtdıqdan sonra Qəzvində vəfat etdi. Onun ölümündən sonra qoşunu oğlu Məhəmməd xan Toxmağa verildi.
Ailəsi
redaktəMəhəmməd xan Ustaclı - vaxtilə Çuxursəd bəylərbəyi olmuş Şahqulu sultanın oğlu idi və atasının vəfatından sonra onun vəzifəsinə sahib olmuşdu. Toxmaq xan ləqəbi ilə məşhur olan Məhəmməd xan Ustaclının rəhbərlik etdiyi elçilik heyəti 1576-cı il may ayının 4-də İstanbula yola düşmüş, Səfəvi elçiliyi bu dəfə səfərdə də çox böyük təntənə ilə qarşılanmışdı. Belə ki, elçilik heyəti İstanbula daxil olanda yeniçəri ağası olan Çığalzadə (Sinan paşa) at belində Məhəmməd xan Ustaclını qarşılayıb onun sol tərəfində qərar tutdu. Elçilik heyətinin qarşılanmasına gəlmiş Bolqarıstan bəylərbəyi isə Məhəmməd xanın sağ tərəfi ilə hərəkət etməyə başladı. Bununla Səfəvi elçisinə yüksək qonaqpərvərlik göstərildi.
İstinadlar
redaktə- ↑ Bayramlı, 2015. səh. 38
- ↑ 1 2 3 Bayramlı, 2015. səh. 215
- ↑ Məhəmmədi, 1993. səh. 28
- ↑ 1 2 Məhəmmədi, 1993. səh. 29
- ↑ Rumlu, 2017. səh. 514
- ↑ Musalı, 2020. səh. 116
- ↑ Musalı, 2020. səh. 147
- ↑ Rumlu, 2017. səh. 523
- ↑ Musalı, 2020. səh. 476
- ↑ Cavanşir, 2007. səh. 469
- ↑ 1 2 Rumlu, 2017. səh. 546
- ↑ Bayramlı, 2015. səh. 155
- ↑ 1 2 Cavanşir, 2007. səh. 470
- ↑ Rumlu, 2017. səh. 588
- ↑ Musalı, 2020. səh. 381
- ↑ Cavanşir, 2007. səh. 471
Həmçinin bax
redaktəMənbə
redaktə- Bayramlı, Zabil Həsrət oğlu, [ (az.) AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU] (#bad_url), Bakı: «AVROPA» nəşriyyatı, 2015
- Əfəndiyev, Oqtay. Azərbaycan Səfəvilər dövləti (az.). Bakı: Şərq-Qərb. 2007. ISBN 978-9952-34-101-0.
- Süleymanov, Mehman. Səfəvilər. Şah Təhmasib (az.). V. Bakı: Maarif. 2020. ISBN 978-9952-37-141-8.
- Cavanşir, Babək. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576) (türk). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007.
- Məhəmmədi, M.Ə. Tarix-i Qızılbaşan (türk). Bakı: Azərbaycan nəşriyyatı. 1993.
- Rumlu, Həsən bəy. Əhsənüt-təvarix (az.). Bakı: Uzanlar. 2017. ISBN 978-605-030-641-5.
Əlavə ədəbiyyat
redaktə- Qaradağlılar (2008) Müəllif: Ənvər Çingizoğlu Bakı, "Şuşa" nəşriyyatı, 2008, 160 səh.
- Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri
- Münşi Türkman, İsgəndər bəy. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF) (az.). Bakı: Təhsil. 2009.