Xiosun Fethi - Wikipedia
Xios (Saqqız) adasının fəthi — Kapitandərya Piyalə Paşanın komandanlığında Osmanlı donanmasının dəniz əməliyyatı. Osmanlı donanması 1566-cı ildə Xios (Saqqız) adasını ələ keçirərək Osmanlı imperiyasına birləşdirdi. Adada Osmanlı inzibatı sisteminə daxil olan ikinci səviyyəli Saqqız sancağı yaradıldı. Sancaq mərkəzi hökumətə vassal tabeliyi ilə bağlı idi. Xios adası İtaliya-Osmanlı müharibəsi zamanı Osmanlı hökumətinin nəzarətindən çıxdı. Ada 1912-ci ilin yayında italyanlar tərəfindən ələ keçirildi.[1][2] 1912-ci ilin noyabrında isə Birinci Balkan müharibəsi zamanı yunanlar Xios adasını birdəfəlik Yunanıstana birləşdirdilər.[3]
Xiosun fəthi | |||
---|---|---|---|
| |||
Tarix | 15 aprel 1566 | ||
Yeri | Xios, Egey dənizi | ||
Səbəbi | Malta hücumu zamanı Xiosdan Malta cəngavərlərinə kömək göndərilməsi | ||
Nəticəsi | Xios adası Osmanlı imperiyasına birləşdirildi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Tarixi
redaktəXios (Saqqız) adası tarixində bir neçə dəfə müsəlman hökmdarların idarəçiliyinə tabe olub. 670-ci ildə Əməvilər xilafəti tərəfindən qısa müddətə Bizans imperiyasından alınan ada, 1089-1091-ci illər arasında İzmir və ətrafında bəylik quran türk dənizçisi Çaka bəy tərəfindən ələ keçirildi. Dördüncü Səlib yürüşündən sonra ada Bizans imperiyasının yerində qurulan Latın imperiyasının tabeliyinə keçdi. VIII Mixael dövründə genuyalılar Bizansda üstünlük əldə etdikdə, 1261-ci il Nif müqaviləsi ilə Xiosda genuyalılara konsul təyin etmək və bazar yeri açmaq kimi imtiyazlar verildi. Növbəti imperator II Andronik Paleoloq Aydınoğulları bəyliyinin təhlükəsi qarşısında 1304-cü ildə Genuya konsulu Benedetto Zakkariyadan kömək istədi. Nəticədə Xios adaları onun nəzarətinə keçdi və o, adanın ilk Genuyalı senyoru (başçısı) oldu. Məntəşəoğulları bəyliyinə aid otuz gəmidən ibarət türk donanması 1306-cı ildə adayı talan edərək əhalisini əsir götürdü. 1319-cu ildə ikinci hücum uğursuz oldu. Yenidən Bizans tabeliyinə keçən ada Genuyalı Simone Vignosi (15-21 iyun 1346) tərəfindən işğal edildi. Zəif durumda olan Genuya Respublikası gəmi sahibi Simone Vignosi ilə razılaşdı və Genuya ərazisi sayılan Xiosda Maona adlı şirkətin hakim hüququnu tanıdı. Şirkət saqqız məhsullarına əsaslanan ortaq tərəfdaşlıq monopoliyasına əsaslanan respublika sisteminə bənzər bir idarə qurdu. Ada həm də Genuya Maona dövründə qul ticarəti mərkəzinə çevrildi.
Maona rəhbərliyi Aralıq dənizindəki bu strateji adanı Venesiya Respublikasının təzyiqinə qarşı saxlamaq üçün Qərbi Anadolu türkmən bəylikləri Aydınoğulları və Sarıxanoğulları bəyliklərinə hər birinə olmaqla 500 dukat qızıl vergi verirdi. İldırım Bəyazid bu bəylikləri Osmanlı imperatorluğuna birləşdirərkən Xios adasına buğda göndərilməsini qadağan etdi və onun fəthinə 60 gəmilik donanma göndərdi. 1412-ci ildə Genuya və Rodosun köməyi ilə Osmanlının Sakız adasına ikinci hücumunun qarşısı alındı. 1428-ci ildə I Mehmedin İzmiri mühasirəyə alması zamanı bağlanan müqavilə ilə Xios adasının illik vergisi 4000 dukata qaldırıldı. II Murad dövründə Xiosun xərac vermə statusu davam etdi. Ada ilə münasibətlərdə dostluq siyasəti davam etdi vəə 1431-ci ildə adanı mühasirəyə alan Venesiyalılara qarşı Osmanlı donanmasından kömək istəndi. II Mehmed İstanbulu fəth etdikdən sonra Xios-Osmanlı əlaqələrinin kursu dəyişdi. Maona administrasiyası İstanbula səfirlər göndərərək illik vergini 6000 dukata çatdıraraq sülhün bərqərar olmasına nail oldu. Bununla belə, II Mehmed 1455-ci ildə adaya əvvəlcə Həmzə bəyin, sonra isə Yunus bəyin komandanlığı ilə iki donanma göndərsə də, heç bir nəticə əldə edə bilmədi. 1456-cı ildə Xios adasına daha böyük bir yürüşə hazırlıq görülərkən, bu dəfə vergi 10.000 dukat artırılınca hücum planı ləğv edildi.
Fəthin səbəbləri
redaktəSonrakı illərdə vergilərin ödənilməsi mütəmadi olaraq həyata keçirildiyi halda, Qanuni I Süleymanın hakimiyyətinin sonunda üç il müddətində ödənişlərin kəsilməsi münasibətlərdə gərginliyə səbəb oldu. Gərginliyin digər səbəbi 1565-ci ildə Maltanın mühasirəsi zamanı Xios adasından Hospitalyerlər Cəngavərlərinə göndərilən yardım idi.
Xios hakimləri xəbərdarlıqlara baxmayaraq üç il vergi borclarını ödəməyincə, Osmanlı Dövləti 1565-ci ilin aprelində onlara məktub göndərərək bu gecikmənin səbəblərini soruşdu və borclarını ödəmələrini istədi. Bu xəbərdarlıqdan sonra Xios hakimləri dərhal İstanbula nümayəndə göndərərək 156.356 akça Osmanlı xəzinəsinə təhvil verdilər və qalan 413.644 akça üçün 40 gün müddət tələb etdilər. Bu tələblər qəbul edilsə də, ödəmə müddəti bitəndə qalan borc ödənilmədi.
Belə olan halda Osmanlı dövləti vergi toplamaq üçün 1565-ci ilin sonunda Tulumbacılar çavuşlarından Hüseyni Xios adasına göndərdi. Xios adasının hakimləri sözügedən məbləği toplamaq üçün vaxt lazım olduğunu bəhanə edərək diqqəti yayındırma taktikasını davam etdirdilər. 28 mart 1566-cı ildə Osmanlı dövlətinin Hüseyn Çavuşdan xəbər alınmaması və vergilərin ödənməməsi səbəbilə I Süleyman adaya donanma göndərmək qərarına gəldi. Yığılan pulların kimdə olduğunu müəyyən etmək üçün donanmanın komandanı Piyalə Paşaya Hüseyn Çavuş və Xios hakimlərini həbs edərək İstanbula gətirmək əmri verildi.
Adanın fəthi
redaktəPiyalə Paşa 26 mart 1566-cı ildə 70 gəmi ilə İstanbuldan yola düşdü. Geliboludakı donanmaya daha 10 gəmi qoşuldu. Donanma 14 aprel 1566-cı ildə Xios adasının şərqindəki Passaggioda lövbər saldı. Maona sinyoru Yincenzo Giustiniani limana gəlib pulu çatdırmadı. O, Pasxa bayramını bəhanə edərək Piyalə Paşa ilə görüşməyə getmədi və yerinə iki nümayəndə göndərdi. Piyalə paşa nümayəndələri dinlədikdən sonra onların şəhərə qayıtmasına icazə verdi. 1566-cı il aprelin 15-də donanmanı üç yerə bölərək Xios limanına daxil oldu.
Əslində yalnız Xios vergisinin yığılmasından məsul olan Piyalə Paşa adanın 12 hakimini öz hüzuruna dəvət etdi. Lakin onlardan borcun uzun müddətdir ödənilə bilmədiyi cavabını alanda onları həbs edərək zəncirlədi. Piyalə Paşanın əmri ilə hərəkətə keçən yeniçərilər çox zəif müqavimətlə qarşılaşaraq şəhəri və qalanı ələ keçirdilər. Beləliklə 1346-cı ildən Genuya Respublikasının mülkiyyətində olan Saqqız adaları Osmanlı mülkiyyəti oldu.[4]
Daha sonra Egey dənizindən çıxaraq Adriatik dənizinə doğru hərəkət edən Osmanlı Donanması İtaliyanın Apuliya sahillərini taladı. Bu əsnada Zigetvar mühasirəsi zamanı vəfat edən Sultan Süleyman Qanuninin yerinə II Səlim taxta çıxdı. İstanbulda yeni sultan taxta çıxana qədər Piyalə Paşanın komandanlığı altında donanma paytaxta qayıtdı.
Genuya Respublikasının ən şərq mülkü olan Xiosu itirməsi, sərvəti Aralıq dənizi ticarət yollarından asılı olan bu dəniz ticarəti dövlətinə böyük zərbə oldu. Osmanlı imperatorluğu Genuyaya aid bir torpaqda əməliyyat apararkən, bu ölkənin əslində Osmanlıların müharibə etdiyi İspaniya Krallığı ilə ittifaqda olması ilə də bağlı idi.
Adada Osmanlı idarəçiliyi
redaktəSaqqız adasının Osmanlı torpaqlarına qatılması ilə keçmiş Bizans imperiyasının son Genuya koloniyası da yox oldu. Piyalə Paşa Saqqız şəhərinə daxil olduqdan sonra kilsələrdən birini məscidə çevirib və Qanuni I Süleyman adına xütbə oxutdu. Adaya sancaq statusu verildi və o Arxipelaq Əyalətinin bir hissəsi oldu. Kırşəhər bəyi Qəzənfər bəyi 50.000 akça qarşılığında adaya sancaq bəyi göndərdilər.
Eyni zamanda adaya qadı, imam, hatip və müəzzin təyin edildi. Bundan başqa, Sakız adası xalqının məhkəmədəki işlərini asanlaşdırmaq məqsədi ilə tərcüməçi vəzifəsi təsis edildi. Osmanlı administrasiyası qurulandan sonra Sakız adasında qeydiyyat aparıldı. Bunun nəticələrini əks etdirən 1566-cı il tarixli iki reyestrdən birincisində adanın 8 şəhər, 31 məhəllə, 52 kənd və 58 monastırdakı mülkləri hesablanmışdı. 1567-ci ildə edilən ikinci siyahıyaalmada təsərrüfat və cizyənin miqdarı müəyyən edilmişdir. Yenə Saqqız adasının ələ keçirilməsindən bir müddət sonra Fransanın İstanbuldakı səfirinin xahişi ilə bir fərmanla adadan sürgün edilən katoliklərin geri qayıtmasına və öz kilsələrinə sahib olmasına icazə verildi. Sakız adasının katolik sakinlərinin bir hissəsi Qalatada (1453-cü ilə qədər keçmiş Genuya koloniyası) məskunlaşdı.[5]
İstinadlar
redaktə- ↑ Spencer C. Tucker; Priscilla Mary Roberts. World War I: A Student Encyclopedia. səh. 946.
- ↑ Emigrant nation: the making of Italy abroad Arxivləşdirilib 2023-04-30 at the Wayback Machine, Mark I. Choate, Harvard University Press, 2008, ISBN 0-674-02784-1, page 176.
- ↑ Fotakis (2005), pp. 45–46
- ↑ "Chius Vincta or the Occupation of Chios by the Turks (1566) and Their Administration of the Island (1566–1912)", Described in Contemporary Diplomatic Reports and Official Dispatches, Philip P. Argenti, Cambridge (1941), I. Bölüm
- ↑ "The Papacy and the Levant, 1204-1571, Kenneth Meyer Setton, American Philosophical Society (1984), c.4, s.899
Xarici keçidlər
redaktə- İslam Ansiklopedisi, "Sakız Adası" maddesi (Ali Fuat Örenç), cilt: 36, sayfa: 6-7
- "Sakız'ın Türk Hakimiyeti Altına Alınması", Şerafettin Turan; Tarih Araştırmaları Dergisi, c. IV, Sayı: 6-7, (1966) s. 173-199
- "Büyük Osmanlı Tarihi", Joseph von Hammer, c. 6 sa. 215-216
- Naval wars in the Levant 1559-1853 (1952) - R. C. Anderson ISBN 1-57898-538-2