Vasinqton Delaveri Kecir - Wikipedia
"Vaşinqton Delaveri keçir" (ing. Washington Crossing the Delaware) — alman əsilli amerikalı rəssam Emanuel Qottlib Loytz tərəfindən 1851-ci ildə yağlı boya ilə çəkilmiş rəsm əsəri. Bu rəsmdə ABŞ İstiqlal müharibəsi gedişində general Corc Vaşinqtonun 1776-cı il 25-26 dekabr tarixində Delaver çayını keçmə səhnəsi təsvir olunmuşdur. Rəsmdə təsvir olunmuş səhnə Nyu Cersidə Trentonda məskunlaşmış Hessian ordusuna qarşı gözlənilməz hücumla nəticələnəcək ilk addım idi. Hessian ordusu ABŞ İstiqlal müharibəsi zamanı Böyük Britaniya tərəfindən iştirak edən Almaniyanın Hessen vilayətindən olan muzdlu döyüşçülərdən ibarət dəstə idi.
Vaşinqton Delaveri keçir | ||
---|---|---|
ing. Washington Crossing the Delaware | ||
| ||
Rəssam | Emanuel Loytz | |
Tarixi | 1851 | |
Üslubu | tarix rəssamlığı | |
Texnikası | Yağlı boya | |
Ölçüləri | 378,5 sm[1] × 647,7 sm[1] | |
Materialı | Kətan | |
Saxlanıldığı yer | Metropoliten muzeyi | |
Saytı | wga.hu/html/l/leutze/del… | |
İnventar nömrəsi | 97.34[1] | |
Vikianbarda əlaqəli mediafayllar |
Rəsmin orijinalı Bremen rəsm qalereyasında (Kunsthalle) olan kolleksiyanın bir hissəsi olmuşdur. Lakin 1942-ci ildə İkinci dünya müharibəsi zamanı bombalanma reydi zamanı rəsm əsəri məhv olmuşdur. Loytz bu rəsmin daha iki versiyasını da yaratmışdır. Həmin surətlərdən biri Nyu-Yorkda Metropoliten muzeyində yerləşir. Digər versiyası vaxtilə Ağ evdə olsa da, sonradan Minnesota ştatında yerləşən Uinona şəhərində olan Minnesota Dəniz incəsənət muzeyinə gətirilmişdir.[2] 2022-ci ilin aprelində Christie's daha kiçik rəsm əsərinin may ayında hərracda satılacağını, satışdan əvvəl 15-20 milyon dollar dəyərində qiymətləndiriləcəyini bildirdi.[3]
Tarixi
redaktəAlman əsilli Emanuel Qottlib Loytz (1816-1868) Amerikada böyümüş, sonradan yetkinlik yaşında Almaniyaya qayıtmışdır. Avropada 1848-ci ildə baş vermiş inqilablar dövründə bu rəsmi yaratmaq ideyası formalaşmışdır. Avropa liberal reformatorlarını Amerika inqilabı nümunəsi vasitəsilə həvəsləndirmək ümidilə o, Amerikalı turist, incənət tələbələrindən model və köməkçi kimi istifadə etmişdir. Onun köməkçiləri arasında rəssamlar Uortinqton Uitric və Andreas Aşenbax kimi rəssamlar olmuşdur. Loytz ilk rəsmi 1850-ci ildə tamamlamışdır. Rəsm yekunlaşdıqdan sonra ilk versiya onun emalatxanasında baş vermiş yanğın səbəbindən zərər görmüşdür.[4] Sonradan rəsm bərpa olunaraq Bremen rəsm qalereyası (Kunsthalle) tərəfindən qəbul edilmişdir. İkinci dünya müharibəsi zamanı 1942-ci ilin 5 sentyabrında rəsm əsəri Müttəfiq qoşunlarının bombalanma reydi nəticəsində məhv olmuşdur.[5]
Birinci rəsmin tam ölçülü təkrarı olan ikinci rəsmin çəkilməsinə 1850-ci ildə başlanmış və 1851-ci ilin oktyabrında Nyu-Yorkda sərgidə nümayiş olunmuşdur. Bu rəsmə baxmaq üçün sərgiyə 50 000-dən çox insan gəlmişdir. Rəsm ilk əvvəl Marşall O. Roberts tərəfindən 10 000 $-a (həmin dövr üçün çox böyük məbləğ hesab olunur) alınmışdır. Bir neçə dəfə sahibini dəyişən rəsm nəhayət, 1897-ci ildə Con Stüart Kennedi tərəfindən alınaraq Metropoliten İncəsənət Muzeyinə bağışlanmışdır.
Rəsm əsəri tarixi boyu ən azı iki dəfə nümayiş olunmuşdur. 1950-ci illərin əvvəllərində rəsm Dallasda təşkil olunan sərginin bir hissəsi idi. Sonradan 1952-ci ilin əvvəlindən başlayaraq bir neçə illər ərzində rəsm, yerləşdiyi məkandan çox da uzaqda olmayan Pensilvaniya ştatında yerləşən Birləşmiş Metodistlər kilsəsində sərgilənmişdir. Hal-hazırda isə rəsm Metropoliten muzeyində sərgilənir.
2002-ci ilin yanvarında Metropoliten muzeyinin keçmiş gözətçisi tərəfindən rəsmə xəsarət yetirilmişdir. Belə ki 11 sentyabr hadisələrini özündə əks etdirən şəkili rəsmin üzərinə yapışdırmışdır. Lakin rəsmə çox da böyük zərər dəyməmişdir.[6]
90 ildən artıq rəsmin olduğu və Loytzun özü tərəfindən hazırlanmış çərçivənin əsil olmaması aşkarlanmışdır. 1864-cü ildə fotoqraf Metyu Bredi tərəfindən çəkilmiş foto 2007-ci ildə Nyu-York Tarix Cəmiyyəti tərəfindən aşkarlanmışdır. Bu fotoda rəsmin qartalla əhatələnmiş çərçivədə olması təsvir olunmuşdur. 12x21 ölçüsündə olan çərçivə şəkil əsnasında Eli Wilner & Company şirkəti tərəfindən hazırlanmışdır.
Kompozisiyası
redaktəRəsm özünün bədii kompozisiyası ilə seçilir. General Vaşinqton qeyri-təbii səma ilə önə çəkilsə də, onun sifəti yaxınlaşan günəş şüalarını qəbul edir. Rəsmdə istifadə olunan rənglər əsasən tünd tonludur. Bu da şəfəqin doğması zamanı anı üçün gözlənilən haldır. Lakin rəsm boyu qırmızı parıltılar təkrarlanır. Rakurs, ayrıca qayıqlar rəsmin bütün dərinliyini və Vaşinqtonu daşıyan qayığı xüsusi vurğulayır. Qayıqda təsvir olunmuş insanlar - üzləri arxa istiqamətə yönlənmiş şotland şlyapasında olan insan, afroamerikalı, başı sarğılanmış fermer, kişi geyimini geymiş qırmızı köynəkli qadın amerikan koloniyalarının köndələn birləşməsini özündə nümayiş etdirirdi. Qayığın arxa hissəsində isə ənənəvi hindu geyimində təsvir olunmuş kişi isə yeni qurulacaq ABŞ-də müvəffəqiyyətə və uğura gedən yolda insanların Vaşinqton ətrafında birləşməsi ideyasını özündə təcəssüm etdirir. Qayıqda olan insanlar arasında bayrağı əlində tutmuş şəxs gələcəkdə ABŞ-nin beşinci prezidenti olacaq Ceyms Monro, bortun üzərində əyləşmis isə general Nataniel Qrin olmuşdur.
Qayığın ön hissəsində olan avarçəkənlərdən biri isə qaradərili Prins Uippldır. Prins Uippl ilk əvvəl qaradərili qul olsa da, ABŞ İstiqlal müharibəsi gedişində sahibi general Uilyam Uippli Nyu-Hempşir yığma qoşununda müşayət etməsi onun azad olmasına səbəb olmuşdur. Bundan başqa, qayıqda əli ilə papağını tutan general Edvard Hand təsvir olunmuşdur.
Tarixi yanlışlıqlar
redaktəTədqiqatçılar rəsmdə bir sıra tarixi və fakt səhvlərinin olmasını qeyd edirlər. Deyildiyi kimi, keçid gecə baş versə də, səma gündüz olduğu kimi işıqlıdır. Bundan başqa, bu hadisənin iştirakçılarının xatirələrinə əsasən, həmin gecə sulu qar yağmışdır. Bundan başqa, ilin həmin vaxtlarında Delaver çayının suları adətən buzun altında olur. Belə ki Loytz rəsmi çəkərkən Almaniyada olmuş və Reyn çayından aldığı təəssüratları rəsmə köçürmüşdür. Vaşinqtonun rəsmdə bu cür duruşu qayığın aşmasına səbəb ola bilərdi.[7] Ancaq tarixçi Devid Fişer bildirir ki, qayıqdakı insanlar qayığın içərisinə daxil olan buzlu sudan qaçmaq üçün ayaq üstə durmalı idilər. Bundan başqa, bu cür keçidləri keçmək üçün istifadə olunan qayıqlar rəsmdə təsvir olunan formada deyildir.
Həmçinin, rəsmdə qayıqda olan insanlarla bağlı uyğunsuzluqlar da vardır. Belə ki, gələcək prezident Ceyms Monro (bayrağı tutan) həqiqətən də bu keçiddə iştirak etmişdir. Lakin o, həmin vaxt gənc leytenant idi. Onun Vaşinqtonla eyni qayıqda olma ehtimalı olduqca azdır. Bundan başqa, qaradərili avarçəkən Prins Uipllin bu keçiddə iştirak etməsi barədə heç bir dəlil yoxdur. Həmin dövrdə 44 yaşı olan Vaşinqton rəsmdə olduğudan yaşlı görsənir.
Rəsmdə təsvir olununmuş ABŞ bayrağının dizaynı ("Ulduzlar və zolaqlar") Vaşinqtonun Delaveri keçməsi zamanı mövcud deyildi. Rəsmdə təsvir olunmuş bayraq 13 ulduzu olan "Betsi Ross" bayrağıdır. Bayrağın dizaynı ancaq 1777-ci il 14 iyun tarixində İkinci Kontinental konqresdə qəbul olunmuş bayraq haqda olan qətnamədə müəyyənləşmişdir. Vaşinqtonun 1776-cı ildə keçidindən 1 il sonra 1777-ci ilin 3 sentyabrında ilk dəfə olaraq dalğalanmışdır. Tarixi dəqiq bayraq ancaq Vaşinqtonun özü tərəfindən 1776-cı il 1 yanvar tarixində Massaçusest ştatında yerləşən Somervilldə Kontinental ordunun standartı qismində qaldırdığı bayraq hesab oluna bilərdi.
Senzura halları
redaktəABŞ-də Loytzun rəsminə məktəb dərsliklərində də rast gəlinir. Məktəb administratorlarının bu rəsmi senzuraya daxil edilməsini tələb etdiyi hallar olmuşdur. Belə ki onlara görə, rəsmdə Vaşinqtonun şalvarında bərkidilmiş və iki dekorativ dairəvi qırmızı rəngli bəzəkdən ibarət olan saat zəncirlərinin detalı bir sıra məktəblidə kişi cinsiyyət orqanı ilə assosiasiya yaratmışdır. Bəzi hallarda minlərlə tirajda buraxılmış dərsliklərdə əl ilə bu detalın rənglənməsi həyata keçirilmişdir.[8][9].
Populyar mədəniyyətdə
redaktə- "Vaşinqton Delaveri keçir" 1936-cı ildə Devid Şulman tərəfindən yazılmış sonetin başlığıdır. Bu sonet rəsmdəki səhnə ilə bağlıdır və hər 14 sətirdən ibarət olan sonetin hər bir sətri başlığın anaqramıdır.
- Rəssam Uilyam Pauell bu rəsmdən ilhamlanaraq 1812-ci il müharibəsi zamanı Eri gölündə baş verrmiş döyüşdə amerikalı kommodor Oliver Perrinin olduğu gəmidən digər gəmiyə komanda verməsini təsvir etmişdir. Rəsmin orijinalı Ohayo ştatındadır. Sonradan Pauell həmin rəsmin daha yüngül tonlarla çəkilmiş və Kapitolidə sərgilənən versiyasını yaratmışdır. Hər iki rəsmdə Oliver Perri kiçik qayıqda bir neçə kişi ilə avarçəkən şəkildə təsvir olunmuşdur. Vaşinqtonun təsvir olunduğu rəsmdə hərəkətin istiqaməti sağdan sola, Perrinin təsvir olduğu rəsmdə hərəkət istiqaməti əks istiqamətdə olsa da, hər iki kompozisiya bir-birinə hədindən çox oxşarlığa malikdir. Hər iki rəsmdə təsvir olunan qayıqda başı sarğılı bir sərnişin təsviri vardır.
- 1953-cü ildə Amerikan Pop Artının nümayəndəsi Larri Rivers "Vaşinqton Delaveri keçir" rəsminin öz versiyasını yaratmış və Nyu-Yorkda Müasir İncəsənət müzeyindəki kolleksiyasına daxil etmişdir.[10]
- Qrant Vud "İnqilabın qızları" rəsmində Loytzun rəsmində birbaşa istifadə etmişdir. Bu rəsmdə təsvir olunan divarda asılmış çərçivədə "Vaşinqton Delaveri keçir" rəsmini görmək olar.
- 2011-ci ilə aid "Ayı balası Vinni və onun dostları" animasiya filminin posterində vinni və dostlarını bal içərisində üzməsini görə bilərik. Burada pələng avarçəkən, Vinni isə Corc Vaşinqton qismində çıxış edir.[11][12]
- "Yer üzündə sonuncu insan" teleserialında baş qəhrəman Fil Miller rəsmdən ədyal kimi istifadə etmişdir.[13]
- Rəsm 1983-cü ildə Sezam küçəsi uşaq televiziya proqramınının "Don't Eat The Pictures" ("Rəsmləri yeməyin") xüsusi buraxılışında da ekranlarda yayımlanmışdır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Metropoliten muzeyi. 1870.
- ↑ "'Washington Crossing The Delaware' art piece on display at MMAM". News8000.com. Morgan Murphy Media. March 22, 2015. November 18, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 15, 2015.
- ↑ "Washington Crossing the Delaware' Is Up for Sale. (Not That One.): It's a smaller version of the giant painting at the Met in New York, and it hung in the White House for years. Christie's thinks it could sell for at least $15 million next month". 2022-04-26. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-26.
- ↑ "Permanent Revolution". New York magazine. Sep 10, 2012. April 8, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 8, 2017. (#apostrophe_markup)
- ↑ Spassky, Natalie. Washington Crossing the Delaware // American Paintings in The Metropolitan Museum of Art. A Catalogue of Works by Artists Born between 1816 and 1845. 2. The Metropolitan Museum of Art. 1985. 17–18. ISBN 978-0-87099-439-5.
- ↑ "Painting gets 9/11 Defacing". 2010-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-08.
- ↑ Associated Press. "N.Y. museum to unveil more accurate version of George Washington's Delaware River crossing". NJ.com. The Star Ledger. December 24, 2011. November 4, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 25, 2011.
- ↑ "Education: Washington painting censored for school book" (HTML). BBC News — news.bbc.co.uk. 8 октября 1999. 2018-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.08.2013.
- ↑ Michael King. "The Battle of Washington's Bulge" (HTML). Austin Chronicle — www.austinchronicle.com. 22 ноября 2002. 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.08.2013.
- ↑ "On seeing Washington Crossing the Delaware, by Larry Rivers retrieved June 22, 2008". December 16, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 8, 2017.
- ↑ "Arxivlənmiş surət". 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-08.
- ↑ "Arxivlənmiş surət". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-08.
- ↑ ""The Last Man on Earth" is a wicked satire of romantic comedies, Washington Post, March 2, 2015, Retrieved Jan. 15, 2017". October 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 8, 2017.