Suleyman Bey Efendiyev - Wikipedia
Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev (5 oktyabr 1864, Ağdam, Şuşa qəzası – 21 fevral 1919, Ağdam, Gəncə quberniyası) — Azərbaycan hərbiçisi, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə Milli Ordu sıralarında xidmət etmiş 27 generaldan biri.[1]
Süleyman bəy Əfəndiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 oktyabr 1864 |
Doğum yeri | |
Vəfat tarixi | 21 fevral 1919 (54 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | süvari |
Rütbəsi | general |
Təltifləri |
Həyatı
redaktəSüleyman bəy Əlisüleyman oğlu1864-cü il oktyabrın 5-də Ağdamda dünyaya gəlmişdir. İlk təhsilini Gəncədəki progimnaziyada almışdır.
On altı yaşında həmin məktəbi bitirən Süleyman bəy 1880-ci ildə Yelizavetqrad süvari məktəbinə daxil olmuş və oranı 1885-ci ildə müvəffəqiyyətlə bitirmişdir. Hərbi xidmətə Qafqaz süvari ordusunun polis nəzarəti idarəsində başlayan gənc zabit Süleyman bəy iki il sonra, mayın 18-də kornet-zabit rütbəsi ilə təltif olunmuşdur.
Bundan sonra isə onun Rusiya ordusu tərkibində xidmət yolu başlandı. Süleyman bəyin xidmət yolu əsasən Qafqazla bağlı idi. Eskadron komandiri Süleyman bəy Əfəndiyev nümunəvi xidmətinə görə 1899-cu il martın 15-də rotmistr rütbəsinə layiq görülmüş və ona kavaler kimi fəxri ad verilmişdir. 1900-cü ildə isə üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunmuşdur.
Əsrimizin əvvəllərində xidmət yeri bir neçə dəfə dəyişdirilən Süleyman bəy 1907-ci il fevralın 28-dən Zaqafqaziya polis keşikçi dəstəsinin Kutaisi quberniyası üzrə baş nəzarətçisı təyin olunmuşdur.
Süleyman bəy Əfəndiyev yalnız hərbçi deyildi. O həm də xalqımızın maariflənməsində görkəmli ictimai xadim kimi fəal iştirak etmişdir. Tez-tez Qoriyə gələn, azərbaycanlı balalarının köməyini əsirgəməmişdir. Görkəmli maarifçi, ədəbiyyatşünas Firudin bəy Köçərli və Səfərəli bəy Vəlibəyovla dostlaşmış, Tiflisdə azərbaycanlıarın təşkil etdiyi mədəni-maarif cəmiyyətinin işində yaxından iştirak etmişdir. 1912-ci il dekabrın 6-da polkovnik rütbəsi alan Süleyman bəy Əfəndiyevin imperiya ordusundakı xidmətləri sonralar üçüncü dərəcəli "Müqəddəs Anna", ikinci dərəcəli "Müqəddəs Stanislav", "Müqəddəs Anna" və üçüncü dərəcəli "Müqəddəs Vladimir" ordenlərinə layiq görülmüşdür.
Polkovnik Süleyman bəy Əfəndiyevin imperiya ordusunda sonuncu vəzifəsi Əlahiddə Qafqaz ordusunda Zaqafqaziya poliskeşikçi dəstəsinin təftiş-yoxlama üzrə baş nəzarətçisi idi (1912-ci ildən). Öncə dediyimiz kimi, Süleyman bəy Əfəndiyevin çox böyük və danılmaz xidməti 1917-ci il iyul ayından başlayaraq Azərbaycan Milli ordusunu yaratmaq təşəbbüsüdür. 1919-cu il fevral ayının 24-də S. Əfəndiyevin tabutu Gəncə vağzalına gətirildi. Burada tabutu fəxri qarovul qarşıladı və böyük izdihamın müşayiəti ilə tabut Şah Abbas məscidinə aparıldı. Məsciddə S. Əfəndiyev üçün namaz qılındı və dualar oxundu. S. Əfəndiyevin Gəncə qəbiristanlığında dəfni nəzərdə tutulmuşdu. Ancaq Əli ağa Şıxlinskinin 1919-cu il fevral ayının 26-da imzaladığı əmrdən, habelə sonralar hərbi nazirin adına gəlmiş məktublardan aydın olur ki, həyat yoldaşı Laləndar xanım Süleyman bəyin Qazaxda dəfn olunmasını xahiş etmişdi. Hərbi Nazirliyin rəhbərliyi də ailəsinin istəyini nəzərə alaraq Süleyman bəyin Qazaxda dəfn olunmasına icazə vermişdi. Süleyman bəy Əfəndizadə Dağ Kəsəmən qəbiristanlığında dəfn edilmişdir.[2]
Fəaliyyəti
redaktə1917-ci ilin fevral çevrilişindən sonra Qafqazdakı Rusiya ordusu buraxıldı və S. Əfəndiyev də bu ordudan istefa verməli oldu. O, Gəncəyə qayıtdı və burada azərbaycanlılardan ibarət könüllü silahlı dəstələrin formalaşdırılmasında fəal iştirak etdi.
1917-ci il dekabr ayının ortalarında Müsəlman korpusunun təşkilinə başlandı. Süleyman bəy bu korpusda 5-ci atıcı alayın komandiri idi. O bir müddət, hətta Müsəlman korpusunda ikinci diviziya komandirinin vəzifəsini də icra etmişdi. Süleyman bəy Qafqaz İslam Ordusunun tərkibində Azərbaycanın bolşevik – daşnak qoşunlarından təmizlənməsində də fəal iştirak etdi. 1918-ci il noyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təşkil edilənə kimi, Süleyman bəy bir sıra vəzifələrdə xidmət etdi. Süleyman bəy haqqında az-çox məlumat onun AXC Hərbi Nazirliyinin bərpasından sonrakı dövrdəki xidmət yolu ilə bağlıdır. Bu xidmət isə təxminən 4 ay davam etdi. Mövcud sənədlərdən məlum olur ki, hərbi nazirlik bərpa olunanda polkovnik Süleyman bəy Əfəndiyev Tərtərdə yerləşən 2-ci Qarabağ süvari alayının komandiri idi. 1918-ci ilin sonlarında Azərbaycan Ordusu böhran içərisində idi. Belə bir vəziyətdə S. Əfəndiyev 2-ci Qarabağ süvari alayının formalaşdırılması üçün çox böyük fədakarlıq göstərirdi. 1918-ci il dekabr ayının sonlarına yaxın S. Mehmandarovun əmri ilə S. Əfəndiyev daha yüksək vəzifəyə təyin edildi. Həmin ayın 23-də S. Əfəndiyev özünün alaydaxili son əmrini imzaladı. Bu əmrini polkovnik S. Əfəndiyev 2-ci Qarabağ süvari alayının hərbi qulluqçularına müraciətlə belə tamamlayırdı: "Mən inanıram ki, siz gələcəkdə də məğrur olacaqsınız, nəzərləri möcüzə-bahadırlara dikilmiş bizim azad Vətənin və millətin bayrağını daşıyacaqsınız. Bu isə sizdən haradan gözlənilməsinə baxmayaraq Vətənin düşmənlərdən müdafiəsi üçün şüurlu və birgə iş tələb edir. Vətənin gələcəyi sizin əlinizdədir. Onun abadlaşması, çiçəklənməsi və ya asılı vəziyyətdə qalması bizim özümüzdən asılıdır". S. Mehmandarov Azərbaycan hökuməti qarşısında sədaqətli xidmətini nəzərə alaraq Süleyman bəy Əfəndiyevə general-mayor rütbəsi verilməsi haqqında vəsatət qaldırdı.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 29 dekabr 1918-ci il tarixli qərarı ilə Süleyman Əfəndiyevə mükəmməl xidmətinə görə general-mayor rütbəsi verildi.[3] 1919-cu il yanvar ayının 7-dən Süleyman bəy Əfəndiyev AXC ordusunun 1-ci piyada diviziyasının komandiri vəzifəsinin icrasına başladı və özünəxas işgüzarlıqla, ardıcıllıqla və məsuliyyətlə bu diviziyanın formalaşdırılmasına girişdi. İstər hərbi nazirlik, istərsə də Azərbaycan hökuməti üçün bu diviziyanın formalaşdırılması və təşkilatlandırılması çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu diviziya Qarabağda erməni təcavüzkarlığının qarşısını almaq üçün əsas qüvvə kimi görülürdü.[4]
Haqqında
redaktəBakıda çıxan bir çox qəzetlər S. Əfəndiyevin vəfatı münasibətilə nekroloqlar çap etdilər. Hərbi nazirlik isə onun dəfninin təşkili ilə bağlı xüsusi bir əmr verdi. İstiqlal qəzetində çap olunmuş nekroloqda deyilirdi: Ey möhtərəm əsgər! Sən Azərbaycanın ən qəhrəman övladı idin. Sən öldün, fəqət sənin qəhrəmanlığın səndən sonra yetişəcək zabitlərimiz arasında ölməyəcəkdir. Səni Azərbaycanın hərb tarixində yad etmək Azərbaycan üçün böyük bir şərəfdir. Sənin ruhuna təzim və hörmətimizi ithaf edər ikən Vətən və millətimizə də bəyani-təziyyət eyləriz. Azərbaycan qəzetində çap olunmuş nekroloqda isə aşağıdakı cümlələr var idi: Mirliva Əfəndiyevin vəfatı nəinki mirlivanın əqrəba və mütəlliqatını məhzun və dilgir edəcəkdir. Bəlkə onu tanıyan, onun həqqinə arif, onun vətən və millət uğrundakı xidmət və fədakarlıqlarını bilmiş olan cümlə azərbaycanlıları dilxun və dağdar edəcəkdir.[5] S. Əfəndiyev vəfat edəndə hərbi nazir ezamiyyətdə idi. Ona görə də hərbi nazirlik adından onun dəfninin təşkili ilə bağlı əmri general Əliağa Şıxlinski imzaladı. Həmin əmrin bir yerində deyilirdi: General Əfəndiyev indiki şəraitdə diviziyanın təşkil edilməsi kimi çətin işə başladı, istirahət bilmədən və rahatlıq görmədən indiki zamanda Azərbaycanın daha böyük vilayətində qanun-qaydanın yaradılması və hissələrin formalaşdırılması ilə məşğul oldu. Öz diviziyasının sanitar vəziyyətinin qayğısına qalaraq general Əfəndiyev tibb otağının yaradılmasına şəxsən rəhbərlik edir, daim xəstələrə baş çəkərək və onların arasında olaraq bəzən xeyirxah sözlərlə və bəzən də bir rəhbər kimi tələbləri ilə onların ağrılarını azaldırdı. Çoxlu qayğı içərisində onun özü barəsində düşünməyə macalı yox idi — səpmə yatalağa tutuldu və postda dayanan əsgər kimi vəzifə başındqa keçindi. Qəbrin nurla dolsun, Vətənin əsil oğlu və yorulmaz döyüşçü!.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Mehman Süleymanov "Həyatını Vətən yolunda qurban etmiş cümhuriyyət generalı".
- ↑ "Azərbaycan" qəzeti, (1918–1920). 20 cilddə, VI cild. (mart 1919). Bakı, ADA Universiteti, 2023. səh.223
- ↑ Азербайджанская Демократическая Республика: 1918-1920: законодательные акты (PDF). Bakı: Azərbaycan Nəşriyyatı. 1998. səh. 383. 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-29.
- ↑ http://www.anl.az/down/meqale/kaspi_az/2016/sentyabr/506741.pdf Azərbaycanın ilk hərbi hissələrinin təşkilatçısı
- ↑ Azərbaycan" qəzetinin 3 mart 1919-cu il və İstiqlal qəzetinin 10 mart 1919-cu il