Remzi Yuzbasov - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Yüzbaşov Rəmzi Möhsün oğlu (5 may 1906, Şamaxı – 31 oktyabr 1990, Bakı) — coğrafiya elmləri namizədi, Azərbaycanın toponomikasının, xüsusilə coğrafi obyektlərin adlarının mənşəyinin öyrənilməsində gərgin əmək sərf edən alim.
Rəmzi Yüzbaşov | |
---|---|
Rəmzi Möhsün oğlu Yüzbaşov | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Azərbaycan |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Elm sahəsi | toponimika |
Elmi dərəcəsi | coğrafiya elmləri namizədi |
Həyatı
redaktəRəmzi Yüzbaşov 5 may 1906-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Kiçik yaşlarında atası və anası öldüyündən, xalasının himayəsində böyümüşdür. 1913-cü ildə rus-tatar məktəbinə daxil olmuş, məktəbi 1917-ci ildə bitirmişdi. Həmin il Şamaxı realnı məktəbinə qəbul olunmuşdur. O, 1919-cu ildə Bakıya köçüb, Bakıda Birinci real məktəbində təşkil edilmiş milli (3-cü) sinfə daxil olmuş və Sovet vaxtı 1924-cü ildə ikinci dərəcəli məktəbi bitirmişdi.
1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil olub, 1931-ci ildə Ali Pedaqoji İnstitutu (1930-cu ildə universitet ayrı-ayrı institutlara ayrılmışdı) bitirdikdən sonra, qısa müddət Gədəbəydə məktəb müdiri vəzifəsində, 1931–1933-cü illərdə Azərbaycan SSR Maarif Komissarlığında təlimatçı, 1933–1938-ci illərdə Bakıda Xalq Maarif Komissarlığında inspektor vəzifəsində, daha sonra isə məktəbdə müəllim vəzifəsində çalışmışdır. Eyni zamanda 1935–1936-cı illərdə Azərbaycan Şura Ensiklopediyası idarəsində elmi işçi vəzifəsində də işləmişdir. 1938-ci ildə Akademiyanın Azərbaycan filialının fiziki-coğrafiya ixtisası üzrə aspiranturasına daxil olaraq oranı 1941-ci ildə bitirmişdi. Dissertasiya müdafiəsinə bir-iki ay qalmış Böyük Vətən müharibəsi başlamış və 1941–1945-ci illərdə o, Böyük Vətən müharibəsində iştirak etmişdir. Bu dövrdə o bir dəfə kontuziya almış, bir dəfə də yaralanaraq əsir düşmüşdür.
1945–1948-ci illərdə Azərbaycan EA-nın Nizami adına Azərbaycan ədəbiyyat muzeyində elmi hissə üzrə direktor müavini və elmi işçi vəzifələrində çalışmışdır. Müharibə zamanı əsir düşdüyü üçün 1948–1951-ci illərdə 3 il işsiz olub.
1951–1953-cü illərdə EA nəşriyyatında redaktor, 1953–1958-ci illərdə Nizami adına Ədəbiyyat və Dil İnstitutunda elmi işçi vəzifələrində çalışmışdır.
1958-ci ildə AMEA Coğrafiya İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə baş elmi işçi vəzifələrində işləmişdir.
1962-ci ildə coğrafiya elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
1973-cü ildən həmin institutun coğrafi adlar (toponimika) şöbəsində müdir vəzifəsində çalışmışdır.
1988-ci ildə təqaüdə çıxarılmışdır.
31 oktyabr 1990-cı ildə avtomobil qəzasında həlak olmuşdur.
Yaradıcılığı
redaktəRəmzi Yüzbaşov Azərbaycan dilinin təmizliyi, onu dövlət dili səviyyəsinə yüksəldilməsi, hökumət idarələrində işlədilməsi uğrunda daim çalışmışdır. O, qorxmadan dəfələrlə bu məsələlər üzrə respublikanın və SSRİ-nin dövlət və partiya başçılarına, əlaqədar hökumət idarələrinə, yerli və ittifaq əhəmiyyətli qəzet, jurnal redaksiyalarına, radio və televiziya redaksiyalarına, görkəmli ziyalılara müraciət etmişdir. Bu fəaliyyətinə görə o çox məhrumiyyətlərə məruz qalmış və uzun müddət DTK (KQB) tərəfindən təqib olunmuşdur.
O, yaşadığı mühitdə baş verən olaylara vaxtında reaksiya verən, yaxşını qiymətləndirən, pisi qorxmadan ifşa edən, xalqın, millətin maraqlarını öz şəxsi maraqlarından üstün tutan bir şəxs idi.
Rəmzi Yüzbaşov, 12 yaşında ikən, 1918-ci ildə ermənilərin Şamaxı şəhəri əhalisinə tutduğu divanın, törətdikləri qırğının və zorakılıqlarının canlı şahidi olmuşdur. İstənilən üsullarla azərbaycanlılara, türklərə hər zaman zərər, zərbə vurmaq istəyən, tarixi saxtalaşdıran erməni şovinistlərinin məkrli hərəkətlərinə qarşı Rəmzi Yüzbaşov daim mübarizə aparmış və ali orqanlara göndərdiyi məktublarla onlara tutarlı cavablar vermişdir. Hələ Sovet dövründə o, ermənilərin Azərbaycan ərazisində azərbaycanlılara qarşı törətdiyi qırğını soyqırım adlandırmış və onun rəsmən belə qəbul olunmasına dair yazılar yazmışdır. Zaman-zaman rusdilli ədəbiyyatda ermənilərin və yaxud erməni əli ilə yazdırılmış "günahsız" yazılara və ya "təsadüfü səhvlərə" qarşı vaxtında reaksiya vermiş, onların ardan qaldırılmasına çalışmışdır.
1988-ci ildə Qarabağ məsələsinin başlanğıc mərhələsində o, M.S.Qorbaçova, DTK-nın sədrinə, bütün İttifaq respublikalarının KP MK-larına, "Pravda" və digər mərkəzi qəzet redaksiyalarına təcili məktublar yazaraq ermənilərin hərəkətlərini faşizmlə müqayisə etmişdi.
Əsas əsərləri
redaktə- Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı 1966;
- Məşhur coğrafiyaşünas Qafur Rəşad Mirzəzadə, Bakı 1968;
- Azərbaycanın coğrafi adları, Bakı 1972 (şərikli);
- Coğrafiya terminləri lüğəti, Bakı (şərikli);
- Rəmz. Bakı, "Azərbaycan Universiteti", 2006 (ölümündən sonra çap olunub).