Mahidovran Sultan - Wikipedia
Mahidövran Xatun (1500 – 3 fevral 1581, Bursa) — 10. Osmanlı sultanı Sultan Süleyman Qanuninin xanımlarından.[2]
Mahidövran Sultan | |
---|---|
türk. Mahidevran hatun | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1500 |
Vəfat tarixi | 3 fevral 1581 |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Uşağı | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏsli və saraya necə alındığı barədə yetərli məlumat olmasa da, təxminən 1500-cü ildə doğulduğu güman edilir. Bir çox vəqf sənədlərində atasının adı Abdullah, Əbdürrəhman və ya Əbdülmənnan olaraq qeyd olunur.[3] Atasının adının bu formada qeyd edilməsi, onun saraya cariyə olaraq alındığını sübut edir. Digər adının Gülbahar olub, əslən çərkəz olmasıyla bağlı iddialar isə heç bir tarixi mənbəyə əsaslanmır. Özüylə birlikdə Aqilə və Belkıs adı verilən iki bacısının da hərəmə alındığı, bu xanımların uzun illər sarayda xidmət etdiyi və vəfatlarının ardından Bursa Muradiyə külliyəsindəki Saraylılar türbəsinə dəfn edildiyi iddia edilir. Sultan Süleymanın Manisa sancaqbəyliyi dövründə hərəmə alındığı və yeganə övladı Şahzadə Mustafanı 1515-ci ildə burada dünyaya gətirdiyi bilinir. Manisa illərində olduqca xoşbəxt günlər keçirsə də, Sultan Süleymanın 1520-ci ildə taxta çıxması ilə həyatı dəyişdi. Gənc sultanın digər hərəm üzvləri kimi Mahidövran Sultan da övladıyla birlikdə İstanbula gətirildi və Köhnə sarayda yaşamağa başladı.
O günlərdə hərəmə alınan rus əsilli Xürrəm Sultanın gənc sultanı özünə valeh etməsi və ard-arda oğlan uşaqları (Mehmed, Abdullah, Səlim, Bəyazid, Cahangir) dünyaya gətirməsi Mahidövran Sultanın saraydakı nüfuzunu və gənc sultanın ona olan diqqətini azaltdı.[4] Hərəm daxilindəki ən güclü dəstəkçisi olan Aişə Hafsa Validə Sultanın 29 mart 1534-cü ildə vəfat etməsi ilə bu nüfuz azalması ən pis həddə çatdı.[5] Nəticədə artıq yetkinlik yaşına çatan oğlunun Manisa sancaqbəyliyinə təyin olunmasıyla, Mahidövran Sultan da Manisaya göndərildi.
Oğlunun 1541-ci ildə Manisadan alınaraq daha uzaq bir əyalət olan Amasyaya təyin edilməsinin ardından oğluyla birlikdə Amasyaya sürgün olundu. Əlbəttə ki, bu təyinatda əsas rəqibi Xürrəm Sultanın, ən böyük oğlu Şahzadə Mehmedi taxt sancağı hesab edilən Manisaya göndərmək istəməsinin də mühüm təsiri olmuşdur.[6][7] Manisa və Amasyada yaşadığı illər barədə yetərli məlumat yoxdur. Taxtın ən güclü namizədi və bir çox dövlət adamının dəstəklədiyi oğlu Şahzadə Mustafanın gözdən düşməsi və son olaraq Səfəvi şahı I Təhmasiblə atasının əleyhinə ittifaq qurması barədə şayələrin yayılması nəticəsində yeganə oğlunu da taxt oyunlarına qurban verdi. Belə ki, Şahzadə Mustafa Səfəvilər üzərinə səfərə çıxan atası Sultan Süleymanın Konya ordugahındakı çadırında cəlladlar tərəfindən boğularaq öldürüldü. Üstəlik, bu edamın ardından Şahzadə Mustafadan dünyaya gələn 6 yaşlı nəvəsi Şahzadə Mehmed də Amasya sarayından alınaraq Bursaya aparıldı və burada edam olundu.[8]
Oğlunun və nəvəsinin edam edilərək Bursaya göndərilməsinin ardından Mahidövran Sultan da xidmətindəki 10-a yaxın adamla Bursaya sürgün olundu. Oğlunun məzarı üzərində kiçik bir türbə inşa etdirən Mahidövran Sultan bir çox mülk və əmlakını bu türbənin baxımı üçün vəqf etdi.[3][9] Ancaq dövlət xəzinəsindən aldığı aylıq məvacibin kəsilməsi və Sultan Süleyman tərəfindən bütün mal-mülkünün müsadirə olunmasıyla maddi sıxıntılar çəkən Mahidövran Sultan 10 ilə yaxın bu vəziyyətdə yaşadı. Ardından 1564-cü ildə Xürrəm Sultanın həyatda qalan yeganə oğlu və o illərdə taxtın yeganə varisi olan Şahzadə Səlim tərəfindən artıq xeyli yaşlı olan Mahidövran Sultan üçün Bursada bir köşk satın alındı və yaşaması üçün aylıq məvacib təsis olundu. Şahzadə Səlimin 1566-cı ildə taxta çıxmasının ardından Şahzadə Mustafanın məzarı Bursa Muradiyə külliyəsinə daşındı və məzarı üzərində 1573-cü ildə yeni bir türbə (Şahzadə Mustafa türbəsi) inşa olundu.[10]
Mahidövran Sultan 1581-ci ildə Bursada vəfat etdi və cənazəsi oğlunun türbəsinə dəfn edildi.
Mənbə
redaktə- Dudu Şirin Oluk, Kanuni Sultan Süleymanın Hayatındaki Üç Kadın: Hafsa Valide Sultan, Hürrem Sultan, Mihrimah Sultan. Yüksek Lisans Tezi. TC Erciyes Üniversitesi. Kayseri-2013
- Peirce, Leslie P., Harem-i Hümayun, Tarih Vakfı Yurt Yayınları, İstanbul 2002
- Sakaoğlu, Necdet, Bu Mülkün Sultanları 6 Osmanlı Padişahı, Oğlak Bilimsel Kitaplar, İstanbul 1999
- Tuğlacı, Pars, Osmanlı Saray Kadınları, Türkiye’de Kadın: The Ottoman Palace Women, Cem Yayınevi, İstanbul 1985
- Uluçay, M. Çağatay, “Kanunî Sultan Süleyman ve Ailesi İle İlgili Bazı Notlar ve Vesikalar” Kanunî Armağanı, Ankara 1970
- Uluçay, M. Çağatay, Padişahın Kadınları ve Kızları, TTK Yayınları, Ankara 1985
- Kepecioğlu, Kamil, Kâmil Kepecioğlu, “Mahidevrân Sultan’ın Azaplı Günleri”, Vakıflar Dergisi, II, Ankara 1942, s. 404, 406
İstinadlar
redaktə- ↑ 1 2 https://books.google.cl/books?id=pnz4DwAAQBAJ&pg=PA220&dq=Mahidevran+e%C5%9Fi+s%C3%BCleyman&hl=tr&sa=X&ved=2ahUKEwi_6fbqnfLvAhWCHLkGHTscALAQ6AEwAHoECAAQAg#v=onepage&q=Mahidevran%20e%C5%9Fi%20s%C3%BCleyman&f=false.
- ↑ Uluçay, M. Çağatay, Padişahların Kadınları ve Kızları, Ankara: Türk Tarih Kurumu, 1980
- ↑ 1 2 Eminoğlu, Kamil, “Osmanlılarda Vakıf Anlayışı”, Osmanlıda Kültürel Hayat, (Der. Fatih Akçe), Işık Yayınları, İzmir 2006
- ↑ Afyoncu, Erhan, Muhteşem Süleyman -Kanunî Sultan Süleyman ve Hürrem Sultan-, Yeditepe Yayınevi, İstanbul 2011
- ↑ Meram, Ali Kemal, Padişah Anaları, Toplumsal Dönüşüm Yayınları, İstanbul 1997
- ↑ Altınay, Ahmet Refik, Kadınlar Saltanatı, Tarih Vakfı Yurt Yayınları, Ankara 2005
- ↑ Stircea, Viorica, Kanunî Sultan Süleyman’ın Gözdesi Hürrem Sultan, (Çev. Selim Mehmet), Roman Dizisi:22, Milliyet Yayınları, İstanbul 1972
- ↑ Tarım, Zeynep Ertuğ, XVI. Yüzyıl Osmanlı Devletinde Cülus ve Cenaze Törenleri, Kültür Bakanlığı Yayınları, Ankara 1999
- ↑ Önkal, Hakkı, “Şehzade Mustafa’nın Türbesinin Düşündürdükleri”, Ege Üniversitesi Türk Dünyası İncelemeleri Dergisi, sayı II, İzmir 1997, s.115-123.
- ↑ Evliya Çelebi, Evliya Çelebi Seyahatnamesi, çev: Mehmed Zıllioğlu, Türkçeleştiren: Zuhuri Danışman (2 Baskı), Danışman Yayınevi, c. 1, İstanbul 1971.