Laptevler Denizi - Wikipedia
Laptevlər dənizi[1][2][3] (rus. море Лаптевых, saxa Лаптевтар байҕаллара) — Şimal Buzlu okeanın akvatoriyasına daxil olan dəniz. Sibirin şimalında, Taymır yarımadası, Şimal Torpağı (qərb) və Yeni Sibir adaları (şərq) arasında yerləşir. Dəniz rus qütb tədqiqatçıları, iki əmioğlu Dmitri və Xariton Laptevlərin şərəfinə adlandırılmışdır. Dəniz sərt kontinental iqlimə və 0 °C-dən aşağı temperatura malikdir[4]. Bütün Arktik dənizlərdə olduğu kimi duzluğu nisbətən zəifdir. İlin on ayı buzla örtülü olur[5]. Əsasən avqust və sentyabr ayları buzdan azad olur. Kasıb flora və faunaya malikdir.
Laptevlər dənizi | |
---|---|
rus. море Лаптевых, saxa Лаптевтар байҕаллара | |
Ümumi məlumatlar | |
Tip | Materik kənarı |
Sahəsi | 672,000 km² |
Həcmi | 363,000 km³ |
Sahil uzunluğu | 1300 km |
Dərin yeri | 3385 m |
Orta dərinliyi | 540 m |
Tökülən çaylar | Lena, Xatanqa, Anabar, Yana və Olenok |
Yerləşməsi | |
76°16′07″ şm. e. 125°38′23″ ş. u.HGYO | |
Ölkələr | |
Yerləşməsi | Şimali Asiya |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adalarının bir çoxunda yaxşı qalmış mamont qalıqları vardır. Dəniz dibində zəngin faydalı qazıntıların olması ehtimalı yüksəkdir[6]. Üstəlik o Şimal dəniz yolu üzərində yerləşir. Balıqçılıq və ov az miqdarda həyata keçirilsə də sənaye əhəmiyyəti yoxdur[7]. Sahilində yerləşən ən böyük yaşayış məntəqəsi və limanı Tiksi qəsəbəsidir. Sahilləri inzibati baxımından Rusiya Federasiyasının Krasnoyarsk diyarı (Taymır Dolqan-Nenes rayonu) və Saxa Respublikası (Ust-Yana, Bulunski və Anabar ulusları) ərazisinə daxildir.
Etimologiyası və adlanması
redaktəTarixin gedişatında dənizə müxtəlif isimlər verilmişdir. Belə ki, XVI – XVII əsrlərdə dəniz Tatar və ya Lena dənizi adlandırılırdı. XVIII – XIX əsrlər ərzində isə Sibir və Buzlu dənizləri kimi xəritələrdə öz əksini tapırdı. 1883-ci ildə qütb tədqiqatçısı Frityof Nansen dənizə Nordenşeld adını verir[8]. 1906-cı ildə leytenant Aleksandr Kolçakın İmperator Elmi Akademiyasında çap edilən «Kara və Sibir dənizlərinin buzları» monoqrafiyasında müəllif Sibir dənizi adını müzakirə edərək «bəzi coğrafiyaçılar tərəfindən qəbul edilmiş» «Nordenşeld dənizi»[9] terminini mübahisə etmişdir:
...Bəzi çoğrafiyaçılar Nordenşeldin 1878-ci ildə «Veqa» gəmisində bölgəyə üzməsindən sonra «Nordençeld dənizi» terminini qəbul etmişlər. Bu ad altında ya xəritələrdə görünür yada yoxa çıxır, həmçinin rus, ingilis və amerika xəritələrində əksər hallarda yoxdur. Bununla çətin razılaşmaq olar, çünki onu qəbul etmək üçün kifayət qədər əsas yoxdur. Beləki, eyni sahil yolu boyunca "Veqa" şlyupundan öncə bu dənizdə ilk səfər 1735 və 1736-cı illərdə leytenant Pronçişev «Yakutsk» şlyupunda, ikinci səfər isə 1739 və 1740-cı illərdə elə eyni gəmidə leytenant Xariton Laptev etmişdir. (А. V. Kolçak «Kara və Sibir dənizlərinin buzları»)
1913-ci ildə Rusiya Coğrafiya Cəmiyyətiin üzvü, okeanoqraf Yuli Şokalski tərəfindən dənizin indiki adı təsdiqlənir. Belə ki, bu ad Şimal Buzlu okeanın tədqiqində böyük rolu olan iki əmioğlu Dmitri və Xariton Latevlərin şərəfinə verilmişdir. Bu ad son olaraq SSRİ MİK tərəfindən 1935-ci ilin 25 iyununda təsdiqlənmişdir[10].
Akvatoriyası və sərhədləri
redaktəBeynəlxalq Hidroqrafiya Təşkilatı[11] Laptevlər dənizin sərhədlərini bu formada təyin etmişdir[12]: Qərbdə Kara dənizi, Arktiçeski burnundan (Komsomoles adası) Cənub-Şərq burnuna, Oktyabr İnqilabı adasında yerləşən Voroşelov burnundan Anyaçina burnuna, Bolşevik adasındakı Evqenova burnundan Pronçişeva burnuna qədər. Şimalda Molotov burnu və şimal qutaracağında isə Kotelnı adası. Kotelnı adasının şimal qutaracağında yerləşən Medvejı burnundan Kiçik Lyaxovski adasına, oradanda Böyük Lyaxovski adasındakı Vaqina burnu, oradanda Svetoy burnuna qədər[13]. IBCAO (International Bathymetric Chart of the Arctic Ocean) verdiri məlumata görə dənizin şimal sərhədi (Komsomoles və Kotelnı adaları arasında) Kotelnı adasının şimalındakı Materik Şelf xətti nöqtəsindən keçir (79°00′00″ şm. e. 139°00′00″ ş. u.HGYO). Laptevlər dənizinin sahil xəttinin ümumi uzunluğu 1300 km təşkil edir. Sahil xətti olduqca girintili-çıxıntılı olması səbəbindən burada çoxlu sayda körfəz və buxta vardır[14]. Cənub və qərb sahilləri materik, şimal-qərb və şərqi isə adalarla ətahələnmişdir. Şimalı isə bir başa Şimal Buzlu okeana açılır.
Fiziki coğrafi yerləşməsi
redaktəDəniz səthinin sahəsi 672,000 km², həcmi 363,000 km³ təşkil edir. Dənizə axan ən iri çay Lenadır[15] (Artikaya axan Yeniseydən sonra ikinci iri çay)[16]. Çay mənsəbdə böyük delta əmələ gətirir. Dənizə həmçinin Xatanqa, Anabar, Yana və Olenok çayları axır.
Sahilləri güclü parçalanmış və böyük həcmli körfəz və buxtalar əmələ gəlmişdir. Sahil xətti müxtəlifliyi ilə seçilir və hündür olmayan dağlar səciyəvidir[17]. Bununla belə sahil xəttinin böyük hissəsi düzəndir. Böyük körfəzləri: Xatanqa, Olenok, Faddey, Yana, Anabar, Mariya Pronçişeva (buxta), Tiksi (buxta), Anabar (buxta), Tereza Klavenes, Kojevnikov (buxta), Matuseviç, Nerpalax, Nordvik (buxta), Oqonnyor-Kubata, Spartak (buxta), Sims, Ebelyax və Buor-Xaya[18]. Dənizdə sahəsinə görə olduqca iri olan adalar vardır. Buzların ekzarasiya fəaliyyəti adaların erroziyasına səbəb olur. Hələ 1815-ci ildə kəşf edilən Semennovski və Vasilevski adaları bu fəaliyyət nəticəsində dənizin dibinə çökərək yoxa çıxmışdır[18]. Ən iri arxipelaqları: Şimal Torpağı, Komsomol həqiqəti, Yeni Sibir və Faddeydir. İri tənha adaları: Böyük Beqiçev (1764 km²), Belkovski (500 km²), Malıy Taymır (260 km²), Stolbovoy (170 km²), Starokadomski (110 km²), Qumlu (17 km²)[17] (Laptevlər dənizi adaları).
Dib relyefi
redaktəSahilə yaxın ərazilərdə dəniz dibi 50 m dərinliyə malikdir, ən dərin yeri 3385 m, orta dərinliyi 540 m təşkil təşkil edir. Dənizin dibinin yarıya qədərini (53 %) materik qabığı təşkil edir və dərinlik 50 metri aşmır. Üstəlik dənizin cənub hissəsi, 76 dərəcə paralelinədək olan ərazilərdə dərinlik 25 metri keçmir[19]. Şimal hissədə isə dib relyefi birdən-birə uçurum şəklində okean qabığına keçir və dərinlik bir kilometri aşır. Dənizin dayaz hissələri əsasən qum və lil ilə örtülü olur. Sahillərində çınqıl və iri qaya parçalarına rast gəlinir. Sahil hissələrində yağıntılar yüksək sürətlə toplanır, ildə 20-25 sm təşkil edir. Dərinliklər əsasən dəniz çöküntüləri ilə örtülmüşdür[10][17][18]. Materik qabığı kəskin şəkildə dəniz novu olan Sadko ilə kəsilir. Buradan şimala doğru dərinlik Nansen çökəkliyində 2000 metri keçir. Həmin ərazidə Laptevlər dənizinin ən dərin yeri (3385 m) yerləşir – (79°35′ şm. e. 124°40′ ş. u.HGYO).
İqlimi
redaktəLaptevlər dənizinin iqlimi Arktik iqlim qurşağında Kontinental iqlim tipinə xasdır. Bunun əsas səbəbi Atlantik okean və Sakit okeanlardan uzaqlığıdır. Arktik qurşaqda yerləşən dənizlər arasında ən kəskin iqlimə malik dənizdir. Qütb gecə və Qütb gündüzləri cənubda 3 ay, şimalda isə il ərzində 5 ay davam edir. İlin 11 ayı şimalda temperatur 0 °C aşağı olur, cənubda isə ilin 9 ayı bu müşahidə edilir. Qış ayları yüksək atmosfer təzyiqi zonasında olur (Sibir atisiklonu)[20][21]
Yanvar ayında orta temperatur (ən soyuq ay) yerindən asılı olaraq −31 °C və −34;°C, ən aşağı temperatur −50 °C təşkil edir. Şimal hissədə iyul ayında 0 °C (maksimal 4 °C) və cənubda isə 5 °C (ən yüksək temperatur 10 °C), ancaq bəzən 22-24 °C qalxa bilir (avqust). Maksimum temperatur 32,7 °C olaraq Tiksi qəsəbəsində müşahidə edilmişdir[17]. Qışda güclü küləklər, çovğun və qarlı qasırğa adi xarakter alır. Qar hətta yayda yağır və güclü duman müşahidə edilir[10][18]. Yay ayları isə əsasən siklonlar müşahidə edilir. Çiskin və yağmur adı hal alır[22] . Küləklər qışda cənub, cənub-qərb istiqamətində 8 m/s gücündə əsir və yazda nisbətən zəifləyir. Qışda küləklər şimala yönəlir və gücü 3–4 m/s təşkil edir. Küləklərin zəif sürəti əsasən səth sularında 5–10 m dərinliyində müşahidə edilir[17]. Qış ayları buzun altında temperatur -1,5° С təşkil edir. Laptevlər dənizinin bəzi iqlim göstəriciləri[23]:
- Suyunun qışda orta temperaturu: -0,8 — -1,8°С.
- Suyunun yayda orta temperaturu: +4 — +6°С, körfəzlərdə +10°С
- Orta illik yağıntının miqdarı: 200–300 mm.
- Havanın rütubəti: 80%.
- İl boyu böyük ərazilərdə buzların qalınlığı: 2 m və daha artıq.
Hidroloji rejim
redaktəDəniz suyunun aşağı temperaturu ilə səciyəvidir. Qış dövru buzla örtüldüyü zaman suyun temperaturu —0,8 °C, cənub-şərqdə —1,8 °C təşkil edir. 100 metrdən aşağıda temperatur −1,8 °C qədər düşə bilər. Yay ayları dənizin buzdan azad olmuş hissələrində tempetatur 4-6 °C qədər yüksələ bilər, dənizin akvatoriyasına daxil olan körfəzlərdə temperatur 8-10 °C qədər yüksəlir. Əsasən 0°S təşkil edən ərazilərdə buzlar öz mövcudluğunu qoruyur[24].
Atlantik okeanda formalaşan və 250—300 metr dərinlikdə hərəkət edən isti axınlar dibdə temperaturu 1,5 °C qədər yüksəldirlər. Onlara Şpisbergendən Laprevlər dənizinə çatmaq üçün ən azı 2,5-3 il lazım gəlir[17]. Bu dərinliklərdən aşağıda isə temperatur yenidən aşağı olur və −0,8 °S təşkil edir. Qışda suyun temperaturu hər yerdə dondurma nöqtəsinə yaxın olur. Suyun duzluğu onun donmasına maneə olan əsas faktordur. Qış ayları müvafiq olaraq su səthində temperatur -1 -1.8 °C arasında dəyişir.
Duzluluq dənizin şimal-qərb hissəsində qış ayları 34 ‰, cənub hissədə isə — 20-25 ‰, yayda 30-32 ‰ və 5-10 ‰ təşkil edir[10][18]. Dərinliyin artması ilə duzluluqda ona uyğun şəkildə 33 ‰ qədər yüksəlir. Duzluluğun artması əsasən şimal, şimal-qərb istiqamətində müşahisdə edilir. Hətta Arktiçeski burnu yaxınlığında duzluluq 31‰ təşkil edir. Sahilyanı ərazilərdə çay axınının güclü təsirinə məruz qalan ərazilərdə yüksək səviyyədə suyun yayılması baş verdiyindən duzluluq aşağı düşür. Dənizə çayların töküldüyü ərazilərdə 10 ‰ təşkil edir. Dənizin səth sularının duzluğuna buzlar və Sibirdən gələn çaylar öz təsirini göstərir. Buzların həcmi 730 km3 və bu həcminə görə Kara dənizindən sonra ikincidir, qalınlığı 135 sm təşkil edir. Qış dönəmində dənizə axan şirin suyun azalması ilə duzluluqda artım müşahidə edilir. Belə ki, Tiksi sahillərində duzluluq 15 ‰, Arktiçeski burnunda isə 33 ‰ olur.
Laptevlər dənizinə çoxlu sayda kiçik və bir neçə iri çay tökülür. Onlar dayazlığı ilə seçilən dənizin hidroloji rejiminə böyük təsir göstərir. Şimal Buzlu okean hövzəsinə daxil olan Lena çayı dənizə axan əsas su kütləsinin 520 km³ (ümumən 70 %) təşkil etdiyi halda digər çaylar:Xatanqa 105 km³, olenok 38 km³, Yana 31,5 km³ və Anabar isə 20 km² özündə cəmləşdirir[25]. İl ərzində Laptevlər dənizinə 700 km³ şirin su axır. Bu isə ümumilikdə Arktikaya axan suyun 30 % təşkil edir. Mövsümdən asılı olaraq buzların əriməsi və çayların suyunu dənizə çatdırması ilə əlaqədar axınların həcmi 90% (iyul – sentyabr, təkcə avqustda 35-40%), yanvarda isə 5 % təşkil edir[17]. Belə ki, yanvar ayında dənizə 36 km³, avqust ayında isə 290 km³ (40 %) şirin su axır.
Dəniz üzərində (siklon kimi) saat əqrəbi istiqamətində hərəkət edən axınlar burulğanlar meydana gəlir. Axınlar şimaldan cənuba doğru hərəkət edərək əsasən Şimal Torpağı adası sahilləri ilə irəliləyir və materik sahillərinə çatır. Qərbdən şərqə istiqamətlənərək Lena çayı deltasına yaxın güçünü artıraraq şimal və şimal qərbə yönəlir. Axınlar (burulğanlar) Sannikov boğazı vastəsi ilə Şərqi Sibir dənizinə keçir. Burulğanlar 2 san/san gücə malik olur və mərkəzə doğru hərəkət edir. Burulğanın mərkzi asta dreyf edir, bu da axının xüsusiyyətini müəyyən qədər dəyişir[17].
Axınların yarımgünlük xüsusiyyəti daşıyır və orta hündürlüyü 50 sm təşkil edir. Axınların həcminə əhəmiyyətli dərəcədə buzlar təsir göstərir və onun güçünü zəiflədir. Xatanqa körfəzinin sahil quruluşuna uyğun olaraq axın dalğalarının hündürlüyü 2 metrə çatır. Axınlar hətta 500 km daha irəliyə gedərək çay mənsəblərinə və yataqlarına qədər gəlib çatır[18]. Dənizin digər hissələrində axınlar daha az məsafəyə irəliləyə bilir[17].
Dənizin səviyəsinin qalxıb-enməsi heçdə yüksək deyil. Belə ki, tərəddüd 40 sm təşkil edir və əsasən çay mənsəblərində müşahidə edilir. Eniş qış aylarında, qalxma isə buzların əriməsi zamanı baş verir.
Axınlar dəniz səviyyəsində hündürlük 2 metr, körfəzlərində isə 2,5 metrə qədər yüksəlir. Axınlar il boyu müşahidə edilir. Əsasən payızda tez-tez baş verir. Bu da güçlü küləklərin artması ilə əlaqədardır və bir istiqamətdə baş verir. Ümumilikdə dənizin səviyyəsi şimal və cənub küləklərinin hərəkəti nəticəsində müəyyən dərəcədə artır[17][18].
Dəniz səthinin və səth sularının öyrənilməsi onu gostərir ki, dalğalar əsasən 1 metri keçmir. Ancaq iyul-avqust aylarında açıq dənizdə dalğaların hündürlüyü 4-5 metr, payızda isə 6 metrə qədər yüksəlir[17].
Buz örtüyü
redaktəŞaxtalı qış dönəmində dəniz üzərində qalınlığı kifayət qədər olan və onun bütün akvatoriyasını ağuşuna alan buz örtüyü əmələ gəlir. Bəzi hissələr ilin demək olar ki, bütün dövrü buzla örtülür. Buzlar dənizin dayaz və səth sularının az duzlu olmasına səbəb olur. Bu qənayətə gəlmək olar ki, Laptevlər dənizi arktik dəniz buzlarının mühüm ehtiyatını təşkil edir. İl ərzində dəniz səthində 483 000 km² (1979–1995 illər ərzində) buz örtüyü əmələ gəlir. Barens dənizi, Kara dənizi və Şərqi Sibir dənizi birlikdə Laptevlər dəniz buzlarının həcmindən çox olmur. Buzların illik həcmi ildən ilə fərqli olur (251 000 km² 1984–85 və 732 000 km² 1988–89). Buzların mövcudluğu doqquz ay çəkir (oktyabrdan iyuna qədər)[26].
Buzun formalaşması şimalda sentyabrda, cənubda isə oktyabrda baş verir[26]. Sahildən 100 kilometrlərlə aralıda buzların qalınlığı 2 metrdən çox olur. Sahilə yaxın olan ərazidə formalaşan buzlar, onun akvatoriyasının 30% təşkil edir. İsti cənub küləklərinin təsiri ilə dreyf edən buzlar şimala istiqamətlənir[17], burada formalaşan buzların bəzilərinin uzunluğu 100 km-lərlə uzanır. Dənizin açıq sahələrində hərəkət edən buzlar, şimal-qərb hissələrdə isə Aysberqlərə rast gəlinir. Şimal sərhəddində hərəkət edən buzlar meydana gəlir ki, oda Böyük Sibir polınyası adlanır və illik mövcudluğunu qoruyur[17].
Dəniz üzərindəki buzlar mayın sonu, iyunun əvvəlinə yaxın əriməyə başlayır. Parçalanan buzlar, əsasən, şərq hissədə müşahidə edilir.
Dəniz üzərində formalaşan buzların həcmində ildən ilə fərq müşahidə olunur[18].
Flora və fauna
redaktəFlora və faunası baxımından növ tərkibi zəifdir. Səbəb isə kontinental sərt iqlimə malik olmasıdır. Dəniz bitkilərindən Diatom yosunlar üstünlük təşkil edir və onların 100 növünə rast gəlinir. Müqayisə üçün onu demək lazımdır ki, Yaşıl yosunlar, Göy-yaşıl yosunlar və Qamçıdaşıyanların növ tərkibi 10-dur. Dənizin hər litrinə 0,2 mq fitoplankton düşür. Dənizdə 30 növ zooplankton var və hər litrinə 0,467 mq düşür.[16] Sahil xətti boyunca ən geniş yayılmış bitkilər mamır, şibyə və gülaçan bitkilər üstünlük təşkil edir. Ərazidə Qütb laləsi, Yastıqotu, Daşdələn, Qütb söyüdü və Sürünən söyüd kimi bitkilərə rast gəlinir.[27] Damarlı bitkilər az təsadüf edilir. Onların Dəlicincilim və Daşdələn növləri vardır. Damarsız bitkilər isə rəngarəngdir: Mamırlar sinfindən olan Ditrichum, Dicranum, Pogonatum, Sanionia, Bryum, Orthothecium və Tortula, Şibyələrə isə Cetraria, Thamnolia, Cornicularia, Lecidea, Ochrolechia və Parmelia kimi bitkiləri misal çəkmək olar.[28]
Dənizdə 39 növ[29] balıq vardır ki, onlar da duzlu sulara xas canlılardır. Burada Sümüklü balıqların Harius və Siqi, bundan başqa Muksun, Coregonus nasus, Coregonus autumnalis növlərinə rast gəlinir. Üstəlik ərazidə Sardina, Berinqdəniz omulu, Asiya koryuşkası, Eleginus navaga, Sayka, Dəniz kambalası, Salvelinus alpinus və Nelma kimi balıqlar da vardır.[18]
Burada daima qidalanan məməlilərə misal kimi: morj, adi saqqallı suiti, nerpa, qrenlandiya suitisi, Dicrostonyx torquatus, Qütb tülküsü,[30] Şimal maralı, canavar, qaqum, Qütb dovşanı və Ağ ayı. Mövsümdən asılı olaraq Ağ balina dəniz sahili boyunca köç edir.[31] Bəzən Laptevlər dənizinin morjları xüsusi növə (Odobenus rosmarus laptevi) aid edilir, ancaq bu, mübahisə predmetidir.[32]
Burada onlarla dəniz quşu növlərinə rast gəlinir. Onlarlan bəziləri yerli quşlardır ki, ərazini heç vaxt tərk etmir. Məsələn: adi şimal sərçəsi, dəniz qumcüllütü, qütb bayquşu və qara kazarka. Digər quşlar isə bu ərəfədə ya dənizin adalarından nisbətən materikin içərilərinə, ya da daha cənub hissələrə köç edir. Axırıncılara misal kimi (əsasən təmizçilər fəsiləsinə aiddirlər) qaqarka, adı moevka, adı təmizçi, ağ qağayı, kayra, çovdarçıkimilər və qütb qağayısı.
Üstəlik burada sahilqağayıları, susüpürən, şimal kulmarı, qütb qağayısı, çəhrayı qağayı, moryanka, qaqa, qaqar və ağ kәklik.[27][33]
1985-ci ildə Lena deltasında Üst-Lenski qoruğu təşkil olunmuşdur. 1993-cü ildən onun ərazisi böyüdülərək Yeni Sibir adalarına daxil adalar da onun sahəsinə daxil edilir. Qoruğun sahəsi 14 330 km² təşkil edir. Onun sahəsində çoxlu sayda bitki (402 növ (sosudnıx) bitki), balıq (32 növ), quş (109 növ), məməli (33 növ) növləri vardır. Onların çoxu Qırmızı kitaba daxildir (SSRİ və Rusiyanın qırmızı kitabına)[34]
İnzibati bölgü
redaktəSahilləri və adaları inzibati cəhətdən Rusiya Federasiyası Saxa-Yakutiya Respublikasının Anabar, Bulunski, Ust-Yanski uluslarının (şərqdə) və Krasnoyarsk diyarı, Taymır Dolqan-Nenes rayonu (qərb) ərazilərinə daxildir. Sahillərində yerləşən qəsəbələr say və həcm baxımından çox kiçikdir. Əhalinin sayı qəsəbələrdə bir neçə yüz nəfər, bəzənsə çox az olur. Əhalinin sayı baxımından Tiski qəsəbəsi fərqlənir (5023 nəfər. 2013-cü il). Qəsəbə Bulunski ulusunun inzibati mərkəzidir. Laptevlər dənizi Rusiya ərazisində yerləşən yeganə dənizdir ki, onun adalarında daimi yaşayış məntəqəsi yoxdur (Hərbi və elmi müəsisələr istisnadır).
Balıqçılıq və naviqasiya
redaktəOvçuluq və balıqçılıq əsasən dənizə tökülən çayların deltası ərazisində təmərküzləşib.[17][18] Xatanqa körfəzi və Lena deltası və Yana estuarisində 1981-1991-ci illərdə il ərzində 3000 ton balıq tədarük edilirdi.[30] Dəniz canlılarının ovlanması yalnız yerli əhali üçün icazə verlir. Bircə istisna olaraq morj ovuna həm elmi məqsədlər, həm də yerli qəbilələr üçün keçərlidir. Yerli əhalinin mövcudluğu üçün ov mütləqdir.[35]
Dənizin donmasına baxmayaraq, naviqasiya insanların yaşamı üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Tiski limanı seçilir. Sovet dönəmində Laptevlər dənizində naviqasiya bumu yaşanırdı. Buna səbəb Şimal dəniz yolunun idarə edilməsi ilə əlaqədar 1932-ci ildə xüsusi idarəetmə sistemi tədqiq edilir. Bu yol hətta buzqıran gəmiləri üçün belə çətindir. 1937-ci ilin sentyabrında Laptevlər dənizində yol üzrə hərəkət edən və başda Lenin buzqıran gəmisi olmaqla 5 gəmidən ibarət karvan buzların arasında sıxılaraq qalır. Onların buzdan çıxarılması yalnız 1938-ci ilin avqustunda Krasim buzqıran gəmisinin sayəsində baş verir.[36] Əsas daşınma malları ağac, xəz və tikinti matrialları təşkil edir.[18]
SSRİ dövlətinin dağılmasından sonra dəniz üzərindən həyata keçirilən naviqasiya demək olar ki, tam dayanır. 1990-cı illərdə də eyni vəziyyət təkrarlanır. Bu yolun ancaq Dudinka və Murmansk, qərbdə isə Vladivostok və Pevek limanları arasında naviqasiya həyata keçirilirdi. Dudinka və Pevek limanları arasında isə demək olar ki, naviqasiya həyata keçirilmirdi.
Günümüzdə Krasnoyarsk diyarı, Yakutiya və Çukot istiqamətində məhsulların çatdırılması əsasən Şimal dəniz yolu ilə həyata keçirilir. 2010–2013-cü illərdə [37] istər bu istiqamətdə hərəkət edən gəmilərin sayında, istərsə yüklərin həcmində böyük artım müşahidə edilmişdir.
Tiski qəsəbəsində hava və dəniz limanı fəaliyyət göstərir[38].
Mədən sənayesi
redaktə1936-cı ildə yaxınlıqda yerləşən Norvik və Kojevnikov buxtalarda hələ XIX əsrdən neft, daş kömür və duz tədarük edilirdi. Ehtiyatları təfarük etmək məqsədi ilə «Nordvikstroy» tryesti yaradılır və bir sıra daimi işçi qəsəbələri salınır: Nordvik, Kajevnikovo, Solerudnik, Nirdvik-Uqolnıy və başqaları. Bu işçi qəsəbələri haqqında demək olar ki, məlumat çox azdır. Səbəb isə onların QULAQ əmək düşərgələri olmasıdır[39]. Bu düşərgələrdə əsasən məhbuslar işləyirdi, onların fəaliyyəti haqqında heç bir şahid yoxdur (bircə uşaq xatirələrində). Nordvikstroya iştirakçıları haqqında bu gündə ictimaiyyətdə elə də məlumat yoxdur.
Neft çıxarma cəhdləri bir nəticə vermir və sənaye əhəmiyyəti kəsb etmədiyindən işlər dayanır. Bununla belə duz çıxarışı isə öz intensivliyi ilə seçilirdi. Bu müəssisələr bağlanılır və Amerika müttəfiqlərinin gəlişi ərəfəsində (40-cı illərdə) qəsəbələr sökülür. 1956-cı ildən Norvik və Nordvikskoe qəsəbələrinin əbədiyən mövcudluğuna son qoyulur.
Saxa Respublikası Anabar ulusunun Mayat qəsəbəsində dünyanın ucqar şimal hissəsində yerləşən almaz yatağı vardır.[40] Üst-Yan ulusu ərazisində qiymətli metalar mədənlərində qızıl çıxarılır.[41]
2017-ci ildə Laptev dənizində Rusiyanın Rosneft şirkətinə aid Sentralno-Olginskaya-1 quyusunda neft aşkarlanmışdır[42][43]. Laptev dənizində aparılan ilkin geoloji tədqiqatlar nəticəsində 9,5 milyard tonluq yanacaq mənbəyi olan neft və təbii qaz ehtiyatlarını aşkar edilib.[44][45]
Dənizin tədqiqatı
redaktəRuslar dənizin ilk tədqiqatını, dənizin sahilləri və ona yaxın adaları öyrənməklə başlamışlar. XVII əsrdən başlanan tədqiqatlar əsasən Sibir çaylarının axarı istiqamətində aparılırdı. İlk tədqiqatçılar haqqında məlumatlar demək olar ki, yoxdur. Bununla belə, adalarda tapılan qəbirlər onlar haqqında müəyyən bilik əldə etməyə imkan verir. 1629-cu ildə sibir kazakları Lena çayı axarı boyunca şimala irəliləyərək çayın deltasına çatırlar və çayın dənizə çatması barədə məlumat verirlər. Digər qrup isə 1633-cü ildə Olenok çayının deltasına çatır[46].
1712-ci ildə Yakov Premyakov və Vaqim Merkuri dənizin şərq sahillərini və Böyük Lyaxovski adasını (ada onlar tərəfindən 1710-cu ildə kəşf edilir) araşdırırlar. İkinci yürüşdə hədəf Yeni Sibir adalarına çatmaq olsa da yolda üsyan qaldıran kazaklar tərəfindən öldürülürlər. 1770-ci ildə bu səyahəti İvan Lyaxov həyata keçirir və ərazidə zəngin Mamont sümükləri aşkarlayır. Bu sahədə inhisar mövqeyini ələ almaq üçün II Yekaterina tərəfindən xüsusi fərman alır. O, bölgədə yerləşən adalar haqqında məlumat vermişdir. Adada mis soba aşkarlayan Lyaxovski adanı Kotelnı adlandırmışdır. O, 1775-ci ildə Böyük Lyaxovski adasının dəqiq xəritəsini tərtib etmişdir.[47][48]
Böyük Şimal ekspedisiyası zamanı Laptevlər dənizini araşdırmaq üçün iki qrup təşkil edilir: Lena-Yenisey qrupununa 30 iyun 1735-ci ildə Vasili Pronçişev rəhbər təyin edilir. Yakutskdan başlayaraq eyni adlı qayıqla Lena çayının axarı ilə 40 nəfər ekipajla şimala doğru irəliləyir. Lena deltasının şərq hissəsini tədqiq edir və ərazini xəritəyə köçürür. Qışı Olenok çayının sahilində keçirir. Çətinliklərə baxmayaraq onlar 1736-cı ildə Taymırın şərq hissələrinə və 77° paralelə qədər çata bilirlər. Demək olar ki Çelyuskin burnuna qədər irəliləyirlər ancaq dumanlı hava səbəbindən sahil görünmür. Burnu fəth etmək onlara nəsib olmur.
Ekspedisiya geri qayıdarkən o, 29 avqust tarixində qayıqla ərazini müşahidəyə çıxdığı zaman ayağını sındırır. Gəmiyə qaytarılsa da huşunu itirir və emboliyadan vəfat edir. Həyat yoldaşı Tatyana Pronçişevna (ekspedisiyada qeyri-rəsmi iştirak edir) onun ölümündən cəmi 14 gün sonra 12 sentyabrda vəfat edir.[49][50] Mariyanın şərəfinə Laptevlər dənizində buxtalardan biri onun adını daşıyır.
1737-ci ilin dekabrında ekspedisiyaya rəhbər olaraq Xariton Laptev təyin edilir. Onun rəhbərlik etdiyi qrup yenidən Taymıra çatır və qışı Xatanqada keçirir. Gəmi buzlar arasında qaldıqdan sonra onlar Taymırın sahillərini qurudan tədqiq edirlər. Ekspedisiyanın bir dəstəsi başda Semyon Çelyuskin olmaqla materikin ən ucqar nöqtəsinə çatırlar. Sonrada bu ucqar nöqtəyə onun adı verilir (Çelyuskin burnu).[51][52]
Lena-Kolıma qrupunun rəhbəri Dimitri Laptev təyin edilir. O bu postda 1736-cı ildə vəfat etmiş P.Lassineusu əvəz edir. İrkutsk qayığında Lenanın deltasından Şərqi Sibir dənizinə çıxan boğaza qədər irəliləyir. Sonradan boğaz onun şərəfinə Dmitri Laptev boğazı adlandırılmışdır.
Pyotr Anju Laptevlər dənizinin sahil xəttinin və Yeni Sibir adalarının dəqiq kartoqrafik xəritəsini tərtib etmişdir. 1821-1823-cü illərdə 14000 km məsafəni qət etmişdir. O, ərazilərin çoxunu ya qayıqlarla və ya da xizəklərlə qət etmək məcburiyyətində olmuşdur. Bununla da da sübut etmişdir ki, ərazini tədqiq etmək üçün heç də gəmilərə mütləq şəkildə ehtiyac yoxdur. Onun şərəfinə Yeni Sibir arxipelaqının şimalında yerləşən adalar qrupuna onun adı verilmişdir.[53][54] 1875-ci ildə ilk dəfə olaraq Adolf Erik Nordenşeld "Veqa" paraxodunda Laptevlər dənizinin bir hissəsindən digər hissəsinə gedə bilmişdir.[46]
1892–1894 və 1900-1902-ci illərdə Laptevlər dənizinə təşkil edilən iki ayrı ekspedisiyaya baron Eduard Vasileviç Toll başçılıq etmişdir. O, Rusiya Elmlər Akademiyası üzvü olaraq «Zarya» gəmisində geoloji və coğrafi araşdırmalar aparmışdır. İkinci ekspedisiya zamanı Toll səssiz-səmirsiz itkin düşür (Yeni Sibir adaları yaxınlığında).[47][55] O bunu vurğulamışdı[56] burada iqtisadi baxımından sahillərdə, sututarlarında, çay kənarlarında və Yeni Sibir adalarında qalaqlanan mamont sümükləri daha əhəmiyyətlidir. Sonradan aparılan elmi tədqiqatlar göstərdi ki, bu sümüklərin yaşı 200 min il qədimlərə gedir.[57][58][59] Arktiçeski burnu Şimal Torpağı arxipelaqının ən böyük adasında yerləşir. Burun 1913-ci ildə Boris Andreeviç Vilkinski tərəfindən zabit olan Joxovun şərəfinə adlandırılır[60]. 1931-ci ildə Şimal Torpağına Qeorqi Andreeviç Uşakov və Nikolay Nikolayeviç Urvansevin rəhbərliyi ilə kartoqrafik ekspedisiya təşkil edilir. Bundan sonra burun Molotov burnu adlanır. 1950-ci illərdə Arktiçeski burnu adlandırılmışdır[60]. Burundan Şimal Qütbünə olan məsafə 990,7 km təşkil edir. Bu səbəbdən qütbə olan ekspedisiyaların bir çoxu buradan başlayır[61]
2013-ci ilin sentyabrında Tiksidən Stolbovoy adasına uçuş həyata keçirən iki Mi-29 helikopterlərinin ekipajı tərəfindən Laptevlər dənizində Stolbovoy adası ilə Matveyeka adası arasıbda yeni ada kəşf etmişlər. Adanın kim tərəfindən aşkarlanması dəqiqləşdirilə bilinmədiyindən, Yaya adası adlandırılmışdır.
Elmi tədqiqatı
redaktə2006-cı ildə Tiskidə mövcud olan metroloji stansiya təmir olunaraq yeni avadanlıqlarla təhciz edilmiş, stansiya tam avtomatlaşdırılmış və internet xəttinə qoşulmuşdur. Stansiya Atmosfer araşdırmaları proqramı üzrə ABŞ alimləri ilə müştərək fəaliyyət göstərir. Bu proqramın əsas xüsusiyyəti Arktika Atmosferinin öyrənilməsi, buludların ölçülməsi, atmosferdə şüalanma, aerozolların miqdarı, onların kimyavi tərkibi və s-dir. Bu proqramın əsas bazası ən ucqar şimal nöqtələrindəki daimi yaşayış məntəqələrini (Yurika Nunavut, Alert) öyrənməkdir. Bu məntəqələr Şimal Qütbündən cəmi 817 km məsafədə yerləşir[62]), Tiski Rusiya və Barrou (ABŞ).[63]
Tarix və məskunlaşma
redaktəDəniz sahillərində əsasən Şimali Sibir ərazisində yaşayan qəbilələr məskunlaşmışlar. Bu ərazilərə ilk dəfə Yukagirlər və Çuvanlar məskən salmışdır[64]. Ərazidə yaşıyan xalqların ənənəvi məşquliyyəti Balıqçılıq, Ovçuluq, köçəri maralçılıq həmçinin vəhşi maralların ovudur. II əsrdən etibarən Yukaqirlər evenlər və evenklər tərəfindən sıxışdırılır. Əraziyə sonradan IX əsrdən türkdilli saxalar, bir müddət sonra isə koryaklar və çukçalar məskun olur. Bir çox qəbilələr monqolların hücumundan qorunmaq üçün Baykal gölünün şimalında gizlənirlər. Bu qəbilələr arasında əsasən şamanizm geniş yayılmışdır. Eyni dində olmalarına baxmayaraq qəbilələr müxtəlif dillərdə danışırdılar[65][66][67][68]. XVII – XIX əsrlərdə yukaqirlər arasında epidemiya geniş vüsət aldığından onların sayı kifayyət qədər azalmışdır.
Ekoloji vəziyyəti
redaktəDənizin kirlənməsi əsasən zəifdir[69]. Bununla belə az da olsa onu kirləndirə biləcək mənbələr əsasən Lena, Yana və Anabar çayları sahilində yerləşən zavod və şaxtalardır. Müəssisələrdən çay sularına Fenol (0,002-0,007 mq/l), mis (0,001-0,0012mq/l) və sink (0,01-0,03 mq/l) kimi tullantılar axıdılır[70].
Çirklənmənin digər mənbəyi şəhər tipli qəsəbə olan Tiksidir. Əsasən çirklənmə naviqasiya və neft çıxarılması zamanı baş verir.
Digər kirlənmə mənbəyi ağac tədarükü ilə əlaqədardır. Suya atılan ağaclar onun kirlənməsinə səbəb olur. Bu səbəbdən Arktik dənizləri arasında fenollarla daha çox kirlənmişdir[30]. Dənizin dayan hissəsində çirklənmə bir qədər yuxarıdır. Burada evtrofikasiya müşahidə olunur. Bu səbəbdən hidrobiontlarda azalma müşahidə edilir[25].
İstinadlar
redaktə- ↑ "Море Лаптевых" (rus). Море Лаптевых: где находится на карте, фото, площадь, глубина, реки, рыба, страны, города. Archived from the original on 2021-11-28.
- ↑ "Море Лаптевых" (rus). Море Лаптевых: история открытия, фото, видео - ... Archived from the original on 2019-04-12.
- ↑ "Море Лаптевых" (rus). Море Лаптевых. Описание водоема, животный и ... Archived from the original on 2022-03-28.
- ↑ "Море Лаптевых" (rus). Море Лаптевых на берегу самого северного моря. Archived from the original on 2022-03-28.
- ↑ "Море Лаптевых" (rus). Море Лаптевых: где находится на карте, фото, площадь, глубина, реки, рыба, страны, города. Archived from the original on 2022-03-31.
- ↑ "Роснефть будет расширять фронт работ у побережья моря Лаптевых" (rus). Нефтяная компания планирует расширить программу разработки месторождений в отдалённом арктическом Хатангском заливе. Archived from the original on 2022-03-28.
- ↑ "РЫБАЛКА НА МОРЕ ЛАПТЕВЫХ" (rus). Туристско-информационный портал Якутии. Archived from the original on 2022-03-28. İstifadə tarixi: 2017.
- ↑ "«Великие имена и открытия в истории Норильска и Таймыра»" (rus). 2010-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019.
- ↑ Синюков, В. В. Александр Васильевич Колчак : Ученый и патриот : в 2 ч./ В. В. Синюков; отв. ред. А. П. Лисицын ; Ин-т истории естествознания и техники им. С. И. Вавилова РАН. — М.: Наука, 2009. — ISBN 978-5-02-035739-6. Ч.1 : Начало жизненного пути и арктические исследования. ▬ 293 с. ▬ ISBN 978-5-02-035740-2 (в пер.), С. 270
- ↑ 1 2 3 4 "Laptevlər dənizi" (ingilis). Encyclopædia BritannicaOnline. Archived from the original on 2023-07-26. İstifadə tarixi: 2 aprel 2010.
- ↑ "Limits of Oceans and Seas, 3rd edition" (PDF). International Hydrographic Organization. 1953. 8 October 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 6 February 2010.
- ↑ "Laptevlər dənizi" (ingilis). marineregions.org. Archived from the original on 2020-08-21. İstifadə tarixi: 2019.
- ↑ "Topoqrafik xəritə T-48-XIII, XIV, XV – 1:200 000". Topoqrafik xəritə (Russian). 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-17.
- ↑ "Laptevlər dənizi" (ingilis). webmandry.com. Archived from the original on 2021-05-10. İstifadə tarixi: 13 dekabr 2013.
- ↑ "Море Лаптевых" (rus). Интересные факты о море Лаптевых. Archived from the original on 2022-03-31.
- ↑ 1 2 "Ecological assessment of pollution in the Russian Arctic region" (PDF) (ingilis). 2006-09-30 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Laptevlər dənizi Arxivləşdirilib 2019-12-03 at the Wayback Machine в книге: А. Д. Добровольский, Б. С. Залогин. Моря СССР. Изд-во Моск. ун-та, 1982
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Laptevlər dənizi Arxivləşdirilib 2016-03-23 at the Wayback Machine, Böyük Sovet Ensiklopediyası
- ↑ Arnoldus Schytte Blix (2005) Arctic animals and their adaptations to life on the edge Arxivləşdirilib 2013-12-31 at the Wayback Machine, ISBN 82-519-2050-7 pp. 57-58
- ↑ "Море Лаптевых" (rus). База знаний. Archived from the original on 2022-03-28.
- ↑ "Море Лаптевых" (rus). Гидрологические условия моря Лаптевых. 2018-10-18 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Laptevlər dənizinin coğrafiyası" (rus). 2019-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2014.
- ↑ "Laptevlər dənizinin bəzi iqlim göstəriciləri" (rus). 2019-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2019.
- ↑ Шамраев Ю. И., Шишкина Л. А. Океанология. Л.: Гидрометеоиздат, 1980
- ↑ 1 2 "Laptevlər dənizi" (rus). Большая российская энциклопедия. 2019-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2019.
- ↑ 1 2 V. Alexandrov; və b. "Sea ice circulation in the Laptev Sea and ice export to the Arctic Ocean: Results from satellite remote sensing and numerical modeling" (PDF). Journal of Geophysical Research. 105 (C5). 2000: 17143–17159. Bibcode:2000JGR...10517143A. doi:10.1029/2000JC900029. ISSN 0148-0227. 7 March 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 13 October 2010. (#explicit_et_al)
- ↑ 1 2 "Şimal Torpağı. Hissə II". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-26.
- ↑ Manfred Bolter and Hiroshi Kanda. "Preliminary results of botanical and microbiological investigations on Severnaya Zemlya 1995" (PDF). Proc. NIPR Symp. Polar Biol. 10. 1997: 169–178. 2011-07-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-05-26.
- ↑ "Море Лаптевых" (rus). Море Лаптевых — Интернет-энциклопедии ... Archived from the original on 2021-11-27. İstifadə tarixi: 26.12.2014.
- ↑ 1 2 3 S. Heileman and I. Belkin Laptev Sea: LME #56 Arxivləşdirilib 2013-05-15 at the Wayback Machine, in Sherman, K. and Hempel, G. (Editors) 2008. The UNEP Large Marine Ecosystem Report
- ↑ "Laptevlər dənizində yaşayan və ya rast gəlinən məməlilərin siyahısı" (rus). Archived from the original on 2016-12-24. İstifadə tarixi: 2013-03-21.
- ↑ Charlotte Lindqvist; və b. "The Laptev Sea walrus Odobenus rosmarus laptevi: an enigma revisited". Zoologica Scripta. 38 (2). 2009: 113. doi:10.1111/j.1463-6409.2008.00364.x. (#explicit_et_al)
- ↑ "Bird Observations in Severnaya Zemlya, Siberia" (PDF) (rus). Archived from the original on 2022-08-10. İstifadə tarixi: 2010-10-19.
- ↑ "Усть-Ленский государственный природный заповедник" (rus). Archived from the original on 2013-07-26.
- ↑ Mammals in the Seas: Pinniped species summaries and report on sirenians. Volume 2 Arxivləşdirilib 2014-07-09 at the Wayback Machine, Food & Agriculture Org., 1979, ISBN 92-5-100512-5 p. 57
- ↑ William Barr. "The Drift of Lenin's Convoy in the Laptev Sea, 1937–1938" (PDF). Arctic. 33 (1). March 1980: 3–20. 24 May 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 July 2008.
- ↑ Şimal dəniz yolu administrasiyasının məlumatına əsasən Arxivləşdirilib 2014-09-21 at the Wayback Machine
- ↑ "ГЕОГРАФИЯ ПЕРЕВОЗОК" (rus). МОРЕ ЛАПТЕВЫХ. Archived from the original on 2022-08-23.
- ↑ Б. Яковлев, А. Бурцов. «Концентрационные лагери СССР», издание Института по изучению истории и культуры СССР, Мюнхен, 1955.
- ↑ "Diamonds of Anabar (in Russian)" (rus). 2011-08-11 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Cənubi dağlıq şirkəti Arxivləşdirilib 2014-06-06 at the Wayback Machine, Kimyavi şirkətinin sorğu bürosu Arxivləşdirilib 2019-01-06 at the Wayback Machine
- ↑ "Rosneft Discovers Oil in Laptev Sea". maritime-executive.com. 19 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2018.
- ↑ "Море нефти: Россия первой нашла «черное золото» в белой Арктике" (rus). Archived from the original on 2022-03-28. İstifadə tarixi: 18.06.2017.
- ↑ "Laptevlər dənizində nə qədər neft və qaz aşkar edilib" (rus). TOPNEFTEGAZ. 2017-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21.06.2017.
- ↑ "«Роснефть» подтвердила открытие месторождения на 80 миллионов тонн нефти в море Лаптевых" (rus). КОМСОМОЛЬСКАЯ ПРАВДА. Archived from the original on 2022-03-03. İstifadə tarixi: 13.10.2017.
- ↑ 1 2 "Laptevlər dənizi" (rus). Vokruq Sveta. Archived from the original on 2021-08-05.
- ↑ 1 2 M. İ. Belov Eksoedisiya izlərinin yolu ilə. Hissə II. Arxipelaqlarda və adalarda Arxivləşdirilib 2019-09-05 at the Wayback Machine
- ↑ "İvan Lyaxov" (rus). Böyük Sovet Ensiklopediyası. Archived from the original on 2012-03-24.
- ↑ Григорій Спасскій Сибирскій вѣстник, Том 17-18 Arxivləşdirilib 2014-01-05 at the Wayback Machine, Въ Тип. Департамента народного просвѣщенія, 1822
- ↑ В. В. Богданов (2001) İlk Rus qadın qütb səyyahı Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, Təbiət, Tom 1
- ↑ Dmitriy Laptev Arxivləşdirilib 2011-09-26 at the Wayback Machine, Xariton Laptev Arxivləşdirilib 2011-09-26 at the Wayback Machine, Böyük Sovet Ensiklopediyası
- ↑ "Laptev qardaşları" (rus). Archived from the original on 2022-09-21.
- ↑ "Anju Pyotr Fedoroviç" (rus). Böyük Sovet Ensiklopediyası. Archived from the original on 2011-09-26.
- ↑ [1] Arxivləşdirilib 2016-10-29 at the Wayback Machine. Funeral-spb.narod.ru. Retrieved on 2013-03-21.
- ↑ William Barr, (1980) «Baron Eduard von Toll’s Last Expedition: The Russian Polar Expedition, 1900–1903 Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine», Arctic, 34 (3), p. 201—224
- ↑ Eduard Von Toll (1895) Wissenschaftliche Resultate der Von der Kaiserlichen Akademie der Wissenschaften sur Erforschung des Janalandes und der Neusibirischen Inseln in den Jahren 1885 und 1886 Ausgesandten expedition. [Scientific Results of the Imperial Academy of Sciences of the Investigation of Janaland and the New Siberian Islands from the Expeditions Launched in 1885 and 1886] Abtheilung III: Die fossilen Eislager und ihre Beziehungen su den Mammuthleichen. Memoires de L’Academie imperials des Sciences de St. Petersbouro, VII Serie, Tome XLII, No. 13, Commissionnaires de I’Academie Imperiale des sciences, St. Petersbourg, Russia.
- ↑ Andreev, A.A., G. Grosse, L. Schirrmeister, S.A. Kuzmina, E. Y. Novenko, A.A. Bobrov, P.E. Tarasov, B.P. Ilyashuk, T.V. Kuznetsova, M. Krbetschek, H. Meyer, and V.V. Kunitsky, 2004, Late Saalian and Eemian palaeoenvironmental history of the Bol’shoy Lyakhovsky Island (Laptev Sea region, Arctic Siberia), 3.41 MB PDF file, Boreas. vol. 33, pp. 319—348.
- ↑ Makeyev, V.M., D.P. Ponomareva, V.V. Pitulko, G.M. Chernova and D.V. Solovyeva, 2003, Vegetation and Climate of the New Siberian Islands for the past 15,000 Years Arxivləşdirilib 2023-07-26 at the Wayback Machine. Arctic, Antarctic, and Alpine Research, vol. 35, no. 1, pp. 56-66.
- ↑ Ivanova, A. M., V. Ushakov, G. A. Cherkashov, and A. N. Smirnov, 1999, Placer Minerals of the Russian Arctic Shelf. Polarforschung. vol. 69, pp. 163—167.
- ↑ 1 2 Виктор Рыков. "Арктические миражи или метаморфозы топонимики". Вокруг света №2 (2689). Февраль 1998. 2012-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-07.
- ↑ Маргарита Дель Джудиче. "Арктический кошмар". National Geographic (журнал) — Россия. 2007-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-07.
- ↑ Reynolds, Lindor. "Life is cold and hard and desolate at Alert, Nunavut". Guelph Mercury. 31 August 2000. 4 November 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 March 2010. ("Twice a year, the military resupply Alert, the world's northernmost settlement.")
- ↑ A Study of Environmental Arctic Change (SEARCH) Arctic Atmospheric Observatories Arxivləşdirilib 2018-04-08 at the Wayback Machine, NOAA
- ↑ "Çuvanlar" (rus). Narodru.ru. 2013-03-21. Archived from the original on 2022-03-28. İstifadə tarixi: 2013-03-21.
- ↑ "Yukaqirlər" (rus). Böyük Sovet Ensiklopediyası. Archived from the original on 2011-09-25.
- ↑ "Evenklər" (rus). Böyük Sovet Ensiklopediyası. Archived from the original on 2012-03-09.
- ↑ Bella Bychkova Jordan, Terry G. Jordan-Bychkov Siberian Village: Land and Life in the Sakha Republic Arxivləşdirilib 2022-04-11 at the Wayback Machine, U of Minnesota Press, 2001 ISBN 0-8166-3569-2 p. 38
- ↑ "Evenlər" (rus). Novosibir Dövlət Universiteti. 2012-07-12 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "РИА Новости" (rus). Ученые нашли бытовой пластик на дне арктического моря Лаптевых. 2022-03-28 tarixində arxivləşdirilib.
- ↑ "ECOPORTAL" (rus). Экологические проблемы моря Лаптевых. Archived from the original on 2022-03-28.