Kur Deltasi - Wikipedia
Kür deltası[1] — delta ümumilikdə Azərbaycanda və bütün Cənubi Qafqazda yerləşən çay deltaları arasında ən böyüyüdür. Delta sahəsinə görə Xəzər dənizində yalnız Volqanın deltasından geri qalır. Kür çayının deltası tarix boyu çayın dənizə yaxın ərazilərində məcrasını dəyişməsi ilə yer dəyişmə etmişdir. Oda məlumdur ki, Kürün tarixi deltası hazırda Kür Dili yarımadası adı ilə tanınan ərazidə yerləşirdi. Tarixin müxtəlif dövrlərində baş vermiş böyük daşqınlar sayəsində çay məcrasını dəyişmişdir. Kürdə deltanın formalaşmasına ən böyük təsir göstərən əsas qol olan Araz çayıdır. Deltadan 236 km aralıda Kürə tökülən Araz ora 11 000 ton lil gətirir. Kür çayının yağış və yeraltı sularla qidalanması üstünlük təşkil etdiyindən əsasən aprel ayında daşır. Araz çayı isə qar suları ilə qidalanır və may ayında daşır. Təbii ki, Arazla gətirilən lil deltada çökür. Bunun sayəsində delta dənizin içərilərinə doğru hərəkət edir.
Coğrafiyası
redaktəKür çayının deltada bulanıqlığı 1900–2325 q/m³ arasında tərəddüd edir. Uzunluğu 15–20 km, eni 5–10 km arasında dəyişir. Deltasının sahəsi 100 km²-dir. Yarımsəhra, quruçöl iqliminə malikdir. Dəniz iqliminin mülayimliyinə təsir göstərir. Torpaqları qonur, boz, boz-qonur və sorandır. Deltada Kür çoxlu sayda qollara bölünür. Ən iri qollar Ana Kür və Bala Kürdür. Deltanın[2] cənubunda Qoltuq körfəzi yerləşir. Körfəzə axan qolların onun suyunun tərkibinə və səviyyəsinə böyük təsiri vardır. Kürün körfəzə və dənizə töküldüyü yerdə dərinlik bəzən 50 sm təşkil edir. Delta ətrafında orta illik temperatur 14,5 С təşkil medir. Maksimal temperatur 41 С, minimum isə –22 С-dir. İl ərzində bölgəyə 200–400 mm yağıntı düşür.
Tarixi
redaktə1860-ci ildə Nikolay Alekseeviç İvaşinsov ilk dəfə deltada araşdırma işləri aparmışdır. Nəticədə onun sahəsinin 39,6 km², uzunluğunun isə 8 km təşkil etdiyini müəyyən etmişdir. 1937-ci ildə aparılan ölçü işləri zamanı deltanın sahəsinin 373 km², uzunluğu isə 21 km olmuşdur. Bu genişlikdəki Kür deltasının meydana gəlməsi XVIII əsrin sonları — XIX əsrin əvvəllərindən başlayaraq formalaşmışdır. Sonrakı dövrlərdə deltanın sahəsinə Xəzər dənizinin 1970-ci illərə qədər dayazlaşması böyük təsir göstərmişdir. 1978–1995-ci illərdə dənizin kəskin olaraq səviyəsi qalxdığından deltanın sahəsi kiçilmişdir.
Ekologiya
redaktəKürün ekoloji vəziyyəti son dərəcə pisləşmişdir. Çaya müntəzəm olaraq təmizlənməmiş, zərərli istehsalat və məişət tullantıları atılır. Zərərli maddələrin miqdarı yol verilən həddən 10 dəfəyə qədər çox olduğundan çayların özlərini təmizləmə xüsusiyyətinə baxmayaraq çay özünü deltaya qədər belə təmizləyə bilmir. Tarixən Kürün hər iki sahilində mövcud olan tuqay meşələrinin qırılması, çay meandrlarının qısaldılması böyük daşqınlara səbəb olur. Bu isə deltada daxil olmaqlar böyük ərazini su altına alır. 2010-cu ilin may ayında Kür daşqınları[3] zamanı 20 mindən çox ev su altında qalmış, 300-dən çox ev dağılmış, 50 min hektara yaxın ərazini su basmışdır.
Əhəmiyyəti
redaktəDeltadan axan qollarda uzunburun balıq, ağ balıq, nərə balığı, ilanbalığı, sıf balığı ovu ilə məşğul olan vətəgələr vardır. Bütün dünyaya öz kürüsü və balıq məhsulları ilə məşhur olan Bankə qəsəbəsi deltada yerləşir. Deltadan axan qollarla kiçik gəmilər sərbəst şəkildə Yevlaxa qədər olan 480 km məsafədə üzə bilər. Bu isə turizmin inkişafı üçün bir potensialdır.
İstinadlar
redaktə- ↑ "Kür deltası". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-08.
- ↑ "Kür-Araz ovalığı". 2018-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-08.
- ↑ "Kür daşqınlarının tarixi". 2016-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-08.