Ii Mehemmed Xarezm Hokmdari - Wikipedia
Ələddin Məhəmməd Xarəzmşah — Xarəzmşahların sonuncu nümayəndələrindən olan Əlaəddin Məhəmmədin dövrü dövlət üçün önəmli dövrlərdən sayılır. Hakimiyyətinin ilk dövrlərində Xarəzmşahlar dövləti sürətlə inkişaf etsə də, hakimiyyətinin son dövründə eyni sürətlə də zəifləmişdir. Dövlətin yüksəlişində ordunun, siyasi və idarəetmə fəaliyyətinin, işğalların təsiri böyük olmuşdur. Xarəzmşahın hakimiyyətinin son dövrlərində isə dövlətin dərin böhran keçirməsinə səbəb sultanın şəxsi xüsusiyyətlərində olan mənfi xarakterlər , işğal edilmiş ölkələrin xalqlarına qarşı hakimiyyətin rəftarının yaxşı olmaması, xəlifə Ən-Nasirə qarşı həyata keçirilən mənasız güc mübarizəsi və nəhayət monqol hücumu ehtimalına qarşı ağıllı bir siyasətin tətbiq edilməməsi olmuşdur.
Əla əd-dünya və ad-din Əbül-Fəth Məhəmməd Səncər ibn Təkiş | |
---|---|
علاءالدین محمد خوارزمشاه | |
| |
1200 – 1221 | |
Əvvəlki | Əlaəddin Təkiş Xarəzmşah |
Sonrakı | Cəlaləddin Mənguberdi Xarəzmşah |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Abaskun adası[1] |
Vəfat səbəbi | plevrit |
Fəaliyyəti | hərbi lider[d], qubernator |
Atası | Təkiş Xarəzmşah |
Anası | Terkən xatun |
Həyat yoldaşı | Ayçiçək xatun |
Uşaqları | Cəlaləddin Mənguberdi, Rüknəddin Gursancdı, Azlaq, Ağşah, Xan sultan |
Ailəsi | Anuştəkinlilər sülaləsi |
Dini | sünni islam, islam |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhzadəlik dövrü
redaktəMənbələrdə şahzadəlik dövrü haqqında məlumat demək olarki yoxdur. 1197-ci ildə vəliəhd qardaşı Nəsrəddin Məlikşahın ölümündən sonra vəliəhd seçilərək onun yerinə 1200-cü ilə qədər Xorasana hakimlik etmişdir.[2]
1200-cü ildə atası Xarəzmşah Təkişin əmri ilə İsmaililərə qarşı hücuma keçmiş və Turşizi mühasirəyə almışdır. Həmin ildə də atasının ölümü xəbərini almışdır və 100 min dinar qarşılığında mühasirəni dayandıraraq, paytaxta üz tutmuşdur. 1200-cü ilin avqustun 3-də taxta oturmuşdur.[3][4]
Hakimiyyəti
redaktəDaxili mübarizə
redaktəƏlaəddin Məhəmməd hakimiyyətinin ilk dövrlərində əyanların müqaviməti ilə üzləşdi. İsfahandakı qardaşı Əlişahın orada möhkəmlənməsindən narahatlıq keçirən Sultan Məhəmməd onu mərkəzə çağırdı. Sultan Təkişin ölümü və burada möhkəmlənmiş Əlişahın mərkəzə qayıtması Şərqi İrandakı Xarəzmşah hakimiyyətini zəiflətdi. İsfahan Atabəy Əbu Bəkr tərəfindən ələ keçirildi, Rey itirildi.[5]
Sultan Məhəmmədin hakimiyyəti üçün təhlükələrdən biri də qardaşı oğlu Hindu xan idi. Hindu xan əmisinin hakimiyyətini qəbul etmirdi və Mərvdə ona qarşı qoşun yığmağa başlamışdı. 1201-ci ildə Sultan Məhəmmədin Mərvə göndərdiyi orduya qarşı müqavimət göstərə bilməyəcəyini başa düşən Hindu xan Qurilərdən kömək istədi. O, həmçinin onlara tabe olacağın və Quri hökmdarı Qiyasəddin Məhəmmədin adına sikkə kəsdirəcəyini vəd edirdi.[6] Hindu xanın təklifini qəbul edən Qiyasəddin Məhəmməd hücuma keçərək Xorasanın çox hissəsini tutdu. Quri hökmdarı Əlişah və başqa Xorasana təyin edilmiş Xarəzm sərkərdələrini əsir aldı.[7]
Daha bir əyan mübarizəsi isə Monqolların yürüşü ərəfəsində başlamışdı. Belə ki, Sultan Əlaəddin Məhəmmədin anası Terkən xatun Hind əsilli Ayçiçək xatundan olan Cəlaləddinin vəliəhd kimi qəbul edilməsinə qarşı çıxırdı. Buda əyanlar arası ixtilafların yenidən başlanmasına və onsuzda Monqolların yürüşü ilə dağılmağa başlayan dövlətin böharanının daha da artmasına səbəb oldu. 1221-ci ildə Terkən xatun Monqollar tərəfindən əsir alındı və 1232-ci ildə öldürüldü.[8]
Qurilərlə mübarizə
redaktəXarəzmşah mərkəzdə siyasi sabitlik yaratdıqdan sonra 1201-ci ilin sentyabrında Xorasana yürüşə başladı. Şadyahı və Mərvi ələ keçirirdi. 1202-ci ildə Heratı mühasirəyə aldı. 40 günlük Herat mühasirəsi heçbir nəticə vermədi.[9] Qurilərdəki hakimiyyət dəyişikliyindən istifadə edərək 1204-cü ildə Herat üzərinə edillmiş yürüş isə müvəffəqiyyətli oldu.
Mərkəzi hakimiyyəti gücləndirməyi bacaran Quri sultanı Şəhabəddin Məhəmməd 1204-cü ildə Sultan Məhəmməd tərəfindən işğal olunmuş topraqların geri alınması üçün Xarəzmşahlar üzərinə əks-hücuma başladı. 1204-cü ilin iyul ayında Şəhabəddin Xorasana doğru hərəkət etdi. Quri hökmdarının böyük bir ordu ilə hücuma başladığı xəbəri Sultan Məhəmmədə çatan kimi tələsik Xorasandan Xarəzmə çəkilərək müdafiə işlərinə başladı.[10]
1204-cü ildə Ceyhun çayının sahilində baş vermiş döyüşdə Xarəzmşah məğlub oldu və paytaxa çəkildi. Arxasıyca gələn Şəhabəddin Ürgənci mühasirəyə aldı.[11] Sultan Məhəmməd Qaraxitaylara məktub yazaraq onlardan kömək istədi və vassal kimi onlara tabe olacağını bildirdi. Bu təklifi müsbət qarşılayan Qara Xitay xan Tayanqunun və vassalı Qaraxanlı hökmdarı Osmanın rəhbərliyi ilə güclü ordunu Sultan Məhəmmədə köməyə göndərdi. Ani hücuma keçən Qaraxitaylar Quri ordusunu darmadağın etdilər. Şəhabəddin böyük itkilər verərək geri çəkildi.[12]
Qurilərin məğlubiyyəti onların hakimiyyətini zəiflətdi və ara müharibələrinə gətirib çıxardı. Bu qarışıqlıqlardan istifadə edən Sultan Məhəmməd Quri sarayına elçi göndərdi və bağlanan müqaviləyə əsasən Şəhabəddin Heratı çıxmaqla bütün Xorasanda Xarəzmşahların hakimiyyətini qəbul etdi.[13] Şəhabəddinin 1206-cı ildəki ölümündən[14] sonra isə Herat və ilin sonunda Bəlx işğal edildi. Tirmiz qalası tutularaq Qaraxanlı sultanı Osmana verildi.[15]
Hakimiyyətə gəlmiş yeni Quri hökmdarı Sultan Məhəmməddən asılılığı qəbul etdi və Firuzkuhda Xarəzmşahın canişini kimi hakimiyyətdə qaldı. Sultan Məhəmməd 1215-ci ildə bu ərazilərin qəti olaraq Xarəzmşahlara tabe edilməsi üçün yürüşə başladı. Beləliklə Qiyasəddin Mahmud və Qəznədaki Tacəddin Ulduzun hakimiyyətinə son qoyuldu və Quri hakimiyyətindəki bütün torpaqları ələ keçirildi.[16] Qəznədən Hind çayına qədər bütün torpaqlar Cəlaləddinə Məngüberdiyə tapşırıldı, lakin Sultan Məhəmməd Cəlaləddini yanından ayırmamaq istədiyi üçün bu torpaqlar müvəqqəti yəni Monqol hücumundan sonra Cəlaləddinin Qəznəyə çəkilməsinə qədər Kərbər Məlikə tapşırıldı.[17]
Qaraxitaylarla mübarizə
redaktə1207-ci ilin yazında Qaraxitay hakimiyyətində olan Buxarada Səncərin başçılığı böyük ilə üsyan qalxdı. Mərkəzi hakimiyyətdən kömək gəlməməsi səbəbindən şəhər hakimi Ali Burhan Xarəzmşahdan kömək istədi. Bu istəyi qəbul edən Sultan Məhəmməd Buxaraya yürüşə başladı. Həmin ildə Xarəzmşah ordusu üsyançıları məğlub etdi və üsyanın başçısı Səncər həbs edildi.[18] Bu qələbənin nəticəsində Qaraxitay hakimiyyətinə tabe olan Sultan Osman Xarəzmşahla yaxınlaşdı. Bələ ki, Sultan Osman xütbəni həm öz adına, həm də Xarəzmşah adına oxutdurmağa başladı. Hər iki səbəb Qaraxitaylarla münasibətlərin pozulmasına gətirib çıxardı. Məhəmmədin Mavəraünnəhrdəki qüvələrinə hücuma keçən Qaraxitay ordusu onları darmadağın etdi.
Xarəzmşah Məhəmməd sülh danışıqlarına başladı, lakin Qaraxitay elçisinin sultanla bir yerdə taxta oturmaq istəməsi aradakı münasibətləri tamamilə pozdu. Sultan elçini "kafir" deyərək öldürdü və Qaraxitaylara hər il verdiyi təzminatı dayandırdı. Ordu yığmağa başlayan Əlaəddin Məhəmməd 1210-cu ildə Qaraxitayların üzərinə hücuma keçdi. Həmin ilin sentyabrında baş vermiş İlamış döyüşündə Qaraxitaylar məğlub edildilər. İrəliləyən Xarəzm ordusu bütün Mavəraünnəhri ələ keçirdi.[19]
Şərqi İranın işğalı
redaktəQardaşı atabəy Əbu Bəkrin vəfatından sonra Azərbayan Atabəyləri taxtına Özbək keçdi. Onun taxta çıxdığı vaxt Əcəm İraqında vəziyyət ağır idi. Bu vaxt bir müddətdir Əcəm İraqını tək başına idarə edən Aydoğmuşa (Özbəyin vassalı) qarşı Cahan Pəhləvanın bir başqa vassalı Nəsrəddin Məngli çıxış edərək onu məğlub etdi və Əcəm İraqındakı torpaqları əlinə keçirərək Rey, İsfahan, Həmədan və digər əyalətlərdə öz adına xütbələr oxudub, "sultan" adıyla sikkələr zərb etdirdi.[20]
Xəlifə ən-Nasir, Azərbaycan atabəyi Müzəffərəddin Özbək və ismaili hökmdarı Cəlaləddin Həsən öz aralarında Menglinin əlindəki Əcəm İraqı torpaqlarını bölüşdürdülər. Ərbil atabəyi Müzəffərəddin Göy-Börü də onlara qoşuldu. Müttəfiqlərin birləşmiş orduları Həmədana hərəkət etdilər. 27 sentyabr 1215-ci ildə baş vermiş döyüşdə Məngli məğlub oldu və öldürüldü. Seyfəddin Oğlamışı canişin təyin edən Atabəy Özbək özü Təbrizə qayıtdı. Ancaq daha əvvəl Xarəzmşahların xidmətində olan Oğlamış naib təyin edildikdən sonra xütbəni Xarəzmşah Əlaəddin Məhəmmədin adına oxutdurmağa başladı. Bu səbəbdən də sui-qəsdin qurbanı oldu.[21]
Bu xəbəri eşidən Sultan Məhəmməd Şərqi İrana üzərinə hərəkət etdi. O, qarşısına çıxan Səd ibn Zəngini məğlub edib Reyə soxuldu. Bunu eşidən Özbək, Əhər hakimi Piştəginlərdən Nurəddin Məhəmmədi Təbrizə göndərib özü də dağlarda yerləşən qalalardan birinə qaçdı. Ancaq Nurəddin Məhəmməd Miyanə yaxınlarında Xarəzmşahlara məğlub oldu və özüylə birlikdə vəzir Rəbibəddin Dəndan da əsir düşdülər. Xarəzmşah Əlaəddin Məhəmməd vəziri Nəsirəddin Dövlətyarı Atabəy Özbəkin yanına göndərərək ona təslim olmağı və Xarəzmşah adına xütbə oxutdurub, sikkə kəsdirməyi əmr etdi. Xarəzmşahın bu təkliflərini qəbul edən Özbək, Arran və Azərbaycandakı hakimiyyətini qorusa da Əlaəddin Məhəmmədin vassalına çevrildi.[22] Sultan Məhəmməd işğal etdiyi Şərqi İran torpaqlarına oğlu Rüknəddin Gursancdını təyin etdi.[23]
Xəlifəyə qarşı mübarizə
redaktəXarəzmşah Təkiş 1194-cü ildə Xəlifəni özündən asılı vəziyyətə salmışdı, lakin Təkişin ölümündən istifadə edən Xəlifə Nasir asılılıqdan imtina etdi və Xarəzmşahlara qarşı mübarizəyə başladı. Belə ki, Şərqi İranın bölüşdürülməsi və Xarəzmşah Məhəmmədin naibi Oğlamışın qətlində əlinin olması münasibətləri tamamilə korlamışdı.[24] Həmçinin Xarəzmşah xəlifədən xütbəni onun adına oxumasını tələb edirdi. 1217-ci ildə məşhur alim Qazi Mücirəddini Xilafət sarayına göndərdi, lakin Xəlifə bu təklifi rədd etdi.[25][26]
Xəlifəyə qarşı hərəkətə keçən Sultan Məhəmməd Tirmiz seyidlərindən olan Əlaül-Mülk Tirmizini xəlifə təyin etdi. İlk öncə xəlifəni vəzifədən çıxardlğını və Əlaül-Mülk Tirmizini onun yerinə təyin etdiyini elan edərək xütbələrin yeni xəlifənin adına oxunmasını istədi, fəqət Sultan Məhəmmədin bu siyasəti nəinki vassalı olan hətta öz paytaxtında belə qəbul edilmədi və bu yöndə heçbir dəyişiklik olmadı.[27][28]
Beləliklə Xarəzmşah Məhəmməd Xəlifəyə hakimiyyətini qəbul elətdirə bilmədi. Ancaq Xarəzmşah Məhəmmədin nüfuzuna böyük xələr gəldi.[29][30]
Monqollarla mübarizə
redaktəXarəzmşahlar dövlətinin dağılmasına səbəb Monqol yürüşləri oldu. Sultan Məhəmmədin ən böyük xətalarından biri bu yürüşləri nəzərə almaması və əvvəlcədən tədbirlər görməməsi idi. Məhəmmədin hakimiyyətinin ortalarında Xarəzmşahların Monqollarla arası yaxşı idi hökmdarlar arasında ticarətlə əlaqəli elçi mübadiləsi vardı.[31]
Əlaqələrin pozularaq müharibə halına gəlməsinə səbəb isə Xarəzmşahın Otrardakı naibi İnalcığın Monqol karvanına hücum edərək qarətə və qətllərə yol verməsi oldu. Çingiz xan Xarəzmşahdan vurulan ziyanın geri qaytarılmasını tələb etsə də, Sultan Məhəmməd bunu qəbul etmədi. Beləliklə iki tərəf arasında müharibə qaçınılmaz oldu.[32]
Ani hücuma keçən Monqol ordusu sayının çoxluğu da nəzərə almaqla Xarəzmşahların torpaqlarının böyük hissəsini tutdu. Mavəraünnəhr, Buxara və Səmrqənd ələ keçirildi.[33] Paytaxtın mühasirəsi başlayanda müqavimət göstərə bilməyəcəyini başa düşən Sultan Məhəmməd Mazandarana qaçdı. Arxasıyca Monqol ordusu Xorasanı və Mazandaranı ələ keçirə-keçirə sultanı təqib etdi. Xarəzmşahın tək qalibiyyəti Monqol qüvvələrinin əlinə keçməməyi oldu.[34]
Ölümü
redaktəXəzər dənizinə, Abaskun adasına sığınan Sultan Məhəmməd ailəsinin bir hissəsinin və xəzinəsinin monqolların əlinə keçməsi xəbərini aldıqdan sonra ağır xəstələndi. Adada ailəsindən oğulları Cəlaləddin, Azlaq, Ağşah və həyat yoldaşları var idi. Beləliklə Məhəmməd adadas olarkan 1221-ci ildə oğlu və vəliəhdi Cəlaləddin Məngüberdini sultan elan etdi və öz qılıncı ilə tacını ona verdi. Bütün ailəsindən Cəlaləddinə tabe olmalarını istədi və həmin ilin dekabrında vəfat etdi.[35]
Şəxsiyyəti
redaktəMüəyyən hadisələr sübut edir ki, Əlaəddin Məhəmməd tez hiddətlənən bir şəxs olmuşdur. Bu hadisələrə biri Sultan Osmanın öldürülməsi ilə bağlıdır. Bələ ki, Sultan Məhəmmədin qızıyla evlənən Osman onun qızına qarşı sərt davranması səbəbindən Xarəzmşahın qarşısına qılınc və kəfənlə çıxmasına baxmayaraq öldürülmüşdü.[36]
Ordu gücü ilə əldə etdiyi qalibiyyətlər səbəbindən məğrur bir insana çevrilmişdi. Əsirlərə qarşı olduqca mərhəmətiz idi. Şərqi İranda apardığı müharibələr zamanı əsir aldığı sərkərdələri (Atabəy Səd, Məlik Məhəmməd və vəzir Rəbubiddin Əbülqasımı) çovğan oyunu bitənə qədər ayaq üstə saxlamışdı. O işğal etdiyi ölkələrin hakimlərinin bəzilərini öldürür və bəzilərini isə əsir şəklində Xarəzmə gətirərək, həbsə atırdı. Bu səbəbdən paytaxt "hökmdarlar və şəhzadələr həbsxanasına" çevrilmişdi.[37]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Bosworth, C. E. "Abaskūn Arxiv surəti 9 oktyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib oktyabr 9, 2007, at the Wayback Machine". Encyclopaedia Iranica. Accessed on June 6, 2007.
- ↑ Cüveyni.s.31.
- ↑ Kafesoğlu. s.146.
- ↑ Cüveyni.s.37.
- ↑ Ər-Ravəndi, s. 369–370.
- ↑ İbni əl-Əsir.s. 133–134.
- ↑ Cüzcani.s. 359–360.
- ↑ Nəsəvi.s. 59–60.
- ↑ Kafesoğlu.s. 155.
- ↑ Kafesoğlu.s.151.
- ↑ Cüveyni.s.42.
- ↑ Tarih.com. "Prof. Dr. Abdülkerim Ozaydın". Harezmşahlar Devleti (türk). 2016-08-09 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Cüveyni.c. II, s.44.
- ↑ Cüzcani.s.369.
- ↑ İbn əl-Əsir.s.189.
- ↑ Cüzcani.s.374–377.
- ↑ Nəsəvi.s.38.
- ↑ Barthold.s.378–379.
- ↑ Əl-Bundari.s.250.
- ↑ Əkbər N. Nəcəf.s.44.
- ↑ İbn əl-Əsir.s.268.
- ↑ Əkbər N. Nəcəf.s.44–45.
- ↑ Nəsəvi.s. 22–23.
- ↑ Çakmak.s 47–51.
- ↑ Kafesoğlu.s.217–218.
- ↑ Barthold.s.396–397.
- ↑ Fəzlullah Rəşidəddin.s.340–341.
- ↑ Kafesoğlu.s.217.
- ↑ Cüveyni.s.78–79.
- ↑ Nəsəvi.s. 32.
- ↑ Barthold.s.420–421.
- ↑ Guignes.s.478–480.
- ↑ Əbül Fərəc.s. 512–515.
- ↑ Barthold.s.444–451.
- ↑ Nəsəvi.s.84.
- ↑ Cüveyni.c. II, s. 104
- ↑ Kafesoğlu.s.206–207.
Ədəbiyyat
redaktə- Əkbər N. Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından — XIV əsrə qədər). Bakı: Qanun, 2010.
- Əlaəddin Ataməlik Cüveyni. Tarixi-Cəhanqüşa, c. I–II. (tərc. M. Öztürk). Ankara: Kültür Bakanlığı Yayını, 1998.
- İbrahim Kafesoğlu. Xarəzmşahlar dövləti tarixi, Ankara: Türk Tarih Kurumu Yayını, 1992.
- Ər-Ravəndi. Rahat-üs-sudur və ayət-üs-sürur,c. I–II (tərc. A. Ateş). Ankara: Türk Tarih Kurumu Yayını, 1957.
- Minhəc əl-Sirac Cüzcani. Təbakəti-Nasiri, c. I–II. (tərc. Əbdül Hay), Tahran: Dünyaye Kitab, 1343.
- İbn əl-Əsir. Əl-kamil fi-t-tarix, c. I–II (tərc. A. Ağırakçe və A. Özaydın). İstanbul: Bahar Yayınları, 1987.
- Nəsəvi. Sirət-i Cəlaləddin Məngüberdi, (tərc. Müctəba Minuvi) Tehran: Şirkəti İntişarati Elmi və Fərhəngi, 1986.
- Əl-Bündari. Zübdətün-nusra və nuhbətül-usra, (tərc. Kıvameddin Burslan). Ankara: Maarif Matbəəsi, 1943.
- Çakmak M. A. Türk Sultanları ilə Abbasi Xəlifələrinin İqtidar Mücadilələri (XII–XIII. Yüzil). Türk Kültürü ve Hacı Bektaş Veli Araştırmaları Dergisi, 2007.
- Fəzlullah Rəşidəddin. Cami ət-Təvarix, c. I (tərc. Dr. Bəhmən Kərimi). Tehran: İqbal nəşriyyatı, (1374).
- Joseph de Guignes. Hunların, Türklərin, Moğolların və sair Tatarların Ümumi Tarixi, c. IV (tərc. H. Cahit.). İstanbul: Tanin mətbəəsi, 1924.
- Əbül-Fərəc. Tarixi Əbül-Fərəc, c. II (tərc. Ö. R. Doğrul). Ankara: Türk Tarih Kurumu Yayını, 1987.