Hebibi - Wikipedia
Həbibi[a] (az.-əski. حبيبي; təq. 1470, Bərgüşad, Ucar rayonu – 1520, İstanbul) — XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış Azərbaycan şairi. O, yaşadığı dövrün ən mühüm Azərbaycan şairi hesab olunur.
Həbibi | |
---|---|
az.-əski. حبيبي | |
| |
Doğum adı | naməlum. |
Təxəllüsləri | Həbibi, Əcəm Həbibi, Həbibiyi Azərbaycani, Həbibiyi Bərgüşadi, Həbibi Çələbi |
Doğum tarixi | təq. 1470 |
Doğum yeri | Bərgüşad |
Vəfat tarixi | 1520 |
Vəfat yeri | |
Vətəndaşlığı | Ağqoyunlu,Səfəvi |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı, şair |
Əsərlərinin dili | Azərbaycan dili, türk dili |
Həbibi Vikimənbədə |
Həbibi həyatının ilk illərini Ağqoyunlu hökmdarı Yaqub padşah sarayında keçirmiş və ilk şeirlərini burada yazmağa başlamışdır. O, 1502-ci ildə Səfəvi şahı I İsmayıl tərəfindən "şairlərin şahı" tituluna layiq görülmüş və beləliklə, Səfəvilər dövlətində saray şairi olmuşdur. Həbibi öz əsərlərini doğma Azərbaycan dilində yazmış, hürufilik və təsəvvüf kimi mövzulardan bəhs etmişdir. O, özündən sonrakı illərdə yazıb-yaratmış şairlərə, o cümlədən Füzuliyə ustadlıq etmiş, ümumi mənzərədə isə Azərbaycan ədəbiyyatının inkişafına mühüm təsir göstərmişdir. Həbibi ömrünün son illərini Anadoluda keçirmiş, 1519-cu və ya 1520-ci ildə vəfat etmişdir.
Həyatı
redaktəHəbibi 1470-ci ildə Bergüşad kəndində (indiki Azərbaycan Respublikasına bağlı Ucar rayonunun tərkibində) anadan olmuşdur.[2][3] O, uşaqlıq illərində çobanlıqla məşğul olmuşdur. Səfəvi şahzadəsi Sam Mirzənin qeydlərinə görə, Həbibi bir dəfə çobanlıq etdiyi vaxt ov səfərində olan Ağqoyunlu hökmdarı Yaqub bəy ilə görüşmüşdür. Yaqub bəy bu zaman Həbibinin dahiliyinə görə onu öz himayəsinə götürmək qərarına gəlmişdir.[4][5] O, ilk şeirlərini məhz Yaqub bəyin hakimiyyəti dövründə, Ağqoyunlu sarayında yaşayarkən ərsəyə gətirmişdir.[2][4]
1490-cı ildə Yaqub bəyin vəfat etməsindən 1502-ci ilə qədər Həbibinin həyatı haqqında heç nə məlum deyil.[6] O, 1502-ci ildə Səfəvilər dövlətində saray şairi olmuş, özü də şair olan Səfəvi şahı I İsmayıl (1487–1524) ona "məlik üş-şüəra" (mənası – şairlərin şahı) titulunu layiq görmüşdür.[2][6][7] Həbibi 1514-cü ildə Osmanlı imperiyasının paytaxtı Konstantinopol (indiki İstanbul) şəhərinə köçmüşdür. Müasir tarixçilər bunu Osmanlı sultanı I Səlimin o vaxt Səfəvilərin paytaxtı olan Təbriz şəhərini tutması ilə əlaqələndirirlər.[7][8][9] Akademik Həmid Araslıya (1902–1983) görə, Həbibi 1514-cü ildə Təbriz ələ keçirildikdən sonra Osmanlı sultanı I Səlim tərəfindən Konstantinopola gətirilmiş 1,700 incəsənət xadimindən biri idi. Övliya Çələbi Həbibini I Səlimin saray əyanı kimi təsvir etmişdir. Müasir tarixçilər buna əsaslanaraq güman edirlər ki, türk və fars ədəbiyyatı ilə yaxından maraqlanan sultan Həbibini sarayını tərk etdiyinə görə ondan məyus qalmış Şah İsmayıldan qorumağa çalışırdı.[4][6]
Mənbələrdə I Səlimin dövründə vəfat etdiyi bildirilən Həbibinin dəqiq ölüm tarixi məlum deyil. Övliya Çələbinin qeydlərinə görə, o, Sütlücədə yerləşən Cəfərabad xanəgahında dəfn edilmişdir.[4][5][9] "İranika Ensiklopediyası" və "İslam Ensiklopediyası" Həbibinin 1519-cu ildə vəfat etdiyini qeyd edilir, Böyük Sovet Ensiklopediyasında və "Meydan Larousse"da isə şairin vəfat tarixi 1520-ci il göstərilir.[9][10]
Yaradıcılığı
redaktəHəbibinin əsərlərinin çoxu itmiş,[7] onlardan sadəcə 40-ı indiki dövrə qədər gəlib çatmışdır.[2] Müasir tarixçilər sağlığında olan şöhrətini nəzərə alaraq güman edirlər ki, o, öz "Divan"ını hələ Anadoluya gəlməmişdən əvvəl yazmışdır.[5] Həbibinin şeirlərində istifadə olunan dil sırf Azərbaycan türkcəsinə aid edilir, lakin burada fars dilinə xarakterik çoxsaylı elementlər, həmçinin cığatay dilinin təsiri də müşahidə olunur.[7] Onun şeirləri "sadə və səmimi" kimi təsvir olunur.[4] Həbibinin şeirlərində hürufiliklə bağlı məzmunlar öz yerini tapmışdır. O, aydın və canlı metaforalarla məhəbbət və sufilik mövzularında fəlsəfi şeirlər yazmışdır. Həbibi öz dövrünün ən görkəmli Azərbaycan şairlərindən biri idi.[4][8] Mehmed Fuad Köprülüyə görə, o, Nəsimi, Xətai (Səfəvi şahı I İsmayılın təxəllüsü) və Füzuli arasında keçid dövrünü təmsil edirdi.[2][7] Həbibinin şeirləri xüsusilə Xətai və Füzulinin yaradıcılığına təsir göstərmişdir.[2][7]
Həbibi yaradıcılığında XIV əsr Azərbaycan şairi[11] Nəsimidən,[2][7] bir qədər də Osmanlı şairləri Yusif Şeyxi və Əhməd Paşadan, həmçinin Azərbaycandilli Xəlilidən çox təsirlənmişdir. Sevgi, içki, Adəmə səcdə və tanrı ilə birliyə nail olmaq kimi mənəvi mövzular Həbibinin şeirlərində ən mühüm məfhumlardır.[4][7] Bundan əlavə, o, şeirlərində dini idarəni rişxənd edir.[7] Həbibi Anadolu türkcəsində də şeirlər yazmış, misralarının quruluşuna, xüsusən də qafiyələrin düzgünlüyünə çox diqqət yetirmişdir. Buna baxmayaraq, o, bəzən Anadolu türkcəsindən yanlış formada istifadə edir və Osmanlı şairlərinin nəzm texnikasındakı ustalığı ilə uyğunlaşa bilmirdi.[4][12] Çakəri Sinan Çələbi, Səfayi Çələbi, Cəlalzadə Mustafa Çələbi, Həyati Çələbi, Tutmaçı kimi XVI əsr şairlərinin Həbibiyə nəzirələr yazmaları onun Osmanlı poeziyasında tutduğu yerin əhəmiyyətini nümayiş etdirir.[4]
Həbibi Anadolu türkcəsində şeir yazmağı öyrənsə də, Osmanlı bioqrafı Aşıq Çələbi (1520–1572) Həbibinin poeziyasını Osmanlı üslubuna deyil, İran (əcəmanə) üslubuna aid hesab etmiş və onun poeziyasının "çağdaş poetik cərəyanlar"a uyğun gəlmədiyini qeyd etmişdir.[13]
İrsi
redaktəMüasir tarixçilər güman edirlər ki, Həbibi sağlığında və ölümündən sonra bir müddət məşhur bir şair idi.[14] Onlar əsas olaraq Füzulinin Həbibinin öz qəzəllərindən birinin mətləsindən götürülmüş müxəmməs yazmasını göstərirlər. Həbibi Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynamış bir çox gələcək şairlərə təsir etmişdir.[9] Buna baxmayaraq, Həbibi indiki dövrdə demək olar ki, tamamilə unudulmuşdur. Onun şeirlərindən yalnız bir neçəsi qorunub saxlanmışdır, bu da öz növbəsində ölümündən qısa müddət sonra məşhurluq baxımından onu ötmüş Füzuli və Osmanlı şairi Baki (1526–1600) ilə bağlıdır.[4][7]
Nəşrlər
redaktə- Həbibi. Şeirlər (PDF) (az.). Bakı: Şərq-Qərb. 2006.
- Şerlər (az.). Bakı. 1981.
- Qəsidələr, qəzəllər // Azərbaycan klassik ədəbiyyatı kitabxanası (az.). III cild. Bakı. 1984.
Qeydlər
redaktəMənbə
redaktəİstinadlar
redaktə- ↑ Oğuz, Üst və Gürbüz, 2020
- ↑ 1 2 3 4 5 6 7 Prokhorov, 1969–1978
- ↑ Erden, 2018. səh. 5
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Sadıkoğlu, 1996. səh. 374–375
- ↑ 1 2 3 Erden, 2018. səh. 6
- ↑ 1 2 3 Erden, 2018. səh. 7
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Hess, 2020
- ↑ 1 2 Javadi, Burrill, 1988. səh. 251–255
- ↑ 1 2 3 4 Meydan Larousse, 1960. səh. 287
- ↑ Great Soviet Encyclopedia, 1969–1978
- ↑ Mustafayeva, 2021. səh. 5
- ↑ Erden, 2018. səh. 9
- ↑ Péri, 2021. səh. 245
- ↑ Erden, 2018. səh. 8
Ədəbiyyat
redaktə- Əlibəyzadə E. M. Azərbaycan dilinin tarixi. İki cilddə. II cild. Bakı: Azərnəşr, 2008, s. 112-120.
- Oğuz, Fatma Sabiha Kutlar; Üst, Sibel; Gürbüz, Mehmet. "HABÎBÎ, Acem Habîbî, Habîbî-i Azerbaycânî, Habîbî-i Bergüşâdî, Habîbî Çelebi". Türk Edebiyatı İsimler Sözlüğü (türk). Əhməd Yəsəvi Universiteti. 31 mart 2015.
- Erden, Murat. XV. Yüzyıl şairi Habîbî ve dîvânı (Tezis) (türk). Mərmərə: Mərmərə Universiteti. 2018.
- Hess, Michael R. Hǝbibi // Fleet, Kate; Krämer, Gudrun; Matringe, Denis; Nawas, John; Rowson, Everett (redaktorlar ). Encylopedia of Islam (ingilis). THREE. Brill Online. 2020. doi:10.1163/1573-3912_ei3_COM_30148. ISSN 1873-9830. }}
- Javadi, H.; Burrill, K. AZERBAIJAN x. Azeri Turkish Literature // Yarshater, Ehsan (redaktor). Encyclopædia Iranica (ingilis). Volume III/3: Azerbaijan IV–Bačča(-ye) Saqqā. London and New York: Routledge & Kegan Paul. 1988. 251–255. ISBN 978-0-71009-115-4.
- Mustafayeva, Nurlana. "Study of Azerbaijani Poet İmadeddin Nasimi's Creativity in Turkish Literary Crit". Journal of Turkish Research Institute (ingilis) (72). 1 January 2021: 1–10. doi:10.14222/Turkiyat4378. ISSN 1300-9052.
- Prokhorov, Alexander, redaktorХАБИБИ // Больша́я сове́тская энциклопе́дия (rus) (3). Moskva: Советская энциклопедия. 1969–1978.
- Péri, Benedek. 'O Muhibbi! You've Lit Your Lamp with Khosrow's Burning Passion': Persian Poetry as Perceived by Sixteenth-Century Ottoman Authors // Melville, Charles (redaktor). Safavid Persia in the Age of Empires: The Idea of Iran Vol. 10 (ingilis). I.B. Tauris. 2021. ISBN 978-0755633784.
- Sadıkoğlu, Cengiz. HABÎBÎ // TDV İslam Ansiklopedisi (türk). 14 (Geli̇bolu – Haddesenâ). İstanbul: Türkiyə Dəyanət Vəqfi. ISBN 9789753894418.
- HABİBİ // Meydan Larousse (türk). 8. Meydan Yayınevi. 1960.