Boyuk Selcuq Memarligi - Wikipedia
Bu səhifədə iş davam etməkdədir. |
Böyük Səlcuq memarlığı, yaxud sadəcə olaraq Səlcuq memarlığı — Böyük Səlcuq İmperiyası dövründə (XI-XII əsrlər) həyata keçirilmiş memarlıq fəaliyyətləri nəticəsində ərsəyə gətirilmiş abidələr nəzərdə tutulur. Bu dövrdəki hadisələr Azərbaycan, İran, Mərkəzi Asiya və qonşu regionların memarlığına əhəmiyyətli töhfələr vermişdir. Bu dövr memarlıqda məscidlərdə simmetrik dörd eyvanlı planın tətbiqi, günbəz quruluşunda irəliləyişlər, müqarnanın erkən istifadəsi və dövlət dəstəkli mədrəsələrin geniş miqyasda tikintisi kimi yeniliklərlə yadda qalmışdır. Səlcuq tikililəri əsasən kərpicdən inşa edilir, bəzək isə kərpic işləmələri, kaşılar və oyma stukko vasitəsilə yaradılırdı.
Böyük Səlcuq memarlığı | |
---|---|
Konsepsiya | İslam və Osta Asiya Türk mədəniyyətinin sintezi |
Ölkə | |
Qurulma tarixi | XI əsrin ortaları |
Dağılma tarixi | XIII əsr |
Vacib tikililər | Möminə Xatun türbəsi, Yusif ibn Küseyir türbəsi, Sultan Əhməd Səncər türbəsi, İsfahan Cümə məscidi, Ərdistan Cümə məscidi |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi zəmin
redaktəSəlcuq türkləri XI əsrdə Böyük Səlcuq İmperiyasını yaratmış, Hinduquş dağlarından Şərqi Anadoluya, Mərkəzi Asiyadan İran körfəzinə qədər geniş əraziləri fəth etmişdilər. 1050-ci ildə İsfahan Böyük Səlcuq İmperiyasının paytaxtı elan edildi. 1071-ci ildə Səlcuqların Bizans İmperiyası üzərində Malazgird döyüşündəki qələbəsindən sonra Anadolu türklər üçün məskunlaşmaya açıldı. Səlcuq memarlığının əsas himayə mərkəzi müasir İran əraziləri idi və ilk daimi Səlcuq abidələri burada inşa olunmuşdur. Böyük Səlcuqların mədəniyyətinin zirvəsi, adətən, I Məlikşahın (1072–1092) hakimiyyəti və onun vəziri Nizamülmülkün dövrü ilə əlaqələndirilir. Nizamülmülk, digər siyasətləri ilə yanaşı, sünniliyi şiəliyə qarşı müdafiə etmiş və bu siyasət üçün vasitə olaraq mədrəsələr şəbəkəsi yaratmışdır. Bu dövr mədrəsənin bir institut kimi sünni İslam dünyasında yayılmasının başlanğıcı hesab olunur. Baxmayaraq ki, bu günə qədər heç bir Səlcuq mədrəsəsi tam bütöv şəkildə qorunub saxlanılmayıb, Səlcuq memarlığına aid mədrəsələrin dizaynının digər bölgələrdəki mədrəsələrin dizaynına təsir etdiyi güman edilir.
Böyük Səlcuqların qısa sürən yüksəlişi bölgənin İslam sənəti və memarlığı tarixində əsas mərhələlərdən biri hesab olunur və bu, himayədarlığın, eləcə də bədii formaların genişlənməsinə təkan vermişdir. XIII əsrdə monqol istilaları nəticəsində Səlcuq memarlıq irsinin böyük bir hissəsi məhv edilmişdir. Buna baxmayaraq, Səlcuqlardan əvvəlki dövr ilə müqayisədə daha çox abidə və əsərin qorunub saxlanılması bu dövrün incəsənətinin daha dərindən öyrənilməsinə imkan yaratmışdır. XI-XIII əsrlər dövrü həmçinin Mərkəzi Asiya memarlığının "klassik dövrü" kimi tanınır və bu dövr yüksək keyfiyyətli tikinti və dekorasiya ilə səciyyələnir.
Bu dövrdə Səlcuq paytaxtı Mərv idi və həmin dövrdə regionun bədii mərkəzi kimi qalmışdır. Amudəryanın şimalında yerləşən Mavəraünnəhr bölgəsi Məlikşahın hakimiyyəti dövründə Səlcuqlara tabe olan Qarakhanlılar tərəfindən idarə edilirdi. Bu sülalə də həmin dövrdə Mərkəzi Asiyada Səlcuq memarlığı ilə çox oxşar üslubda inşa edilmiş memarlıq abidələrinin inkişafına töhfə vermişdir. Eyni zamanda, Böyük Səlcuq İmperiyasının şərqində yerləşən Qəznəvilər və onların varisləri olan Qurilər da oxşar üslubda tikinti aparmışdır. Beləliklə, XI-XIII əsrlərdə Səlcuq dövrü və onun tənəzzülü ərzində Şərqi İslam dünyası boyunca ümumi bir memarlıq ənənəsi mövcud olmuşdur.
XII əsrin sonlarında Böyük Səlcuqların tənəzzülündən sonra müxtəlif türk sülalələri daha kiçik dövlətlər və imperiyalar yaratmışdır. Səlcuq sülaləsinin bir qolu Anadoluda Səlcuq Sultanlığını (Anadolu Səlcuqları), Zəngilər və Artuqlular Yuxarı Mesopotamiyada (əl-Cəzirə) və qonşu bölgələrdə hakimiyyət qurmuş, Xərazmşahlar isə XIII əsrdə monqol istilalarına qədər Azərbaycan, İran və Mərkəzi Asiyaya nəzarət etmişdir. Zəngi və Artuqlular dövründə Yuxarı Mesopotamiya şəhərləri bölgədə geniş təsir göstərən mühüm memarlıq inkişafı mərkəzlərinə çevrilmişdir. Zəngilər dövründə Suriyada Şərqi İslam dünyasından bu bölgəyə memarlıq formalarının yayılması baş vermişdir. Anadoluda Rum Səlcuqları həm Şərqi İslam dünyasının, həm də yerli memarlıq təsirlərinin sintezini əks etdirən abidələrin inşasına rəhbərlik etmişdir.