Astara Rayonu - Wikipedia
Bu məqalə Astara rayonu haqqındadır. Digər mənalar üçün Astara səhifəsinə baxın. |
Astara rayonu (tal. Ostoro) — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi.[2] Mərkəzi Astara şəhəridir. Astara rayonu Azərbaycan Respublikasının cənubunda, İran İslam Respublikası ilə sərhəddə yerləşir. Şimaldan, Lənkəran rayonu ilə, Şimal-Qərbdən Lerik rayonu ilə həmsərhəddir. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilib, Lənkəran rayonuna birləşdirilmiş, 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur.
Rayon | |
Astara | |
---|---|
38°30′ şm. e. 48°40′ ş. u.HGYO |
|
Ölkə | Azərbaycan |
Daxildir | Lənkəran-Astara |
İnzibati mərkəz | Astara |
İcra başçısı | Qəzənfər Ağayev |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1930 |
Sahəsi | 616.4[1] km² |
Hündürlük | 534 m |
Saat qurşağı | UTC+04:00 |
Əhalisi | |
Əhalisi | 108 634 nəfər (2019) |
Əhalinin sıxlığı | 176 nəfər nəfər/km² |
Etnik tərkib | azərbaycanlılar, talışlar |
Dini tərkib | İslam |
Rəsmi dillər | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-AST |
Telefon kodu | +994 (25) |
Poçt indeksi | AZ0700 |
Avtomobil nömrəsi | 07 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQədim dövr
redaktəTunc dövrü
redaktəTunc və antik dövrə aid Siyakü kəndindəki I və II — Siyakü yaşayış yerləri, "Baba Cabbar kurqanı", "Təngərüd kurqanı", "Seyidcamal kurqanı", "Vaqo" kurqanları, "Baba Hümmət kurqanı", "Bi yaylağı kurqanı" 4 ədəd Siyakü kurqanları, Artupa kəndindəki Axicəbəl kurqanı, Alaşa kəndindəki 3 ədəd kurqan, Lovayn kurqanı, Binəbəy kəndindəki "Binəbəy kurqanları",[3] Koraoba kəndindəki 3 ədəd kurqanlar var.[4]
Dəmir dövrü
redaktəDəmir dövrünə aid Koroba kəndindəki, "Koraoba daş qutu nekropolu" var.[4]
Antik dövr
redaktəE.ə. II minilliyin sonu I minilliyin əvəllərinə aid olan Əzərrüd kəndindəki "Daş qutu nekropolu", Miki kəndindəki "Miki dolmen nekropolu"nu və e.ə. V–I əsrlərə aid Rüədıla kəndindəki "Xolobin daş qutu nekropolu"nu göstərmək olar.
Orta əsrlər
redaktəBu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qədim dünyanın riyaziyyatçısı, astronomu və coğrafiyaşünası İsgəndəriyyəli Klavdi Ptolomey eramızın 90–160-cı illərində yaşayaraq qədim tədqiqatçılardan biri olmuş və II – əsrə aid Xəzər dənizinin xəritəsini tərtib etmiş, onun sahillərində yerləşən coğrafi adlar, obyektlər və yaşayış məntəqələri barədə ümumi qayda ilə dəqiq məlumat vermişdir. K. Ptolomey bu xəritədə Albaniyanın ona məlum olan bir çox şəhər və kəndlərin adlarını çəkmiş və Astaranın adını yunanca "Astarata" kimi qeyd etmişdir.
Qədim dünyanın digər alimi Strabon özünün "Tarixi hadisələr" barədəki qeydlərində "Astara" adının olmasını göstərərək, "dənizin ləpələrinin dağların ətəklərini yuması və öpməsi" barədə fikirlər söyləmişdir.
Tarixi İpək yolu qədim yaşayış məntəqəsi olan Astaranın ərazisindən keçməklə Orta, Ön, Kiçik Asiya, Çin, Hindistan və Ərəb dünyası arasında geniş əlaqələr qurulmuşdur. Astara şəhərinin cənub-qərb hissəsində yerləşən Qapıçıməhəllə kəndinin ərazisində Astaraçayının sahilində çox qədim tarixə malik olan karvansara mövcud olmuşdur. Həmin karvansaranın qalıqları aşkar edilmiş və onun VII əsrə aid olması müəyyən olunmuşdur.
Müxtəlif Şərq ölkələrini, eləcə də Azərbaycanı gəzib dolaşmış Alman səyyahı Hans Şilberqer (1394–1427) Astaranın beynəlxalq ticarət əlaqələri barədə konkret məlumat vermişdir. Səyyah qeyd etmişdir ki, Astarada çoxlu ipək istehsal olunur, bu ipəyin ən yaxşı növü Dəməşq, Bursa, Kaşan və Venesiya kimi sənətkarlar mərkəzlərinə ixrac olunur. Bu yerlərdə həmin ipəkdən yaxşı məxmər parçalar toxunur.
İngilis taciri Antoni Cenkinson İngiltərə ilə Buxara arasında ticarət əlaqələrini yaratmaq məqsədilə 1559-cu ildə Xəzər dənizi sahillərində olmuşdur. 1562-ci ildə Londona qayıdaraq öz səfərləri haqqında "Rusiya-Tatarıstan təsviri" adlı əsərini nəşr etdirmiş və həmin əsərdə dərc edilmiş xatirədə Xəzər dənizi ətrafındakı yaşayış məntəqələrinin adlarını vermişdir. O, bu xatirədə Astaranın yunanca "Stara" kimi göstərmişdir.
Dövrün tanınmış alimlərindən biri olmuş məşhur alman səyyahı Adam Oleari (1599–1671) Astarada olmuş, astaralılar barədə müəyyən maraqlı məlumatlar vermişdir. 1638-ci ildə Novruz bayramı vaxtı Astarada olan səyyah yazır ki, Astara vilayəti Xəzər dənizi sahilində yerləşir. Burada adam yoğunluğunda üzüm tənəkləri vardır. Bu faktı vaxtı ilə qədim tarixçi Strabon da xəbər vermişdir. Strabonun verdiyi bu xəbərə görə o vaxtlar Hikaniya adlanan bu yerlərdə bir kiçik tənək bir səbət üzüm verərmiş. Bütün bunlar Astara torpaqlarının yüksək məhsuldarlığa malik olduğuna sübutdur.
Orta əsrlərdə Astaranın əyalət paytaxtı, dini, mədəni və ticarət mərkəzi olması barədə məlumatlar da maraqlıdır. Astara şəhərində dulusçuluq və saxsıbişirmə mədəniyyəti də geniş inkişaf etmişdir. Hələ XIII əsrin axırları, XIV əsrin əvvələrində Astaranın Maşxan məntəqəsində pul sikkə zərbxanası mövcud olmuşdur. Rus alimi A. M. Markov Dərbənd, Şamaxı və Təbriz, eyni zamanda Astarada zərb olunan sikkə pullarını dərindən öyrənərək, öz əsərlərində bu barədə geniş məlumatlar vermişdir. Alim sübut etmişdir ki, pulların üzərində adları yazılan şəhərlər, xüsusən də Astara şəhəri elə indiki Astara şəhəridir. Müxtəlif dövrlərdə hökmranlıq etmiş Hülakilər, Cəlarilər, Teymurilər, onların varisləri və başqaları Astara zərbxanasında pul kəsmişlər. Əmir Teymurun və ondan sonrakı dövrlərdə üzərində "Zərbe Astara" (Astarada zərb olunmuşdur) sözləri yazılan sikkələr bilavasitə bizim Astarada zərb olunan pullar olmuşdur. Bunu Avropa alimləri də öz əsərlərində sübut etmişlər. Hazırda həmin sikkələrin 16 nümunəsi Tacikistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda mühafizə edilir.
Astara 1747-ci ilə kimi Talış mahalının paytaxtı olmuş, sonralar Astara hakimi Qaraxan paytaxtı Lənkərana köçürmüşdür. Paytaxt Lənkərana köçürülərkən bir çox mühüm qədim tikinti və memarlıq obyektləri, istehkamları da söküntüyə məruz qalmışdır.
Tanınmış Macar şərqşünas və səyyahı Armin Vanberinin (1832–1913) 1885-ci ildə Budapeştdə nəşr etdirdiyi "Türk elləri" adlı kitabın böyük bir fəsli Azərbaycana həsr olunmuş, Astarada gəzib dolaşdığını bildirmiş, burada yaşayan xalqın gözəl folklor nümunələrinə malik olmasını qeyd etmişdir.
Tanınmış fransız alimi, arxeloqu və səyyahı Jak De Morqan (1856–1934) Astarada olmuş, bu torpağın yeraltı və yerüstü sərvətlərinə heyranlığını gizlətməmiş və Astara haqqında belə yazmışdır: "Astara qədim rus şəhəridir. İranla-Azərbaycan arasında gömrükxana rolunu oynayır, həm də özünün keçmiş xüsusiyyətlərini saxlayır. İndi isə sadəcə gömrükxanadır. Hazırda Astara Azərbaycandan Ərdəbil – İrana karvanların və dənizdən yolların gəmilərin çıxış məskənidir". Məşhur fransız səyyahı, yazıçı Aleksandr Düma da Astara haqqında maraqlı məlumatlar vermişdir.
Astara rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur, 4 yanvar 1963-cü ildə ləğv edilib Lənkəran rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. Tarixi faktlar təsdiq edir ki, Astara şəhəri Azərbaycanın Talış mahalının qədim və inkişaf etmiş məntəqələrindən biri olmuşdur. Astara şəhərinin adı qədim dünya alimlərinin kitablarında, səyyahların qeydlərində, coğrafiyaşünasların xatirələrində öz əksini tapmış, bu məntəqə barədə müəyyən maraqlı məlumatlar verilmişdir.
Coğrafiya
redaktəŞimalda Lənkəran və Lerik rayonları, cənubda İran İslam Respublikası, qərbdə İran İslam Respublikası və Talış dağları, şərqdə Xəzər dənizi həmsərhəddir.
Relyefi qərbdə dağlıq (Talış silsilələri), şimal-şərqdə düzənlikdir (Lənkəran ovalığı). Dağlıq hissədə bəzi zirvələrin hündürlüyü 2000 m-ə yaxındır. Xəzər sahilində dar zolaqda Antropogen, dağlıq və dağətəyi yerlərdə isə Paleogen çöküntüləri yayılmışdır. Mineral bulaqlar (Ağ körpü, İstisu, Sım, Bi, Toradi, Şeyx Nəsrullah bulaqları və s.) var. Ərazidən Təngərud çayı, İran İslam Respublikası ilə dövlət sərhədi boyu isə Astara çayı axır. Qleyli-podzollu sarı, qonur dağ-meşə, çimli dağ-çəmən və s. tipli torpaqlar yayılmışdır. Rayon ərazisinin çox hissəsi (37,4 min ha) meşələrlə örtülüdür. Burada relikt şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiya, azat, həmçinin palıd, vələs, fıstıq, qoz, qızılgöz, cökə və s. bitir. Hirkan milli parkının çox hissəsi Astara rayonundadır. Azərbaycanda ən çox yağıntı Lənkəran ovalığının cənubunda, Astara ərazisində müşahidə olunur. Burada illik yağıntının miqdarı 1600 mm-dən çoxdur.
"Yanar bulaq" kompleksi Astara rayonunun çoxsaylı nadir geoloji obyektlərindən biridir. Bu kompleks Astara rayonunun Ərçivan kəndinin cənub qurtaracağında, Ələt-Astara magistral yolu yaxınlığında yerləşir. Bu bulaq insanların ən çox maraq göstərdiyi yerlərdən biridir. Belə ki, bulaqda kükürdlü su ilə bərabər metan qazı da çıxdığından alovu suya yaxınlaşdırarkən, sudan ayrılan qaz məşəl kimi alovlanır . Bu bulağa, istər yerli əhali, istərsə də səyahətçilər tərəfindən böyük maraq vardır.
Təbiət
redaktəAstara rayonu aran və dağ zonasından ibarətdir. Rayonun şərqində Xəzər dənizi dalğalanır və qərbində isə zəngin meşəli Talış sıra dağları dayanır. Xəzər dənizində olan nadir balıq növlərindən hazırlanan xörəklər Astara mətbəxini hər yerdə məşhur etmişdir. Xəzər dənizi sahili boyu və meşəliklərdə adı ilə tanınan bulaqlar rayona gələn qonaqlar və turistlər üçün ən gözəl istirahət yerlərindəndir. Müxtəlif xəstəliklərin dərmanı olan Astaranın İsti suyu Respublikanın hər yerində tanınır. Astara meşələrində bitən nadir ağacların şahı dəmirağacıdır. Dəmirağac bu meşələrə gözəllik verməklə yanaşı, strateji əhəmiyyətə malik ağac növüdür. Astara hazırda bütün dünyada ekoloji cəhətdən təmiz və keyfiyyətinə görə yüksək olan çayı ilə məşhurdur. 2002-ci ildə və sonrakı illərdə İspaniyanın paytaxtı Madrid, Rusiyanın paytaxtı Moskva şəhərlərində keçirilən beynəlxalq sərgilərdə Astara çayına yuxarıda qeyd etdiyimiz ən yüksək qiymət verilmiş və Qızıl medal almışdır. Astarada yetişdirilən limon, portağal, kivi, kinkan, feyxoa və başqa sitrus meyvələri Respublika və xarici ölkə bazarlarında maraqla alınır. Astaranın ənənəvi çəltik sahələri son vaxtlar genişləndirilmiş, indi ətirli Astara düyüsü süfrələrin bəzəyidir. Astaranın mətbəx mədəniyyəti rəngarəng və özünəməxsus olmaqla diqqəti həmişə cəlb etmişdir. Saxsı təndirdə bişirilən "əl çörəyi", "ləvəngi" və onun müxtəlif növləri, düyüdən bişirilən 21 növ, ətdən 23 növ, çöl və ev quşlarından 7 növ, undan 20 növ, balıqdan 9 növ xörəklər hər yerdə tanınır. Xüsusi ilə "Balıq sırdağı", onun ləvəngisi, cücə ləvəngisi, pətə, qara plov, toy qatığı, boranı plov və başqa yerli xörək növləri rayona gələn qonaqların sevimli yeməyidir.
Çaylar
redaktəBu sahədə axım modulu şimaldan cənuba və qərbdən şərqə doğru artır. Axımın maksimum kəmiyyəti (25 l/san, km2 -dən çox) ərazinin mərkəzi hissəsində Təngərud və Astara çayları hövzələrində, minimal kəmiyyəti isə (0,5–0,8 l/san. km2 ) ərazinin Viləş çayından şimaldakı hissəsində, həmçinin Lənkəran və Viləş çaylarının mənbələrində muşahidə olunur.
Astaraçay — Azərbaycan Respublikasının İranla dövlət sərhəddində çay. Astaraçay Astara rayonundan axıb Xəzər dənizinə tökülür. Uzunluğu 38 km, hövzəsinin sahəsi 242 km²-dir. Başlanğıcını Talış silsiləsində, Şindan qalasından (1817 m yüksəklikdən) alır. Alaşa kəndi yanında qovuşan İstisu Astaraçayın əsas qolu hesab olunur. Astaraçayın bu hissədən mənsəbə qədər olan məsafəsi Azərbaycanla İran arasında dövlət sərhəddini təşkil edir. Çayın illik axımının 70 %-ni yağış suları, 22%-ni yeraltı sular, 8%-ni isə qar suları təşkil edir. Yaz aylarında çayda güclü daşqınlar olur. Daşqın dövründə illik axım 80–85%-i keçir. Suvarmada istifadə edilir. Astara şəhəri Astaraçayın mənsəbindədir. Astaraçay adını ərazidəki eyni adlı bulaqdan almışdır. Hidronim ast (aşağı, çökək dərə) və ara/ura (yer, su, çay, bulaq) sözlərindən düzəlib, "dərədə bulaq, çökək yerdən çıxan su" mənasındadır.
Bitki örtüyü və heyvanat aləmi
redaktəDüzən meşəliklərinin səciyyəvi ağac cinslərindən dəmirağac və şabalıdyarpaq palıdı göstərmək olar. Burada relikt şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiya, azat, həmçinin palıd, vələs, fıstıq, qoz, qızılgöz, cökə və s bitir. Hirkan milli parkının çox hissəsi Astara rayonundadır. Heyvanları — bəbir, vaşaq, ayı, meşə pişiyi, oxlu kirpi, daşlıq dələsi, porsuq, çaqqal, tülkü, canavar, çöl donuzu və s. Quşları — qırqovul, vağ, qaz, ördək, göyərçin, kəklik, çöltoyuğu və s. Bitki örtüyü — meşəliklərin aşağı hissələrində danaya, bigəvər kimi həmişəyaşıl kollar vardır. Qafqaz xirniyi bir qədər rütubətli yamaclarda xüsusi cəngəlliklər yaradır. Xəzər şeytanağacı üstünlük təşkil edir. Bu meşələrin dənizə baxan yamacında Lənkəran akasiyası, cökə və bir çox başqa ağaclar xüsusi qarışıq meşəliklər yaradırlar. Dəniz səthindən bir qədər hündürlükdə ağcaqayının başqa bir növü Şərq fıstığı ilə birlikdə hündürboylu sıx meşəliklər əmələ gətirir. Bu tip meşəliyin alt mərtəbələrində qaraçöhrə, şümşad, az miqdarda danaya xüsusi mərtəbəlik yaradırlar.
Qoruq və yasaqlıqları
redaktəAzərbaycan Respublikasının Prezidentinin 9 fevral 2004-cü il tarixli sərəncamı ilə yaradılmış Hirkan milli parkının 21,3 min hektar ərazisinin tamamı Astara rayonu inzibati ərazisinə düşür. Meşələrdə relikt şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiyası, azat, cökə, vələs, fıstıq, qoz, qızılgöz və s. bitir. Heyvanlardan — bəbir, vaşaq, ayı, meşə pişiyi, oxlu kirpi, daşlıq dələsi, porsuq, çaqqal, tülkü, canavar, çöl donuzu və s. yaşayır. Quşlardan qırqovul, vağ, qaz, ördək, kəklik, göyərçin, çöl toyuğu, və s. vardır. Mineral bulaqlardan -Yanar bulaq, Ağ körpü, Sım, Bi, Toradi, Şeyx Nəsrullah və başqaları məşhurdur. Qoruğun ərazisindən Astara, Ərçivan və Pensər çayları keçir.
İqlimi
redaktəYayı quraq keçən mülayim-isti. Rayonun düzənlik və dağətəyi hissəsi respublikanın rütubətli subtropik zonasına daxildir. Orta temperatur yanvarda -l,5 °C-dən 4 °C-yədək, iyulda 15–25 °C-dir. İllik yağıntı 1200–1750 mm-dir.
İnzibati-ərazi bölgüsü
redaktəAzStat-ın 2013-cü ilə olan məlumatına əsasən rayon ərazisində 1 şəhər, 2 qəsəbə və 89 kənd olmaqla 92 yaşayış məntəqəsi yerləşir.[5] Onlar 1 şəhər, 2 qəsəbə və 12 kənd izibati ərazi dairəsi olmaqla 15 inzibati ərazi dairəsinə daxildirlər.[5]
Ərazi
redaktəƏrazisi haqqında daha geniş statistik məlumat
Ümumi ərazi | 616.00 km² |
Məhsuldar torpaqların ümumi sahəsi | 176.00 km² |
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi | 0.00 km² |
Heyvandarlıq üçün otlaqların sahəsi | 22.00 km² |
Əkilmiş torpaqların ümumi sahəsi | 66.00 km² |
Meyvə bağlarının ümumi sahəsi | 14.00 km² |
Əhali
redaktəAzStat-ın 01.01.2019-cu il tarixli məlumatına əsasən, rayonun əhalisinin ümumi sayı 108 min 634 nəfərdir. Onlardan 54525 nəfərini kişilər, 54009 nəfərini isə qadınlar təşkil edir. Əhalinin 17452 nəfəri şəhərdə, 91082 nəfəri isə qəsəbə və kəndlərdə yaşayır. Əhalinin sıxlığı hər 1 kvadrat metrdə 176 nəfərdir. Orta ömür müddəti 75.4 ildən çoxdur. Kişilər üçün 73.1 yaş, qadınlar üçün 77.8 yaşdır. Yaşı 80-dan çox olan Astara sakinlərinin sayı 1264 nəfərdir.
Görkəmli şəxsləri
redaktə- Ömər Əliyev (1900–2004) — Böyük Vətən müharibəsi iştirakçısı, xeyriyyəçi.
- Seyran Şiriyev (1944–2013) — Azərbaycanlı şair, yazıçı, ziyalılar klubunun sədri.
- Ziya Bünyadov (1921–1997) — Azərbaycan şərqşünası, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi.
- Mirzə Cəbiyev (1925–1978) — İkinci dünya müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı adını almış ən gənc azərbaycanlı.
- Firudin Davudov (1926–1983) — Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun banisi.
- Oqtay Kazımi (1932–2010) — bəstəkar, Azərbaycanda ilk rok operettanın müəllifi.
- Cəbrayıl Osmanov (1936–) — rabitə veteranı, əməkdar rabitə işçisi, prezident təqaudçüsü.
- Əhəd Muxtar (1937–1998) — şair.
- Sultan Məmmədov (1938–2019) — Azərbaycan Milli Məclisinin I çağırış deputatı.
- İsgəndər Quliyev (1938–2024) — Azərbaycan Milli Məclisinin II çağırış deputatı.
- Rəsul Rəsulov(1939)- Azərbaycan Daxili İşlər Nazirliyinin General -Mayoru
- Sudeyif İmamverdiyev (1938–) — Azərbaycan Milli Məclisinin I çağırış deputatı.
- Vasif Əliyev (1941–) — Azərbaycan Milli Məclisinin III çağırış deputatı.
- Gəncəli Gənciyev (1942–) — Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor.
- Vaqif Axundov (1950–) — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik.
- Zakir Həsənov (1959–) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Azərbaycan Respublikasının Müdafiə naziri (2013-cü ildən).
- Nazənin Salayeva (1964–) — müğənni.
- Rəşad Mahmudov (1974–) — Ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru.
- Yalçın Nəsirov (1976–1995) — Azərbaycanın Milli Qəhrəmanı.
- Pəncəli Teymurov (1981–2016) — Aprel döyüşləri şəhidi.
- Cəbrayıl Həsənov (1990–) — Azərbaycan güləşçisi.
- Aydın Məmmədov (1939–2001) — Azərbaycan SSR Daxili İşlər Naziri.
- Seymur Nəsirov (1976–) — tədqiqatçı-alim, Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri.
İqtisadiyyat
redaktəAzərbaycan Respublikasının cənubunda yerləşən Astara rayonun iqtisadiyyatını əsasən sitrusçuluq, çayçılıq, tərəvəzçilik və çəltikçilik təşkil edir. Ayrı-ayrı təsərüfatlarda heyvandarlıq, balıqçılıq və arıçılıq inkişaf edir. Azərbaycanda istifadə olunan sitrus meyvələrinin çoxunun Astara rayonu verir. Astara rayonu İran İslam respublikası ilə sərhəddə yerləşməsi iki tərəfli ticarət əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Rayonda 3 Çay fabriki, 2 Konserv zavodu, Balıq zavodu, Kərpic zavodu, Çınqıl karxanası, Beynəlxalq Qaz Kompressor Stansiyası. Modul tipli Elektrik Stansiyası, 12 düyü və 4 un dəyirmanı və başqa müəssisələr vardır. Köhnə təsərüfat formaları dağıldıqdan sonra rayonda torpaq islahatı aparılmış, torpaqlar payçılara verilmiş və yeni təsərüffat qurumları yaradılmışdır. Hazırda rayonda ayrı-ayrı sahələr üzrə 68 kəndli (fermer) təsərüfatı yaradılmış, bunlar da müxtəlif növ kənd təsərüfatı məhsullarının istehsalı ilə məşğul olurlar. Rayonda 17,6 min ha əkinə yararlı torpaq sahəsi vardır.[6]
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
redaktəRayonda 8 məktəbəqədər uşaq müəssisəsi, 62 kitabxana, 28 klub, 5 mədəniyyət evi, 25 kinoqurğu biri rus dilli olmaqla 63 məktəb fəaliyyət göstərir, 62 məktəbdə 1-ci sinifdən 4-cü sinfə qədər həftədə 2 saat talış dili dərsləri keçirilir.
Memarlıq abidələri
redaktəAstara rayonunun çox qədim tarixə malik olan daşınmaz tarix və mədəniyyət abidələri vardır. Bu qədim tarixə malik olan maddi – mədəniyyət nümunələri haqqında çoxlu əfsanələr, rəvayətlər yaranmış, xalqın inancında və yaddaşında indi də qalmaqdadır.
Həmin abidələrdən 102 ədədi Respublika Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası ərazisində Dövlət Mühafizəsinə götürülmüş daşınmaz tarix və Mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü"nə daxil edilib uçota alınmış və rəsmi inventar nömrəsi verilmişdir. Dərəcəsinə görə həmin abidələrdən ölkə əhəmiyyətli 26 arxeloji, yerli əhəmiyyətli 48 memarlıq abidəsi, 2 ədəd bağ – park monumental xatirə abidəsi, 21 yerli əhəmiyyətli arxeloji abidə, 5 ədəd dekorativ – tətbiqi sənət nümunəsi, xalq daş – heykəltaraşlıq nümunəsinə ayrılmışdır. Bu abidələrdən ən qədim nümunələri olan – e.ə. II minilliyin sonu I minilliyin əvəllərinə aid olan Əzərrüd kəndindəki "Daş qutu nekropolu", Miki kəndindəki "Miki dolmen nekropolu", bizim e.ə. V–I əsrlərə aid Rıvadila kəndindəki "Xolobin daş qutu nekropolu", tunc və antik dövrə aid Siyaku kəndindəki I və II – Siyaku yaşayış yerləri, tunc dövrünə aid "Baba Cabbar kurqanı", "Təngərüd kurqanı", "Seyidcamal kurqanı", "Vaqo" kurqanları, "Baba Hümmət kurqanı", "Bi yaylağı kurqanı" 4 ədəd Siyakü kurqanları, Artupa kəndindəki Axicəbəl kurqanı, Alaşa kəndindəki 3 ədəd kurqan, Lovayn kurqanı, Binabəy kəndindəki "Binəbəy kurqanları", dəmir dövrünə aid Koraoba kəndindəki "Koraoba daş qutu nekropolu" və s. göstərmək olar.
Rayonun İranla sərhəd kəndləri olan və hazırda əhali yaşamayan Anbaran, Baxçalar, Armudu, Çayağzı, Unuz, Təngöv, Növüştərü, və başqa qədim yaşayış məntəqələrində yüzlərlə arxeloji cəhətdən tədqiq olunmamış maddi- mədəniyyət nümunələri vardır. Astara rayonunda ən maraqlı abidə hazırda Tarix – Diyarşünaslıq muzeyində saxlanılan daş insan heykəlidir. Bu daş heykəlin 2000 ildən çox yaşı olması barədə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət institutunun mütəxəsisləri muzeyə rəsmi rəy təqdim etmişlər.
Astara Tarix-Diyarşünaslıq Muzeyində 8 mindən çox eksponat vardır. Muzeydə daş, dəmir, tunc dövrlərinə aid eksponatlara rast gəlmək olar. Əsasən IX – XII əsrlərə aid mis sikkələr Şirvanşahlara, Abbasi xəlifələrinə aid digər sikkələr muzeyin bəzəyidir. Daş parçası üzərində Maral təsvirinin 2000 – 3500 il yaşı vardır. Astara memarlıq abidələri ilə zəngindir. Bunlardan Şahağac kəndindəki XII – əsrə aid türbə, Burzubənd kəndindəki Şeyx Məhəmməd Zalani türbəsi diqqəti cəlb edir.
Şindan qalası Bio kəndi yaxınlığındakı Qala – Kafu, Alaşa kəndinin qərbində yerləşən Divankə qalası, Təngərüd kəndindəki Yekdəst qalası, Hamuşam kəndində gəlin qayaları mədəni irsimizdən qalan yadigarlardandır. Şindan qalası və Qala – Kafu Astaranın dağlıq ərazisinin ən uca zirvəsində yerləşir. Şindan qalası daş və kərpicdən hörülmüşdür. Qalaya şimal tərəfdən ancaq bir yol vardır. Gözətçi və sərkərdənin müşahidəsi üçün düzəldilmiş xüsüsi yerlər maraq doğurur. Qalanın dəniz səviyyəsindən 2000 metrə yüksəklikdə olması onun yadelli işğalçılardan mühafizə məqsədilə tikildiyini söyləməyə əsas verir. Yerli xalqda olan inanca görə şindan qalası Babəkin qalalarından biridir. Ona görə də bu gün Astarada "Şindan" qalasının adı ilə bağlı mehmanxana, ticarət mərkəzi, rəqs qrupu, musiqi ansamblı, el aşığı qrupu və sair vardır. Azərbaycanın qədim guşələrindən biri kimi Astara əsrlər boyu müharibə meydanı olmuşdur. Heç də təsadüfi deyildir ki, 1638-ci ildə Astarada olmuş məşhur alman səyyahı Adam Oleari yazırdı: "Astaralılar həmişə silahı hazır saxlayırlar".
Rayonun Ərçivan kəndində 1499-cu ildə əsası qoyulmuş Məhəmməd Hənəfiyyə məscidi Şah İsmayıl Xətai tərəfindən ziyarət edilmişdir. Həmin kənddə XIX əsrə aid Kərbəlayi Həmid Abdulla hamamı, Pensər kəndində Məşədi Abutalıb hamamı, Hacı Teymur məscidi və Hacı Canbaxış məscidi diqqəti cəlb edir.
Astarada IX–XIII əsrlərin yadigarı, Azərbaycan xalqının qədim mədəniyyətini və tarixini özündə əks etdirən Şeyx Məhəmməd Zalani, Şeyx Məhəmməd Dilimi, Şeyx Nəsrullah, Baba Rəsul, Baba Cəbrayıl, Baba Misi, Baba Məhəmməd, Seyid Camal, Sultan Əhməd İbn Kərim, Seyid Kərim, Qırx Övliya, Xudavənd Xatun, Gəzəndaş və başqa onlarla ziyəratgahlar, pirlər, ocaqlar vardır. Maşxan kəndindəki Seymd Əhmədin məzar daşının XIV əsrə aid olması tanınmış tarixçi Məşədi Xanım Nemətova tərəfindən 1956-cı ildə tədqiq edilmişdir. O, məzar daşının üzərində bu ifadələrin yazılmasını müəyyən etmişdir. "Fələyin dərzisi elə bir köynək tikməmişdir ki, onu hamı axıra qədər geyə bilsin".
Yerli media
redaktəRayonun ictimai-siyasi qəzeti olan "Astara" 1932-ci ildən nəşr olunur. Hazırda qəzetin təsisçiləri Astara Rayon İcra Hakimiyyəti və redaksiyanın əmək kollektividir. Qəzetin baş redaktoru Sakitağa Kərimovdur. Qəzet Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində lisenziya almışdır. Qəzet ayda 2 dəfə nəşr olunur. Tirajı 500 nüsxədir. Azərbaycan Yazıçılar Birliyinin jurnalı olan "Alov" 2000-ci ildən nəşr olunur və rayonda yalılır. Jurnalın baş redaktoru Yazıçılar Birliyinin üzvü, Astara rayonunun Şuvi kənd sakini Tarif Əsgərdir. Jurnal vaxtaşırı 500-ə qədər tirajla nəşr olunur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası: Astara rayonu — İnzibati ərazi vahidləri [ölü keçid]
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Tarixi və memarlıq abidələri haqda məlumat" (az.). azerbaijan.az.[ölü keçid]
- ↑ 1 2 Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ. "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI" (az.). 2 avqust 2001-ci il. 2019-10-22 tarixində orijinalından arxivləşdirilib.
- ↑ 1 2 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: İnzibati ərazi bölgüsü təsnifatının qüvvədə olan variantı (30.05.2013-tarixli nəşri Arxivləşdirilib 2013-08-25 at the Wayback Machine):Astara rayonu—80100001 Arxivləşdirilib 2013-08-25 at the Wayback Machine
- ↑ Astara rayonu [ölü keçid]
Mənbə
redaktə- Bələdiyyə İnformasiya Sistemi Arxivləşdirilib 2007-01-27 at the Wayback Machine
- Azerbaycan