Inanc Xatun - Wikipedia
İnanc xatun — Atabəy Məhəmməd Cahan Pəhləvanın həyat yoldaşı olmuş və Eldəniz atabəyləri arasındakı saray intriqalarında fəal iştirak etmişdir. Qutluq İnanc və Əmir Əmiran Ömərin anasıdır.
İnanc xatun | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat səbəbi | Sui-qəsd |
Atası | Əmir İnanc |
Həyat yoldaşı | |
Uşaqları | Qutluq İnanc, Əmir Əmiran Öməri |
Həyatı
redaktə1161-ci ilin avqustun 3-də Mahmud şah ibn Məhəmmədin tərəfdarları Həmədan yaxınlığında darmadağın edildi. Eldəniz Reyi tutdu və oranı Cahan Pəhləvana iqta kimi verdi. Rey hakimi İnanc, Sultan Arslan şahdan vassal asılılığını qəbul etməyə və öz qızı İnanc xatunı Cahan Pəhləvana ərə verməyə məcbur oldu. Bunun ardınca Qum və Ərdəbil hakimləri sultanın tərəfinə keçdilər. Əl-Hüseyni yazır : "Sultan və atabəy onların üzrxahlığını qəbul edib, bağışlanmaları haqqında təliqənamə yazdılar. Onlar Həmədanda sultan xidmətinə girdilər, onlann əyalətlərindən yığılan gəlir və xərac sultan xəzinəsinə gəlirdi".[2]
1186-cı ilin əvvəlində, Cahan Pəhləvan uşaqlarına əmiləri Qızıl Arslana tabe olmağı, sultan Toğrula xidmət etməyi vəsiyyət etdi. Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də İnanc xatunun və onun İraq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu.[3]
Atabəy Cahan Pəhləvanın ölüm xəbərini bir müddət gizli tutan İnanc xatun əmirlərlə dəfələrcə görüşərək hakimiyyətə oğlanlarının keçməsinə çalışsa da onun bu cəhdləri səmərə vermədi. Əmirlər atabəy kimi Qızıl Arlsanı görmək istədiklərini dilə gətirdilər. Əmirlərin bu görüşü qarşısında çarəsiz qalan sultan III Toğrul da Qızıl Arslana bir fərman göndərərək onu atabəy elan etdi. Həmədana gələn Qızıl Arslan atabəylik taxtına oturdu.[4]
Tezlikle III Toğrul ilə Qızıl Arslan arasında münasibətlər pozuldu. III Toğrul, 1190-cı ilin oktyabrında Qızıl Arslana hücuma keçdi. Qızıl Arslan özünü, digər rəqibi olan İnanc xatun və onun tərəfdarları tərəfdən təhlükəsizləşdirən bir sıra üsullara əl atdı. Beləki, İnanc xatunun oğulları ilə barışıq imzaladı və Cahan Pəhləvanın İnanc xatundan olan oğulları Qutluq İnancı Əmir Əmiran Öməri öz yanında xidmətə götürdü. Nəhayət İnanc xatunla evləndə və yalnız bu tədbirlərdən sonra sultana qarşı hərəkətə başladı. Həmin il Həmədan yaxınlığındakı həlledici döyüşdə III Toğrul məğlub edildi və bir müddət sonra həbsə atıldı.[5]
Lakin Qızıl Arslan hakimiyyətinin möhkəmləndirilməsi üçün mövcud olan bütün imkanlardan istifadə etmədi. Sarayda özbaşınalıq hökm sürür, hökmdarın isə içki məclislərindən başı açılmırdı. Nəhayət, Qızıl Arslana qarşı qəsd təşkil olundu. İnanc xatun bu qəsddə fəal rol oynayırdı. 1191-ci ilin sentyabr ayında Qızıl Arslan öldürüldü.[6]
Qızıl Arslanın ölümündən sonra Eldənizlər arasında hakimiyyət üstündə müharibələr gücləndi. Əbu Bəkr Azərbaycanı, İnanc xatunun oğulları - Qutluq İnanc və Əmir Əmiran Həmədan və ona qonşu vilayətlərdə hakimiyyəti ələ keçirdilər. İnanc xatunun özü Reydə qaldı.[7]
Cahan Pəhləvanın silahdaşlarından olan Mahmud Anas 1192-ci ildə Sultan III Toğrulu həbsdən azad etdi. Qutluq İnancın üzərinə hücuma keçən III Toğrul Qəzvin yaxınlığında Qutluq İnancın 15 minlik qoşununu məğlub etdi. Ordusunun xəyanətinə uğrayan Qutluq İnanc Reyə çəkildi. Bu qələbədən sonra sultan III Toğrulun təntənəli surətdə Həmədana daxil oldu və yenidən sultan taxtına sahibləndi. Məğlub olan Qutluq İnanc Xarəzmşah Təkişə elçilər vasitəsilə III Toğrula qarşı mübarizə üçün yardım istədi. Xarəzmşah Təkiş Əcəm İraqında vəziyyətin qeyri-müəyyənliyindən istifadə edərək, 1193-cü ilin əvvəlində Əcəm İraqını işğal etmək məqsədi ilə qoşun göndərdi. Xarəzm qoşunları hücuma keçərək Reyi və Təbərkək qalasını ələ keçirdilər. Qutluq İnanc Xarəzmşah qoşunlarının qüvvəsindən qorxaraq, qaçıb Sərcahan qalasında sığındı. Bundan istifadə edən edən III Toğrul Təkişə külli miqdarda bəxşiş göndərdi və Qutluq İnanca qarşı mübarizədə ondan kömək dilədi. Kömək əvəzi olaraq III Toğrul öz qızını Təkişin qardaşı Yunis xana verdi və hətta onun adı ilə pul kəsdirməyə, sultanlıqda onun adına xütbə oxutmağa söz verirdi.[8]
Hadisələrin belə şəkil alması İnanc xatunu III Toğrula münasibətdə siyasəti dəyişməyə vadar etdi. 1193-cü ildə O, III Toğrula müraciət edərək, dostluq münasibətləri və özünün sərvətləri müqabilində onunla evlənmək təklifini qəbul etməyi xahiş etdi. Lakin evləndikdən az sonra Toğrula xəbər verirlər ki, İnanc xatın onu zəhərləmək fikrindədir. Bu xəbər Toğrula çatan kimi təşkil etdiyi sui-qəsd İnanc xatunun özünə qarşı istifadə edilir və İnanc xatun öldürüdü.[9]
İstinadlar
redaktə- ↑ 1 2 Azərbaycanca Vikipediya. 2002.
- ↑ Ziya Bünyadov.s.41.
- ↑ Azərbaycan tarixi.s.314.
- ↑ Əkbər N.Nəcəf.s.35
- ↑ Ziya Bünyadov.s.74.
- ↑ Azərbaycan tarixi.s.317.
- ↑ Ziya Bünyadov.s.77.
- ↑ Azərbaycan tarixi.317-318.
- ↑ Ziya Bünyadov.s.79.Orijinal mətn (az.)
"Lakin kəbin kəsildikdən az sonra Toğrula xəbər verirlər ki, İnanc xatın onu zəhərləmək qəsdindədir. Qulluqçu qızlardan biri III Toğrula xəbər verir ki, onun xanımı sultanın içkisinə zəhər qatıb. III Toğrul İnanc xatını həmin içkini içməyə məcbur edir və o zəhərlənir. Bu dövr Atabəylər dövlətinin siyasi həyatında həddən artıq sui-qəsd və intriqalar törədilməsində dəhşətli rol oynamış həmin qadının həyatı belə sona çatır".
Ədəbiyyat
redaktə- Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər). Bakı, "Şərq-Qərb", 2007, 312 səh.
- Əkbər N.Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından - XIV əsrə qədər). Bakı, Qanun, 2010
- Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı, "Elm". 2007. 608 səh. - 24 səh.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Sara Xatun, Azərbaycanın diplomat xanımları
- "Qətibə İnanc: səhnədə və tarixdə! -". www.aznews.az. İstifadə tarixi: 2024-08-06.