Xums - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Xüms – islamda vergi. Əldə olunan qənimət və ya qazancın, eləcə də ona bərabər tutulan illik gəlirin beşdə bir hissəsi.
QURANİ-KƏRİMDƏ XUMS HAQINDA NAZİL OLAN AYƏLƏR
redaktəMüqəddəs Qurani-Kərim, İslam dininin Qiyamətə qədər olan bütün qanunlarını ümumi şəkildə bizə bəyan etmişdir. Bu qanunların incəlikləri isə zaman keçdikcə, əvvəlcə Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm), daha sonra isə mə`sum İmamlarımız (ələyhissalam) vasitəsilə müsəlmanlara açıqlanmışdır.
Xums haqqında Qurani-Kərimdə üç ayə nazil olmuşdur. Onlardan birində "xums" sözü aşkar surətdə qeyd olunmuş, digərində ona "haqq" ünvanı ilə işarə edilmiş və nəhayət, üçüncüsündə ondan "ənfal" ünvanı ilə ad aparılmışdır. İndi də o ayələri nəzərdən keçirək:
Birinci ayə: Ənfal surəsi, 41-ci ayə;
"(Ey möminlər! Əgər siz Allaha və haqla batilin ayrıd edildiyi gün….. nazil etdiyimiz ayələrə iman gətirmisinizsə, bilin ki, ələ gətirdiyiniz (qazandığınız) hər hansı bir qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrabasının (Əhlul-beytin), yetimlərin, yoxsulların və yolçularındır!"
Ayədəki "beşdə bir" sözü həmin ərəbcə işlətdiyimiz "xums" sözünün türkcə mə`nasıdır. Bu ayə xums barəsində ən aşkar və aydın şəkildə nazil olan ayədir. Ayənin nazil olma səbəbi də həmin məsələ ilə bağlı olduğundan, onun xumsun vacib olmasına dəlalət etməsində müsəlmanlar arasında heç bir ixtilaf yoxdur.
Ayədən məlum olduğu kimi, xums Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) və onun Əhli-beytinindir (yə`ni, Mə`sumların (ələyhimussalam)). Bundan əlavə, xumsun bir qismi də yetim, yoxsul və yolda pulsuz qalmış seyyidlərə (peyğəmbər övladlarına) çatır. Beləliklə, xums iki qismə bölünür:
Əvvəl: İmamların (ə) səhmi.
Xumsun bu qisməti ya İmamın özünə verilməli, ya da o Həzrət qeybdə olan zaman bütün şəraitə malik olan müctehidə və ya onun səlahiyyətli nümayəndələrinə çatdırılmalıdır. O da öz dini elmi əsasında imam malını İmamın (ələyhissalam) razı olduğu yerlərdə, o cümlədən, dini tələbələrə, məscid tikilməsinə, yol çəkilməsinə, dini mədrəsələrin tikilməsi və sair yerlərə sərf etməlidir.
İkinci: Fəqir, yetim və yolda pulu qurtarıb qalmış seyyidlərin səhmi.
Xumsu iki yerə böldükdən sonra ikinci qismətini belə şəxslərə çatdırmaq lazımdır. Fəqihlərin nəzərinə əsasən, belə şəxslərə verilən xums, ehtiyata görə bütün şəraitə malik olan müctehidin icazəsi ilə olmalıdır. Yə`ni, hər bir müsəlman öz xumsunu vermək istədikdə ya müctehidin özünə, ya da onun nümayəndəsinə verməlidir. Belə olan halda müsəlman arxayın ola bilər ki, verdiyi xums Allah dediyi yolda xərclənmişdir. Onu da əlavə etmək lazımdır ki, xums verilərkən niyyət yalnız Allaha xatir olmalıdır. Niyyət xalis olmasa, verilən xums hələ qəbul deyildir. Çünki xums verməyin özü ibadət sayılır və ibadətdə yalnız Allah nəzərdə tutulmalıdır.
İkinci ayə: İsra surəsi 26-cı ayə
"Qohum-əqrəbaya, miskinə, (pulu qurtarıb yolda qalan) müsafirlərə də haqqını ver."
Təfsirçilərin nəzərinə görə "Qohum-əqrəbadan" məqsəd Mə`sumlar (ələyhissalam), miskin və müsafirlərdən isə məqsəd seyyidlərdir.
Üçüncü ayə: Ənfal surəsi, 1-ci ayə
"(Ya Peyğəmbər!) Səndən qənimətlər (onların kimə çatması) haqqında soruşurlar. De ki: Qənimətlər Allahın və Peyğəmbərindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) mö`minsinizsə Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Peyğəmbərinə itaət edin!"
Bu ayədə də xumsun Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) çatması və Onun göstərişi ilə sərf olunmasına işarə edilmişdir. Təbii ki, Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) olmadığı vaxtda isə başqa Mə`sumlar (ələyhimussalam) bu vəzifəni öz öhdələrinə almışlar.
Bütün bu ayələr ümumilikdə xumsun vacib olmasına dəlalət edir. Bundan əlavə, Mə`sumlardan (ələyhimussalam) bizə yetişən onlarla hədislər də bu məsələnin vacibliyini subuta yetirir. Növbəti bəhsimiz həmin mövzuda, yə`ni xumsun Mə`sumların (ələyhissalam) rəvayətlərində araşdırılmasıdır.
MƏSUMLAR XUMS BARƏSİNDƏ
redaktəİmam Sadiq buyurmuşdur:
"İlk dəfə öz malının xumsunu çıxaran şəxs Hz. İbrahim olmuşdur."[6]
Xums məsələsi İslamdan əvvəl də qanun kimi insanlar arasında icra olunurdu. İslam dini bir çox şeyləri cəmiyyətdə olduğu kimi saxlamış və müsəlmanların məsləhətinə xatir onları vacib etmişdir.
İslam Peyğəmbərindən (s) rəvayət olunur ki, Əli (ə)-a buyurur:
"Ey Əli! Əbdül-Mütəllib cahiliyyət dövründə beş şeyin əsasını qoymuş və İslam da onu təsdiqləmişdir;
1. Ataların arvadlarını övladlarına haram etmişdir;
2. Xəzinə taparkən onun beşdən birini (xumsunu) çıxarıb vermişdir;
3. Həccə gələnlərə yolda su paylamışdır;
4. İnsanın qan bahasını yüz dəvə qərar vermişdir;
5. Kəbəni yeddi dəfə təvaf etmişdir;"
Qeyd olundu ki, xums ümumiyyətlə İmamın və seyyidlərin payıdır. Bu barədə İmam Sadiq buyurur:
"Qiyamət günü insanın ən çətin halı o vaxtdır ki, xums sahibi (xumsu alan) Allah dərgahında dayanıb xumsun ona çatmamasından şikayətlənsin!"
İmam Sadiq xumsu verilməyən malın istifadəsi barəsində buyurur:
"Heç kəs xumsunu vermədiyi təqdirdə onu öz malına qatıb yeyə bilməz…."
İmam Baqir isə xums barəsində belə buyurur:
"Bizim haqqımızı (xumsu) vermədiyi halda xumsu olan mal ilə bir şey almaq heç kəsə halal deyildir."
Nəhayət, həmin mövzuda İmam Zamandan xums məsələsini aydın şəkildə bilib, lakin qəsdən onu verməyənlər barəsində belə bir hədis vardır:
"(Xumsu olan halda və xums məsələsini billə-bilə) Bizim haqqımızı (halal sayıb, icazəmiz olmadan) öz mallarına qatıb yeyənlərə Allahın, mələklərin və bütün insanların lə`nəti olsun!"
Xums məsələsi İslam Peyğəmbərinin (s) zamanından bəri olmuş və tarix boyu məsum İmamların vasitəsilə toplanaraq öz sahiblərinə çatdırılmışdır. İmam Zamanın qeybə çəkilmaəsindən sonra bu iş İmamın xüsusi vəkillərinə, daha sonra isə ədalətli din alimlərinə və müctehidlərə tapşırılmışdır.
Bütün bu rəvayətlər tam aşkarlığı ilə dəlalət edir ki, xums heç bir şəkk-şübhə olmadan hər bir müsəlmana vacibdir. Doğrudur ola bilsin müəyyən şəraitə görə bəziləri bu vacib əməli yerinə yetirə bilməsin, lakin məsələni tam aydınlığı ilə dərk etdikdən sonra ona əməl etmək hər bir müsəlmanın borcudur. Bu işdən boyun qaçırmaq isə şeytanın tələsinə düşüb Qiyamət günündə Allah dərgahında üzü qara olmaq deməkdir.
DİQQƏT OLUNMALI BİR MƏSƏLƏ!
redaktəXumsun vacib olması heç kimin onu qəbul edib-etməməsindən asılı deyil. Allah Öz hökmünü verdikdə heç kimlə məsləhətləşmir. Bizik ki, öz xeyir və zərərimizin nədə olduğunu dəqiq bilmirik və həmişə Allaha möhtacıq.
Başqa məsələ də bundan ibarətdir ki, xums və zəkat kimi vergilərin İslamda vacib olması bu mə`naya deyil ki, Allahın bunlara ehtiyacı vardır. Ona görə ki, bütün məxluqların ruzisini Allah-taala verir və onların heç birinə də ehtiyacı yoxdur. Bu barədə bir neçə ayəni nəzərdən keçirmək yerinə düşərdi.
1. "Allah ehtiyacsız və həlimdir!"
2. "Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. O, hər cür şükrə, tə`rifə layiqdir!"
3. "Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!"
4. "Allah sizə əsla möhtac deyildir!"
5. "Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir və hər cür şükrə, tə`rifə layiqdir!"
6. "Allah zəngin, siz isə yoxsulsunuz. Əgər Ondan üz döndərsəniz (sizi yox edib) yerinizə sizlər kimi olmayan (Allaha cani-dildən ibadət və itaət edən) başqa bir qövm gətirər!"
Bütün bu ayələr və bunlar kimi onlarla ayələrdən belə mə`lum olur ki, xums və zəkat vermək yalnız, insanın özünün xeyirinədir. Allahın heç bir şeyə ehtiyacı yoxdur. Lakin hər bir ibadətdə olduğu kimi Allah-taala müsəlmanın imanının dərəcəsini və Allaha olan məhəbbətini yoxlamaqdan (və ya ona göstərməkdən və təkamülə çatdırmaqdan) ötrü insanın malı ilə də onu imtahana çəkir. Əgər o bu imtahandan üzü ağ çıxsa, Allah da müqabilində onun qəlbində imanını artırar və ona Öz xüsusi mə`nəvi və maddi rəhmət və bərəkətini əta edər.
Bə`ziləri belə fikirləşirlər ki, əgər xums versələr mallarından azalar və fəqirləşərlər. Halbuki bu fikir şeytanın vəsvəsələridir və müsəlmanı Allah əmrindən çıxarmaq istəyir. Müsəlmanlar bilməlidirlər ki, əgər Allah istəsə bir an içində insanın bütün mal-dövlətini heç edər. Həmçinin, təcrübə ilə sabit olunmuşdur ki, xumsunu qəsdən veməyənlər onun on qat artığını hansısa başqa faydasız yerdə sərf edir. Bu məsləyə diqqət yetirmək insanı düzgün tərbiyə edir.
XUMSUN HESABLANMASI
redaktəXUMS VACİB OLAN ŞEYLƏR
redaktəHər bir müsəlman şəriətdə hansı şeylərə xums düşməsini bilməlidir. Bundan əlavə, həmçinin bunu da bilməlidir ki, xumsun vacib olması bu demək deyildir ki, həmin anda adı çəkilən şeyin xumsunu vermək lazımdır. Xumsun verilməsinin xüsusi şəraiti var ki, sonradan geniş şəkildə onlara işarə olunacaqdır. Beləliklə, xums düşən şeylər aşağıdakılardan ibarətdir:
1. Mənfəət; Yəni, iş və ya ticarətlə ələ gələn mal.
2. Mədən; Yəni, yerdən çıxan qiymətli şeylər, qızıl, gümüş və sair…
3. Xəzinə; Yerdən, divardan, dağ və ya ağac kimi yerlərdən tapılan qiymətli mallar.
4. Halal malla haram mal qarışarsa, onun xumsunu çıxarmaq lazımdır. (əlbəttə, müəyyən şəraitlə)
5. Döyüş qənimətləri.
6. Üzgüçülük vasitəsilə ələ gətirilən ləl-cəvahir.
7. Zimmi kafirin müsəlmandan aldığı torpağın pulunda olan xums.
Bütün bu mövzularda olan xums məsələlərini araşdırmaqdan ötrü müctehidlərin bu barədəki nəzərlərindən istifadə edəcəyik. Bizim də müqəllid kimi vəzifəmiz budur ki, hər birimiz təqlid etdiyimiz müctehidin nəzəri əsasında öz xums və zəkatlarımızı hesablayaq.
MƏNFƏƏT
redaktəMənfəəti tə`rif etməkdən ötrü şər`i kitablara müraciət etmək lazımdır. O cümlədən ayətullah Fazil Lənkərani öz risaləsində yazır:
"Əgər insan ticarətdən, sənətkarlıqdan, yaxud sair qazanc yerlərindən müəyyən qədər qazanc əldə etsə, …bu halda bu qazanc özünün və ailəsinin illik xərclərindən artıq qalsa, onda (həmin illik xərcdən artıq qalan pulun) xumsunu, yə`ni beşdən birini sonradan deyiləcək göstərişlərə əsasən verməlidir."
Deməli, mənfəət bilməliyik ki, qazancımız bir illik ailə xərcini ödədikdən sonra artıq qalsın. Həmin artıq qalan pula və ya mala mənfəət deyilir və xums yalnız həmin mənfəətə düşür. Əlbəttə, xumsunu hər vaxt belə bir mənfəət ələ gətirdikdə, həmin an və yaxud gözləyib ilin axırında çıxara bilər. Bir şeyi də yadda saxlamaq lazımdır ki, mənfəətin haradan gəlməsinin də rolu vardır. Çünki bə`zi mənfəətlər vardır ki, onlara xums düşmür. Məsələn, qızın cehizi, hədiyyə və sair ki, sonradan müfəssəl şəkildə onlara işarə edəcəyik.
Adi halda mənfəət iki yolla – ya ticarət yolu, ya da adi işləmək yolu ilə ola bilər. Bunların hər birisinin də özünəməxsus hesablama tərzi vardır. Mənfəət barəsində aşağıdakı məsələlərə diqqət yetirilməlidir:
"Əgər qənaət etməklə müəyyən bir şey illik xərclərdən artıq qalarsa, (ilin axırında) onun da xumsu verilməlidir."
"Əgər bir kəsin xərclərini başqaları verirsə, əldə etdiyi bütün malın xumsunu verməlidir. Lakin onun müəyyən miqdarını ziyarətə və sair yerlərə xərcləsə bu vaxt yalnız yerdə qalanının xumsu verilməlidir"
"Tacir, qazanc əldə edən, sənətkar və sair kimi şəxslər işə başladığı vaxtdan bir il keçdikdə, illik xərclərdən artıq qalanın xumsunu verməlidirlər. Lakin peşəsi kəsb və ticarət olmayan bir kəs, təsadüfən müəyyən qədər mənfəət əldə edərsə, ondan bir il keçdikdən sonra illik xərclərindən artıq qalan hissəsinin xumsunu verməlidir."
"Əgər bir nəfər (illik xərclərindən artıq qalan) malın xumsunu verməsə, hətta sonradan xums vermək niyyətində olsa da o maldan istifadə etməyə şər`i cəhətdən ixtiyarı yoxdur."
"Əgər birisi bir nəfərlə şərik olsa, beləliklə onlardan biri xumsunu versə, digəri verməsə və sonrakı ildə xumsunu vermədiyi maldan şirkətin sərmayəsi üçün qoysa, heç biri o maldan istifadə edə bilməz."
Bütün müctehidlərin nəzərlərinə əsasən, bir malın xumsunun verilib-verilməməsində şəkk olunarsa, ondan istifadə etmək olar.
Bütün bu və onlarla xums məsələləri ilə daha yaxından tanış olmaqdan ötrü müctehidlərin "şəriət məsələlərinin izahı" kitablarına müraciət etmək lazımdır.
MƏDƏN
redaktəBə`ziləri mə`dən və qazıntı işləri ilə məşğul olur. Bu sahənin də özünəməxsus xumsu vardır. Belə şeylərin xumsunu çıxarmaqdan ötrü əvvəlcə bilmək lazımdır ki, yerdən çıxan hansı mə`dən qazıntılarına və hansı miqdara çatdıqda onlara xums düşür:
"Əgər mə`dəndən qızıl, gümüş, bürünc, mis, dəmir, neft, daş kömür, füruzə, əqiq, mineral maddələr, duz və ümumiyyətlə "mə`dən qazıntıları" adlana bilən hər şey əldə olunsa, onlar nisab həddinə (yə`ni, müəyyən olunmuş həddə) çatanda xumsu verilməlidir."
Diqqət olunmalıdır ki, mə`dən qazıntılarının xumsu xüsusi şəraitlə vacibdir. Yə`ni, xums o vaxt vacib olur ki, bu qazıntılara çəkilən bütün xərclər əvvəlcə ələ gələn dəyərdən çıxılır və yerdə qalan miqdar müəyyən olunmuş həddə çatarsa, onun beşdə biri xums niyyəti ilə çıxarılır. Bu barədə yenə də aşağıdakı məsələlərə diqqət yetirilməlidir:
"Ehtiyata əsasən, mə`dəndən çıxarılan şeylərin nisabı (yəni, bütün çəkilən xərcləri çıxdıqdan sonra yerdə qalan miqdar ki, ona xums düşür) 105 gümüş, yaxud 15 qızıl misqal (hər misqal 18 noxud) qədərdir."
Bu barədə daha çox mə`lumat almaqdan ötrü şəriət məsələlərinin izahlı kitablarına müraciət etmək lazımdır.
XƏZİNƏ
redaktəOla bilər ki, hər hansı bir müsəlman hansısa bir yerdən elə bir xəzinə tapsın ki, pul və ya hər hansı qiymətli əşyalardan ibarət olsun. Belə olan halda, həmin müsəlmana vacibdir ki, əgər tapdığı xəzinə sonradan deyiləcək şəraitlə uyğun olarsa, onun xumsunu (beşdə birini) versin. İndi də xəzinənin şər`i tə`rifi və hökmlərinə diqqət yetirək:
"Xəzinə o mala deyilir ki, yerdə, ağacda, dağda, divarda gizlədilmiş olsun və bir kəs də onu tapsın. Elə olmalıdır ki, ona xəzinə deyilsin."
"Xəzinənin nisabı (yə`ni, xums düşən miqdarı) ehtiyata görə 105 misqal gümüş, yaxud 15 misqal (hər misqal 18 noxud) qızıl olmalıdır. Yə`ni, xəzinədən əldə edilən şeyin qiyməti, onu əldə etmək üçün sərf olunan xərcləri çıxdıqdan sonra 105 misqal gümüş sikkə, yaxud 15 misqal qızıl sikkəyə çatarsa vacib ehtiyata görə xumsu verilməlidir."
HARAMA QARIŞAN HALAL MAL
redaktəƏgər halal mal haramla qatışarsa, belə ki, onların hər hansı tərəfini (haram və ya halalı) heç bir ünvanla müəyyən etmək mümkün olmazsa, o malın hamısının xumsu çıxarılmalıdır. İndi də bu barədə bir neçə şər`i məsələyə diqqət yetirək:
"Əgər halal mal haram malla ayrıd edilə bilməyəcək bir tərzdə qarışarsa və haram malın sahibi və miqdarı mə`lum olmazsa, bütün malın xumsu verilməlidir. Xumsu verildikdən sonra qalan mal halal olur."
DÖYÜŞ QƏNİMƏTİ
redaktəQənimət məsələsində xums məsum İmamın (ələyhissalam) zamanında vacib olduğuna görə bu barədə bəhs etmirik.
ÜZGÜÇÜLÜK VASİTƏSİLƏ ƏLƏ GƏTİRİLƏN LƏL-CƏVAHİRAT
redaktə"Əgər suyun dibinə girmək vasitəsilə lə`l, mərcan, yaxud hamısı dənizdən çıxarılan başqa cəvahir – istər göyərənlərdən olsun, istərsə də mə`dən şeylərindən – onlarnı çıxarılmasına sərf edilən xərc çıxıldıqdan sonra qiyməti 18 qızıl noxuda çatarsa xumsu verilməlidir; istər bir dəfəyə, istərsə də bir neçə dəfəyə dəryadan çıxarmış olsun; istər çıxardığı şey bir növdən olsun, istərsə də bir neçə növdən. Lakin əgər onu bir neçə nəfər birlikdə çıxartmış olsalar, onda hər hansının payı 18 qızıl noxuda çatsa, o, xumsunu verməlidir."
ZİMMİ KAFİRİN MÜSƏLMANDAN ALDIĞI TORPAQ
redaktəZimmi kafirdən məqsəd müsəlman hökumətində yaşayan kafirdir. Bə`zən həmin kafir, müsəlmandan torpaq alır və ondan öz yaşayışında istifadə edir. Belə olan halda həmin kafirə vacibdir ki, torpağı alarkən onun xumsunu da versin. Bu xums torpaq alınıb satılarkən müsəlmanla kafir arasında həll olunmalıdır. Bu barədə şər`i hökm belədir:
"Əgər zimmi kafir müsəlmandan müəyyən qədər torpaq alarsa, onun xumsunu həmin torpaqdan verməlidir. Əgər onun xumsunun pulunu da versə, eybi yoxdur."
XUMS DÜŞMƏYƏN ŞEYLƏR
redaktəBura kimi xülasə də olsa, hansı şeylərə xums düşməsi barəsində bəhs etdik. Hər bir müsəlmana bu yeddi qism xums düşən şeyləri yaxşı yadda saxlamaq və öz şər`i vəzifəsinə əməl edib onun xumsunu vermək vacibdir. Amma bunların hansının ona aidiyyəti olmazsa onun müqabilində heç bir vəzifəsi və məsuliyyəti yoxdur.
Bütün bunlardan sonra hər bir müsəlman bilməlidir ki, bə`zi şeylər onun illik mənfəəti hesab olunsa da, şəriətdə onlara xums düşmür. Bunları bilməklə biz öz xums hesabımızı daha yaxşı hesablaya bilərik. Beləliklə, hansı şeylərə xums düşmür?
HƏDİYYƏ OLUNAN MAL
redaktəOla bilsin ki, kiməsə dostları və ya qohumları tərəfindən bir qiymətli hədiyyə verilsin. Bu zaman, sonradan deyiləcək müəyyən şəraitə uyğun olarsa, ona xums düşmür. Bu barədə şəriətin hökmü belədir:
"Əgər hədiyyə olunarsa (həmin hədiyyənin qiyməti şəxsin illik xərclərindən artıq olmazsa) onun xumsu yoxdur. Amma hədiyyənin qiyməti şəxsin illik xərcindən artıq olarsa ehtiyat odur ki, artıq qalanın xumsu verilsin."
CEHİZİN XUMSU
redaktəHamıya mə`lumdur ki, çoxları qız köçürərkən onun cehizini birdəfəlik ala bilmir, il boyu yavaş-yavaş, əlinə pul gəldikcə qızına cehiz yığır. Bütün bu əşyalar da qız ailə həyatı qurana qədər illərlə istifadəsiz qalır. Belə olan halda sual çıxır ki, bu istifadəsiz qalan və mənfəət hesab olunan cehiz mallarına xums düşür, ya yox? Məsələnin cavabı budur:
"Əgər insan birdəfəlik qızına cehiz ala bilmirsə və məcbur olsa ki, hər il bir şey alıb atsın, belə ki, əgər cehiz almasa cəmiyyətdə eyib sayılarsa və aldığı şeyin pulu il arasındakı mənfəətindən olarsa, onun xumsu yoxdur."
"Həmçinin, əgər il arasında cehiz almaqdan ötrü pul yığıb ilin axırında cehiz alsa da o pulun xumsu yoxdur."
İRS
redaktəİnsana yetişən irs neçə cür ola bilər. Əgər irs qoyub gedən şəxsin malında xumsun olub-olmaması dəqiq bilinməzsə onun xumsu yoxdur. Amma əgər dəqiq bilsək ki, yerdə qalmış irsin xumsu var, onda onun xumsu verilməlidir. Bu barədə şər`i hökm belədir:
"İnsana çatan irsin xumsu yoxdur. Lakin, əgər insanın uzaq qohumu olsa və bilməsə ki, belə bir qohumu var, ehtiyat vacibə görə ondan çatan irsin illik xərcindən artığının xumsu verilsin."[29]
"Əgər insana xums çatsa və dəqiq bilsə ki, ona çatan bu malın xumsu verilməyib, o malın xumsu verilməlidir."
MEHRİYYƏ
redaktə"Qadının aldığı mehriyyənin xumsu yoxdur"
QADINLARIN BƏZƏK ƏŞYALARI
redaktə"Qadınların bəzək və zinət kimi istifadə etdikləri əşyaların xumsu yoxdur. Lakin əgər onların zinətlənmək vaxtı keçərsə və o əşyalar qalarsa, onların xumsu verilməlidir."
İNSANA YETİŞƏN XUMS VƏ ZƏKAT
redaktə"Fəqirin xums, zəkat və sədəqə ünvanı ilə aldığı mal illik xərcindən çox olsa da xumsu vacib deyil."
İNSANIN GÜNDƏLİK HƏYATINDA EHTİYACI OLAN XƏRCLƏR
redaktəİnsanın həyatda ehtiyacı olan şeylər vardır ki, onlara xums düşmür. Yə`ni onlara xərc çəkərkən əvvəlcə o pulun xumsunu çıxarmağa ehtiyac yoxdur. Onlar aşağıdakılardan ibarətdir:
1. İşləmək və mənfəət ələ gətirməkdən ötrü çəkilən xərclər.
2. Həyatda özünün və ailəsinin ehtiyacı olduğu şeyləri tə`min etməkdən ötrü, o cümlədən, yemək, içmək, geyim, məskən, dərman, minik, mənzil əşyaları (qab-qacaq, fərş və sair), iş vəsilələri və kitab kimi şeylər.
3. Ziyarətlər, sədəqələr, hədiyyələr, qonaqlıq, başqasının hüquqlarını vermək, boynuna aldığı borclar, o cümlədən, nəzirlər, kəffarələr, tələf olmuş əşyaların qəramətləri və qan bahaları.
4. Öz övladlarının evləndirmək və toy xərcləri.
Bütün bu xərclər əgər hər kəsin ictimai mövqeiyyəti və şə`nində olarsa, xumsu yoxdur. Lakin israf hesab olunarsa, xərc etdiyi pulun əvvəlcə xumsunu verməlidir.
XUMSUN HESABLANMASI YOLU
redaktəİndi də baxaq görək xums hansı yolla hesablanmalıdır? Həmçinin, xums ildə neçə dəfə vacib olur? Bu sualların cavabını bilməkdən ötrü aşağıdakı mətləbə diqqət etmək lazımdır.
Əvvəla, xums hər bir müsəlmana söylənilən şəraitlə ildə bir dəfə vacib olur. Yə`ni, insan ilin axırında bütün mal-dövlətin nəzərində canlandırır və hansına xums düşüb-düşməməsini araşdırır. Bundan sonra xums düşən malların xumsunu (beşdə bir hissəsini) ayırıb təqlid etdiyi müctehidin özünə və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verir. Bütün mallarının bu minvalla xumsunu çıxardıqdan sonra, yüz il keçsə də birdəfəlik xumsunu çıxardığı mallara xums düşmür. Növbəti ildə müəyyən olunmuş gündə yenə də bütün mallarını nəzərindən keçirir. Bu dəfə keçən il xumsunu ayırdığı malları bütün malının cəmindən azaldır (çünki artıq o mallara ömür boyu xums düşmür) və yerdə qalan artmış təzə pul və ya mallarının xumsunu xums niyyəti ilə ayırır. Beləliklə, hər il müəyyən bir günü (hicri və ya şəmsi tarixi ilə) məsələn, fitr bayramı gününü özümüzə xums ili tə`yin edib, bu minvalla ömür boyu Allahın vacib etdiyi borc və imtahanı veririk. Yenə xatırladırıq ki, xums ildə bir dəfə, lakin hər ildə illik xərcdən artıq qalan, təzə və xumsunu vermədiyimiz mal və pullardan ötrü hesablanılır. Nümunə üçün daha aydın bir misal gətiririk.
Xumsunu vermək istəyən müsəlman əvvəlcə özünə ilbaşı tə`yin etməlidir. Niyyət etməlidir ki, mən ilin filan günündə illik xərcimdən artıq qalan və xums düşən mal və pullarımın xumsunu çıxaracağam. Həmin gün xums çıxarmaq istəyən müsəlmanın vəzifəsi budur ki, əvvəlcə bütün mal-dövlətini öz nəzərində canlandırsın (məsələn, fərz olunur ki, ilk dəfə olaraq xums çıxarır). Fərz edirəm ki, mənim bütün varım-yoxum aşağadakılardan ibarətdir:
1. Bir yaşayış evi;
2. Bir minik maşını və ya motoskilet;
3. Beş hektar əkin yeri və onu əkib-suvarmaq üçün lazım olan əşyalar;
4. Övladlarımın toy şənliyindən ötrü bir milyon manat pul;
5. Qızımdan ötrü bir miqdar cehiz əşyaları və ya oğluma bir az pul;
6. Bir milyon manat həcc ziyarətinə getməkdən ötrü pul;
7. Özümüzün ehtiyacımıza görə bir baş inək və on ədəd qoyun;
8. Həyat yoldaşıma zinət üçün aldığım bir milyon manatlıq qızıl;
9. Bir milyon manatlıq irs;
10. Beş milyon manatlıq dəyərində bir parça torpaq hədiyyəsi;
11. İlin axırında evdə artıq qalmış bir miqdar meyvə və yeməkdən ötrü lazım olan əşyalar;
Bütün bunları nəzərə aldıqdan sonra hər birinin qiymətini də ələ gətiririk. Daha sonra təqlid etdiyimiz müctehidin nəzərinə əsasən hansılara xums düşürsə, onların xumsunu ayırırıq və bununla da birdəfəlik xums düşən mal-dövlətin xumsunu çıxarır və bu xüsusda Allah dərgahında günahsız oluruq. Artıq bundan sonrakı illərdə xumsunu çıxardığımız malların heç birinə ömür boyu xums düşmür. Lakin illik xərclərdən artıq qalan təzə gəlir və mənfəətlərə hər ildə xums düşür. Bu minvalla ömür boyu Allahın vacib buyurduğu bu göstərişə əməl edib üzüağ oluruq.