Xanegah Korpusu - Wikipedia
Naxçıvan ərazisindən keçən ticarət karvanlarına və əhaliyə xidmət etmək məqsədilə salınan körpülərdən biri də Culfa bölgəsinin Xanəgah kəndinin ortasından keçən, Əlincəqalanın şərq ətəyindən axan Əlincəçayın üzərindəki körpüdür. Uzun müddət fəaliyyət göstərən bu körpü zaman keçdikcə aşınaraq sıradan çıxmış, uçub-dağılmış və məhv olmuşdur. Onun qalıqları çayın suyu tərəfindən tədricən yuyularaq axıb getmiş və itib batmışdır. Özül ilə suyun altında qaldığı üçün görünməz olmuşdur. Ona görə də kəndin əhalisi arasında körpü haqqında heç bir məlumat olmamışdır. Ancaq 2003-cü ildə həmin ərazidə inşaat işləri aparılarkən, yeni körpü üçün özül qazılarkən körpünün qalıqları aşkar olunmuşdur.
Xanəgah körpüsü |
---|
Qalıqlarına və həmin ərazidə çayın eninə əsasən təxmini də olsa ehtimal etmək olar ki, o çox böyük, uzunluğu 50 metrə yaxın, eni 3 metr olmuşdur. Körpünün yerləşdiyi ərazinin pelyefinə əsasən demək olar ki, körpü xeyli hündür olmuşdur. Onun qərb tərəfdən sonuncu dayağı təbii özülün — qayanın üzərində qərar tutmuşdur.
Zəngin tarixi keçmişə, ərazisində Əlincəqala kimi möhtəşəm müdafiə qalasının olmasına, sufiliklə bağlı böyük bir mərkəzin – Əlincəçay xanəgahının fəaliyyət göstərməsinə, Hurifilik təlimi ardıcıllarının yaşamasına, öz ideyalarını yaymaq üçün fəaliyyət göstərməsinə və digər tarixi faktlara əsasən demək olar ki, körpü zəmanəsinin Əlincəçay üzərində mövcud olan ən mühüm keçid vasitələrindən biri olmuşdur. Bu körpüdən müxtəlif ölkələrdən gələn ticarət karvanları və əhali yararlandığı kimi, əraziyə hücum edən və onlara qarşı vuruşan qoşunlar da istifadə etmişlər.
Körpünün XII–XIII yüzilliklərdə inşa olunmasını ehtimal etmək olar.
Mənbə
redaktə- Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.