Viktor Frankl - Wikipedia
Viktor Frankl (26 mart 1905[2][3][…], Vyana, Avstriya-Macarıstan[4] – 2 sentyabr 1997[2][3][…], Vyana, Avstriya) – Avstriya psixiatrı, psixoloq və nevroloq və filosofu.
Viktor Frankl | |
---|---|
alm. Viktor Emil Frankl | |
Doğum tarixi | 26 mart 1905[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 sentyabr 1997[2][3][…] (92 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | psixiatriya, psixologiya, nevrologiya[1], Psixoterapiya[1] |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Nasist həbs düşərgəsində məhkum olmuşdur. Ekzistensial psixologiya və psixoterapiyada istiqamətlərdən biri olan loqoterapiyanın yaradıcısı və üçüncü Vyana məktəbinin banisi (Freydin psixoanalizindən və Adlerin individual psixologiyasından sonra) kimi məşhurdur.
Həyatı
redaktəGənclik illəri
redaktəViktor Emil Frankl 1905-ci ildə Vyanada yəhudi ailəsində doğulmuşdur. Onun psixologiyaya marağı hələ uşaq vaxtlarından mövcud olmuşdur. 1923-cü ildə Gimnaziyanı bitirən Frankl Vyana Universitetində tibb təhsili almış, daha sonra depressiya və intihar mövzuları ilə yaxından maraqlanaraq, nevrologiya və psixiatriya sahələri üzrə ixtisaslaşmışdır. Viktor Franklın ilkin inkişafına Ziqmund Freyd və Alfred Adlerlə olan əlaqələri böyük təsir göstərmişdir.
1924-cü ildə bütün Avstriyada gəncləri ətrafında birləşdirən Sozialistische Mittelschüler Österreich (Avstriya Sosialist Məktəbliləri) sosial demokrat gənclər hərəkatının prezidenti olan Frankl 1928–1930-cu illər ərzində, hələ tibb fakültəsi tələbəsi ikən yuxarı sinif şagirdləri üçün pulsuz konsultasiya proqramı təşkil etmişdir. Proqrama Şarlotte Bühler kimi psixoloqların iştirakı da daxil edilmişdi və proqramın uğurlu fəaliyyəti nəticəsində 1931-ci ildə Avstriyada bir nəfər belə məktəblinin intiharı qeydə alınmamışdır. Bu proqramın uğuru daha sonra Franklı Berlinə dəvət edən Uilyam Rayxın diqqətini cəlb etmişdir.
1933-cü ildən 1937-ci ilə qədər Viktor Frankl Vyananın Ştaynhof Psixiatriya Xəstəxanasında nevrologiya və psixiatriya sahələrində çalışmışdır. Burada o, intihara təşəbbüs etmiş 30000 nəfərdən çox qadın xəstəni müalicə etmişdir. 1937-ci ildə Viktor Frankl Vyanada nevrologiya və psixiatriya sahələri üzrə müstəqil şəxsi fəaliyyətə başlamışdır.
1938-ci ildə Avstriyanın nasistlər tərəfindən ələ keçirilməsindən sonra yahudi mənsubiyyətinə görə ona yahudi olmayan xəstələri müalicə etmək qadağan edilmişdir. 1940-cı ildə yahudilərin hələ də buraxıldığı yeganə xəstəxana olan Rozsçayld xəstəxanasında işə başlayan Viktor Frankl həmin xəstəxananın nevrologiya şöbəsinə rəhbərlik etmiş, 1941-ci ilin dekabr ayında Tilli Qroser ilə ailə həyatı qurmuşdur.
Ölüm düşərgələrindəki həyatı. Terapevt fəaliyyəti
redaktə1942-ci il sentyabr ayının 25-də Viktor Frankl, həyat yoldaşı Tilli Qroser və valideynləri əsir alınaraq nasistlərin Terezinştadt Ghetto ölüm düşərgəsinə göndərilmişdir. Frankl burada yeni gələnlərə şok və depressiyaya qalib gəlməyə kömək etmək üçün birlik yaratmışdır. Ölüm düşərgəsində belə elmi fəaliyyətindən əl çəkməyən Viktor Frankl 1943-cü il iyul ayının 29-da Terezinştadt Elmi Cəmiyyətinin qapalı iclasını təşkil etmiş və Leo Baekin köməyi ilə "Yuxu və yuxu pozğunluğu", "Bədən və ruh", "Ruhun tibbi müalicəsi", "Əsəbləri necə sağlam saxlamalı", "Səhiyyə Nazirliyi", "Sosial psixoterapiya", "Psixoterapiyanın mövcud problemləri" kimi açıq mühazirələr təqdim etmişdir.
Viktor Franklın atası Gabriel Terezinştadtda ağ ciyər iltihabından vəfat etmişdir. Frankl və həyat yoldaşı Tilli Auşvitç ölüm düşərgəsinə göndərilir. 1944-cü ilin 25 Oktyabr günü isə Viktor Frankl sonradan Daçau ölüm düşərgəsi ilə birləşdirilən Kauferinqə göndərilir. Orada o, beş ay kölə olaraq çalışdırılır. 1945-ci ilin Mart ayında ona Daçauya birləşdirilmiş digər bir düşərgə olan Türkhaym "istirahət düşərgəsinə" getmək təklif olunur. Türkhayma getməyə razılıq verən Frankl 1945-ci il 27 aprel tarixinə, amerikalılar tərəfindən xilas olunduğu günə qədər orada terapevt işləyir.
Auşvitçdən Bergen-Belsen ölüm düşərgəsinə göndərilən Tilli Groser orada vəfat edir. Franklın anası Elsa nasistlər tərəfindən Auşvitç qaz kamerasında boğularaq öldürülür, qardaşı Valter isə Auşvitçdən işləmək üçün göndərildiyi mədəndə işləyərkən ağır iş şəraiti nəticəsində vəfat edir. Franklın yaxın qohumlarından bir tək Avstriyadan Avstraliyaya qaçan bacısı Stella olur.
İkinci dünya müharibəsindən sonrakı həyatı
redaktəÖlüm düşərgəsində üç il keçirən Viktor Frankl azadlığa çıxdıqdan sonra Vyanaya qayıdır. 1945-ci ildə o, öz Trotzdem Ja Zum Leben Sagen: Ein Psychologe Erlebt das Konzentrationslager (tərcüməsi: "Heçnəyə baxmayaraq həyata hə demək: Bir psixoloqun ölüm düşərgəsindəki təcrübəsi", İngilis dilində "Man's Search for Meaning" (1959) (Bir adamın məna axtarışı) adı ilə məşhur olan kitabını yazır. Bu kitabda o, bir psixiatrın dilindən adi bir ölüm düşərgəsi sakininin həyatını təsvir etmişdir.
Ölüm düşərgələrində məruz qaldığı bütün əzablara dözən Frankl belə bir nəticəyə gəlir ki, hətta ən ağır, ağrılı və qeyri-insani vəziyyətlətdə belə həyatın gizli bir mənası var və elə buna görə də hətta əzab çəkməyin özü də mənalıdır. Bu nəticə onun loqoterapiya müalicə üsulunun inkişafında möhkəm təməl rolunu oynamışdır.
Viktor Franklın ölüm düşərgəsindəki təcrübələri onun həm terapevtik yanaşmasını, həm də fəlsəfi fikirlərini formalaşdırmışdır.
1946-cı ildə o, Vyana Nevrologiya Poliklinikasına ezam olunur. 1971-ci ilə qədər orada işləyən Viktor Frankl 1947-ci ildə ikinci həyat yoldaşı olan Eleonore Katerina Şvindtlə evlənir. Katerinanın katolik olmasında baxmayaraq cütlük bir-birlərinin dini görüşlərinə hörmətlə yanaşır. Onların Gabriele adlı qızları dünyaya gəlir. Gabriele Frankl sonradan uşaq psixoloqu olaraq tanınmışdır.
Viktor Frankl 1997-ci ilin 2 Sentyabr günü ürək çatışmazlığından vəfat etmişdir.
Elmi fəaliyyəti
redaktəFranklın loqoterapiyası və var oluş analizi həyatın mənasını insanın öz hərəkətlərindən məsul olmasında görən bir çox psixiatrları özündə birləşdirən Vyana psixiatriyasının üçüncü məktəbi hesab olunur. Irvin Yaloma görə, öz həyatını terapiyanın tədqiqinə həsr etmiş Frankl sübut etmişdir ki, insanın sağlamlığına zərər vura biləcək təhlükəli psixoloji vəziyyətin əsas səbəblərindən biri həyatın mənasının çatışmamasıdır. Onun fikrincə, var oluş nevrozu həyatda məna görməmə böhranının sinonimidir.
Fiktor Frankl "bazar günü nevrozu" terminini ixtira etmək barədə düşünmüşdür. Termin iş həftəsi başa çatdıqdan sonra bir çox insanın həyatlarında boşluq hiss etməsi vəziyyətinə aiddir. 1948-ci ildə Fəlsəfə doktoru elmi dərəcəsi alan Frankl 1955-ci ildə Vyana Universitetinə nevrologiya və psixiatriya professoru təyin olunur. O, dünyanın bir çox universitetlərində mühazirələr oxuyur və seminarlar verir.
Amerika Psixiatriya Assossasiyası Franklı 1985-ci ildə psixiatriyayanın inkişafındakı xidmətlərinə görə Oskar Pfister mükafatı ilə təltif etmişdir.
29 doktorluq dərəcəsi olan Viktor Frankl 40-dan çox dilə tərcümə olunmuş 39 kitab müəllifidir. Viktor Frankl Birləşmiş Ştatların şərq sahilində yerləşən Azadlıq heykəlinin qərb sahilində Məsuliyyət heykəli ilə tamamlanmasını təklif etmişdir. Burada məsuliyyət insanın öz taleyinə cavabdeh olması ilə əlaqədardır. Onun fikrincə azadlıq deyilməli olan son söz deyil. Azadlıq hekayənin yalnızca bir hissəsi və həqiqətin yalnızca yarısıdır. Məsuliyyət olmadan azadlıq olarsa, o, özbaşınalığa çevrilər.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Victor Emil Frankl // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 4 Database of the Terezín Memorial.
Xarici keçidlər
redaktə[1] [2] [3] Arxivləşdirilib 2015-04-23 at the Wayback Machine