Vikipediya Heftenin Secilmis Siyahisi 37 Hefte 2024 - Wikipedia
Bakının görməli yerlərinin siyahısı — Azərbaycanın paytaxtı və ən böyük şəhəri olan Bakı şəhərinin turizm potensialı ilə bağlıdır. Siyahıda şəhərin turistik və görməli yerləri — teatrlar, kinoteatrlar, saraylar, konsert zalları, parklar, muzey və qoruqlar, habelə ibadət yerləri, idman arenaları və s. öz əksini tapmışdır. Ümumi məlumat olaraq sahəsi 2130 km² olan Bakı şəhəri Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir və şəhərin tərkibinə 12 inzibati rayon, 5 şəhər tipli qəsəbə və 32 kənd daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 metr (92 ft) aşağıdır. Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi, iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır.