Vaqif Turbesi - Wikipedia
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və ya Vaqif türbəsi — 1982-ci il yanvarın 14-də Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur.
Vaqif türbəsi | |
---|---|
39°45′19″ şm. e. 46°45′30″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | S.Quliyev küç. |
Aidiyyatı | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Memar |
Əbdülvahab Salamzadə Eldar Kanukov |
Tikilmə tarixi | 1982 |
Üslubu | konstruktivizm |
Vəziyyəti | yenidən bərpa edilib |
İstinad nöm. | 367 |
Kateqoriya | türbə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmiş və 1982-ci ilin yanvar ayında Heydər Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdu.
1992-ci il mayın 8-də Ermənistanın silahlı dəstələri işğala məruz qoyduqları Şuşa şəhərində mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş, Vaqifin məqbərəsini dağıtmışlar.[1]
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci il tarixli sərəncam imzalamışdır.[2]
Abidə
redaktəTürbə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Əbdülvahab Salamzadə və əməkdar memar, memarlıq üzrə elmlər namizədi Eldar Kanukovun layihəsi əsasında tikilmişdir.[3]
Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır.
Şairin türbəsinin inşası məsələsi həll edilərkən, ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir. Türbənin inşasında müəlliflərin xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş müraciət etmələri diqqəti cəlb edir.
Vaqif türbəsində bədii memarlıq fikrinin son dərəcə aydınlığı və kompozisiyanın məntiqi sadəliyi konstruksiya və bədii surətinin ahəngdarlığı əldə edilmişdir.
Şairin abidəsi kompozisiyanın tamlığı və formaların plastik zənginliyi ilə də fərqlənir. O, planda kvadrat şəkilli, aşağısı bir qədər geniş, oturacaq şəklində olan xaricdən qırmızımtıl Qarabağ mərməri ilə üzlənmiş hündür bürcdür. Türbənin oturcağının üç tərəfindən başqa bütün fasadların hündürlüyü boyunca anodlaşdırılmış alüminium şəbəkə ilə örtülmüşdür.
Türbənin şəhərə baxan tərəfi təsirli baştağ görkəmi ilə nəzərə çarpır. Baştağın atqısında ağ mərmərdən böyük hərflərlə şairin adı həkk edilmişdir. 18 metr hündürlükdə ağ mərmər salonun mərkəzində şairin qəbri üzərində qara mərmərdən sənduqə qoyulmuşdur.
Türbənin daili memarlğına işıq və hava hopdurulması və heykəltaraş A. Mustafayevin işi olan qabartmanın əlavə edilməsi şairin abidəsini daha da zənginləşdirmişdir. Girişə yönəldilmiş qabartma heykəl interyerin miqyası ilə yaxşı uyğunlaşdırılmışdır. Şəbəkələrdən süzülən işıq şüaları insanda dinamik işıq və kölgə strukturlu daxili məkan haqqında nəhənglik, təmtəraq və romantik coşğunluq kimi xoş duyğular oyadır.
Türbənin konstruksiya həlli monolit dəmir-beton karkasa əsaslanır. Bəzək vurmaq üçün yalnız yerli inşaat materiallarından istifadə edilmişdir. Müəlliflər Azərbaycanın bürclü türbələrinin kompozisiyalı tərtibatı ənənələrini davam etdirmişlər.
Ənənədən fərqli olaraq qülləvari abidənin günbəzlə qurtarmaması, ümumi kompozisiyanın müasir bədii həllini tapmışdır. Günbəz əvəzinə yastı dəmir-beton örtük layihələşdirilmişdir. Örtüyün yanlarından çıxıntı əmələ gətirən yüksək söykənəcəklər, fasadların zərif alüminium şəbəkələri ilə şaquli kompozisiyada xüsusi yüngüllük, milli xüsusiyyət və uçuş təəssüratı yaradır.
Gözəl təbiət mənzərəsi ilə təsirli təzad təşkil edən, irimiqyaslı abidəvi kompozisiyasına görə yadda qalan, dəqiq və təsirli siluetə malik abidə ustalıqla gözəl dağ mənzərəsinə daxil edilmişdir.
Yüksək peşəkar səviyyədə hazırlanmış Vaqif türbəsi qoruq şəhər olan Şuşanın memarlıq üslubuna yeni bir nəfəs gətirmiş gözəl abidədir.
Erməni silahlı dəstələri şəhəri 1992-ci ildə işğal etdikdən sonra məqbərəyə zərər dəymiş və o hal hazırda bərbad vəziyyətdədir.[4]
1992-ci ildən 2020-ci ilə qədər erməni işğalında qalan abidə xeyli ziyan görmüşdür.[5]
Qalereya
redaktə-
Azərbaycan poçt markasının üzərindəki təsviri (2002)
-
Türbənin 2012-ci ildəki vəziyyəti.
-
Şuşa azad edildikdən sonra İlham Əliyev və ailəsi dağıdılmış türbənin qarşısında.
-
Türbə bərpa dövründə
-
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılış mərasimində
Qələbədən sonra
redaktəAzərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi.
Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. 2021-ci ilin mart ayından başlayaraq türbə ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək, tələb olunan hissələr üzrə gücləndirmə tədbirləri araşdırılıb və bu çərçivədə işçi layihələr hazırlanıb. İşçi layihələr əsasında xarici mütəxəssislər tərəfindən təyin edilən xüsusi kimyəvi materiallarla elementlərin konstruktiv bərpa işləri yerinə yetirilib, korroziyaya qarşı əlavə tədbirlər görülüb. Həmçinin abidənin dam örtüyü yenidən qurulub. Topoqrafiya işləri nəticəsində əldə edilən məlumatlar üzrə, o cümlədən ərazidə axtarış işləri keçirməklə qırılmış, dağılmış üzlük hissələrin əldə edilməsi ilə birlikdə abidənin ilkin ölçülərinin bərpası məqsədilə memarlıq işçi layihələri hazırlanıb. Bu layihələr əsasında isə fasadın və daxili hissələrin divar səthləri mərmərlə üzlənib və abidənin tarixi görkəmi bərpa edilib.
Bundan əlavə, ərazidən tapılan tökmə alüminium şəbəkə nümunəsi əsasında hazırlanmış işçi layihələr üzrə bütün şəbəkə və dekorlar, o cümlədən giriş qapısı tökmə üsulu ilə alüminium materialdan tarixi ölçüləri qorunmaqla hazırlanıb, Şuşa şəhərinə gətirilərək layihə üzrə quraşdırılıb. Salonun mərkəzində qəbir daşı üzərində qara mərmərdən sənduqə qoyulub, ilkin formanın bərpası nəzərə alınmaqla büst ağ mərmərdən işlənib hazırlanaraq quraşdırılıb.
Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri çəkilib quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.
2021-ci il avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. AR Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.[6]
Mənbə
redaktə- Qədim Şuşa, Bakı, 2005
- Şuşada Vaqif türbəsi, Azərbaycan abidələri dərgisi, I say, 1984
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Molla Pənah Vaqif–300" (PDF) (az.). Azərbaycan Milli Kitabxanası. 2017. 9 Mar 2023 tarixində arxivləşdirilib (PDF).
- ↑ "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). https://president.az/. 12 yanvar 2017. 27 Mar 2022 tarixində arxivləşdirilib.
- ↑ "Проблемы сохранения и реконструкции исторических городов Азербайджана". Абдул Вахав Саламзаде. 1979. January 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2010.
- ↑ "Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı, Xarı bülbül Qarabağın azadlıq rəmzi oldu". azertag.az (az.). Azer Tac. 8 January 2021. 19 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2021.
- ↑ "İlham Əliyev Vaqif türbəsini ziyarət edib". baku.ws (az.). 15 January 2021. 30 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2021.
- ↑ "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimində iştirak ediblər" (az.). https://president.az/. 27 Aug 2022 tarixində arxivləşdirilib.