Susa Dovlet Tarix Memarliq Qorugu - Wikipedia
Şuşa Dövlət Tarix-memarlıq Qoruğu — Şuşa şəhərində 1988-ci ildə yaradılan qoruq.[1]Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir.[2]
Şuşa Dövlət Tarix-memarlıq Qoruğu | |
---|---|
39°45′05″ şm. e. 46°44′09″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Tikilmə tarixi | 1752 |
Üslubu | Arran memarlıq məktəbi |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 21 |
Kateqoriya | Qoruq |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
Tarixi
redaktəŞuşa Dövlət Tarix-memarlıq Qoruğu — XVIII əsrdə Azərbaycan şəhərsalma sənətinin ən mühüm özəlliyi ölkənin siyasi-ictimai durumu ilə bağlı xanlıq mərkəzlərinin formalaşmasıdır. Yeni yaranmış xanlıq mərkəzləri içərisində Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri salındığı yerin qeyri-adi təbiəti və üstün strateji göstəriciləri ilə seçilir.
- Qarabağ xanlığının yaradıcısı Pənahəli xan Sarıcalı Cavanşir 1747-ci ildə müstəqillik əldə etdikdən sonra özü üçün etibarlı iqamətgah salmağa başlamışdır. Əvvəlcə tikdirdiyi Bayat (1748) və Şahbulağı (1752) qəsrləri dövrün müdafıə tələblərinə tam cavab vermədiyindən Pənah xan yeni şəhər-qala tikdirmək qərarına gəlir. Şuşa yaylası yeni iqamətgah yeri seçildi. Şuşa qalasının salınıma tarixi hələlik tam dəqiqləşdirilməyib. Şuşa qalasının inşa tarixini aydınlaşdırmaq baxımından araşdırıcı E. Avalovun XIX əsrin rus mənbələrindən bildirilir ki, Şuşa məscidlərinin birinin divarına quraşdırılmış kitabədə Pənah xanın 1167-ci il Hicridə Şuşa şəhərinin əsasını qoyduğu yazılıb. Şuşanın Cümə məscidinin divarında olmuş bu daş kitabə sonrakı yenidənqurma işləri zamanı aradan götürülmüşdür. Həmin itmiş kitabəyə görə Şuşa qalasının əsası 1753-cü ildə qoyulmuşdur.
- Şuşa yaylasının dəniz səviyyəsindən ən hündür yeri 1600, ən alçaq yeri 1300 metrə yaxındır. Bu yüksək dağlıq yaylanın çevrəsi Daşaltı və Xəlfəli çaylarının yataqlarına enən dərin uçurumlarla əhatə edilib. Yaylanın yalnız təbii müdafiə imkanları zəif olan şimal-şərq hissəsində qala divarları tikilməsinə ehtiyac vardı. Beləliklə, dövrün strateji tələblərinə uyğun çox uğurlu yer seçilməsi nəticəsində az məsrəflə möhkəm müdafiəsi olan geniş ərazili şəhər (350 hektar) yaratmaq mümkün oldu. Salındığı ilk illərdə şəhər-qalanın qurucusunun adı ilə Pənahabad adlandırılmışdır. Ancaq qısa bir müddətdən sonra onu yerləşdiyi ərazinin təbii formasına uyğun Şuşa qalası adı ilə əvəzləmişlər.[3] Xalq arasında olan deyimə görə Şuşanın havasının saf və şəfalı olduğundan Şuşa (şüşə) adlandırmışlar. [4]
- Azərbaycanın o çağdakı xanlıq mərkəzləri içərisində Şuşa "şəhər qala" anlayışına cavab verən ən sanballı şəhər idi. "Əlçatmaz qaya üzərində ucalan" (Q. Keppel) Şuşa bütün quruluşu ilə qədim Midiyanın eradan əvvəl IX əsrin divar rəsmlərindən bəlli olan şəhər qalalarına bənzəyirdi. Tikildiyi vaxtdan bir sıra güclü hücum və mühasirələrə dözmüş Şuşa Qarabağın baş qalası idi və elə bu funksiyasına görə də bu şəhər xalq arasında həmişə "Qala" adı ilə tanınıb. Şuşa qalasının Azərbaycanın yeni salınmış orta əsr şəhərsalma ənənəsinə uyğun dörd qapısı olub. Baş qala qapısı şimalda olub Gəncədən gələn yola açıldığından Gəncə qapısı adlanırdı. İrəvan qapısı isə Şuşa qalasını Azərbaycanın qərb bölgələri ilə birləşdirirdi. O biri iki qala qapısı Şuşa ətrafı dağ kəndləri ilə əlaqələr üçün yararlı olub. Şuşanın içqalası Gəncə qapısı yaxınlığındakı iri təpədə idi. Tarixçi Mir Mehdi Xəzaninin yazdığına görə Pənah xanın tikdirdiyi içqala "divar və bürcləri olan kiçik qalaya bənzər saray" (qəsr) idi və xan öz iqamətgahının yanındakı təpədə böyük oğlu İbrahim xan üçün də "gözəl saray" tikdirmişdi. Rus mühəndislərinin çəkdikləri planlardan göründüyü kimi təpənin relyefinə uyğun mürəkkəb formalı planı olan içqalada saray binaları, divanxana və başqa binalardan ibarət kompleks vardı. Şuşanın bir çox abidələri kimi bu saray kompleksi də rus işğalından sonra sökülüb məhv edilmişdir. Saray kompleksi dairəvi bürcləri olan qala divarları ilə hasarlanıbmış. Şəhər qalanın üstün strateji yerlərində dördbucaq planlı, iç həyətli qəsrlər tikilmişdi. Bu qəsrlər hər şeydən öncə içərisində mudafiə alayı yerləşən qala tikililəri idi. Həm də şəhər qalasının kənarlarında, hündür yerlərdə tikilmiş bu qəsrlər şəhər çevrəsini tam nəzarət altında saxlamaq və qalaya olan hücumların xarakter və istiqamətini müəyyənləşdirib müdafiəni təşkil etmək məsələlərində həlledici rol oynayırdı. Onlardan indiyə yalnız ikisi — Pənah xan qəsri və Qara Böyük Xanım qəsri qalıb. Giriş qapısı üstündəki kitabəyə görə Qara Böyük xanım qəsri 1768-ci ildə tikilmişdir. Yerin dinamik landşaftı, qala divarları və bürclərin düzülüşünü müəyyən etməkdə həlledici rol oynamışdır. Qala divarı sərt dağlıq relyefə uyğun tikildiyindən onun planı sınıq xəttli mürəkkəb forma almışdır. Bürclərin əsas divardan irəli çıxarılması divar dibinin müdafiəsini xeyli gücləndirmişdir. Qala divarı və bürclərin silueti səviyyə fərqinə görə çox eniş-yoxuşludur. Qala divarları, bürclər, qəsr qüllələri Şuşa yaylasının meşəli və yalçın qayalı landşaftı ilə birləşib çox əzəmətli görünüş yaradırdı. Şuşa möhkəm şəhər qala olmaqla yanaşı, həm də XVIII–XIX əsrlərdə Azərbaycanın mühüm siyasi-iqtisadi və mədəniyyət mərkəzlərindən biri olub. Şuşa qalasının ilk 9 yaşayış məhəlləsi indiki şəhərin nisbətən sakit relyefli aşağı hissəsində tikildiyindən Aşağı məhəllələr adlanır. İbrahim xanın hakimiyyəti illərində (1759–1806) şəhər ərazisinin şərq hissəsində 8 Yuxarı məhəllə formalaşır. Şəhərin daha sərt relyefli qərb hissəsində əsasən rus işğalından (1805) sonra isə 12 məhəllə salınır. Aşağı məhəllələr Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Dördlər qurdu, Hacı Yusifli, Dörd Çinar və Çöl qala (Cuhudlar), Yuxarı məhəllələr isə Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mircanlı, Dəmirçi, Hamam qabağı və Təzə məhəllə adları daşıyır. Dağlıq qərb hissəsinin Mehrili, Qazançılı, Əylisli, Çilləbörd, Dərə və s. bir-birindən dar, əyri küçələr ayırır. Gözəl təbiət və ağ daşdan tikilmiş qala divarları fonunda terraslar şəklində yerləşmiş məhəllələr ifadəli görünüşlər əmələ gətirir.
- Öz inkişafının sonrakı mərhələlərində əsaslı yenidənqurma və tikinti işləri aparılmadığından Şuşa tarixən formalaşmış memarlıq-planlaşma quruluşunu saxlamışdır. Başqa orta əsr Azərbaycan şəhərləri kimi Şuşanın məhəllələri də qapalı quruluşu olan həyətli evlərdən — mülklərdən — ibarət idi. Şuşa evlərinin çoxu ikimərtəbəli olub but daşlardan tikilmişdir. İri eyvanların vitrajlı pəncərələri (şəbəkə) və interyerlərdə çoxrəngli divar bəzəkləri olan ənənəvi Şuşa evləri Azərbaycanın başqa bölgələrinin evlərindən fərqlənmirdi. Bu evlərin bir neçə dəyərli örnəkləri qalmışdır.[5]
- Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli 280 nömrəli qərarı ilə Şuşa səhəri Azərbaycan Respublikasının tarix-memarlıq qoruğu elan edilmişdir. [4]
Kompleksə daxil olan abidələr
redaktəŞuşa Dövlət Tarix-memarlıq Qoruğuna daxil olan abidələrdən[6]
- Yuxarı və Aşağı Gövhərağa məscidləri
- Xan qızı Natəvanın evi
- Qarabağ xan sarayı
- Vaqif türbəsi
- Zöhrabbəyovun yaşayış evi
- Şuşa kurqanı
- Şuşa mağara düşərgəsi
- Şuşa qalası
- Hacı Quluların malikanəsi
- Uğurlu bəyin evi — XVIII əsrə aid Şuşa şəhərində yerləşən ölkə əhəmiyyətli abidə.[7] Molla Pənah Vaqifin administrativ binası (Uğurlu bəyin keçmiş evi)[8]
- Əsəd bəyin evi
- Mehmandarovların evi
- Behbudovların evi — Şuşa şəhərində yerləşən XVIII əsrin əvvəllərinə aid, Köçərli küçəsində yerləşən, Şuşa Dövlət Tarix-memarlıq Qoruğuna aid tarix-memarlıq abidəsi.[9][10]
- Qədimovların mülkü — Şuşa şəhərində yerləşən XVIII əsr aid Şuşa Dövlət Tarix-memarlıq qoruğuna aid tarix-memarlıq abidəsi[11]
Şuşa şəhərində ümumilikdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub. O cümlədən, 72 mühüm sənət və tarixi abidəsi, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdur. Ümumdünya mədəni irs siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılmışdır. Sözügedən konvensiya Ümumdünya İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan abidə və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür. Yaşayış evləri arasında xan və bəylərin saray tipli evləri daha zəngin bədii-memarlıq həlli ilə seçilirdi. Ancaq təəssüflər olsun ki, bu binaların əksəriyyəti dövrümüzə çatmayıb. Şuşa məhəllələrinin hər birində onu formalaşdıran yaşayış evlərindən başqa lokal ictimai-dini mərkəz vardır. Bu mərkəz məhəllə meydanı ətrafında qruplaşan binalar — məscid, mədrəsə, hamam, dükan və bulaqdan ibarətdir.[12]
Abidələrin memarlıq xüsusiyyətləri
redaktəŞuşanın düzbucaq planlı məhəllə məscidlərinin (Culfalar, Çuxur, Hacı Yusifli və s.) bayır görünüşləri yaşayış evlərinə bənzəsə də, interyerləri tam dini memarlıq tələblərinə uyğun tərtib edilmişdir. İbadət salonunun üçnefli bölgüsü olan məhəllə məscidləri (Çöl qala, Təzə, Saatlı, Mamayı) daha kamil plan-məkan quruluşları ilə seçilir. Məhəllə məscidlərinin çoxunda azançı (müəzzin) üçün damda kiçik köşklər quraşdırıldığı halda Saatlı məscidinin kərpic naxışlı bəzəyi olan minarəsi var. Şuşa məscidləri içərisində ən monumentalı XIX əsrin böyük memarı Kərbəlayi Səfi xan Qarabağinin 1883-cü ildə tikdiyi Yuxarı Gövhər ağa məscididir. İbrahim xanın 1768-ci ildə tikdirdiyi məscidin yerində qızı Gövhər ağanın yenidən tikdirdiyi bu abidə Şuşanın Böyük Cümə məscididir. Cümə məscidi Şuşanın baş meydanı olan Meydanın dominantıdır. Şuşa şəhərinin baş meydanından 150 metr şimal-şərqdə Aşağı Gövhər ağa məscidi ətrafında formalaşmış memarlıq kompleksi yerləşir. Kompleksə məscid, mədrəsə, dükanlar və yaşayış evləri daxildir. Memar Kərbəlayi Səfi xanın 1868–1870-ci illərdə tikdiyi Aşağı Gövhər ağa məscidi ümumi plan-məkan quruluşuna görə Ağdam və Şuşa Cümə məscidlərinə bənzəyir. Ancaq Aşağı Gövhər ağa məscidindəki iki minarə ön fasadda deyil, arxa fasadın künclərində yerləşdirilib. Şuşanın demək olar bütün məhəllə məscidləri memar Kərbəlayi Səfi xan Qarabağinin iştirakı ilə tikildiyindən onların hamısında ümumi memarlıq üslubu hiss olunur. Şuşa şəhəri XVIII–XIX əsrlərdə beynəlxaıq ticarətdə çox aktiv iştirak edib. Onun Şərq və Qərb ölkələri ilə apardığı ticarət əməliyyatları şəhər quruluşunda inkişaf etmiş ticarət mərkəzinin yaranmasına səbəb olur. Bütün şəhərin planlaşma özəyi olan Meydan Şuşanın baş ticarət kompleksinin də özəyidir. Meydandan Şuşanın üç ticarət küçəsi şaxələnir — şimala Rasta bazar, şərqə Aşağı bazar, cənuba Şeytan bazar. Yanlarında dükanlar sıralanan bu ticarət küçələrində həm də Şuşanın əsas dini binaları, karvansaraları və ticarət meydanları yerləşirdi. Qədim yaşayış məskəni yerində Qarabağ xanı Pənahəli xanın saldırdığı Şuşa Azərbaycanın son orta əsr şəhərsalma mədəniyyətinin nadir abidəsi, Qarabağ memarlığının canlı ensiklopediyasıdır. Şuşa şəhəri 1988-ci ildə Azərbaycan Respublikasının Dövlət Tarix-memarlıq Qoruğu elan edilmişdir.[13]
İstinadlar
redaktə- ↑ "Sarıyeva, İ. Şuşa Tarix-Mədəniyyət Qoruğu erməni işğalında... //Bakı xəbər.- 2015.- 12 may.- S.15". (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin NİZAMNAMƏSİ". president.az. 23 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2022.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi. İnzibati-ərazi vahidləri" (PDF). https://files.preslib.az/projects/azerbaijan. 12 May 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 may 2022.
- ↑ 1 2 "Şuşa Tarix-Memarlıq Qoruğu :: Azərbaycan-UNESCO əlaqələri". unesco.preslib.az. 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
- ↑ "Şuşa Dövlət Tarix-memarlıq Qoruğu". kataloq.gomap.az. 20 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2022.
- ↑ "Şuşa Tarix-memarlıq Qoruğu". map.virtualkarabakh.az. 24 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2022.
- ↑ "M.P.Vaqifin administrativ binası (Uğurlu bəyin keçmiş evi)". kataloq.gomap.az. 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
- ↑ sumgait.mctgov.az https://web.archive.org/web/20210709182924/http://sumgait.mctgov.az/az/monview/361/434/Ugurlu-beyin-evi (#bare_url_missing_title). 2021-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
- ↑ "Erməni vandalizminə məruz qalan abidələr". armenianvandalism.preslib.az. 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2022.
- ↑ "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI". 2017-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2022.
- ↑ "Şuşanın memarlıq abidələri". anl.az. 2017-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2022.
- ↑ "Şuşa Tarix-memarlıq Qoruğu". map.virtualkarabakh.az. 24 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2022.
- ↑ "Şuşanın Tarixi Mərkəzi Dünya irsi elan edilməsinə layiqdir". mct.gov.az. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
Xarici keçidlər
redaktə- "Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu". www.gomap.az. İstifadə tarixi: 23 may 2022.
- "Şuşa qoruğunun ilk rəhbəri: Bülbülün, Hacıbəyovun, Çəmənzəminlinin evini yerlə yeksan ediblər". ikisahil.az. İstifadə tarixi: 23 may 2022.