Veten Yaxud Silistre Dram - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vətən, yaxud Silistrə— türk yazıçısı Namiq Kamalın 1873-cü ildə yazdığı dramı.
Məzmunu
redaktə"Vətən, yaxud Silistrə" əsəri Türkiyədə səhnəyə qoyulan ilk əsər olmasa da, Türkiyədə sensasiya doğuran və səs-küy gətirən ilk teatr nümunəsidir, deyə bilərik. Həqiqətən də, 1 aprel 1873-cü ildə İstanbulda səhnəyə qoyulan "Vətən, yaxud Silistrə", kütlənin həyəcanına və çalxalanmasına səbəb olduğu qədər, Namiq Kamalın həyatını dəyişdirmiş, onun 3 ildən artıq sürgün və zindan cəzası almasına səbəb olmuşdur.
Ölkəsində ilk dəfə Avropasayağı türk ədəbiyyatını yaradan və bu üslubun sevilməsinə səbəb olan yazıçı Namiq Kamaldır. Sənəti cəmiyyətin Qərbləşməsi üçün bir vasitə olaraq görən Namiq Kamal ümumiyyətlə bir çox ilklərə imza atmış sənətkardır. Məsələn, Türkiyədə ilk dəfə "Vətən şairi" deyə şöhrət qazanan şair məhz odur. Daha sonra 1865-ci ildən təkbaşına qəzet çıxaran yazıçı daha çox millətin gözünü açacaq, despotizmə qarşı, rejimi yıxacaq yazılar yazmağa başlamışdır. Yazılarında sadə xalqa xidmət edəcək məktəblərin açılması, qızların oxudulması, İstanbulun yanğınlardan qurtarması və tibb fakültəsində ancaq fransızca deyil, həm də türkcə dərslərin verilməsindən yazan ilk maarifçilərdəndir. Bu çox səs-küy doğuran məqalələrdən sonra hökumət belə yazıların yazılmasını qadağan etdi və qəzetin bağlanmasına müvəffəq oldu.
Tənzimat dövrü Türkiyəsində Namiq Kamal bir fikir və sənət inqilabçısı olaraq tanınmış və xalqın gözündə milli qəhrəman səviyyəsinə yüksəlmişdir. "Sənət xalq üçündür" düşüncəsini özünə yol seçən sənətkar qələmi ancaq sənət üçün deyil, eyni zamanda milli-sosial mücadilə vasitəsi olaraq istifadə etmiş və xalq arasında müsbət nəticə verən bir çox yazıları, romanları, dram əsərləri və sosial mübarizələri olmuşdur. Yazarın bu cür milli-sosial mübarizələrindən aşağıdakıların adını çəkə bilərik: Məsələn, xalqına milli kimliyini və dəyərlərini tanıtmaq, ona hürriyyət eşqi vermək və xüsusilə əcdadlarının qanıyla yoğrulmuş Vətən torpaqları uğrunda şüurlu surətdə can verə biləcək səviyyədə sevdirmək.
Daha sonra yazar əski türk dilində insan topluluğu, din, məzhəb və eyni məzhəbdə olan camaat mənasını verən millət kəlməsindən törəyən milliyyət kəliməsinə müasir bir məna qazandırmışdır. Yenə də əski türkcədə azad edilmiş kölə(qul) mənasını verən hür sözündən hürriyyət sözünü yaradan və bu kəlməni türkcəyə qazandıran şair də odur. Əsli ərəbcə olan və əski türk dilində bir hökmdarın bir qövmə hökm etməsi mənasını daşıyan istiqlal kəliməsini də türk dilinə N. Kamal gətirmişdir.
Yaradıcılığa gənclik illərindən başlayan Namiq Kamal ilk qələm təcrübələrini divan ədəbiyyatının təsiri altında yaratmış, şeirlərini onlara bənzətməyə çalışmışdır. Lakin 1867-ci ildə Parisə qaçan və orada yeni ədəbiyyatla tanış olan yazar artıq müasir ədəbiyyat yaratmaq mübarizəsinə başladı. Namiq Kamal şeirlərində də, romanlarında da, məqalələrində də qarşısına bir məqsəd qoymuşdu: hər kəsin anlayacağı dildə, yeni üslubda ədəbiyyat yaratmaq. Məhz buna görə Avropasayağı ədəbiyyat yaratmaq uğrunda ilk mübariz N. Kamal hesab olunur. Namiq Kamal həmçinin türk ədəbiyyat tarixində dindən kənar ədəbiyyat yaradan və bütün ədəbi priyomlardan ictimaiyyətə fayda vermək üçün istifadə edən ilk sənətkardır.
Namiq Kamal Avropadan Vətəninə qayıtdıqdan sonra başqaları kimi Qərbə heyranlıq içində onu mədh etmədi. Qərbləşmə, müasirləşmə ideyasından və Osmanlı tarixindən yararlanaraq əsərlər yaratmağa başladı. "Vətən, yaxud Silistrə" əsərində əsərin qəhramanlarından Zəkiyyənin oxuması, bir bəyi sevməsi, sevgisinin ardınca əsgər kimi geyinib döyüşə getməsi, qəhrəmanlıq göstərməsi və s. kimi davranışların kökü qədim türk dastanlarından gəlsə də, bu əsərdə məhz Qərbdən gəlmədir və Qərbləşmə, müasirləşmə ideyasının təbliği, aşılanması kimi qəbul edilə bilər.
O illərdə ədib xalqa Vətən sevgisini, millət sevgisini, milli əxlaq və qəhrəmanlıq duyğularını daha canlı şəkildə tanıdacaq yeni bir vasitə tapmışdı — teatr. Demək olar ki, N. Kamalın ən sevdiyi ədəbiyyat janrı dramaturgiyadır. Hələ Parisdə olarkən atasına yazdıgı məktublarda drama, dolayısı ilə teatra olan sevgisini aşkarca göstərən N. Kamal fürsət tapdıqca istər məqalələrində, istərsə də məktublarında xüsusilə teatr başlıqlı məqaləsi ilə "Müqəddimeyi-Cəlal"da teatrla bağlı düşüncələrini bölüşmüş, onun əhəmiyyətini izah etməyə çalışmışdır. Belə ki, "Müqəddimeyi-Cəlal"in 27 səhifəsini dram janrına, teatr sənətinə ayırmışdır. Yazarın teatrla bağlı bir çox yazıları, düşüncələri vardır. Lakin yalnız aşağıdakıları oxumaqla, onun teatra verdiyi qiyməti və önəmi anlamaq yetərlidir: "Bir millətin gözəl danışıq qüdrəti ədəbiyyatında, ədəbiyyatın da ən canlı ifadəsi teatrda bəlli olur"; "Teatr məram anlatmaqda həm gözə, həm də qulağa xitab etdiyi üçün təsirini iki vasitə ilə birdən icra edir"; "Teatr bir əyləncə vasitəsidir. Fəqət əyləncələrin ən faydalısıdır"; "Teatr eşqə(sevgiyə) bənzəyir. İnsanı qəmli-qəmli ağladar, fəqət verdiyi şiddətli təsirlərdə bir başqa ləzzət vardır"; "Qərb ölkələrində teatr ədəbiyyat növlərinin hamısından üstün hesab olunur" …
N. Kamalın teatrı niyə romandan, hətta şeirdən üstün tutduğunu anlamaq çətin deyil. O, teatrın Qərb mədəniyyətində oynadığı rolu yaxından təqib etmişdir və məhz buna görə millətini oyatmaq, vətən sevgisini aşılamaq üçün teatrdan faydalanmışdır.
N. Kamal Fransada sürgün həyatı yaşadığı müddətdə Qərb ədəbiyyatını öyrənməklə, tədqiq etməklə yanaşı, fransız ədəbiyyatını örnək almış, romantizmin təsirində qalmışdır. N. Kamalın vətən fikri çağdaş Fransız və Alman vətənpərvərlərinin vətən anlayışlarının təsiri altındadır. Ancaq Namiq Kamalın vətənpərvərliyi oxşadılan, bənzədilən vətənpərvərlik deyil. O, Qərbdən aldığı fikirlərlə türk ruhunda və türk ədəbiyyatında mövcüd olan Vətən sevgisini bütünləşdirən və hərəkətə keçirən yazıçıdır. Namiq Kamala görə Vətən sadəcə üzərində doğulan və yaşanılan bir yer deyil. Vətən övladlarından ibarət insan toplusu arasında dil birliyi, mənfəət birliyi, fikir və sevgi qardaşlığı yaradan müqəddəs bir torpaqdır ki, hər daşı üçün bir can verilib, hər ovuc torpağı "əcdadların vücudundan yadigar qalıb". Namiq Kamala görə, "Osmanlı Vətənini qurtarmaq və fəda olurcasına qorumaq, İslam vətənini isə bir ideal olaraq ürəkdə yaşatmaq gərəkdir."
Namiq Kamalın millətçiliyi də yanlış anlaşıldığı kimi İslam və osmanlı millətçiliyi deyil. Onun əsərlərinin iç aləminə nüfuz edincə, kənardan osmanlı millətçiliyi kimi görünən yazılarının ruhunda bir türkçülük ortaya çıxır. N. Kamalın əsərlərində, xüsusilə də "Vətən yaxud Silistrə" əsərində osmanlı adını çox istifadə etməsinə baxmayaraq, hər fürsətdə də türk adını işlətməsi, türkün və türklüyün böyüklüyündən söz etməsi gözdən qaçacaq məqam deyil. Onun türkçülüyü Türkiyə hüdudları arasında qalmamış, şair Türkiyədən kənardakı türkləri də hər zaman düşünmüşdür.
Namiq Kamal 33 yaşında ikən ədəbiyyatın müxtəlif sahələrində qələm çalmışdı, amma dram janrını hələ sınamamışdı. O zamanlar "İbrət" qəzetində çalışan ədibi hakimiyyəti və dövrü tənqid edən yazılarına görə yarı sürgünə, yarı vəzifəyə — Geliboluya göndərdilər. Oraya getməzdən öncə məsləkdaşları yazara bu sahədə (dram) qələmini sınamağı məsləhət görmüşdülər, hətta bu mövzuda israr etmişdilər. Namiq Kamal "Vətən, yaxud Silistrə"ni də bu israr və istəklər üzündən məcburən göndərildiyi Geliboluda yazmaga başladı. Vəzifəsindən istefa verib İstanbula qayıtdıqdan sonra əsərini tamamladı. Əsərin yazılışı da, daha sonra çap edilməsi də tələsik başa gəldi. Məhz bu üzdəndir ki, "Vətən yaxud Silistrə"də bəzi dil-üslub qüsurlarına, hətta bəzi tutarsızlıqlara da rast gəlinir.
"Vətən yaxud, Silistrə"nin yazılışından və ilk səhnəyə qoyuluşundan 3 il sonra əsər rus dilinə tərcümə edildi. Ancaq ruslar mövzusu əleyilərinə olan əsəri bəyənmədilər. Bu səhnə əsərinin heç bir ədəbiyyat və sənət dəyəri olmadığını irəli sürən bəzi rus dərgiləri mövzusunun başqa əsərdən oğurlandığını irəli sürdülər. Həqiqətən də, fransız yazarlarından V. Sardonun eyniadlı səhnə əsəri vardır. Lakin rus tənqidçiləri haqsızlıq edirlər, Namiq Kamalın "Vətən yaxud Silistrə"si ilə V. Sardonun "Vətən" ("Patrie") əsərləri arasında mövzu və ruh baxımından heç bir bənzərlik yoxdur.
"Vətən, yaxud Silistrə" çox üstün əsər olmasa da, bir həqiqət var ki, bu əsər Türkiyədə olduğu qədər, ölkədən kənarda da böyük marağa səbəb olmuş və alman, ərəb, fars, fransız və serb dillərinə tərcümə edilmişdir. Bu pyes yazıldığı gündən bu günə qədər Türkiyədə də çox tənqidlərə məruz qalmışdır. Xüsusilə mövzunun və qəhrəmanların həddən artıq xəyali və romantik olması, məlum mövzuların davamlı olaraq təkrarlanması tənqidlərə səbəb olmuşdur. Uzun və eyni məzmunlu monoloqlar — Abdulla çavuş obrazından başqa — qəhrəmanların hamısının sanki Namiq Kamalın diliylə danışmaları da tənqid edilmişdir.
Canlılığı, igidliyi və özünəməxsus danışığı ilə hər kəsin sevimli obrazına çevrilən Abdulla çavuş əslində, çoxlarının sandığı kimi xəyali obraz deyil. Həqiqətən də, Krım müharibələri zamanı Silistrə qalası uğrunda gedən döyüşlərdə böyük igidlik göstərən, qorxmaz bir insan Abdulla adlı çavuş olmuşdur. Rəvayətlərə görə, Abdulla çavuş həyatda da hər sözün sonunda "qiyamət qopmaz ki?" deyərmiş. Belə danışıqlarına və igidliklərinə görə komandirlər, əsgərlər onu çox sevərmiş və hər yerdə çavuşdan danışarmışlar. Deyilənlərə görə, bunu Namiq Kamal da eşitmiş, əsərdə eyniadlı və təsvir edilən kimi bir obraz yaratmış və Abdulla çavuşu ölümsüzləşdirmişdir.
Bütün tənqidlərə, bəzi bölümlərdə hədsiz mübaliğələrə, İslam bəy, Sidqi bəy obrazlarının şişirdilmiş təsvirinə və davranış tərzinə baxmayaraq, əsərdə elə bir sonsuz vətən sevgisi və coşqusu, elə bir igidlik var ki, "Vətən, yaxud Silistrə" texniki, dil-üslub qüsurları yönündən daha sonra yazacağı beş səhnə əsərindən zəif olsa da, ən çox səs-küy gətirən, yazıçının simvolu halına gəlmiş, Namiq Kamal dedikdə ağla gələn ilk əsəri "Vətən yaxud Silistrə" olmuşdur. Hətta tanınmış tarixçilərdən Əbdürrəhman Şərəf bəy "Tarix müsahibələri" adlı kitabında "Vətən, yaxud Silistrə"nin ilk dəfə səhnəyə qoyulmasını təsvir edərkən tamaşaçıların alqış sədalarından az qala salonun yıxılacağını və tamaşa bitdikdən sonra kütlənin İstanbul küçələrində gecəyarıyadək "Yaşasın Kamal !" deyə hayqırdıqlarını yazırdı. Lakin Namiq Kamalın xalqın sevgisindən, istədiyi nəticəni əldə etməsindən dolayı duyduğu sevinc çox da uzun sürmədi, yazar ertəsi gün həbs edilib Kiprdəki Magosa adasına sürgün edilir. Yaxın dostu vəliəhd Y Muradın hakimiyyətə gəlməsiylə sürgündən azad edilən Namiq Kamalın, hakimiyyətin dəyişməsiylə İstanbuldan çıxarılıb sürgünə göndərilir və bir daha İstanbula dönə bilmədən 2 dekabr 1888-ci ildə vəfat edir.