Usya - Wikipedia
Usya və ya Wuxia (çin. 武俠; pinyin: wǔxiá; azərb. "döyüş qəhrəmanları") Qədim Çindəki döyüş sənətçilərinin sərgüzəştləri haqqında olan Çin fantastikasının bir janrıdır. Ənənəvi olaraq fantaziya ədəbiyyatının bir forması olması ilə bərabər, məşhurluğu onun Çin operası, manhua, filmlər, televiziya serialları və video oyunlar kimi müxtəlif sənət növlərinə yayılmasına səbəb olmuşdur. O, dünyanın bir çox ərazisində yaşayan çindilli icmaların arasında populyar mədəniyyətin bir hissəsini təşkil etmişdir.
Usya (Wuxia) sözü wǔ (武, "hərbi" və ya "silahlı") və xiá (俠, "cəsur", "qanunsuz" və ya "qəhrəman") sözlərinin birləşməsindən ibarət olan mürəkkəb sözdür. Xia koduna əməl edən döyüş ustasına əsasən xiákè (俠客, "xia-nın davamçısı") və ya yóuxiá (遊俠, hərfi mənası "gəzən xia") deyirdilər. Bəzi tərcümələr zamanı döyüş sənətçilərindən qılınc tutması tələb olunmasa da, onlara “qılınc ustası” və ya “qılınc ustadı” da demişdirlər.
Wuxia fantastikasındakı qəhrəmanlar adətən lordlara xidmət etmir, hərbi güc tətbiq etmir və eyni zamanda da aristokrat təbəqəyə mənsub olmurdular. Onlar adətən qədim Çin cəmiyyətinin aşağı sosial təbəqələrindən olurdular. Onların şərəf kodeksləri müntəzəm olaraq wuxia qəhrəmanlarından xətalarını aradan qaldırmalarını, səhvlərini düzəltmələrini, salehlik, düzgünlük naminə mübarizə aparmaqlarını, zalımları məhv etməyi və keçmiş pis davranışları cəzalandırmağı tələb edir. Çinlilərin xia ənənələrini, nümunə olaraq yaponların samuraylarının buşidosu kimi digər mədəniyyətlərin döyüş kodları ilə müqayisə etmək mümkündür.