Taxil - Wikipedia
Taxıl – bir çox dənli bitkilərin cəmindən alınan məhsuldur. Taxıl cinsinə mənsub olan dənli bitkilər 2 qrupa ayrılır:
- əsas taxıl tipli bitkilər – buğda, çovdar, arpa və vələmir;
- darıyabənzər tipli taxıl bitkiləri – darı, düyü, qarğıdalı;
Taxıl cinsinə aid olan dənlər quruluş etibarilə çılpaq və qabıqlı olur.
Çılpaq dənli bitkilər
redaktəÇılpaq dənli bitkilərə buğda, çovdar və qarğıdalı aiddir. Çılpaq dənli bitkilərin üzərində çiçək qişası olmur. Çılpaq dənli bitkilərdə meyvə və toxum qılafı, aleyron təbəqəsi, endosperm və rüşeym vardır.
Meyvə qılafı – (perikarpiy) bir neçə qat toxumalardan ibarətdir: epidermis, epikarpiy, mezokarpiy və endokarpiy. Meyvə qılafı yarımşəffafdır, tərkibində sellüloza, pentozanlar, pektin maddəsi, mineral maddə, az miqdarda şəkər, azotlu maddə və yağ vardır. Çılpaq taxıl bitkilərində bütöv dənin 5-6%-ni, qabıqlı dənli bitkilərdə isə 2-4%-ni təşkil edir.
Toxum qılafı – (perispermiy) 2 qatdan ibarətdəir: 1. Piqmentli qatda boya maddələrindən antosianlar (qırmızı), flavonlar (sarı) və xlorofil (göy-yaşıl) vardır; 2. Qialin – yumşaq, suyu yaxşı keçirən qatdan ibarətdir. Toxum qılafı aleyron qəbəqə ilə sıx əlaqədardır. Bütöv dən kütləsinin 1-2,5%-ni təşkil edir. Toxum qılafında sellülozanın miqdarı meyvə qılafına nisbətən az, şəkər və azotlu maddələr isə çoxdur. Toxum qılafı dəndən istehsal olunan məhsullara düşdükdə onların rəngini tündləşdirir. Meyvə və toxum qılafının tərkibində 23-25% sellüloza, 50-55%pentozanlar, 4-6% kül, 2-3% şəkər, 5-7% yağabənzər maddələr, 10%-ə qədər azotlu maddə vardır.
Aleyron təbəqə müxtəlif dənli bitkilərdə 6-dan 12%-ə qədər təşkil edir. Endospermin aleyron təbəqəsi nazikdivarlı iri toxumalardan ibarətdir. Aleyron təbəqəsində 35-45% zülal, 6-8% şəkər, 3-9% yağ,11-14% mineral maddə, 7-10% sellüloza, 15-17% pentozanlar vardır.
Endosperm – (unlu nüvə) dənin qidaya sərf olunan əsas hissəsidir. Buğdada 80-85%, çovdarda 75-80%, qarğıdalıda 70-75%, arpada 60-68%, vələmirdə 45-50% endosperm olur. Müxtəlif dənli bitkilərin endosperminin tərkibində 12-15% zülal, 75-80% nişasta, 2-3% şəkər, 1%-ə qədər yağ, 1,5-2% pentozanlar vardır. Sellüloza 0,1-0,15%, mineral maddə 0,3-0,4%-dir. Vitaminlərin, makro- və mikroelementlərin miqdarı az olduğundan endospermdən alınan məhsulların bioloji dəyəri azdır.
Rüşeym – dənin iti uc hissəsində yerləşir, dənin 2-3%-nitəşkil edir. Darıda 6%, qarğıdalıda isə 10% rüşeym olur. Rüşeymin tərkibində 35-40% zülal, 15-35% yağ, 5-10% mineral maddə, 2-3% sellüloza, pentozanlar, B1, B2, E və digər vitaminlər vardır. Buğda rüşeymindən E vitamini, qarğıdalı rüşeymindən isə yağ istehsal edilir.
Qabıqlı dənli bitkilər
redaktəQabıqlı dənli bitkilərə vələmir, arpa, düyü və darı aiddir. Bunların səthi çiçək qişası ilə örtülü olur.
Çiçək qişası- arpa dəninin 9-14%-ni, darıda 14-18%, düyüdə 19-21%, vələmirdə isə 25-30% təşkil edir. Yarma istehsalında çiçək qişası tamamilə kənar edilir. Çiçək qişasının tərkibində sellüloza, ən çox pentozanlar, azmiqdarda şəkər və azotlu maddələr vardır. Qidalılıq dəyərinə malik olmadığından una və yarmaya çiçək qişasının düşməsinə yol verilmir.
Taxılın kimyəvi tərkibi
redaktəTaxılın kimyəvi tərkibi onun növündən, selleksiya sortlarından, becərildiyi torpaq-iqlim şəraitindən və aqrotexnikadan asılıdır. Taxılın tərkibində azotlu maddələr, fermentlər, karbohidratlar, yağlar, vitaminlər, mineral maddələr, su, turşular, aşı və boya maddələri vardır.
Mənbə
redaktə- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu, Musayev Nizami Xıdır oğlu. Bitki mənşəli məhsulların ekspertizası, Dərslik, Bakı 2005.