Seysmoqram - Wikipedia
Seysmoqram — seysmometrlər Yerdə baş verən titrəyişləri seysmoqram şəklində yazırlar. Seysmoqramlar sakit halda soldan sağa uzanan bəzən düz, çox hallarda isə dalğavari xətlərdən ibarətdir.
Haqqında
redaktəSeysmik dalğaların təsiri ilə əmələ gələn titrəyişlərin alət üsulu ilə müşahidəsi metodlarının işlənib-hazırlanması ilə seysmologiyanın Seysmometriya bölməsi məşğul olur. Yerdə baş verən zəlzələlər seysmik titrəyişlər zamanı qrunt hissəciklərinin yerdəyişmələrini yazan seysmoqraflar vasitəsi ilə qeyd olunurlar. Bu titrəyiş yazılarının özü seysmoqram adlanır. Zəlzələni qeyd edən ilk cihaz 132-ci ildə Çin alimi Çjan Xen tərəfindən düzəldilmişdir. Bu cihaz yalnız əsas təkan istiqamətini təyin etməyə imkan verirdi. Həmin cihaz quruluş etibari ilə hər birinin ağzında diyircək olan çoxbaşlı əjdaha şəkilində düzəldilmişdi. Cihazın qoyulduğu özülün titrəyişləri zamanı diyircəklər aşağı düşərək seysmik dalğanın gəlmə istiqamətini göstərirdi. Seysmik dalğaları yazan ilk seysmoqraflar XIX əsrin 90-cı illərində meydana gəlmişdir. Seysmoqrafların iş prinsipində əsas diqqət seysmik titrəyişlər zamanı əmələ gələn qrunt hissəciklərinin yerdəyişməsi yazılarının təhrif olunmadan alınmasına yönəldilmişdir. Bu cihazların quruluşu və iş prinsipləri V. T. Arxangelskiy, D. P. Kirnos və b. tərəfindən geniş izah olunur. Qrunt hissəciklərinin yerdəyişmələri tərpənməz düzbucaqlı OXYZ koordinat sistemində seysmoqrafın möhkəm bərkidildiyi özülün hərəkətlərini qeyd etmək yolu ilə izlənilir. Seysmik müşahidələr zamanı adətən Z oxu şaquli olaraq yuxarı, X və Y oxları müvafiq olaraq cənubdan şimala və qərbdən şərqə yönələn, yuxarı, şərqə (E) və şimala (N) olan istiqamətləri müsbət hesab olunan sistem istifadə olunur.
Seysmometr
redaktəSeysmoqrafın qrunt hissəciklərinin yerdəyişmələrinə uyğun hərəkət edən hissəsinə seysmometr deyilir. Seysmometr əslində rəqqas və ya yaydan asılmış yükdür. Seysmoloji praktikada əsasən fiziki rəqqas sistemləri geniş tətbiq olunur. Seysmometrlər Yerdə baş verən titrəyişləri seysmoqram şəklində yazırlar. Seysmoqramlar sakit halda soldan sağa uzanan bəzən düz, çox hallarda isə dalğavari xətlərdən ibarətdir. Xətlərin dalğavari formada olması insanların hiss etmədiyi Yerdəki mikroseysmlərlə əlaqədardır. Zəlzələlər baş verdikdə isə seysmik dalğaların gəlişi ilə əlaqədar qruntun qəfləti olaraq güclü titrəyişi mikroseysmin fonunda düz və ya dalğavari yazıların kəskin kənara çıxmaları müşahidə edilir. Zəlzələləri öyrənmək (koordinatlarını, intensivliyini, mexanizmini və s. təyin etmək) üçün seysmoqramlardan əldə olunması zəruri hesab edilən məlumatlar ayrı-ayrı seysmik dalğaların gəlmə anları, dalğaların amplitudları, yerdəyişmə, sürət və ya təcilinin qiymətləridir. Zəlzələ yazısının forması seysmoqrafın amplitud-tezlik xüsusiyyətindən asılıdır. Yəni, hər bir seysmoqraf öz amplitud-tezlik xüsusiyyətinə uyğun olaraq müəyyən tezlik diapazonuna daxil olan dalğaları gücləndirir. Odur ki, zəlzələlərin yazılarını araşdırarkən stansiyada işləyən bütün tiplərdən olan cihazların seysmoqramlarını təfsir etmək zəruridir.[1]
Zəlzələ yazılarının təfsiri
redaktəSeysmoqramların ilkin təfsiri aşağıdakı bir neçə ardıcıl mərhələlərdən ibarətdir:
- seysmoqramın keyfiyyət analizi,
- seysmik dalğaların gəlmə anlarının təyini,
- seysmik dalğaların başlanğıclarının işarəsi və dəqiqliyinin təyini,
- seysmik dalğaların amplituda və periodlarının ölçülməsi.
Seysmoqramın keyfiyyət analizi yazının görünüşünə əsasən aparılır. Buna əsasən zəlzələnin yerli, yaxın, uzaq, səthi dərin olması müəyyənləşdirilir. Dərin olmayan yerli və yaxın zəlzələlər ümumi davamiyyətin azlığı və yüksək tezlikli tərkibi ilə səciyyələnir. Ona görə belə zəlzələlərin təfsiri qısa və orta periodlu seysmik cihazların yazıları əsasında aparılır. Yerli və yaxın zəlzələlər zamanı adətən Yer qabığında yayılan dalğalar müşahidə edilir.
Qranit qatı
redaktəKontinentlərdə Yer qabığının ümumiləşdirilmiş üç laylı kəsilişi verilir. Burada, zəlzələ ocağının qranit, bazalt və üst mantiyada olduğu hallarda həcmi dalğaların yayılması yolları göstərilir. Çökmə layda uzununa (P) dalğaların sürəti 5 km/s-ə çatır. Qranit qatının qalınlığı kontinental düzənliklərdə 10–30 km arasında olur. Dağlıq ərazilərdə bu qalınlıq dəyişir və artır. Okeanlarda bu qat olmur. Uzununa (P) dalğalarının sürəti qranit qatında 5,5–6,4 km/s-dir. Bu qatda zəlzələ baş verdikdə P və S və ya Pg və Sg ilə işarə edilən həcmi dalğalar 120–170 km-ə qədər məsafələrdə ilkin olaraq gəlirlər. Qranit qatından Konrad sərhədi ilə ayrılan bazalt qatında uzununa (P) dalğaların yayılma sürəti 6,3–7,3 km/s arasında dəyişir.
Bazalt qatı
redaktəƏgər zəlzələ ocağı qranitdədirsə bazalt qatında yayılan həcmi dalğalar P* və S* ilə işarə edilir. Əgər ocaq bazaltda yerləşirsə həcmi dalğalar P* və S* və ya P və S ilə işarə edilir. Bazalt qatı ilə üst mantiya arasındakı sərhəd Moxoroviç sərhədi adlanır və uzununa (P) dalğaların 7,5-dən 8,2 km/s qədər yayılma sürətləri ilə səciyyələnir[2]. Bu sərhəd boyunca yayılan həcmi dalğalar Pn və Sn ilə işarə edilirlər. Yerli zəlzələlər üçün iki əsas P və S dalğalarının olması səciyyəvidir. P dalğası aydın başlanğıclı, lakin həmişə rəqslərin əvvəli intensiv olmayan, kifayət qədər yüksək tezlikli (4–8 hs) və intensivliyi tədricən azalan şəkildə müşahidə edilir. S dalğası qrupu intensivliyinə görə P dalğası qrupunu əhəmiyyətli dərəcədə aşır və daha yüksək tezliklidir. Yaxın zəlzələlərin qısa periodlu yazılarında da P və S dalğaları şəkildə aydın seçilir.[3] Həcmi dalğaların periodları adətən T≤3 s olur. Səthi dalğaların periodları isə 10–12 saniyəyə çatır. Eninə (S) dalğaların qısa məsafələrdə böyük ampli-tuda malik olması səthi dalğaların başlanğıcını müəyyən etməyə imkan vermir, lakin yaxın zəlzə-lələrin yazılarında Z komponentində Rele (R) səthi dalğalarının maksimal fazası aydın seçilir. Yerli və yaxın zəlzələlər dərin olduqda seysmoqramda P və S dalğaları gəlmə başlanğıclarının aydın və intensiv olması ilə seçilir. Seysmik dalğaların gəlmə vaxtlarını təyin etmək üçün yazının sürətini nəzərə almaqla seysmoqramda dalğaların gəlmə anlarını ölçmək lazımdır.Seysmik dalğaların amplitudları və periodları hər seysmik cihazın bütün komponentlərində eyni zaman anında ölçülür və qrunt yerdəyişməsinin və ya bu yerdəyişmənin sürətinin tam vektoru təyin edilir. Seysmoqramda seysmik dalğanın amplitudu (A) seysmik siqnalın bazis xəttindən maksimum kənara¬çıxmasının qiyməti ilə təyin edilir.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Arif Həsənov, Tahir Məmmədli. "Seysmologiyanın əsas elementləri". səh.77. ek.anl.az. 27 aprel 2023-cü il tarixində arxivləşdirilib.
- ↑ А Г Гасанов. "Ощутимые землетрясения Азербайджана 1983 -2002 гг. Республиканский Центр Сейсмологической Службы НАНА Азербайджана. Баку, «Элм". Jan 2003.
- ↑ "AZƏRBAYCAN ƏRAZİSİNDƏ SEYSMOPROQNOZ MÜŞAHİDƏLƏRİN KATALOQU". s.27-33. http://seismology.az. 2004-2005-2006. Archived from the original on 2022-03-07.
- ↑ М. БОТТ. ВНУТРЕННЕЕ СТРОЕНИЕ ЗЕМЛИ (PDF). ИЗДАТЕЛЬСТВО «МИР» МОСКВА 1974: «МИР». 1974. səh. s.373.