Sepsis - Wikipedia
Sepsis — yunan sözü olub, mənası "çürümə" deməkdir. Qədim yunan alimləri sepsis zamanı qanın çürüdüyünü düşünürdü. Bu səbəbdən irinli infeksiyaya sepsis deyirdilər. Sepsis — müxtəlif mikroorqanizmlər və onların toksinlərinin törətdiyi ağır infeksion xəstəlik olub, törədicinin növündən asılı olmayaraq bədənin özünəməxsus cavab reaksiyası və eyni tipli kliniki mənzərə ilə özünü büruzə verir.[1]
Sepsis | |
---|---|
XBT-10 | R65.20, R65.21 |
XBT-9 | 995.92 |
DiseasesDB | 11960 |
MedlinePlus | 000666 |
MeSH | D018805 |
Vikianbarda əlaqəli mediafayllar |
Mərhələləri
redaktəSepsis — bakteriemiya, üzv və sistemlərin iltihaba cavab reaksiyası sindromu, aşkar sepsis, ağır sepsis, septik şok mərhələləri ilə təzahür edir.
Bakteriemiya (septisemiya) — qan dövranında canlı bakteriyalar və onların toksinlərinin olmasına deyilir. Sepsisin sonrakı kliniki gedişi bədəndə olan irinli iltihab ocağına və oradan başlayan bakteriemiyaya ayrı-ayrı üzv və sistemlərin cavab reaksiyası ilə təzahür edir.
Üzv və sistemlərin iltihaba və ağır zədələnmələrə cavab reaksiyası sindromu — aşağıda göstərilən əlamətlərlə özünü büruzə verir: bədənin hərarəti 38°C-yə qədər yüksəlir, yaxud 36° C-dən aşağı düşür; nəbz vurğusu 90-ı keçir; tənəffüsün sayı 20-ni ötür, yaxud karbon qazının parsial təzyiqi qanda 32 mm civə sütunundan aşağı olur; qanda neytrofil leykositlərin sayı 12.109/l-dən yuxarı, yaxud 4.109/l-dən aşağı olur; çubuq nüvəli leykositlərin sayı artır, sola meyillilik müşahidə olunur. Sadalanan əlamətlərdən 2 və artığı xəstədə qeyd edildikdə həmin sindrom müəyyən edilir. Yeni terminologiyaya görə sepsis müvafiq infeksiya ocağı olduğu halda inkişaf edən iltihaba sistemli reaksiya sindromudur.
Aşkar sepsis — infeksiyaya qarşı orqanizmin reaksiyası bütün sistemlər tərəfindən təzahür edir.
Ağır sepsis (sepsis-sindrom) — ayrı-ayrı üzvlərin fəaliyyəti pozulur (hipoperfuziya), toxumalarda mikrosirkulyator dəyişikliklər başlayır, arterial qan təzyiqi enir (hipotenziya). Mikrosirkulyator dəyişikliyin nəticəsində toxumalarda süd turşusu toplanır, sidik ifrazı azalır, xəstənin huşu pozulur, sistolik qan təzyiqi 90 mm civə sütunundan aşağı enir.
Septik şok — hipovolemiyaya qarşı görülən intensiv tədbirlərə baxmayaraq, sepsis fonunda qan təzyiqi daim enməyə meyilli olur (90 mm civə sütunundan aşağı), həyati əhəmiyyətli üzvlərin fəaliyyəti pozulur.
Daxili üzvlərin yararsızlığı (disfunksiyası) — ağır vəziyyətə düşmüş xəstənin daxili üzvlərinin fəaliyyəti yararsız hala düşür.
İstinadlar
redaktə- ↑ Derek C. Angus, M.D., M.P.H., and Tom van der Poll, M.D., Ph.D. "Severe Sepsis and Septic Shock". The New England Journal of Medicine. 29 avqust 2013-cü il. 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
Xarici keçidlər
redaktə Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |