San Diyeqo Kaliforniya Universiteti - Wikipedia
San-Diyeqo Kaliforniya Universiteti (ing. University of California, San Diego) — ABŞ-nin Kaliforniya ştatının San-Diyeqo şəhərində, La-Colla şəhərətrafı kurort ərazisində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından və Kaliforniya Universitetinin 10 filialından biridir. Ştatın böyük dövlət elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərir.
San-Diyeqo Kaliforniya Universiteti | |
---|---|
32°52′52″ şm. e. 117°14′17″ q. u.HGYO | |
Əsası qoyulub | 18 noyabr 1960[1] |
Tip | Dövlət |
Tələbə sayı | 30,310 (2013)[2] |
Şəhər | San-Diyeqo şəhəri |
Ölkə | |
Sayt | ucsd.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1956-cı ildə Kaliforniya Universitetinin Naiblər Şurası bu ştatda yeni ali məktəb açmaq qərarına gəlir. Kaliforniyada yerləşən Skripps İnstitutunun direktoru Rojer Revell San-Diyeqo şəhərində təhsil səviyyəsi Kaliforniya Texnologiya İnstitutu ilə müqayisə edilə biləcək elmi-texniki məktəb yaratmağı tövsiyə edir. Səsvermə nəticəsində San-Diyeqo şəhərinin əhalisi bu fikri dəstəkləyir və Skripps İnstitutunun yaxınlığında - Sakit okeanın sahilində gələcək ali məktəb üçün 59 akr (240000 m²) ərazi ayrılır. Naiblər isə institutun şimal-qərbində yerləşən və istifadə edilməyən 550 akr (220 hektar), eləcə də əvvəllər Metius hərbi bazasının yerləşdiyi 500 akr (220 hektar) ərazini tələb edirlər. Lakin Revell La-Colla ərazisinə müstəsna hüquqlarını iddia edərək buradakı irqi azlıqlar dini qruplarla ziddiyyət aparır, bununla da yerli mühafizəkar partiyasının tərəfdaşlarının, eləcə də Kaliforniya Universitetinin naibi Edvin Polinin qəzəbinə səbəb olur.
Kaliforniya Universitetinin prezidenti Klark Kerr San-Diyeqodan olan ianəçilərin istəklərini nəzərə alaraq La-Colla Kaliforniya Universitetinin adının dəyişdirilməsinə razılıq verir və şəhər sakinlərinin səsverməsi nəticəsində ali məktəb San-Diyeqo Kaliforniya Universiteti adlandırılır. Revell ilə mübahisə yaşandığı üçün universitetin kansleri vəzifəsinə Livermor Milli Laboratoriyasının ilk direktoru Herbert York təyin edilir. York Revellin bir çox ideyasına əsaslanaraq rəhbərlik etdiyi universitetin əsas kampusunun planını Oksford və Kembric universitetlərinin kampuslarına oxşar hazırlayır.
1957-ci ildə "General Dynamics" korporasiyasının prezidenti Con Hopkins San-Diyeqo Kaliforniya Universiteti üçün 1 milyon dollar vəsait bağışlayır, bu vəsait isə yüksək ixtisaslaşmış əməkdaşların cəlb olunmasına xərclənir. 1958-ci ildə fizika üzrə Nobel mükafatı laureatı, professor Harold Yuri universitetə ilk təyin edilən müəllimlərdən biri olur. 1960-cı ildə Mariya Höppert-Mayer fizika üzrə professorluq elmi dərəcəsi alır, 1963-cü ildə isə o, fizika üzrə Nobel mükafatına layiq görülür. 1960-cı ildə San-Diyeqo Kaliforniya Universiteti Skripps İnstitutunun binasında fəaliyyətə başlayır. 1963-cü ildə ali məktəbin texniki elmlər fakültəsinin binasının tikintisi başa çatır, sosial və humanitar elmlər fakültələri binalarının tikintisi isə davam etdirilir. Həmin ildə ali məktəbin kansleri H.York istefaya gedir və onun yerinə 1964-cü ildə Con Sempl Helbreyt təyin edilir. Universitetin 181 nəfərdən ibarət ilk buraxılışı da məhz bu ilə təsadüf edir.
1965-ci ildə alman və Amerika filosofu, sosioloq Herbert Markuze San-Diyeqo Kaliforniya Universitetində dərs deməyə başlayır. 1966-cı ildə universitetin tibb məktəbi ilk tələbələrini qəbul edir. 1980-1995-ci illərdə San-Diyeqo Kaliforniya Universitetinin kansleri vəzifəsində çalışmış Riçard Atkinson bir sıra şirkətlərlə texnoloji mübadilə nəticəsində universitetin bu sahədə liderlik əldə etməsinə nail olur. Ali məktəbə şəxsi yardımların məbləği 15 milyon ABŞ dollarından 50 milyon dollaradək artır, universitetin sahəsi 50 % genişlənir, tələbələrin sayı isə 20000-ə qədər çoxalır. 1995-ci ildə Milli Tədqiqat Şurası doktorantların səviyyəsi və hazırlıq keyfiyyətinə görə San-Diyeqo Kaliforniya Universitetinə 10-cu yeri verir.
2009-cu ildə San-Diyeqo Kaliforniya Universiteti dövlət büdcəsindən ayrılan 84,2 milyon vəsaitin ixtisarının nəticələrini azaltmaq üçün 40 milyon ABŞ dolları dəyərində kredit götürür.
Müasir vəziyyəti
redaktəSan-Diyeqo Kaliforniya Universitetinin əsas kampusu San-Diyeqo şəhərinin kənarında - Sakit okeanın sahilindəki meşəlik ərazidə yerləşir və 490 hektar (1200 akr) ərazini əhatə edir. Bu kampus enerji innovasiyaları üçün laboratoriya rolu oynayır. Ali məktəbin kampusu Oksford və Kembric universitetləri modelinə uyğun olaraq 6 kollecdən ibarətdir. Revella Kolleci 1964-cü ildə tikilib və burada humanitar elmlər (tarix, ədəbiyyat və incəsənət) tədris edilir. Con Myuir Kolleci 1967-ci ildə istifadəyə verilib və kollecdə "sərbəstlik və individual seçim" imkanı hökm sürür. Terqud Marşall Kolleci 1970-ci ildən fəaliyyət göstərir. Burada humanitar təhsil vasitəsilə gənclərə cəmiyyətdə öz rolunu müəyyənləşdirmək anlayışı, ictimai cavabdehlik və inam aşılanır. Erl Uorren Kolleci 1974-cü ildə yaradılıb və kollecdə fərqli fənlər tədris olunur. Eleonora Ruzvelt Kolleci "Müasir dünyanın qurulması" adı altında mədəniyyətlərarası proqram üzərində qurulub. Altıncı Kollec 2002-ci ildə yaradılıb, burada əsas diqqət tarixi, fəlsəfi və mədəni əlaqələrə, incəsənət və texnologiyalara yönəlir. Hər bir kollecin təhsilə, müəllim qəbuluna xüsusi tələbi var. Kolleclər unikal təqaüd proqramları təklif edir və müxtəlif tədbirlər keçirir. Eyni zamanda həmin kolleclərdə tələbələr həm təhsil alır, həm də yaşayırlar. Universitetin Beynəlxalq ev adlanan yataqxanasında dünyanın 30 ölkəsindən 300-ə yaxın tələbə yaşayır. Bu ev Eleonora Ruzvelt Kollecinin ərazisində yerləşir.
San-Diyeqo Kaliforniya Universitetinin kampusunda 380 növdə 5000-dən çox heyvan saxlanan Berç akvariumu, İctimai muzey, San-Diyeqo Superkompüter Mərkəzi, açıq okeanda tədqiqatlarla məşğul olan Dəniz portu fəaliyyət göstərir.
Universitetin kampusu qeyri-adi (daha çox memar Stüartın kolleksiyasından olan) ictimai layihələrlə, abidələrlə bəzədilib. Bunlardan biri Günəş Allahını təcəssüm etdirən böyük qanadlı varlığın heykəlidir. Digər işlərdən Stounhencin analogiyasını, Böyük İlan Yolunu, neon lampaları ilə insanın yaxşı və pis əməllərini yazan rəngarəng binanı, üç metallik evkalipt ağacını və s. qeyd etmək mümkündür. Yeni layihələrdən biri də altı qaya parçasından hazırlanmış böyük uzun xovlu ayıdır. Kampusda onlarca tələbə nəslinin yadigarı olan qraffitiləri də (tələbələr tərəfindən divarlarda cızılmış küçə şəkilləri) nümunə göstərmək olar. Eyni zamanda kampusda kitabxanalar, kitab mağazaları, teatrlar, rəqs və digər əyləncə mərkəzləri, idman kompleksləri fəaliyyət göstərir.
San-Diyeqo Kaliforniya Universiteti ölkədə təhsil və tədqiqatlar üzrə aparıcı yer tutan və yüksək akademik nəticələr göstərən ali məktəbdir. Burada tələbə və müəllimlərlə, eləcə də Nobel mükafatı laureatları ilə sıx əməkdaşlıq çərçivəsində yeni nailiyyətlərə imza atılır, tələbələrin şəxsi intellektual inkişafına xüsusi diqqət yönəldilir. Universitetdə kollec, məktəb, departament və fənlərarası proqramlar mövcuddur. Universitetin nəzdində İncəsənət və Humanitar Elmlər, Biologiya Elmləri, Beynəlxalq Münasibətlər və Sakit Okean Tədqiqatları, Ceykobs Mühəndislik, Fizika Elmləri, Redi İdarəetmə, Tibb, Skaqs Əczaçılıq Elmləri, İctimai Elmlər məktəbləri, Skripps Okeanoqrafiya İnstitutu, bakalavrlar üçün Marşall, Myuir, Revell, Ruzvelt, Uorren, Altıncı kollecləri fəaliyyət göstərir.
İncəsənət və Humanitar Elmlər Məktəbinə Tarix, Ədəbiyyat, Fəlsəfə, Musiqi, Teatr və rəqs, Təsviri incəsənət fakültələri, Əsas yazı proqramı, Film tədqiqatları, Afro-Amerika, Afrika, Avropa, Almaniya, İtaliya, Yəhudi, Yaxın Şərq, Latın Amerikası, Yaponiya, Çin, Rusiya və sovet, Elmlər, Üçüncü dünya tədqiqatları, eləcə də Ekoloji, Klassik, Dini tədqiqatlar departamentləri, Hesablama Texnikası, İncəsənət, Memarlıq və Arxeologiya Fənlərarası Tədqiqatlar, Bədii Qalereya elmi-tədqiqat mərkəzləri daxildir.
Biologiya Elmləri Məktəbində biokimya və biofizika, hüceyrə və inkişaf biologiyası, ekologiya, davranış və təkamül, genetika və molekulyar biologiya, immunologiya, virusologiya və xərçəng biologiyası, neyrobiologiya üzrə tədqiqatlar həyata keçirən Hüceyrə və inkişaf biologiyası, Ekologiya, davranış və təkamül, Molekulyar biologiya, Neyrobiologiya akademik bölmələri fəaliyyət göstərir.
Beynəlxalq Münasibətlər və Sakit Okean Tədqiqatları Məktəbində Yaranma və Sakit okean İqtisadiyyatı, ABŞ-Meksika Tədqiqatları, Qlobal İnformasiya Sənayesi, Koreya-Sakit okean, XXI əsr Çin mərkəzləri, Qlobal Konflikt və Əməkdaşlıq İnstitutu, Beynəlxalq Hüquq və Qaydalar Laboratoriyası mövcuddur.
Ceykobs Mühəndislik Məktəbi Biomühəndislik, Kompüter elmləri və mühəndislik, Elektrik və kompüter texnologiyası, Mexanika və aerokosmik mühəndislik, Nanotexnologiya, Struktur Mühəndisliyi departamentlərindən ibarətdir.
Fizika Elmləri Məktəbində Dəqiq elmlər və riyaziyyat, Ekoloji sistemlər, Kimya və biokimya, Fizika, Riyaziyyat departamentləri, Astrofizika və Kosmik Elmlər, Hesablama Riyaziyyatı, Spektroskopiya və Zülalların Təsviri, Nəzəri Bioloji Fizika, San-Diyeqo Sistem Biologiyası, Superkompüter elmi-tədqiqat mərkəzləri, Kaliforniya Telekommunikasiya və İnformasiya Texnologiyaları, Biosirkuts institutları fəaliyyət göstərir.
Redi İdarəetmə Məktəbi iqtisadiyyat üzrə tədqiqatlar həyata keçirir. Burada MBA, PhD üzrə müxtəlif proqramlar, Konfliktlərin həlli, Dəyişikliklərə nəzarət, Mühasibatlıq və maliyyə, Menecment, Danışıqların aparılması bacarığı, İşçi mülkiyyətinin idarə olunması və digər kurslar təklif olunur.
Tibb Məktəbində Anesteziologiya, Onkologiya, Hüceyrə və molekulyar tibb, Təcili tibbi yardım, Ailə sağlamlığı və tibbi profilaktika, Tibb, Biotibbi informatika, Beyin sümüyünün köçürülməsi, Kardiologiya, Dermatologiya, Endokrinologiya və metabolizm, Qastroenterologiya, Ümumi daxili tibb, Geriatriya, Qlobal səhiyyə, Hemato-onkologiya, İnfeksion xəstəliklər, Tibbi genetika, Nefrologiya, Fiziologiya, Ciyər və intensiv terapiya, Revmatologiya, allergiya və immunologiya, Neyroelmlər, Oftalmologiya, Ortopedik cərrahiyyə, Patologiya, Pediatriya, Farmokologiya, Psixiatriya, Radiasiya onkologiyası, Radiologiya, Reproduktiv tibb, Cərrahiyyə, Neyrocərrahiyyə, Anatomiya, Otolarinqologiya - baş və boyun cərrahiyyəsi, Plastik cərrahiyyə, Zədə, Urologiya departamentləri mövcuddur.
Skaqs Əczaçılıq Elmləri Məktəbində ən yeni dərman preparatlarının hazırlanması üzrə tədqiqatlar aparılır, təbii yolla dərman vasitələrinin əldə olunmasına üstünlük verilir. Kollecə Diabet, Geriatriya, Müalicə idarəetməsi və terapiya, Onkologiya, Bərk orqanların köçürülməsi, Psixiatriya əczaçılığı bölmələri daxildir.
İctimai Elmlər Məktəbinə Antropologiya, Koqnitiv elmlər, Komminikasiya, İqtisadiyyat, Etnik tədqiqatlar, Linqvistika, Siyasi elmlər, Psixologiya, Sosiologiya departamentləri, Afrika və Afroamerika Tədqiqatları, Amerika Siyasəti və Müəssisələri, İnsan Resurslarının İnkişafı, Müqayisəli İmmiqrasiya Tədqiqatları, Ətraf Mühit İqtisadiyyatı, Təhsil Aksiyası, Qiymətləndirmə və Pedaqoji Bacarıq, Dil, ABŞ-Meksika tədqiqatları mərkəzləri, Tətbiqi İqtisadiyyat, Beynəlxalq, Müqayisəli və Region Tədqiqatları, Neyron Hesablama, Kavli Beyin və Ağıl institutları, Müqayisəli İnsan İdrakı Laboratoriyası aiddir. Məktəbdə Kritik gender tədqiqatları, Pedaqogika, İnsan inkişafı, Beynəlxalq tədqiqatlar, Latın Amerikası tədqiqatları, Şəhər tədqiqatları və planlaşdırma, Afrika tədqiqatları, Koqnitiv elmlər, Müasir problemlər, Səhiyyə və sosial məsələlər, Beynəlxalq miqrasiya tədqiqatları, Dil və kommunikativ qarışıqlıq, Hüquq və cəmiyyət, Yaxın Şərq, Elm, texnologiya və ictimaiyyətlə əlaqə fənlərarası proqramları təklif olunur.
San-Diyeqo Kaliforniya Universitetinin kitabxana sistemi ABŞ-nin 25 ən aparıcı kitabxanalarından biridir və 9 kitabxanadan ibarətdir (Geyzel, İncəsənət, Biotibbi, Beynəlxalq Münasibətlər və Sakit Okean Tədqiqatları, Mandevill Xüsusi Kolleksiyalar, Dəqiq Elmlər və Mühəndislik, Sosial və Humanitar Elmlər, Skripps Okeanoqrafiya İnstitutu, Kitabxana Tədris Hesablama Mərkəzi). Kitabxana sisteminə ümumilikdə 7 milyon kitab, jurnal, kitabça, multimedia materialları, verilənlər bazası və s. daxildir. Biotibbi kitabxana əsas kampusun yaxınlığında Tibb Məktəbinin ərazisində yerləşir. Özünəməxsus memarlıq üslubuna aid Geyzel kitabxanası əsas kampusun mərkəzində yerləşir və oxucuların sevimli məkanıdır. İncəsənət, Mandevill Xüsusi Kolleksiyalar, Dəqiq Elmlər və Mühəndislik, Sosial və Humanitar Elmlər kitabxanaları Geyzel kitabxanasının binasında yerləşir. Ayrılıqda universitetin hər bir kitabxanasını 7300 oxucu ziyarət edir, kitabxananın veb-saytına gündə 87500 istifadəçi daxil olur. San-Diyeqo Kaliforniya Universitetinin kitabxana sistemi qlobal rəqəmsal sistem yaratmaq məqsədi ilə Google axtarış sistemi ilə əməkdaşlıq edir.
San-Diyeqo Kaliforniya Universiteti Kaliforniya Universitetinin 10 filialından biridir. 26 senat naibindən ibarət Şuranın iqamətgahı Kaliforniya ştatının Oklənd şəhərində yerləşir. 2008-ci ilin iyununda hüquq üzrə professor Mark Yudof Kaliforniya Universitetinin prezidenti seçilib. Kaliforniya Universitetinin filialları kanslerlər tərəfindən idarə olunur. Kanslerləri Qəyyumlar Şurası təyin edir. San-Diyeqo Kaliforniya Universitetinin kansleri hazırda 2004-cü ildən bu vəzifəni daşıyan xanım Meray Enn Foksdur. Kanslerin tədris, tədqiqat, tələbə işləri, dəniz, tibb, planlaşdırma, xarici əlaqələr, biznes əməkdaşlığı üzrə 8 vitse-kansleri var. Bakalavrlar üçün ali məktəbdə tələbə şurası, magistr və doktorantlar üçün isə tələbə assosiasiyası fəaliyyət göstərir. Ali məktəbdə ümumilikdə 8000-ə qədər işçi çalışır. Onların arasında hazırda 9 Nobel mükafatı laureatı, 8 Makartur fondu təqaüdçüsü, 3 Milli Elmlər medalı mükafatçısı, 1 Filds mükafatı laureatı var. Bu günədək San-Diyeqo Kaliforniya Universitetinin müəllimləri arasında 19 nəfər Nobel mükafatına layiq görülüb.
San-Diyeqo Kaliforniya Universitetində tələbələrin ümumi sayı təxminən 30000-ə qədərdir. Tələbələrin 24000-ə qədərini bakalavr, 6000-ə qədərini isə magistr və doktorantlar təşkil edir. Universitetdə ümumilikdə dünyanın 90 ölkəsindən 2000-dən çox əcnəbi tələbə təhsil alır və 2200 alim (müəllim və tədqiqatçı) fəaliyyət göstərir.
San-Diyeqo Kaliforniya Universitetində "The Guardian" müstəqil tələbə qəzeti, "The Koala" satirik nəşri mövcuddur. Universitet tələbələrinin əsas istirahət məkanı Geyzel kitabxanasından cənubda yerləşən ticarət mərkəzidir. Burada restoranlar, kitab mağazası, kinoteatr, müxtəlif tələbə təşkilatları fəaliyyət göstərir. Universitetdə 425 tələbə təşkilatı mövcuddur. Kampusda musiqi kollektivləri və melomanların (musiqi sevərlər) görüşdüyü yer "Che Cafe" adlanır.
Bütün ABŞ universitetlərində olduğu kimi, San-Diyeqo Kaliforniya Universitetində də idmana xüsusi diqqət göstərilir. Ali məktəbin idman komandalarının talismanı Qədim yunan allahı Tritondur və bu komandalar "Tritonlar" adlanır. Universitetdə idmanın üzgüçülük, su polosu, futbol, voleybol, yüngül atletika, qılıncoynatma, basketbol, qolf, softbol, beysbol, tennis, velosiped yarışları, hokkey, reqbi, dağ xizəyi və digər növlərinə üstünlük verilir. Universitetin sörfinqçiləri 6 dəfə dalbadal milli yarışların qalibləri olublar. Ölkə çempionu Amanda Felder bu ali məktəbin yetirməsidir.
San-Diyeqo Kaliforniya Universiteti təhsil, elmi-tədqiqat və mütəxəssis hazırlığı üzrə innovativ layihələri ilə tanınır. Universitet əhalinin dövlət qulluğuna cəlb olunması, sənayenin inkişafı, əhalinin sağlamlığının təmin olunması, regionun, dövlətin, millətin və ümumilikdə bəşəriyyətin inkişafı üçün ən yeni töhfələr vermək məqsədini daşıyır. Universitetin dünya üzrə tanınmış müəllimləri, qayğıkeş işçi personalı, istedadlı tələbələri onun inkişafını təmin edən əsas amillərdir. Təhsil və tədqiqatlar üzrə ən yaxşı göstəricilərə sahib olmaq məqsədi ilə San-Diyeqo Kaliforniya Universiteti ədalətlilik, müxtəliflik, əməkdaşlıq, professionallıq prinsiplərinə əməl edərək yeni-yeni uğurlar qazanmaqda davam edir.
Büdcəsi
redaktə2009-2010-cu tədris ilində San-Diyeqo Kaliforniya Universitetinin illik gəlirləri 2498031000 ABŞ dolları olub. Bu məbləğin 312657000-ni təhsil haqqı və digər yığımlardan, 635847000-ni qrant və sazişlərdən, 854759000-ni universitetin tibb mərkəzi və universitet xəstəxanalarından, 260264000-ni tədris fəaliyyətindən, 133842000-ni köməkçi müəssisələrdən əldə olunan vəsaitlər, qalanlarını isə digər gəlirlər təşkil edib.
Həmin tədris ilində universitetin xərcləri 2750546000 ABŞ dolları olub. Vəsaitin 1394308000-ni əməkdaşların əməkhaqqı, 90265000-ni tələbələrə verilən təqaüdlər, 388839000-ni müxtəlif avadanlıq və materiallar, 188641000-ni qiymətdən düşmə və amortizasiya, 11523000-ni əlavə müəssisələrə xərclənən vəsaitlər, 47082000-ni kommunal xərclər, qalanlarını isə digər məsrəflər təşkil edir.
Təhsil haqqı
redaktəSan-Diyeqo Kaliforniya Universitetində təhsil haqqı kollec və məktəblərdə bir-birindən fərqlənir. 2010-2011-ci tədris ilində bakalavriatura səviyyəsində təhsil alanların təhsil haqqı 22879, magistratura və doktorantura səviyyəsində isə 15102 ABŞ dolları, Rady İdarəetmə Məktəbində 12245, Beynəlxalq Münasibətlər və Sakit Okean Tədqiqatları Məktəbində 12701 ABŞ dolları təşkil edir.
2010-2011-ci tədris ilində San-Diyeqo Kaliforniya Universitetinin bakalavriatura səviyyəsində təhsil alan tələbəyə ümumilikdə 27858 (Kaliforniya sakinləri üçün), 50737 (əcnəbi tələbələr üçün), magistratura və doktorantura səviyyəsində təhsil alanlara isə 29790 (Kaliforniya sakinləri üçün), 44893 (əcnəbi tələbələr üçün) ABŞ dolları lazım gəlib. Bu vəsaitə təhsil haqqı, yataqxana, qida, tibbi sığorta, dərs ləvazimatları, nəqliyyat, şəxsi xərclər və s. daxildir.
Reytinqi
redaktə2003[6] | 2004[7] | 2005[8] | 2006[9] | 2007[10] | 2008[11] | 2009[12] | 2010[13] | 2011[14] | 2012[15] | 2013[16] | 2014[17] | 2015[18] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
14 | 13 | 13 | 13 | 14 | 14 | 14 | 14 | 15 | 15 | 14 | 14 | 14 |
2015/16[19] | 2014/15[20] | 2013/14[21] | 2012/13[22] | 2011/12[23] | 2010/11[24] |
---|---|---|---|---|---|
39 | 41 | 40 | 38 | 33 | 32 |
2015/16[25] | 2014/15[26] | 2013/14[27] | 2012/13[28] | 2011/12[29] | 2010/11[30] |
---|---|---|---|---|---|
44 | 59 | 63 | 70 | -- | -- |
Məşhur məzunları
redaktəBuranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Ancelina İvonna Devis – ABŞ hüquq müdafiəçisi, sosioloq və yazıçı;
- Salli Kristen Rayd – ABŞ astronavtı, kosmosa uçmuş ilk amerikalı qadın;
- Cef Raskin – kompüter interfeysləri üzrə mütəxəssis, "The Human Interface" kitabının müəllifi, "Apple Computer" firmasının əməkdaşı, 70-ci illərdə Makintoş layihəsinin təşəbbüsçüsü;
- Sidney Brenner – Cənubi Afrika bioloqu, tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Klayv Uilyam Con Qrencer – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- Robert İnql – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- Harri Markovits – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- Valter Kon – kimya üzrə Nobel mükafatı laureatı;
- Paul Jozef Krutsen – kimya üzrə Nobel mükafatı laureatı;
- Mario Molina – kimya üzrə Nobel mükafatı laureatı;
- Renato Dulbekko – İtaliya virusoloqu, tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Frensis Krik – həkim və neyrobioloq, tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Sudzumi Toneqava – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Yefim Zelmanov – riyaziyyat üzrə Filds mükafatı laureatı;
- Herbert York – nüvə üzrə fizik, Manhetten layihəsinin iştirakçısı;
- Devid Brin – tanınmış Amerika yazıçısı;
- Ronald Lanqaker – ABŞ linqvisti.
Mənbə
redaktə- Lamiyə Əliyeva, Dünya universitetləri: San-Diyeqo Kaliforniya Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 20.05.2011, № 19. (az.)
İstinadlar
redaktə- ↑ "Campus Timeline". University of California, San Diego. 19 April 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2013.
- ↑ "Final Registration Report Through 15th Day of Instruction" (PDF). Office of the Registrar. University of California, San Diego. 17 October 2012. 23 January 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 April 2013.
- ↑ 1 2 Global Research Identifier Database (ing.). 2015.
- ↑ 1 2 University of California, San Diego // Gateway to Research.
- ↑ "ARWU - University of California, San Diego". Shanghai Ranking Consultancy. 2014. 2014-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- ↑ "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "QS World University Rankings (2015)". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- ↑ "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- ↑ "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- ↑ "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- ↑ "QS World University Rankings (2011)". 2012-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- ↑ "QS World University Rankings (2010)". 2011-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
Xarici keçidlər
redaktə- ucsd.edu — Rəsmi saytı