Ssri Finlandiya Muharibesi 1939 1940 - Wikipedia
Qış müharibəsi (fin talvisota, rus. Зимняя война, isv. vinterkriget) və ya SSRİ–Finlandiya müharibəsi (həmçinin Sovet–Finlandiya müharibəsi;[1] rus. Советско-финская война) — 30 noyabr 1939–13 mart 1940-cı illər tarixində SSRİ ilə Finlandiya arasında baş vermiş hərbi münaqişə. Bu müharibə İkinci dünya müharibəsinin başlamasından üç ay sonra, 30 noyabr 1939-cu ildə Sovet qoşunlarının Finlandiya üzərinə hücuma keçməsi ilə başlamış və 13 mart 1940-cı ildə Moskvada imzalanan sülh müqaviləsi ilə başa çatmışdır. Sovet qoşunlarının bu hücumu Millətlər Liqası tərəfindən qeyri-qanuni adlandırılmış və Sovet İttifaqı təşkilatdan kənarlaşdırılmışdır.
Qış müharibəsi | |||
---|---|---|---|
İkinci dünya müharibəsi | |||
talvisota | |||
Tarix | 30 noyabr 1939 – 13 mart 1940 | ||
Yeri | Finlandiyanın şərqi | ||
Nəticəsi | Moskva sülh müqaviləsi imzalandı | ||
Ərazi dəyişikliyi | Fin körfəzində yerləşən adalar, Karel bərzəxi, Kareliya, Salla, Rıbaçi yarımadası və Hanko Sovet İttifaqına verildi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Sovet hökuməti Finlandiya ilə sərhəddən 32 km məsafədə yerləşən Leninqrad şəhərinin təhlükəsizliyini təmin etmək məqsədilə qarşı tərəfə ərazi mübadiləsi barədə təklif göndərmiş, lakin Finlandiyanın bu təklifi qəbul etməməsi nəticəsində müharibə başlamışdır. Bəzi mənbələrə görə müharibəni başlamaqda Sovet İttifaqının əsas məqsədi bütün Finlandiyanı ələ keçirmək və burada "kukla" Fin kommunist hökuməti yaratmaq idi. −43 °C temperaturda, çox sərt iqlim şəraitində Finlandiya qoşunları iki aydan çox müddətdə Sovet hücumuna müqavimət göstərdi və qarşı tərəfi ciddi itkilər verməyə məcbur etdi. Sovet Ordusunun yenidən təşkilatlanması və fərqli taktikalar icra etməsindən sonra, fevral ayında yeni hücum dalğası ilə finlərin müdafiə xətti keçildi.
Münaqişə tərəflərinin iştirakı ilə 1940-cı ilin martında Moskva şəhərində sülh müqaviləsi imzalandı. Finlandiya müqavilənin şərtlərinə əsasən öz ərazisinin 11 faizini və iqtisadiyyatının 30 faizini Sovet İttifaqına verməyə məcbur oldu. SSRİ isə müharibə nəticəsində ciddi itkilərə məruz qalmış və beynəlxalq nüfuzuna xələl gətirmişdi. Bütün bu itkilərə baxmayaraq, Sovet hökuməti öz istəyinə nail olmuş, Ladoqa gölü boyunca və Finlandiyanın şimalında yeni ərazilər ələ keçirmişdi. Finlandiya isə müharibədən sonra öz suverenliyini qoruyub saxladı və beynəlxalq nüfuzunu artırdı. Həmçinin, müharibə ərzində Qırmızı Ordunun zəif hücum cəhdləri və ciddi itkilər verməsi Adolf Hitlerin SSRİ üzərinə hücuma keçmək barədə fikirlərini daha da artırdı. 1941-ci ilin iyun ayında, 15 aylıq müvəqqəti sülhdən sonra Nasist Almaniyası Barbarossa əməliyyatına başladı, həmçinin SSRİ və Finlandiya arasında Davam müharibəsi başlandı.
Arxa plan
redaktəSovet-Fin münasibətləri və siyasət
redaktəFinlandiya 19-cu əsrin əvvəllərinə qədər İsveç Krallığının şərq hissəsini əhatə edirdi. 1809-cu ildə Rusiya imperiyası öz paytaxtı olan Sankt Peterburq şəhərini qorumaq məqsədilə Finlandiyanı işğal etdi və həmin ərazidə muxtar bufer dövlət yaratdı.[2] Finlandiya knyazlığı 19-cu əsrin sonlarına qədər imperiya daxilində geniş muxtariyyət səlahiyyətlərinə sahib olsa da, sonradan Rusiya tərəfi Finlandiyanı mərkəzi hökumətə tabe etmək və imperiyaya birləşdirmək məqsədilə bu ölkənin assimilyasiyasına başladı. Bu cəhdlər uğursuzluqla nəticələndi və Rusiyanın finlərlə əlaqələri pisləşdi.[3]
Birinci dünya müharibəsinin ardınca baş vermiş inqilab və vətəndaş müharibəsi Rusiya İmperiyasının dağılması ilə nəticələndi və Finlandiya müstəqillik əldə etmək üçün böyük imkan əldə etdi. 6 dekabr 1917-ci ildə Finlandiya Senatı müstəqillik barədə qərar qəbul etdi. Rusiyada yenicə hakimiyyətə gəlmiş Bolşevik hökuməti çox kövrək olduğuna görə və ölkədə vətəndaş müharibəsi davam etdiyinə görə bolşeviklər imperiyanın keçmiş ərazilərini bərpa etmək fikrindən bir müddətlik də olsa uzaqlaşdılar. Beləliklə, Sovet Rusiyası yeni fin hökumətinin müstəqilliyini cəmi üç həftədən sonra tanıdı. Finlandiya 4 ay davam edən vətəndaş müharibəsinin ardınca, 1918-ci ilin may ayında tam müstəqillik əldə etdi və bolşevik qoşunları ölkəni tərk etmək məcburiyyətində qaldı.[4]
Finlandiya 1920-ci ildə Millətlər Liqasına üzv oldu ki, burda da əsas məqsəd ölkənin təhlükəsizliyini təmin etməkdən ibarətdi. Bununla belə, Finlandiyanın əsas məqsədi Skandinaviya ölkələri ilə əməkdaşlıq etməkdi. Finlandiya və İsveçin hərbi qurumları arasında geniş əməkdaşlıq təşkil olunmuşdu. Bu əməkdaşlıq əsasən informasiya mübadiləsi və Aland adalarının müdafiəsinin planlaşdırılması kimi mühüm sahələri əhatə edirdi.[5] Finlandiyanın hərbi siyasətinə Estoniya ilə müdafiə sahəsində gizli əməkdaşlıq da daxil idi.[6]
Finlandiya vətəndaş müharibəsindən 1930-cu illərin əvvəllərinə qədər olan dövr ölkədə siyasi qeyri-stabillik periodu kimi tanınır. Bunun əsas səbəbi Finlandiyada hakimiyyətdə olan mühafizəkarlar və sosialist partiyaları arasında davam edən mübarizə olmuşdur. Finlandiya Kommunist Partiyası 1931-ci ildə qeyri-qanuni elan olundu və milliyyətçi Lapua Hərəkatının 1932-ci ildə dövlət çevrilişi cəhdi uğursuzluqla nəticələndi. Lapua Hərəkatının davamçısı olan Vətənpərvər Xalq Hərəkatı isə Finlandiya parlamentində 200 yerdən yalnız 14-nə sahib idi.[7] 1930-cu illərin sonlarına doğru ixracyönümlü fin iqtisadiyyatı böyüməyə başladı ki, bu da ifrat siyasi hərəkatların azalması ilə nəticələndi.[8]
1918-ci ildə baş vermiş fin vətəndaş müharibəsində Sovet qoşunlarının iştirakından sonra tərəflər arasında formal sülh müqaviləsi imzalanmamışdı. 1918 və 1919-cu illərdə finlandiyalı könüllülərdən ibarət silahlı dəstələrin Sovet sərhədini keçərək Kareliya ərazisini ələ keçirmək və "Böyük Finlandiya" ideologiyasının əsasını təşkil edən bütün finlərin eyni dövlətdə yaşaması istəyi uğursuzluqla nəticələndi. 1920-ci ildə SSRİ-də yerləşən finlandiyalı kommunistlər finlandiyalı Ağ qvardiyaçıların keçmiş komandanı Karl Qustav Emil Mannerheymi öldürməyə cəhd etdilər. 14 oktyabr 1920-ci ildə Finlandiya və Sovet Rusiyası arasında Tartu razılaşması imzalandı. Bu müqaviləyə əsasən yeni Finlandiya-Sovet sərhəd xətti keçmiş Finlandiya knyazlığı ilə Rusiya İmperiyası arasındakı sərhəd əsasında müəyyən olundu. Şimal Buzlu okeanı sahilində yerləşən Petsamo limanı da Finlandiyaya verildi.[9][10] Müqavilənin imzalanmasına baxmayaraq, iki ölkə arasındakı münasibətlər gərgin olaraq qalırdı. 1921-ci ildə fin hökuməti könüllülərdən ibarət dəstələrin sərhədi keçərək Şərqi Kareliya ərazisinə daxil olmasına və burada Sovet hökumətinə qarşı üsyanlarda iştirak etməsinə icazə verirdi. Buna cavab olaraq, Sovet İttifaqı ərazisində yerləşən finlandiyalı kommunistlər də revanşa hazırlaşırdı. Nəticədə, kommunistlərdən ibarət silahlı dəstələr 1922-ci ildə Finlandiyanın şimalında baş tutmuş toqquşmalarda iştirak etməyə başladı.[11] 1932-ci ildə SSRİ və Finlandiya arasında 10 il ərzində bir-birilərinə qarşı güc tətbiq etməmə haqqında müqavilə imzaladılar. Finlandiyanın xarici ticarət dövriyyəsi inkişaf etməkdə idi və bu dövriyyənin yalnız bir faizi Sovet İttifaqı ilə ticarətin payına düşürdü.[12] 1934-cü ildə Sovet İttifaqı da Millətlər Liqasına qoşuldu.
İosif Stalin Sovet İttifaqının fin inqilabını dayandıra bilməməsini böyük məyusluqla bildirirdi.[13] O, Kareliya ərazisində başlamış finyönümlü hərəkatı Leninqrad şəhərinə birbaşa təhlükə hesab edirdi.[14] Stalinin hakimiyyəti dövründə Sovet propaqandası Finlandiya hökumətini "qəddar və irticaçı faşist hökuməti" olaraq qələmə verirdi. 1938-ci ildə Sovet ərazisində baş tutmuş "Böyük təmizləmə" Stalinə böyük güc qazandırdı. Nəticədə, SSRİ Finlandiya istiqamətində xarici siyasət xəttini dəyişdirdi və Çar Rusiyası dövründə Oktyabr inqilabı və vətəndaş müharibəsi ərzində itirilmiş ərazilərin yenidən işğal olunması siyasətini tətbiq etməyə başladı. Sovet hökuməti inanırdı ki, keçmiş imperiya ərazisini bərpa etməklə Finlandiya ilə sərhəddən cəmi 32 km məsafədə yerləşən Leninqrad şəhərinin təhlükəsizlik problemlərini həll etmək və getdikcə güclənən Nasist Almaniyasına qarşı təhlükəsizlik səviyyəsini artırmaq mümkündür.[15][16]
Danışıqlar
redaktə1938-ci ilin aprelində SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) agenti Boris Yartsev Finlandiyanın xarici işlər naziri Rudolf Holsti və baş naziri Aymo Kayanderlə əlaqə saxladıqdan sonra bildirirdi ki, Sovet İttifaqı Almaniyaya inanmamalıdır və iki ölkə arasında müharibənin baş verməsi ehtimalı mövcuddur. Buna görə də Qırmızı Ordu sərhəd xəttinin arxasında düşməni passiv şəkildə gözləməkdənsə, "hücuma keçərək düşmənlə görüşməlidir". Finlandiyalı nümayəndələr Yartsevi inandırırdılar ki, Finlandiya neytral siyasət yürüdür və ölkəyə qarşı silahlı müdaxilə baş verərsə cavab tədbirləri görməli olacaq. Yartsev isə qarşı tərəfə Fin körfəzində və Leninqrad yaxınlığında yerləşən adalardan bəzilərini birbaşa və ya icarə şəklində Sovet İttifaqına verməyi tələb edirdi. Finlandiya bu təklifi qəbul etmədi.[17][18]
Danışıqlar 1938-ci il ərzində davam etsə də, heç bir nəticə əldə olunmadı. Böyük təmizləmə ərzində Sovet İttifaqında yaşayan finlandiyalı kommunist elitasının əksər hissəsi öldürüldü və bu da SSRİ-nin Finlandiyadakı imicini ciddi şəkildə zədələdi. Bununla eyni zamanda, Finlandiya İsveçlə hərbi əməkdaşlıq planı barəsində danışıqlara cəhd etdi. Finlandiya hökuməti Aland adalarını İsveçlə birlikdə müdafiə etməyə ümid bəsləyirdi.[19]
1939-cu ilin aprelində Sovet İttifaqı və Nasist Almaniyası arasında Molotov-Ribbentrop paktı imzalandı. Bu pakt ilkin olaraq hücuma keçməmə barədə müqavilə kimi nəzərə çarpsa da, bu müqavilənin gizli protokoluna əsasən Şərqi Avropa dövlətləri tərəflərin maraq dairələrinə uyğun olaraq bölüşdürülməli idi. Bu protokola əsasən Finlandiya SSRİ-nin sferasına düşürdü. 1 sentyabr 1939-cu ildə Almaniya Polşa üzərinə hücuma keçdi və bu hadisədən iki gün sonra Böyük Britaniya və Fransa Almaniyaya qarşı müharibə elan etdi. 17 sentyabrda Sovet İttifaqı Polşanın şərq hissəsini işğal etdi. Bu hadisədən qısa müddət sonra Baltikyanı ölkələr öz ərazilərində Sovet qoşunlarına məxsus hərbi bazaların inşa olunmasına icazə verən müqavilə imzaladı.[20] Bu cür müqavilələr sentyabr ayında Estoniya, oktyabr ayında isə Litva və Latviya ilə imzalandı. Baltikyanı ölkələrdən fərqli olaraq Finlandiya bu cür müqaviləni imzalamaqdan imtina etdi və dərhal ordunun mobilizasiyasına başladı.[21] Sovet qoşunları 1938-1939-cu illərdə Finlandiya ilə dövlət sərhəddi boyunca qoşunların mobilizasiyasını təşkil etmişdi. Sovet qoşunlarının hücum əməliyyatı barədə planlaşdırması sentyabr ayında başlasa da, işğal əməliyyatının noyabrda başlayacağı gözlənilirdi.[22][23]
5 oktyabr 1939-cu ildə Sovet İttifaqı rəsmiləri fin nümayəndə heyətini danışıqlar aparmaq məqsədilə Moskvaya dəvət etdi. Yuho Kusti Paasiviki fin hökumətini təmsil etmək üçün Moskvaya göndərildi. Danışıqlarda iştirak edən Sovet nümayəndə heyəti Karel bərzəxində yerləşən SSRİ və Finlandiya arasındakı sərhəd xəttinin Vıborq şəhərindən 30 km şərqə qədər çəkilməsini və Karel bərzəxində yerləşən finlərə məxsus mövcud mühəndis-istehkam zolağının ləğv edilməsini tələb edirdi. Sovet nümayəndə heyəti buna əlavə olaraq Fin körfəzində yerləşən adaların və Rıbaçi yarımadasının da özlərinə təhvil verilməsini tələb edirdi. Təklif olunan müqaviləyə əsasən finlər Xanko yarımadasını otuz il müddətinə icarəyə götürməli və Sovet qoşunlarına burada hərbi baza inşa etməyə icazə verməli idi.[24]
Sovet hökumətinin bu təklifi fin hökumətində fikir ayrılıqlarının yaranmasına səbəb oldu, lakin ictimaiyyətin və parlamentin rəyi nəzərə alınaraq Sovet tərəfinin təklifləri qəbul edilmədi. 31 oktyabrda xarici işlər naziri Vyaçeslav Molotov SSRİ Ali Sovetində çıxışı zamanı Sovet tərəfinin təkliflərini ictimailəşdirdi.[25]
Maynilanın bombalanması və Sovet tərəfinin məqsədləri
redaktə26 noyabr 1939-cu ildə Finlandiya ilə sərhəd xəttinə yaxın məsafədə yerləşən Sovet kəndi Maynilada toqquşma baş verdi. Sovet İttifaqının verdiyi məlumata görə kənd ərazisində yerləşən Sovet sərhəd mühafizə postunun naməlum silahlılar tərəfindən atəşə tutulması nəticəsində dörd sərhədçi həlak oldu, doqquzu yaralandı. Sonradan, fin və rusiyalı tarixçilərin apardığı araşdırmalara əsasən bu hücumun Sovet NKVD-sinə məxsus birlik tərəfindən həyata keçirildiyi müəyyən edilmişdir. Həmin birliyin əsas məqsədi tərəflər arasında imzalanmış hücuma keçməmə barədə müqaviləni qüvvədən düşürmək və bununla da Sovet qoşunlarının Finlandiya ərazisini işğal etməsinə səbəb yaratmaqdan ibarətdi.[26][27][28]
SSRİ-nin xarici işlər naziri Molotov bu hücumun finlərə məxsus raket-artilleriya vasitələrindən edildiyini bildirdi və Finlandiya tərəfindən üzrxahlıq etməsini, həmçinin hazırkı sərhəd xəttindən 20–25 km geriyə çəkilmələrini tələb etdi.[29] Finlandiya hücuma görə məsuliyyət daşımadığını açıqladı və qeyd olunan tələbləri yerinə yetirməkdən imtina etdi. Finlandiya hökuməti həmçinin münaqişənin dəqiq araşdırılması məqsədilə fin-Sovet birgə komissiyasının yaradıla biləcəyini vurğuladı. Buna cavab olaraq, Sovet İttifaqı fin tərəfinin cavabını pisniyyətli adlandırdı, hücuma keçməmə barədə olan müqavilənin qüvvədən düşdüyünü elan etdi, həmçinin 28 noyabrda Finlandiya ilə diplomatik münasibətlərin kəsildiyini elan etdi. Növbəti illərdə də Sovet tarixçiləri bu insidenti finlərin provokasiya cəhdi kimi qələmə verdi. Bu münaqişə barədə fikirlər 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra da rus tarixçiləri arasında fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdu.[30][31]
2013-cü ildə hərbi tarixçilərlə görüşü zamanı Rusiya prezidenti Vladimir Putin Qış müharibəsinin başlamasını 1917-ci ildə Finlandiya ilə sərhəd xəttinin müəyyənləşdirilməsi zamanı meydana çıxan "doğru səhvlər"lə əlaqələndirmişdir.[32] Sovet qoşunlarının ilkin hücumunun miqyası barədə rəylər müxtəlif idi: bəzi mənbələr Sovet İttifaqının məqsədinin Finlandiyanı tamamilə işğal etməkdən ibarət olduğunu, digər bir qism isə məqsədin ələ keçirilən ərazidə kukla fin kommunist hökumətinin yaradılmasından ibarət olduğunu iddia edirdi.[33][34][35][36][37] Macar tarixçi İstvan Ravaşın məlumatına görə Mərkəzi Komitə 1939-cu ildə Finlandiya da daxil olmaqla Çar Rusiyasının bütün keçmiş ərazilərini bərpa etməyi qərara almışdı.[35] Amerikalı siyasi elmlər üzrə alim Dan Reyter bildirirdi ki, SSRİ Finlandiyada "mövcud hökuməti dəyişdirmək" və bununla da "tam qələbə qazanmaq" fikrində idi. Onun digər bir açıqlamasına görə xarici işlər naziri Molotov 1939-cu ilin noyabrında Sovet səfirinə rejim dəyişmə planını bildirmiş və yeni hökumətin "Sovet olmayacağını, lakin demokratik respublikalardan biri olacağını" demişdir.[38]
Başqa tarixçilər isə Sovet qoşunlarının ölkəni tamamilə işğal etmək fikrinin olması ideyasını qəbul etmirdi. Amerikalı tarixçi Uilyam Trotter iddia edirdi ki, Stalinin əsas məqsədi almanların Finlandiya üzərindən hücuma keçəcəyi halda Leninqradın cinahlarını mümkün təhlükədən qorumaq idi.[39] Bredli Laytbodinin yazdığına görə "Sovet tərəfinin məqsədi öz sərhədlərinin təhlükəsizliyini təmin etməkdən ibarətdi və bütöv Finlandiyanı işğal etmək niyyətləri yoxdu."[40] Rusiyalı tarixçi Çubaryanın 2002-ci ildə verdiyi məlumata görə rus arxivlərində Sovet qoşunlarının Finlandiyanı işğal etmək barədə planı tapılmamışdır. Onun fikrincə, Sovet qoşunlarının Finlandiyanı işğal etməkdə məqsədi regionda Sovet İttifaqının təsir gücünü artırmaqdan ibarətdi.[41]
Qüvvə nisbətləri
redaktəSovet hərbi planı
redaktəMüharibədən əvvəl Sovet rəhbərliyi bir neçə həftə ərzində düşmən üzərində qələbə qazanılacağına inanırdı. Almaniya qoşunlarının Polşa üzərinə qərb istiqamətindən hücuma keçməsinin ardınca Qırmızı Ordu Polşanın şərq hissəsini 4000 nəfərdən də az itki ilə işğal edə bilmişdi. Stalinin sürətli Sovet qələbəsi ilə bağlı gözləntiləri siyasətçi Andrey Jdanov və hərbi strategiyaçı Kliment Voroşilov tərəfindən dəstəklənsə də, bəzi generallar bu məsələdə daha ehtiyatlı davranırdı. Qırmızı Ordunun Baş Qərargah rəisi Boris Şapoşnikov hücumda iştirak edəcək qoşunların ekstensiv atəş dəstəyi və logistik təchizatla təmin olunması, rasional döyüş nizamının tətbiq olunması və bu hücum əməliyyatında ordunun ən hazırlıqlı birləşmələrinin iştirak etməsinin tərəfdarı idi. Jdanovun hərbi komandiri olan Kirill Meretskov bildirirdi ki, döyüş əməliyyatının baş tutacağı ərazilər əsas etibarilə göllər, çaylar, bataqlıqlar və sıx meşə ilə örtülü olduğuna görə burada qoşunlardan effektiv istifadə imkanları aşağı səviyyədə olacaq. Buna baxmayaraq, bu şübhələr onun qoşun yerləşdirməsində öz əksini tapmadı. Meretskov ictimaiyyətə açıqlaması zamanı Finlandiya əməliyyatının ən çoxu iki həftə çəkəcəyini bildirirdi və hətta Sovet əsgərlərinin səhvən İsveçlə sərhəd xəttini keçməməsi üçün onları xəbərdar etməyi vacib hesab edirdi.[42]
Stalinin 1930-cu illərdəki təmizləmələri nəticəsində Qırmızı Ordunun zabit korpusu pis vəziyyətə düşmüşdü. Ordunun beş marşalından üçü, 264 diviziya və ya daha yüksək səviyyəli komandirdən 220-si, həmçinin bütün rütbələrdən olan zabitlərin 36,761 nəfəri bu təmizləmələrə daxil edilmişdi. Zabit heyətinin yarısından daha azı öz vəzifəsində saxlanılmışdı.[43][44] Vəzifələrinə yeni təyin olunmuş zabitlər əvvəlkilərlə müqayisədə daha az səriştəli olsa da, onlar yuxarı komandanlığa tabe olmaq baxımından daha sadiq idi. Hissə komandirləri siyasi komissarların nəzarəti altında saxlanılırdı və onların icazəsi olmadan heç bir qərar verə bilməzdilər. Bu ikili sistem Sovet hərbi komandanlıq zəncirində mürəkkəbləşmənin yaranmasına səbəb oldu və nəticədə, zabitlərin müstəqil qərar qəbul etməsi qadağan olundu.[45][46][47]
SSRİ-nin şərq sərhədlərində Sovet qoşunlarının Yaponiyaya qarşı döyüşlərdə uğur qazanmasından sonra Sovet yüksək komandanlığı iki fraksiyaya bölündü. Bir tərəf İspaniya vətəndaş müharibəsi veteranı general Pavel Rıçaqov, tank eksperti general Dmitri Pavlov və Stalinin favorit generalı, marşal Qriqori Kulik tərəfindən təmsil olunurdu.[48] Digər tərəfə isə Xalxın Qol döyüşləri veteranı general Georgi Jukov və Sovet Hərbi Hava Qüvvələrinin generalı Qriqori Kravçenko rəhbərlik edirdi.[49]
Sovet döyüş nizamı
redaktəSovet generalları almanların döyüşlərdə uğurla tətbiq etdiyi blitzkriq taktikasından təsirlənmişdi. Blitzkriq taktikası Mərkəzi Avropanın sıx, yaxşı əlaqəli, asfaltlanmış yol şəbəkələri üçün uyğun hesab edilirdi. Mərkəzi Avropada döyüşən ordular təchizat və kommunikasiya mərkəzlərini zirehli texnika alaylarının asan hədəfi hesab edirdi. Fin ordusunun mərkəzləri isə Mərkəzi Avropadakı qüvvələrin tam əksinə olaraq ölkənin daha dərinliyində yerləşirdi. Həmçinin, Finlandiya ərazisinin əksər hissəsində asfaltlanmış yollar mövcud deyildi və relyef çətin keçilən meşə və bataqlıqlardan ibarətdi. Müharibə müxbiri Con Lanqdon-Devis Finlandiya ərazisinə hücuma keçən hərbi birləşmələrin bu relyefdə ümidsizliklə üzləşəcəyini bildirirdi.[50] Trotterin fikrincə, Qırmızı Ordu birləşmələri Finlandiya ərazisində blitzkriq taktikasını icra etmək üçün vacib olan taktiki koordinasiya və lokal təşəbbüs əldə etmək baxımından uğursuzluğa düçar oldu.[51]
Sovet qoşunları aşağıdakı kimi təşkil olunmuşdu:[52]
- 7-ci Ordu: doqquz diviziya, tank korpusu və üç tank briqadasından ibarətdi və Karel bərzəxində dislokasiya olunmuşdu. Hücum obyekti Vıborq şəhəri idi. Bu qüvvə sonradan 7-ci və 13-cü ordulara bölündü.[53]
- 8-ci Ordu: altı diviziya və bir tank briqadasından ibarət olan bu hərbi birləşmə Ladoqa gölünün şimalında dislokasiya olunmuşdu və əsas məqsədi Ladoqa gölünün şimal sahili boyunca cinahlardan manevr edərək Mannerheym xəttinin arxasına zərbə endirməkdi.[53]
- 9-cu Ordu: Kaynuu regionu istiqamətindən Finlandiyanın mərkəzi hissəsinə zərbə endirmək vəzifəsi daşıyırdı. Şəxsi heyəti üç diviziyadan təşkil olunmuşdu və əsas hədəfi Finlandiyanın qərbinə doğru irəliləyərək ölkəni iki hissəyə bölməkdən ibarətdi.[53]
- 14-cü Ordu: üç diviziyadan ibarətdi və Murmanskda yerləşirdi. Bu hərbi birləşmə strateji cəhətdən əlverişli mövqedə yerləşən Petsamo limanını ələ keçirməli, daha sonra isə Rovaniemi istiqamətində hücuma keçməli idi.[53]
Fin döyüş nizamı
redaktəFinlərin döyüş strategiyası öz ölkələrinin coğrafiyası ilə sıx əlaqədə təşkil olunmuşdu. Sovet İttifaqı ilə 1340 km uzunluğunda olan sərhəd xətti boyunca yerləşən qrunt yollar və keçilməz relyef finlərin müdafiə xəttinin təşkilində xüsusi əhəmiyyət kəsb edirdi. Müharibədən əvvəlki hesablamalar zamanı Finlandiya Müdafiə Komandanlığı Karel bərzəxində yeddi, Ladoqa gölünün şimal sahilində isə beş diviziyanın olduğunu müəyyənləşdirmişdi. Digər bir hesablamaya görə Sovet qoşunları müdafiədə duran hər bir əsgər qarşısına üç əsgərlə hücuma keçməyi hədəfləyirdi. Dəqiq nisbət isə daha çox idi. Məsələn, Ladoqa gölünün şimalında Sovet qoşunlarının 12 diviziyası yerləşdirilmişdi.[56]
Fin tərəfinin şəxsi heyətin azlığından da böyük bir problemi var idi. Belə ki, ön xətdə yerləşən bölmələrdə silah-sursat çatışmazlığı yaşanırdı. Xaricdən gəmilər vasitəsilə tank əleyhinə silahlar və aviasiya gətirilsə də, onların sayı çox azdı. Tank qoşunları da döyüşə hazır vəziyyətdə deyildi. Mərmi əskikliyini aradan qaldırmaq məqsədilə fin vətəndaş müharibəsindən qalma Mosin-Naqant tipli tüfənglərdən geniş şəkildə istifadə olunurdu. Həmin silahlarda da Sovet qüvvələrində istifadə olunan 7.62×54 mm çaplı mərmilər istismar olunurdu.[57]
Fin qoşunları aşağıdakı kimi təşkil olunmuşdu:[58]
- Bərzəx Ordusu: Huqo Östermanın rəhbərliyi altında olan altı diviziyadan ibarətdi. 2-ci Ordu Korpusu sağ cinahda, 3-cü Ordu Korpusu isə sol cinahda yerləşmişdi.
- 4-cü Ordu Korpusu: Ladoqa gölünün şimalında yerləşmişdi. Yuho Heyskanenin rəhbərliyi altındakı iki diviziyadan ibarətdi. Sonradan Voldemar Haqqlund bu birliklərin komandiri təyin olundu
- Şimali Finlandiya Qrupu: Vilyo Tuomponun rəhbərliyi altındakı Ağ Qvardiyaçılar, sərhəd mühafizəçiləri və ehtiyat birliklərdən ibarətdi.
Sovet işğalı
redaktəİşğalın başlanması və siyasi əməliyyatlar
redaktə30 noyabr 1939-cu ildə Sovet qoşunları 21 diviziya ilə (ümumilikdə 450,000 nəfər) Finlandiya üzərinə hücuma keçdi və qarşı tərəfə ağır itkilər verdirmək məqsədilə ölkənin paytaxtı Helsinki şəhərini bombaladı.[59] Beynəlxalq qınağa cavab olaraq Sovet xarici işlər naziri Vyaçeslav Molotov bildirdi ki, Sovet Hərbi Hava Qüvvələri fin şəhərlərini bombalamır, hətta aclıqdan əziyyət çəkən fin əhaliyə humanitar yardım paylayır.[60][61] Fin dövlət adamı Paasiviki isə deyirdi ki, Sovet tərəfi müharibə elan etmədən hücuma keçərək güc tətbiq etməmə haqqında imzalanmış üç müxtəlif razılaşmanı pozdu. Bunlar 1920-ci ildə imzalanmış Tartu müqaviləsi, 1932-ci ildə Sovet İttifaqı və Finlandiya arasında imzalanmış güc tətbiq etməmə haqqında müqavilə və 1934-cü ildə Sovet İttifaqı tərəfindən imzalanmış Millətlər Liqası razılaşmaları idi. Sovet hücumu başladıqdan sonra Karl Qustav Emil Mannerheym Finlandiya Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi təyin olundu. Finlandiya Sovet işğalı məsələsini hücum başlamazdan əvvəl Millətlər Liqasına bildirdi. Millətlər Liqası 14 dekabr 1939-cu ildə SSRİ-ni bu qurumdan uzaqlaşdırdı və digər üzv dövlətləri Finlandiyaya yardım etməyə səslədi.[62]
1 dekabr 1939-cu ildə Sovet qoşunları tərəfindən işğal olunmuş Kareliya ərazisində Fin Demokratik Respublikası adlı kukla hökumət yaradıldı və Otto Ville Kuusinen bu hökumətin başçısı təyin olundu. Qırmızı Ordunun hücumu nəticəsində işğal olunmuş ilk yaşayış məntəqəsi olan Teriyoki kəndindən sonra Kuusinenin hökuməti "Teriyoki hökuməti" adlandırıldı.[63] Müharibədən sonra kukla hökumət dağıldı. Müharibənin əvvəlindən etibarən işçi sinfindən olan finlər mərkəzi Helsinkidə yerləşən legitim hökumətin arxasında dayandı.[64] Sovet işğalına qarşı finlərin milli birliyi sonradan "Qış müharibəsi ruhu" olaraq tarixə keçdi.[65]
İlk döyüşlər və Mannerheym xəttinə Sovet hücumu
redaktəFinlərin müdafiə strukturunun əsası hesab edilən Mannerheym xətti Sovet sərhədindən təqribən 30–75 km məsafədə Karel bərzəxində yerləşirdi. Bu istiqamətdə Qırmızı Ordunun 250,000 hərbçisi 130,000 finə qarşı döyüşürdü.[66] Fin komandanlığı Mannerheym xəttinin qarşısında təqribən 21,000 nəfərlik hərbi birləşmə saxlamışdı ki, onların da əsas vəzifəsi Qırmızı Ordu birləşmələrinə bu müdafiə xəttinə çatmazdan əvvəl zərər vurmaqdan ibarətdi.[67] Döyüş vaxtı fin hərbçiləri arasında əsas təlaş mənbəyi Sovet tankları hesab olunurdu. Finlərin çox az sayda tank əleyhinə silahları vardı və onlar müasir tank əleyhinə mübarizə üsullarından xəbərsizdilər. Sonradan, finlər yaxın döyüş zamanı tanklarla bir çox mübarizə üsullarını öyrəndilər. Belə ki, finlər hücuma keçmiş Sovet tanklarının təkərləri arasına odun parçası və ya başqa əşyalar ataraq onu hərəkətsiz hala gətirə bilirdilər. Tezliklə, finlər tanklara qarşı mübarizədə daha effektli olan Molotov kokteylini kəşf etdilər. Sovet tanklarına qarşı kifayət qədər effektiv mübarizə vasitəsi olan Molotov kokteylləri Finlandiyanın "Alko" spirtli içkilər korporasiyası tərəfindən kütləvi istehsal olunmağa başladı. Sərhəd zonasında baş vermiş döyüş toqquşmalarında bu cür üsullarla 80 Sovet tankı məhv edildi.[68]
6 dekabr tarixinə qədər bütün fin qüvvələri Mannerheym xəttinə doğru geri çəkilmək məcburiyyətində qaldı. Qırmızı Ordunun bu müdafiə xəttinə ilk hücum cəhdi Taypale istiqamətində baş tutdu. Suvanto sektoru boyunca fin müdafiəçiləri hakim yüksəkliklərə nəzarət edirdi ki, bu da onların əsas üstünlüyü hesab olunurdu. Fin artilleriyası bu ərazidə kəşfiyyat apardı və hücuma keçəcək Sovet qoşunlarının qarşısını kəsmək üçün atəş planlamaları həyata keçirdi. Taypale döyüşü 40 saatlıq Sovet artilleriyasının hazırlığından sonra başladı. Artilleriya hazırlığından sonra hücuma keçən Sovet piyadaları ağır itkilərlə üzləşdi və geri çəkildi. 6 dekabrdan 12 dekabra qədər Qırmızı Ordu bu istiqamətdə yalnız bir diviziyadan istifadə etdi. Sonradan, 150-ci atıcı diviziya və tanklarla burada yerləşdirilmiş qoşunlara dəstək verildi. 14 dekabrda gücləndirilmiş Sovet qoşunları yeni hücum təşkil etsələr də, yenə geri çəkilməli oldular. Sovet qüvvələri bu istiqamətdə üçüncü diviziyanı da döyüşlərə cəlb etməsinə baxmayaraq, onlar da ağır artilleriya atəşi qarşısında geri çəkilməli oldu. Döyüşlər uğursuzluqla davam etdi və Qırmızı Ordu ağır itkilər verərək geri çəkilməli oldu. Tipik Sovet hücumlarından biri 1 saat ərzində minə yaxın Sovet əsgərinin öldürülməsi və 27 tankın sıradan çıxması ilə nəticələndi.[69] Ladoqa gölünün şimalında yerləşən Ladoqa-Kareliya cəbhəsində isə ərazinin əksər hissəsi sıx meşə ilə örtülü olduğuna görə və normal yol şəbəkəsi olmadığına görə müasir Sovet qoşunları bu istiqamətdə də xeyli çətinlik çəkirdi.[70] Sovet 8-ci Ordusu sərhəd xəttinə qədər uzanan yeni yol çəkdi ki, bununla da cəbhə xəttindəki təchizatı iki qatına çatdırmaq mümkün olurdu. 12 dekabrda Sovet qoşunlarının 56-cı atıcı diviziyasının dəstəyi altında hücuma keçən 139-cu atıcı diviziyası sayca daha az olan fin qüvvələrinə Tolvayarvi döyüşündə məğlub oldu. Bu döyüş finlərin müharibə ərzindəki ilk qələbəsi idi.[71]
Finlandiyanın mərkəz və şimal istiqamətlərində də yol şəbəkəsi seyrəkdi və ərazi çətin keçilən relyefdən ibarətdi. Finlər bu istiqamətlərdə genişmiqyaslı hücum gözləməsə də, Sovet qoşunları zirehli birləşmələrin və artilleriyanın dəstəyi ilə səkkiz diviziya ilə hücuma keçdi. 155-ci atıcı diviziya Lieksaya, 44-cü atıcı diviziya isə Kuhmoya hücuma keçdi. 163-cü atıcı diviziya isə mərkəzlə irəliləyərək Finlandiyanı iki hissəyə bölməli idi. Laplandiya vilayətində 88-ci və 122-ci atıcı diviziyalar Salla üzərinə hücuma keçdi. Şimal Buzlu okeanı sahilində yerləşən Petsamo limanı isə hərbi dəniz qüvvələrinin atəş dəstəyi ilə həm dənizdən, həm də qurudan 104-cü dağ-atıcı diviziyanın hücumuna məruz qaldı.[72]
Dekabrdan yanvara qədər olan əməliyyatlar
redaktəHava şəraiti
redaktə1939-1940-cı illərin qışı qeyri-adi soyuq olması ilə yadda qaldı. Belə ki, 16 yanvar 1940-cı ildə Karel bərzəxində −43 °C kimi rekord aşağı temperatur qeydə alındı.[73] Müharibənin başlanğıcında yalnız aktiv xidmətdə olan fin hərbçilər uniforma və silahlara sahibdi. Ehtiyatdan hərbi xidmətə çağrılanlar isə öz gündəlik qış geyimlərində idi və həmin geyimlərin üzərinə hərbçi olduqlarını bildirmək üçün fərqləndirici nişan vurulmuşdu. Fin hərbçilər xizək sürməkdə kifayət qədər peşəkar hesab edilirdi.[74] Soyuq, qar, meşə və uzun müddətli qaranlıq kimi faktorlar finlərin üstünlüyü sayılırdı. Finlər əsasən qış şəraitinə uyğunlaşdırılmış yüngül ağ geyimlərdən istifadə edirdi. Bu cür qar kamuflajları finləri demək olar ki görünməz edirdi və onlar bunun sayəsində Sovet kolonlarına qarşı partizan hücumları təşkil edə bilirdi. Müharibənin əvvəlində Sovet tankları yaşılı rənglə boyanmışdı və Sovet hərbçiləri isə müntəzəm xaki uniformalarına sahibdi. Gec də olsa, bu səhvini başa düşən Sovet tərəfi 1940-cı ilin yanvarından gec olmayaraq öz hərbi texnikalarını ağ rəngə boyadılar və piyadalara ağ rəngli qış geyimi paylandı.[75]
Sovet hərbçilərinin əksər hissəsi qış geyimlərinə sahib olsa da, heç də bütün birliklər bu cür geyimlə təchiz edilməmişdi.[76] Suomussalmi döyüşündə minlərlə Sovet hərbçisi donvurma nəticəsində həlak oldu. Xizək sürməkdə uğursuzluğa düçar olan Sovet qoşunları adi yollarla hərəkət etməyə məcbur oldu ki, bu da onların uzun kolonlarla hərəkət etməsinə maneçilik törədirdi. Bəzi Sovet birlikləri fin sərhədini keçmədən donvurma nəticəsində şəxsi heyətinin on faizindən də çox hissəsini itirdi. Soyuq hava şəraiti digər tərəfdən Sovet tanklarının lehinə işləyirdi. Çünki, donmuş səth üzərində hərəkət etmək bataqlıq və palçıqda hərəkət etməkdən daha rahatdı. Krivoşyevin məlumatına görə müharibə ərzində ən azı 61,506 nəfər Sovet hərbçisi xəstələndi və ya donvurmadan əziyyət çəkdi.[77]
Fin partizan taktikaları
redaktəLadoqa-Kareliya istiqamətindən Petsamo limanına qədər olan bütün ərazidə finlər Sovet qoşunlarına qarşı partizan taktikalarından istifadə edirdi. Qırmızı Ordu şəxsi heyətin sayı və hərbi texnika baxımından üstün olsa da, finlər sürətli, manevrli döyüş taktikalarından və qüvvələrdən düzgün şəkildə istifadə edirdi. Xüsusilə, cəbhənin Ladoqa-Kareliya istiqamətində və Raate yolu uğrunda gedən döyüşlərdə finlər sayca üstünlük təşkil edən Sovet qoşunlarını kiçik hissələrə bölərək məhv etmişdir. Kiçik hissələrə bölünən Sovet qoşunlarına finlər bütün istiqamətlərdən hücuma keçirdi ki, bu da qarşı tərəfdə panikanın yaranmasına və döyüş nizamının itməsinə səbəb olurdu.[78]
Mühasirəyə alınan Sovet qoşunlarının çox hissəsi döyüş şəraitinə nisbətən daha çətin vəziyyətə düşürdü. Uzun müddət sərt iqlim şəraitində mühasirədə qalan Sovet hərbçiləri donvurmadan, aclıqdan və zəif sanitar şəraitdən əziyyət çəkirdi. Tarixçi Uilyam Trotter bu şəraiti belə təsvir edirdi: "Sovet hərbçilərinin seçimi yoxdur. Əgər onlar döyüşə girərsə vurulacaq, meşəyə qaçarsa donub öləcəklər. Təslim olmaq da onlar üçün bir seçim deyildi. Çünki, Sovet propaqandasının onlara dediyinə görə finlər əsir düşən Sovet hərbçilərinə ölənə qədər işgəncə verirlər."[79]
Mannerheym xətti döyüşləri
redaktəKarel bərzəxinin sahib olduğu relyef partizan taktikalarının icra olunmasına imkan vermirdi. Buna görə də finlər Mannerheym xəttini daha konvensional üsullarla təşkil etmişdi. Bu müdafiə xəttinin cinahları böyük ölçülü su sahələri ilə əhatə olunmuşdu. Sovet propaqandasına əsasən finlərin qurduğu bu müdafiə xətti fransızların Majino xəttinə nisbətən daha güclü hesab edilirdi. Buna baxmayaraq, fin tarixçilərə görə müdafiə xəttinin gücü qarşı tərəf tərəfindən daha çox şişirdilirdi və onlar bildirirdi ki, bu xətt əsas etibarilə çoxsaylı səngərlərdən və giriş hissəsi örtülmüş qazma evlərdən ibarətdi.[80] Finlər Karel bərzəxi boyunca 221 möhkəmləndirilmiş müdafiə nöqtəsi inşa etmişdi ki, bunların da əksər hissəsi 1920-ci illərin əvvəllərində hazırlanmışdı. Bu cür müdafiə hazırlıqlarına baxmayaraq, Mannerheym xəttinin ən çox möhkəmləndirilmiş sektorunda yalnızca hər kilometrdə bir ədəd dəmir-beton örtüklü bunkerlər mövcud idi. Ümumilikdə, müdafiə xətti Avropada yerləşən digər oxşar müdafiə xətlərinə nisbətən daha zəifdi.[81] Finlərə görə isə müdafiə xəttinin real gücü onun "cəsur və döyüş ruhuna sahib olan inadkar müdafiəçiləri" hesab olunurdu.[80]
Bərzəxin şərq tərəfində mövqe tutan Qırmızı Ordu hissələri Taypale döyüşündə Mannerheym xəttini yarmağa cəhd göstərdilər. Qərb istiqamətində yerləşən Sovet qoşunları isə 16 dekabr tarixində Vıborq şəhəri yaxınlığında yerləşən Summada finlərin müdafiə xətti ilə qarşılaşdılar. Finlər Summa ərazisində 41 beton örtüklü bunker inşa etmişdi ki, bu da Karel bərzəxi istisna olmaqla müdafiə xəttinin digər bütün istiqamətlərindən sayca çox hesab olunurdu. Planlaşdırma nəticəsində yaranmış səhv səbəbilə Munasuo bataqlığı yaxınlığında 1 km genişliyində boşluq mövcud idi.[82] Birinci Summa döyüşü ərzində, 19 dekabrda Sovet tankları müdafiə zolağını yarmağı bacardı, lakin Sovet qoşunları arasında əməkdaşlığın aşağı səviyyədə olması səbəbilə onlar bu situasiyadan yararlana bilmədi. Finlərin qarşı tərəfə cavab vermək gücündə olan tank əleyhinə silahları olmadığına görə səngərdə dayanan fin hərbçilər Sovet tanklarına müdafiənin arxasına keçməyə imkan verdilər. Buna baxmayaraq, finlər əsas Sovet hücumunun qarşısını almağa müvəffəq oldu. Müdafiə xəttinin arxasına keçən Sovet tankları möhkəmləndirilmiş mövqelərə dağınıq şəkildə hücuma keçdilər ki, bu da Sovet qoşunlarının 20 tank itirməsi ilə nəticələndi. 22 dekabra qədər davam edən döyüşlər finlərin qələbəsi ilə başa çatdı.[83]
Sovet hücumu Mannerheym xəttində dayandırıldı. Qırmızı Ordu birləşmələri ruh düşkünlüyünə uğradı və cəbhəboyu növbəti hücumlarda iştirak etməkdən imtina etdi. Fin qoşunları general Harald Ekvistin rəhbərliyi altında 23 dekabr tarixində Vıborq yaxınlığında üç Sovet diviziyasını mühasirəyə almağa qərar verdi. Ekvistin planı zəif hazırlanmışdı və uğursuzluğa düçar oldu. Əks-həmlə zamanı finlər 1300 nəfər itki verdi. Sonradan aparılan hesablamalara görə Sovet qoşunları da oxşar sayda itkiyə məruz qalmışdı.[84]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Мкртумов Самсон Мовсесович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 15.
- ↑ Trotter 2002, pp. 3–5
- ↑ Trotter (2002), pp. 4–6
- ↑ Jowett & Snodgrass (2006), p. 3
- ↑ Turtola (1999a), pp. 21–24
- ↑ Turtola (1999a), pp. 33–34
- ↑ Edwards (2006), pp. 26–27
- ↑ Edwards (2006), p. 18
- ↑ Polvinen (1987), pp. 156–161, 237–238, 323, 454
- ↑ Engman (2007), pp. 452–454
- ↑ Turtola (1999a), pp. 30–33
- ↑ Edwards (2006), p. 31
- ↑ Edwards (2006), pp. 43–46
- ↑ Van Dyke (1997), p. 13
- ↑ Lightbody (2004), p. 52
- ↑ Trotter (2002), p. 15
- ↑ Trotter (2002), pp. 12–13
- ↑ Turtola (1999a), pp. 32–33
- ↑ Turtola (1999a), pp. 34–35
- ↑ Engle and Paananen (1985), p. 6
- ↑ Turtola (1999a), pp. 38–41
- ↑ Ries (1988), pp. 55–56
- ↑ Manninen (1999a), pp. 141–148
- ↑ Trotter (2002), pp. 14–16
- ↑ Turtola (1999a), pp. 41–43
- ↑ Ries (1988), pp. 77–78
- ↑ Edwards (2006), p. 105
- ↑ Turtola (1999a), pp. 44–45
- ↑ Tanner (1950), pp. 85–86
- ↑ Kilin (2007a), pp. 99–100
- ↑ Aptekar (2009)
- ↑ Yle News (2013)
- ↑ Manninen (2008), pp. 37, 42, 43, 46, 49
- ↑ Rentola (2003) pp. 188–217
- ↑ 1 2 Ravasz (2003) p. 3
- ↑ Clemmesen and Faulkner (2013) p. 76
- ↑ Zeiler and DuBois (2012) p. 210
- ↑ Reiter (2009), p. 124
- ↑ Trotter (2002), p. 17
- ↑ Lightbody (2004), p. 55
- ↑ Chubaryan (2002), p. xvi
- ↑ Trotter (2002), p. 34
- ↑ Conquest (2007), p. 450
- ↑ Bullock (1993), p. 489
- ↑ Glanz (1998), p. 58
- ↑ Ries (1988), p. 56
- ↑ Edwards (2006), p. 189
- ↑ Coox (1985), p. 996
- ↑ Coox (1985), pp. 994–995
- ↑ Langdon-Davies (1941), p. 7
- ↑ Trotter (2002), pp. 35–36
- ↑ Trotter (2002), pp. 38–39
- ↑ 1 2 3 4 Kilin and Raunio (2007), p. 13
- ↑ Trotter (2002)
- ↑ Leskinen and Juutilainen (1999)
- ↑ Trotter (2002), pp. 42–44
- ↑ Laemlein (2013) pp. 95–99
- ↑ Trotter (2002), p. 47
- ↑ Jowett & Snodgrass (2006), p. 6
- ↑ Paskhover (2015)
- ↑ Russian State Military Archive F.34980 Op.14 D.108
- ↑ League of Nations (1939), pp. 506, 540
- ↑ Trotter (2002), p. 58
- ↑ Trotter (2002), p. 61
- ↑ Soikkanen (1999), p. 235
- ↑ Geust; Uitto (2006), p. 54
- ↑ Trotter (2002), p. 69
- ↑ Trotter (2002), pp. 72–73
- ↑ Trotter (2002), pp. 76–78
- ↑ Trotter (2002), pp. 51–55
- ↑ Trotter (2002), p. 121
- ↑ Trotter (2002), pp. 53–54
- ↑ Paulaharju (1999), p. 292
- ↑ Paulaharju (1999), pp. 289–290
- ↑ Trotter (2002), pp. 145–146
- ↑ Paulaharju (1999), pp. 297–298
- ↑ "Krivosheyev, Table 100". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-04.
- ↑ Trotter (2002), pp. 131–132
- ↑ Trotter (2002), pp. 148–149
- ↑ 1 2 Trotter (2002), pp. 62–63
- ↑ Vuorenmaa (1999), pp. 494–495
- ↑ Laaksonen (1999), p. 407
- ↑ Laaksonen (1999), pp. 411–412
- ↑ Trotter (2002), pp. 87–89
Xarici keçidlər
redaktə- Военный альбом (photographs of the Soviet–Finnish War 1939–1940)
- Finna (search service for information from Finnish archives, libraries and museums)
- Finnish Wartime Photograph Archive (under CC BY 4.0)
- Fire and Ice: The Winter War of Finland and Russia (Winter War history from a documentary film's website)
- National Archives of the United Kingdom