Semed Bey Acalov - Wikipedia
Səməd bəy Acalov (1876, Tiflis – 1969, Bakı) — Azərbaycan maarif xadimi, pedaqoq, riyaziyyatçı, metodist, həkim, tibb elmləri doktoru.
Səməd bəy Acalov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis quberniyası, Rusiya İmperiyasi |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Təhsili |
Zaqafqaziya Müəllimlər Seminariyası (1890-1895) Azərbaycan Tibb Universiteti (1923-1926) |
Həyatı
redaktəSəməd bəy Acalov 1876-cı ildə Tiflisdə anadan olmuştur. Tiflisin iki illik müsəlman məktəbində təhsil aldıqdan sonra müəllimi Paşa bəy Hüseynovun təşviqi ilə 1890-cı ildə Qori Müəllimlər Seminariyasına qəbul olunmuş və 1895-ci ildə təhsilini başa vurmuşdur.[1] Süleyman Sani Axundov, Abdulla Şaiq və Mirzə Rza Əlizadə ilə dostuluğu bu illərdə başlamışdır.
Fəaliyyəti
redaktəSəməd bəy 93 illik mənalı ömrünün 70 ilini pedaqoji fəaliyyətlə keçirmiş və xalqın maariflənməsi, mədəniyyətin və səhiyyənin inkişafına çalışmışdır. Azərbaycanda təhsil sahəsinin inkişafında, müəllim kadrlarının hazırlanmasında, yeni program və dərsliklərin yaradılmasında böyük rol oynamışdır. Zaqafqziya Müəllimlər Seminariyasını bitirdikdən sonra Tersk, Dərbənd və Lənkəran qəzalarında 13 il tədris fəaliyyətində olmuşdur. 1908-ci ildə Bakıya köçdükdən sonra isə altısiniflik üçüncü ali-ibtidai Aleksey məktəbinə müdir təyin olunur.[2] Cümhuriyyət dövründə məktəbləri dərs vəsaitləri ilə təmin etmək məqsədiylə Xalq Maarif Nazirliyi tərəfindən yaradılmış komissiyada Hüseyn Cavid, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə, Firudin bəy Köçərli ilə birgə fəaliyyət göstərmişdir.[3]
Səməd bəy pedaqoji fəaliyyətinə Sovet ittifaqı dövründə də davam edərək müəllim kadrlarının hazırlanmasında əvəzolunmaz rol oynamışdır. Mərkəzi Darülmüəllimində, sonra isə Bakı Pedagoji Texnikumunda çalışmış və 1926-cı ildə institutun direktoru olmuşdur.[2] Xüsusən, riyaziyyat elminin inkişafında, riyaziyyat dərsliklərinin və riyaziyyat tədrisi metodikasının yaradılmasında Səməd bəyin böyük xidməti olmuşdur.[4] Şərq və Qərb dillərini yaxşı bilir, bir neçə qərb dilindən sərbəst istifadə etməyi bacarırdı. Azərbaycanda "Ali cəbr" və "Cəbr məsələləri" adlı ilk riyaziyyat dərslikləri 1919-cu ildə Səməd bəy tərəfindən yazılmışdır.[5] Üçüncü ali-ibtidai məktəbin müdiri vəzifəsində olarkən məktəb müəllimləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Pənah Qasımov və digər müəllimlər ilə ana dilində tədris tələb edən kollektivdə olmuş və onun təşəbbüsü ilə tədris ana dilində keçilməyə başlanmışdır.[2]
Səməd bəy riyaziyyat və riyaziyyat tədrisi üsulu ilə bərabər hifzsihhədən də dərs demişdir. 1923-cü ildə Bakı Dövlət Universitetinin (o vaxtkı adıyla Azerbaycan Dövlət Universiteti) tibb fakültəsinə daxil olmuş və 1926-cı ildə təhsilini başa çatdıraraq, 51 yaşında həkimlik diplomu almışdır.[2] 1954-cü ildə 78 yaşında ikən "Brüsselyozun kliniki müalicəsini öyrənmək üçün materiallar" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru olmuşdur.[1] Tibb Universitetində bir müddət kafədra müdiri vəzifəsində işləmiş və Azərbaycanda yoluxucu xəstəliklər ilə mübarizə aparmaq məqsədiylə mikrobiyologiya və parazitologiya sahələrinin inkişafına böyük töhfə vermişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Arxivlənmiş surət" (PDF). bsu.az. Archived from the original on 9 March 2024. İstifadə tarixi: 09 March 2024.
- ↑ 1 2 3 4 Cəbrayılbəyli, Cəmo. Xatirələrim. Azərbaycan Dövlət Nəşriyyatı. 1966. səh. 136-140.
- ↑ "Arxivlənmiş surət". muallim.edu.az. 28 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2024.
- ↑ "Arxivlənmiş surət". nkpi.az. 28 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2024.
- ↑ Mərdanov, Misir. Azərbaycanın Təhsil Tarixi. "Təhsil" Nəşriyyatı. 2011. səh. 295.