Selaheddin Eyyubi - Wikipedia
Səlahəddin Əyyubi (1138[1] – 4 mart 1193[2], Dəməşq[3]) — Misir, Suriya, Yəmən, Hicaz və Fələstinin Səlahəddin kürd ailəsindən sultanı və Əyyubilər sülaləsinin ilk hökmdarı.
Səlahəddin Əyyubi | |
---|---|
ərəb. صلاح الدين الأيوبي | |
| |
Doğum tarixi | |
Doğum yeri | Tikrit, Cəzirə, Abbasilər xilafəti |
Vəfat tarixi | |
Vəfat yeri | Dəməşq, Suriya, Əyyubilər dövləti |
Vəfat səbəbi | Yoluxucu xəstəliklər |
Uşaqları | |
Atası | Nəcməddin Əyyubi |
Fəaliyyəti | hərbi qulluqçu, qubernator |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSəlahəddin Əyyubi 1187-ci il oktyabrın 2-də Qüdsü səlibçilərdən azad edərək 88 il sürmüş xristian ağalığına son qoymuş və avropalıların III xaç yürüşünü dəf etmişdir. Səlahəddin müsəlman mədəniyyətinin qəhrəmanı hesab olunur. Ailəsinin kürd[4] əsilli olduğu güman olunur.[5][6][7][8] Əyyubilər sülaləsindən idi.
Ailəsi və mənşəyi
redaktəİlk illəri
redaktəSəlahəddin təxminən 1138-ci ildə müasir İraqın Tikrit şəhərində doğulmuş, kiçik yaşlarında təhsilini davam etdirmək üçün Dəməşqə göndərilmişdir. Onun atası Nəcməddin Əyyub, Baalbek əyalətinin əmiri idi. Səlahəddin on il ərzində Hələb və Mosulun səlcuqlu atabəyi olan Nurəddin Mahmud Zənginin sarayında yaşayıb orada dinşünaslığı öyrənmişdir. İbtidai hərbi təhsilini Nürəddin Mahmud Zənginin sərkərdələrindən biri olan doğma əmisi Əsadəddin Şirkuhdan almış Səlahəddin, onunla Misirdə yaradılmış Fatimi xilafətinə qarşı döyüşlərdə iştirak etmişdir. Nəticədə, o, 1169-cu ildə Misirin vəziri təyin edildi. Misirdə Səlahəddinin çiyinlərinə düşmüş əsas vəzifə ölkəni I Amalrikin başçılıq etdiyi Qüds səlibçi krallığına qarşı müdafiə etmək idi. Hamı Səlahəddinin bu vəzifədə uzun çəkməyəcəyinə inanırdı, çünki ondan əvvəl Misirdə qısa müddət ərzində bir çox hökumət dəyişmişdi. Buna səbəb, biri birinin ardınca taxta çıxmış kiçik yaşlı xəlifələrin maraqlarını təmsil edən vəzirlər arasında gedən rəqabət olmuşdur. Öncə Səlahəddin ətrafına Suriya sünnilərindən ibarət bir qrup şəxsi yığdığına görə Misir ordusuna nəzarət edə bilmirdi, çünki sonuncu əsasən şiələrdən ibarət idi. Onların (yəni şiələrin) maraqlarının əsas müdafiəçisi hesab olunan xəlifə Əl-Ədid 1171-ci ildə vəfat etdikdən sonra, taxta yeni Abbasi sülaləsinin nümayəndəsi olan Əl-Müstədi çıxdı ki, o da sünni idi. Səlahəddinin təkidi ilə, Bağdaddakı üləmalar cümə namazları zamanı artıq Əl-Müstədini vəsf etməyə başladılar. Artıq bütün Misirin hakimi olan Səlahəddin rəsmi olaraq hələ də Nürəddin Zənginin nümayəndəsi hesab olunurdu. Sonuncu da öz növbəsində Bağdadda oturan Abbasi xəlifəsinin hakimiyyətini tanıyırdı.
Səlahəddin Misirin iqtisadiyyatını canlandırıb, ölkənin ordusunu təkmilləşdirdi. Atasının tövsiyələrinə qulaq asaraq, özünü Nürəddin Zəngi ilə hər hansı münaqişədən qoruya bildi. Yalnız Nürəddin Zəngi 1174-cü ildə vəfat etdikdən sonra, Səlahəddin ciddi hərbi əməliyyatlara başladı: əvvəlcə kiçik müsəlman dövlətlərinə, sonra isə səlibçilərə qarşı.
İndi Səlahəddin artıq Misir sultanı adını daşıyırdı. Bununla o, yeni Əyyubi sülaləsinin əsasını qoyaraq, sünni islamını Misirin əsas dini elan etdi. Səlahəddin öz torpaqlarını qərbə tərəf genişləndirməyə başladı. Əmisi Əsadəddin Şirkuhun Fatimi tərəfdarlarının Nil çayı boyunca üsyanını yatırtmasından istifadə edən Səlahəddin Qırmızı dənizi keçərək Yəmənin işğalına yollandı. Sünni islamında Səlahəddin "Vəliullah" adını daşıyır, o da "Allaha yaxın olan şəxs" deməkdir.
Səlibçilərə qarşı mübarizə
redaktəSəlahəddin iki dəfə, 1170-ci və 1172-ci illərdə, Nürəddin Zəngi tərəfindən Qüds krallığının işğalına yönəlmiş kampaniyalardan kənarda qaldı, çünki o, Misir və Suriya arasında "bufer zonasının" mövcudluğunda maraqlı idi. Onun fikri ilk olaraq Suriyanı ələ keçirmək idi. Nürəddin Zənginin qəfil ölümü Səlahəddinlə onun arasında yaranmaqda olan münaqişənin qarşısını aldı. Nürəddin Zənginin özündən sonra qoyub getdiyi oğlu Əs-Saleh İsmayıl Əl-Məlik hələ uşaq idi və o da 1181-ci ildə dünyasını dəyişdi.
Nürəddin Zənginin ölümündən dərhal sonra, Səlahəddin qoşunla Dəməşqə doğru irəlilədi və şəhər aliləri tərəfindən qarşılandı. Öz hakimiyyətini möhkəmləndirmək üçün Səlahəddin illərin sınağını keçmiş ənənəyə yol atır: o, Nürəddin Zənginin dul qalmış arvadı ilə evlənir. Nürəddin Zənginin hakimiyyəti altında olan iki ən böyük şəhər – Hələb və Mosul – yalnız sonralar (1176 və 1186-cı illərdə) Səlahəddin tərəfindən ələ keçirildi. 20 may 1176-cı ildə Hələbin mühasirəsi zamanı Haşhaşilər adı ilə tanınan gizli bir qrupun qatilləri Səlahəddini öldürməyə cəhd etdi. Onun həyatına iki sui-qəsd təşkil edildi və bunların ikincisi az qalsın Misir soltanının həyatı bahasına başa gələcəkdi.
Suriyada öz hakimiyyətini möhkəmləndirməklə məşğul olan Səlahəddin, səlibçi qoşunları ilə girişdiyi döyüşlərdən adətən müzəffər çıxırdı. Yalnız 1177-ci il noyabrın 25-i Montgisard ətrafında baş vermiş döyüş zamanı Qüds kralı IV Bolduin, Reynald de Şatiyon və Tampliyer cəngavərlərinin birləşmiş qoşunu Səlahəddini ağır məğlubiyyətə uğratdı. Müsəlman ordusunun yalnız onda bir hissəsi Misirə qayıda bildi.
1178-ci ildə Səlahəddin və səlibçi krallığı arasında atəşkəs elan edildi. Sonrakı ili Səlahəddin uğradığı məğlubiyyətin acı nəticələrini aradan qaldirmaqla məşğul oldu. Ordusunu möhkəmləndirdikdən sonra, Səlahəddin yenidən səlibçilərə qarşı hücuma keçərək, onları 1179-cu ildə Vadum Yakob adı ilə tanınan yerdə məğlub etdi. Ancaq səlibçilərin əks-hücumları Səlahəddin tərəfindən qəti hərbi cavablara səbəb olurdu. Məsələn, Reynald de Şatiyon Qırmızı dənizdə yaratdığı donanma ilə müsəlman zəvvar və tacirlərinə basqın edirdi. Buna cavab olaraq, Səlahəddin 30 gəmidən ibarət donanma düzəldərək 1182-ci ildə Reynald de Şatiyonu Beyruta hücum etməklə hədələdi. Öz növbəsində, de Şatiyon müsəlman dünyasının müqəddəs şəhərləri olan Məkkə və Mədinəni talamağı söz verdi. Səlahəddinin növbəti addımı 1183 və 1184-cü illərdə de Şatiyonun İordaniyada yerləşən Kerak qalasını mühasirəyə almaq oldu. Bunu meydan oxumaq kimi anlayan de Şatiyon 1185-ci ildə müsəlman zəvvarlarının karvanına hücum etdi. Qədim fransız mənbələrinin verdiyi yoxlanılmamış məlumata görə, bu karvana hücum zamanı Səlahəddinin bacısi əsir götürülmüşdü. Həqiqətdə isə, de Şatiyonun cəngavərləri Səlahəddinin bacısı və onun oğlunun olduğu karvana yox, başqasına basqın etmişdilər.
1187-ci ilin iyulunda Səlahəddinin qoşunları Qüds krallığının çox hissəsini geriyə qaytarmağa müvəffəq oldular. Həmin il iyulun 4-ü Səlahəddinin ordusu Qüds kraliçasının əri Gi de Luzinyan və Tripoli hökmdarı III Reymondun birgə qoşunları ilə Hattin döyüşü zamanı üz-üzə gəldi. Bu döyüş səlib yürüşləri tarixində dönüş anı hesab olunur. Müsəlman ordusu səlibçiləri darmadağın etmiş, əsirliyə düşən Reynald de Şatiyon isə şəxsən Səlahəddin tərəfindən edam edilmişdir. Gi de Luzinyan əsir düşsə də, Səlahəddin ona rəhm etmişdir. Döyüşdən iki gün sonra, Səlahəddinin əmri ilə səlibçilər arasında bilavasitə hərbi əmrləri yerinə yetirməklə məşğul olanların boynu vuruldu. Bu edamlar haqqında Səlahəddinin şəxsi katibi İmadəddin də yazmışdır: "O, (Səlahəddin) buyurdu ki, əsirlər edam olunsun. Onun ətrafında bir çox alim, sufi və başqa möminlər yığışmışdı; onların hər biri də qollarını çirməyələrək və qılınclarını qınından çıxardaraq heç olmasa bir əsiri edam etməyi Səlahəddindən xahiş edirdi. Səlahəddin xoşbəxt üzlə taxtında əyləşmişdi. Kafərlər ümidsiz bir halda idilər."
Tarixçi Bəhaüddinin yazdığına görə, Səlahəddin Qüdsü səlibçilərdən almamışdan əvvəl bunları söyləmişdir:
Mən (Bəhaüddin) Səlahəddinin yanında olarkən, o, çönüb mənə dedi: "Allah bütün Fələstin üzərində qələbəni mənə verərsə, onda mən torpaqlarımı böləcəm, bunu da vəsiyyətimdə yazacam. Sonra da gəmiyə minib, frankları onların uzaq ölkələrinə qədər təqib edəcəm. Mən ya öləcəm, ya da bütün Yer kürəsini Allaha inanmayanlardan qurtaracam." |
Qısa müddət ərzində, Səlahəddin səlibçilərin işğal etdiyi demək olar ki bütün şəhərləri geriyə ala bildi. 88 il xristianların dayaq nöqtəsi olan Qüds 1187-ci il oktyabrın 2-də nəhayət Səlahəddinin əlinə keçdi. (bax – Qüdsün mühasirəsi) Əvvəlcə, Səlahəddin səlibçilərin şəhərdə qalmış hissələrinə çıxış yolu vermək istəmirdi. Onun fikrini dəyişdirən o oldu ki, xristianların başçılarından biri Balian İbelin Qüdsdə yaşayan 3–5 minə yaxın müsəlmanı öldürməyi və şəhərdəki müsəlman incilərini dağıtmağı söz verdi. Müşavirləri ilə məsləhətləşdikdən sonra, Səlahəddin səlibçilərin şərtlərini qəbul etdi. Şəhərdən çıxmaq üçün hər bir frank girovpulu verməli idi. Bir çoxlarını girovsuz Qüdsdən buraxmasına baxmayaraq, Səlahəddin 7–8 minədək qadını qul etdi.
Xristian istehkamlarından yalnız Tir özünü saxlaya bildi. Şəhərin hökmdarı Konrad Montferrat Tirin müdafiə xətlərini möhkəmlədib, Səlahəddinin qoşunlarının iki mühasirəsinə tab gətirə bildi. 1188-ci ildə Gi de Luzinyan azadlığa buraxılaraq, öz yoldaşı Qüds kraliçası Sibillanın yanına qayıtdı. 1189-cu ildə bu kral ailəsi Montferratın məskəni olan Tiri öz krallığına qatmaq istədi, lakin Montferrat, Gi de Luzinyanı kral kimi tanımaq istəmədi. De Luzinyan və kraliça Sibillaya qalan yeganə addım Əkr şəhərinin mühasirəsi oldu. (bax – Əkrin mühasirəsi)
Hattin məğlubiyyəti və Qüdsün süqutu III səlib yürüşünə səbəb oldu. Bu məqsədlə İngiltərə və Fransada xüsusi "Səlahəddin vergisi" yığılmağa başlandı. Bu yürüş, Əkr qalasını geriyə qaytara bildi. İngiltərə kralı I Riçard Əkrdə əsir götürülmüş müsəlmanları edam etdikdən sonra, Səlahəddinin əsiri olan frankların da aqibəti buna bənzər oldu. 1191-ci il sentyabrın 7-i Səlahəddin və I Riçardın orduları Ərsuf ətrafında görüşdülər. Bu döyüşdən səlibçilər qalib çıxdılar. Səlahəddinlə Riçard arasindakı münasibət hərbi rəqabətdən başqa qarşılıqlı hörmət üzərində qurulmuşdu. Məsələn, İngiltərə kralı döyüşlərin birində yaralandıqda, Səlahəddin ona özünün şəxsi təbibinin qulluqlarını təklif etmişdi. Daha sonra, Ərsuf döyüşündə Riçard atını itirdikdə, müsəlmanların mərd soltanı öz rəqibinə iki at yolladı. Frankların düşərgəsində su çatışmazlığı haqqında eşitdikdə isə, Səlahəddin onlara dağlardan yığılmış qar içində meyvə yolladı. Öz növbəsində, Riçard öz bacısını Səlahəddinin qardaşına verməyi və Qüdsü onların toy hədiyyəsi etməyi təklif etdi.
İki hökmdar 1192-ici ildə Ramla müqaviləsini bağlayaraq, bu qərara gəldilər ki, Qüds müsəlmanların əlində qalsın, ancaq bir şərtlə ki, xristian zəvvarlarına heç bir maneə törədilməsin. Müqavilənin şərtlərinə görə, Latın krallığı indi Tirdən Caffaya qədər uzanan ensiz zolaq çərçivəsində yerləşməli idi.
1193-cü il martın 4-ü, I Riçardın Avropaya qayıtmasından dərhal sonra, Səlahəddin vəfat etdi. Səlahəddinin xəzinəsi açıldıqda məlum oldu ki, orada onun dəfninə belə çatacaq pul yoxdur. Səxavətli hökmdar var-dövlətinin çox hissəsini xeyriyyə işlərinə xərcləmişdi.
Səlahəddinin məqbərəsi Dəməşqdəki Üməyya məscidində yerləşir.
Tanınması
redaktəXristianlara qarşi apardığı amansız mübarizəyə baxmayaraq, Səlahəddin Avropada mərd cəngavər şöhrətini qazanmışdır. Onun şöhrəti o dərəcəyə çatmışdır ki, onun haqda epos yazılmış, və hətta dahi italyan şairi Dante Aliqieri onu cəhənnəmin xeyirxah dinsizlərin yaşadığı guşəsində təsvir etmişdir. Səlahəddin həmçinin Sör Valter Skotun 1825-ci ildə yazdığı Tilsim əsərində də müsbət şəkildə göstərilmişdir. Səlibçilərin 1099-cu ildə Qüdsü işğal etdikdən sonra törətdikləri vəhşiliklərə baxmayaraq, Səlahəddin girovpulunu ödəyən sıravi katolikləri və hətta xristian döyüşçülərini əfv etdi. Yunan pravoslav məzhəbinin tərəfdarları ilə daha yaxşı rəftar olunurdu, çünki onlar səlibçilərə qarşı çıxış etmişdilər. Səlahəddin və onun yaşadığı dövr haqqında maraqlı məlumat Tariq Əlinin müəllifi olduğu Səlahəddinin Kitabı romanında verilir.
Mənbə
redaktə- Ibn Khallikan's Biographical Dictionary, Volume 1 (in 1843, 688 pages), Volume 2 (in 1843, 697 pages), Volume 3 (in 1868, 616 pages), Volume 4 (in 1871, 616 pages)
- Saladin (Jan 8, 2009) by Abdul Rahman Azzam
- La légende de Saladin (1893) by Gaston Bruno Paulin Paris
- Saladin Prince of Chivalry (1930) by Charles J. Rosebault
- The Life of Saladin (1897) by Claude Reignier Conder
- The Life of Saladin By Beha Ed-Din Abu Al-Mehasan
- Histoire de Saladin (1758) (Tome premier, Tome second) by François-Louis-Claude Marin
- Салах ад-Дин и мамлюки в Египте. Л.А.Семенова, Институт Народов Азии, Наука, 1966, 214 страниц.
- Pr. Dr. Ramazan Şeşen. Salahaddin Eyyübi ve Devlet. Kelepir Yayınları, 1987, 514 sayfa.
İstinadlar
redaktə- ↑ Saladin // Nationalencyklopedin (швед.). 1999.
- ↑ Walker P. E. Saladin // Encyclopædia Britannica (ing.).
- ↑ Deutsche Nationalbibliothek Record #118604988 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Saladin Arxivləşdirilib 2020-06-26 at the Wayback Machine // Britannika Ensiklopediyası
- ↑ The medieval historian Ibn Athir relates a passage from another commander: "…both you and Saladin are Kurds and you will not let power pass into the hands of the Turks." Minorsky (1957): [səhifə göstərin].
- ↑ Lane-Poole, 1906. səh. 4
- ↑ The biographer Ibn Khallikan wrote, "Historians agree in stating that [Saladin's] father and family belonged to Duwin. … They were Kurds and belonged to the Rawādiya [sic], which is a branch of the great tribe al-Hadāniya": Minorsky (1953), p. 124.
- ↑ Humphreys, R. Stephen. From Saladin to the Mongols: The Ayyubids of Damascus, 1193–1260. State University of New York Press. 1977. səh. 29. ISBN 0-87395-263-4.
Among the free-born amirs the Kurds would seem the most dependent on Saladin's success for the progress of their own fortunes. He too was a Kurd, after all ...
- ↑ Böyük Səlcuq İmperiyasının Harim əmiri Şihab əd-Din Mahmud ibn Tokuş əl-Hariminin bacısı idi.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Youtube-da bax :Səlahəddin Əyyuboğlu kimdir ?
- Səlahəddin Əyyubi hakkında geniş bilgi [ölü keçid] (türk.)
- islamquest. "Səlahəddin Əyyubi kimdir? Səlib yürüşlərinə qarış xidmətləri və şiələrə qarşı münasibəti necə olub?" (az.). az.313news.net. 2017-02-17. 2017-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.