Sefvet Es Sefa - Wikipedia
Səfvət əs–səfa[1], Səfvətüs–səfa[2][3], Səfvət əl–səfa[4], Səfvətül səfa (fars. صفوة الصفا) — Şeyx Sədrəddinin tövsiyəsi və verdiyi məlumatlara əsasən atası və mürşidi olan Şeyx Səfiəddin haqqında İbn Bəzzaz tərəfindən fars dilində yazılmış kitab.[3] Əsərin tam adı əl-Məvahib əl-saniyə fi mənaqib əl-Səfəviyyə[4] və ya Məvahibüs–səniyyə fi mənakıbis–Səfəviyyə[3] dir. İbn Bəzzaz bu həcmli əsəri Şeyx Səfiəddin Ərdəbilinin vəfatından 24 il sonra təxminən hicri 759–cu (miladi 1358–ci) ildə bitirmişdir.[4] Şah I Təhmasibin əmriylə Əbül–Fəth Hüseyni tərəfindən yenidən redaktə edilmiş, bu vaxt mətnə Səfəvîlərin İmam Musa əl–Kazımın soyundan gəldiklərini ifadə edən bəzi ibarələr əlavə edilmişdir.[3] Əsərin Mirzə Əhməd b. Kərim-i Təbrizi xətti ilə litoqrafiya üsulu ilə nəşrində (Bombay 1911–ci il) bu nüsxə əsas götürülmüşdür.[3] Məhəmməd ibn Hüseyn Katib Nişati 1542–1543–cü (hicri 949–cu) ildə "Səfvət əs–səfa"nı Azərbaycan dilinə[5] tərcümə edərək mətnini şərti olaraq "Şeyx Səfi təzkirəsi" adlandırmaşdır.[2]Kitab hekayət adlandırılmış kiçik hissələr şəklində qurulmuşdur ki, həmin hekayələr də bilavasitə Şeyx Səfiəddinin müasiri olmuş müridləri və davamçıları, yaxınları və qohumları, xüsusilə də Şeyxin xəlifəsi olan oğlu Şeyx Sədrəddinin dilindən söylənmiş xatirə və söhbətlər əsasında qələmə alınmışdır.
İbn Bəzzaz haqqında
redaktəİbn Bəzzaz (fars. ابن بزاز ; ö. 1358–ci ildən sonra)[3] haqqında məlumatlar olduqca azdır. Əsl adı Dərviş Təvəkkül ibn İsmayıl ibn Hacı Məhəmməd əl-Ərdəbili idi.[1][3] Nisbəsindən Səfəviyyə təriqətinin mərkəzi Ərdəbil şəhrindən olduğu anlaşılır.[3] Ehtimal ki, bu şəhərdə doğulub böyümüşdü.[3] Atasının qumaş taciri (bəzzaz), özünün isə Səfiəddin Ərdəbilinin (ö. 1334) oğlu və xəlifəsi Şeyx Sədrəddin Ərdəbilinin (ö. 1392) müridi olmasından başqa ailəsi və həyatı haqqında məlumat yoxdur.[3] Səfvət əs-səfa kitabını Əhməd Əflakinin “Mənaqibül–arif”in kitabı nümunəsində yazmışdır.[3]
Əsər haqqında
redaktəQuruluşu
redaktəİbn Bəzzazın əsəri yazdığı tarix bizə məlum deyil. Buna baxmayaraq Səfvət əs-səfadan əldə edilən məlumatlara əsasən əsər yazılamağa başlayanda Şeyx Sədrəddin orta yaşlı idi. Əsər hicri 759-cu ildə (m.1358) tamamlanıb. Ehtimal edilir ki, İbn Bəzzaz uşaq olarkən Şeyx Səfiəddin Ərdəbilini görmüş və bu əsərini onun oğlu Şeyx Sədrəddinin tövsiyəsi ilə yazmışdır. Kitab hekayət adlandırılmış kiçik hissələr şəklində qurulmuşdur ki, həmin hekayələr də bilavasitə Şeyx Səfiəddinin müasiri olmuş müridləri və davamçıları, yaxınları və qohumları, xüsusilə də Şeyxin xəlifəsi olan oğlu Şeyx Sədrəddinin dilindən söylənmiş xatirə və söhbətlər əsasında qələmə alınmışdır.[6]
“Səfvət əs-səfa” əsəri bab adlanan 12 bölmə və bir neçə fəsildən ibarətdir. Əsər “Dibaçə” adlanan hissə ilə başlayır. Onun ardınca iki fəsildən ibarət “müqəddimə” bölməsi gəlir. Sözü gedən 12 bab isə aşağıdakılardır:[7][8]
I bab: Şeyx Səfiəddinin həyatının əvvəlində baş verən hadisələrdən bəhs edilir. Onun nəsli, doğulması, uşaqlığı, tələbəlik həyatı, Şeyx Zahidə gəlişi kimi mövzuları ehtiva edir. On bir fəsildən ibarətdir.
II bab: Şeyx Səfiəddinin bəzi çətinlik və bəlalara məruz qalan insanı və ya insanları xilas etməyə yönəlmiş möcüzələrindən bəhs edilir. Üç fəsildən ibarətdir.
III bab: Şeyx Səfiəddinin gözəllik və əzəmət baxımından möcüzələrindən bəhs edilir. Üç fəsildən ibarətdir.
IV bab: Şeyx Səfiəddinin Quran, hədis və müdriklərin sözləri ilə bağlı tədqiqlərini ehtiva edir. Altı fəsildən ibarətdir.
V bab: Şeyx Səfiəddinin heyvanlar və heyvanlardan başqa cisimlər üzərindəki möcüzələrini ehtiva edir. Üç fəsildən ibarətdir.
VI bab: Şeyx Səfiəddinin səması və vəcdindən bəhs edir.
VII bab: Şeyx Səfiəddinin müxtəlif möcüzələrini ehtiva edir. Beş fəsildən ibarətdir.
VIII bab: Şeyx Səfiəddinin məzhəbi, mübarizəsi, zahidlik kimi müxtəlif mövzularda məlumatlar verilir. 27 fəsildən ibarətdir.
IX bab: Şeyx Səfiəddinin xəstəliyi və ölümünü təsvir edir. İki fəsildən ibarətdir.
X bab: Şeyx Səfiəddinin ölümündən sonra baş verən möcüzələrdən bəhs edir. Üç fəsildən ibarətdir.
XI bab: Şeyx Səfiəddinin əzəməti, nüfuzu və xəlifələrindən bəhs edilir. Üç fəsildən ibarətdir.
XII bab: Şeyx Səfiəddinin şagirdlərinin möcüzələrindən söhbət gedir. İki fəsildən ibarətdir.
Mövzular
redaktəİbn Bəzzazın “Səfvət əs-səfa” əsəri özündə məzhəb, tarixi və ictimai mövzularda bir çox məlumat əks etdirir. Əsərdə Şeyx Səfiəddinin şəxsiyyətinin əzəməti və böyüklüyünü, onun qeyri-adi keyfiyyətlərini və möcüzə səciyyəli kəramətlərini özündə əks etdirən epizod və hadisələr çoxdur. Bu hekayələrin bəziləri mübaliğəlidir, çağdaş oxucu üçün inandırıc təsir bağışlamır və müəyyən mənada əfsanəvi səciyyə daşıyır. Buna baxmayaraq həmin hekayələrdə XIII-XIV əsr Azərbaycanda baş verən ayrı-ayrı real tarixi hadisələri, dövrün ictimai-siyasi həyatını əks etdirən bir sıra maraqlı məqamlar özünü göstərir.[9]
Əsərin əvvəlində Səfiəddinin Şiraz şəhərinə gəlməsindən və onun məşhur fars şairi Sədi Şirazi ilə görüşməsindən bəhs edilir. İbn Bəzzazın yazdığına görə, Sədi Şirazi öz divanının bir nüsxəsini ona bağışlamaq istəyir, ancaq Səfiəddin ona bildirir ki, ona İbrahimin divanı gərəkdir: Və o gah - gah şair Şeyx Sədiyi - Farsinün hüzurinə varub söhbət eylər idi; Şeyx Sədi çün bu halı gördi, dedi: “Ey pir, çün bunları qəbul eyləməzsən, mənim əşar divanum ki, öz xəttim ilə yazmışam, qəbul eylə ki, yolda yoldaşun olsun”. [10]
Əsərdə Şeyx Səfiəddin Ərdəbili ilə yanaşı onun çağdaşı və qayınatası İbrahim Zahid habelə başqa şeyx və ariflər haqqında məlumatlara rast gəlmək mümkündür. Bunlardan Mövlana Nəcmüddin Pirə Ərdəbili, Mövlana Şəmsəddin Ağmiyuni, Mövlana Şəhid Qadı Cəmaluddin Ərdəbili, Şəmsəddin Ərdəbilinin adlarını saymaq olar. İbn Bəzzaz əsərində Səfiəddin Ərdəbilinin həyatını təsvir etməklə yanaşı, əmirlərin, cəmiyyətin görkəmli nümayəndələrinin, görkəmli şəxslərin, bir sözlə, xalqın müxtəlif təbəqələrinin həyatı haqqında geniş mənada məlumat verir. Məsələn, burada dövrün məşhur pəhləvanlarının adlarına, həmçinin "qəvval” peşəsi və məşhur qəvvalçıların adlarına rast gəlmək mümkündür. Cəmiyyətin bir digər təbəqəsini təşkil edən əxilər də əsərdə yer verilib. Kitabda bir çox əxinin adı çəkilir. Onların Əxi Sultanşah Həddad və Əxi Şadi Habbazdan başqa digərlərinin hansı peşə qrupuna aid olduqlarını bilmirik.[11]
“Səfvət əs-səfa”dakı bəzi hekayələrdə müxtəlif peşələrin adı çəkilir. Məsələn, baqqal, şal toxuyan, çəkməçi, çörəkçi, dülgər, aşpaz, paltar toxuyan, dəmirçi, sabun satan, sərraf, dəri ustası, parçaçı, bağban, zərgər, sərrac, kərpicçi, eşşəkçi (mal-qara kirayəçisi) və dərzi peşələrini qeyd etmək olar.[12]
İbn Bəzzaz Şeyx Səfi və Şeyx Zahidin təsvirini edərkən, mürid və xəlifələrdən təfərrüatı ilə danışmır. Əsərdə danışılan hekayələrdə Şeyx Səfinin təsviri ilə yanaşı o dövrün və bölgənin ictimai, iqtisadi və coğrafi quruluşu ilə bağlı məlumatlar nəzərə çarpır. Bəhs edilən döbrdə Azərbaycan əhalisinin güzəranı, əkinçilərin və müxtəlif vilayətlərin, xüsusilə Ərdəbil və ona yaxın kəndlərin vəziyyəti çox sadə şəkildə oxucuya təqdim olunur. Əsərdə Ərdəbil şəhəri barədə birbaşa məlumata yer verilməsə də hekayələrdə bir sıra faktlara rast gəlmək mümkündür. Məsələn o dövrdə şəhərin bir neçə qapısının olduğu oxucuya bildirilir. Daha sonra qapıların adları sadalanır: Rəis Sad , Əsfəris , Nevşəhər, Vakis, Nülə, Fəqaiyan, Leyturumübeyyin qapıları.[13]
Əsərdə daha çox nəzəri cəlb edən cəhətlərdən biri onun antroponimik sistemidir. Əsər dini məzmun daşıdığı üçün buradakı şəxs adlarının böyük əksəriyyətini ərəb mənşəli antroponimik vahidlər təşkil edir. Burada “Quran”dan götürülmüş adlara geniş yer verilir, tarixi şəxsiyyətlərin, peyğəmbərlərin, İslam dini alimlərinin, müqəddəs şəxslərin, habelə səhabələrin, təsəvvüf şairlərinin adları çəkilir, onların hikmətli sözləri, İslam dini haqqında fikirləri şərh edilir.[14]
Nüsxə və nəşrləri
redaktəƏsərin günümüzə qədər bir çox əlyazması gəlib çatmışdır. Onların bir qismi Səfəvi dövləti qurulmadan əvvəl yazılan bir digər qismi isə Mir Əbül Fəth tərəfindən təshih edilən əlyazmalardır. Əsərin bilinən əlyazmaları aşağıdakılardır:[15][16]
- Ayasofya nüsxəsi. Bu nüsxə Süleymaniyə Kitabxanası, Ayasofya bölməsi 3099 nömrədə qeydiyyatdadır. Nüsxənin yazılma tarixi hicri 896-cı ildir. Cəmi 260 vərəqdən ibarət əsərin səhifə üzrə sətir sayı 25-dir.[16]
- Divan-ı Hind nüsxəsi. Müsəhhih Tehran Universitetinin Mərkəzi Kitabxanasında 2563 nömrəli qeydiyyatdan keçmiş mikrofilmdən və 5772 nömrəli fotoşəkildən istifadə edib. Nüsxənin müəllifi məlum deyil. Nüsxənin son cümləsi Səbanil-müəzzəm 759/1358 Tevekkül b. İsmayıl b. Hacı əl-Ərdəbilidir. Müsəhhih qeyd edir ki, nüsxənin tarixi əksər tədqiqatçıları çaşdırır və onlar səhv olaraq onun müəllifin nüsxəsi olduğunu düşünürlər. Onun fikrincə, xəttatlığın mükəmməlliyi və yazı üsulu nüsxənin yeni yazılmasından xəbər verir. Müsəhhih bu nüsxəni yeni tapsa da, ilk nüsxə əsasında tərtib edildiyini düşündüyü üçün onu etibarlı nüsxə hesab edir. Bu nüsxə 348 vərəqdən ibarətdir. Hər səhifədə 21 sətirdə yazılmışdır. Bu nüsxə “H” hərfi ilə göstərilir.[17]
- Leninqrad nüsxəsi. indiki Sankt-Peterburq şəhərindəki Saltikov-Şedrin adına kütləvi kitabxanasındadır. Nüsxənin tarixi və müəllifi məlum deyil. Səfəvi dövlətinin dövrünə aid olduğu güman edilir. Şah Abbas Səfəvi tərəfindən Şeyx Səfiəddin türbəsinə vəqf edilib. İran-Rusiya müharibələri zamanı Puşkinin fərmanı ilə general Paskoviç nüsxəni Rusiyaya aparıb. Nüsxənin birinci səhifəsində I Şah Abbasın möhürü vurulub və 1022-ci il tarixi var. Nüsxə 620 vərəqdən ibarətdir, hər səhifədə 15 sətir yerləşir. “L” hərfi ilə qeyd olunub.[17][18]
- Pür Hodabahş nüsxəsi. Pür Hodabahş Mərkəzi Kitabxanasının nüsxəsidir. Təbriz Universitetinin 1034 saylı Mərkəzi Kitabxanasında qeydiyyatda olan mikrofilmdə saxlanılır. Nüsxənin katibi Mir Xəlil əl-Camidir və 1035-ci ildə yazılmışdır. Kitabın son cümləsindən sonra məliklərə məxsus iki möhürü oxumaq mümkün olmayıb. Bu nüsxə “S” hərfi ilə işarələnib.[17]
- Asitanə-i Qüds nüsxəsi - Nüsxə 260 nömrədə saxlanılır. Nüsxə Mirza Rzaxan Naini adlı bir şəxs tərəfindən Asitanə-i Qüds Kitabxanasına təqdim olunub. Yazılış tarixi hicri 1042-ci ildir. Nüsxə 430 vərəq və hər səhifədə 23 sətirdən ibarətdir. Divan-ı Hind nüsxəsi kimi, çox güman ki, orijinal nüsxədən köçürülüb. Bu nüsxə “K” hərfi ilə işarələnib.[17]
- Mirza Əhməd ibn Hac Kərim Təbrizinin 1329-cu ildə çap etdirdiyi nüsxə. Kitabın 358 səhifəsi Səfvət əs-səfa mətnindən, qalanı isə dörd kitabdan ibarətdir. Bu nüsxə digər beş nüsxə ilə qarışıq çap edilib. Birinci nüsxə Ərdəbil Darül-irşada məxsusdur. Qədim nüsxə olduğundan onun səhifələri çürüyüb. İkinci və üçüncü nüsxələr Darul-aləm Şiraza məxsusdur. Həm yetərsiz, həm də köhnə nüsxədir. Müəllifin yazdığına görə dördüncü nüsxə başqa bir nüsxədən bir neçə səhifə imiş. Qum şəhərində yaşayan Mirzə Əhməd tərəfindən təshih edilmiş bu səhifələrdəki qüsurlar aradan qaldırılmışdır. Beşinci nüsxə isə Ərdəbildəki Şeyx Səfiəddin kitabxanasına məxsusdur. Bu nüsxə çox qarışıqdır. Bütün bu əlazyamalar üst-üstə cildlənib, 1329-cu ildə Bombeydə çap edilib və “Ç” hərfi ilə işarələnib.[19]
- Britaniya nüsxəsi. Britaniya muzeyi 11745 nömrədə saxlanılır. Tənqid və təshihi Mir Əbül Fəthə məxsusdur. Şah Məhəmməd tərəfindən köçürülən nüsxə “B” hərfi ilə işarələnib.[19]
- Hac Hüseyn Naxçivani tərəfindən Təbriz Milli Kitabxanasına hədiyyə olunan nüsxə. Təbriz Milli Kitabxanası 655 nömrədə saxlanılır. Yazılma tarixi hicri 950-ci ildir. 500 vərəqdən ibarətdir və hər səhifədə 19 sətirlə yazılmışdır. Bu nüsxə “N” hərfi ilə işarələnib.[19]
- Təbriz Universitetinin Ədəbiyyat fakültəsinin kitabxanasında saxlanılan. Bu nüsxə “P” hərfi ilə işarələnib.[19]
Əsərin Azərbaycan türkcəsinə edilən tərcümələri bunlardır:
- Möhsün Nağısoylu tərəfindən Məhəmməd ibn Hüseyn Katib Nişatinin tərcüməsinin Azərbaycan dilində çap olunan nəşri. “Şeyx Səfi təzkirəsi ” adı ilə nəşr olunan bu kitabda mövzu ilə bağlı son dərəcə mütəşəkkil məlumatlar verilib. Nağısoylunun kitaba yazdığı özsözə görə, Nişatinin Şeyx Səfinin Təzkirəsi” adlı tərcüməsinin də beş əlyazma nüsxəsi var. Əsərin digər tərcümələrindən fərqli olaraq bu tərcümə özündə bütün əsəri ehtiva edir. Digər tərcümələr isə sadəcə əsərin 4-cü babını əhatə edir.[20]
- AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda M-268 nömrədə saxlanılan nüsxə. Bu nüsxə 1611-ci ildə Dərgahqulu Kirmani tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilib. Kitab “Mənaqibi-Şeyx Səfi ” adlanır. Nişatinin “Şeyx Səfi təzkirəsi” tərcüməsi ilə müqayisədə həcmcə kiçik olan bu tərcümədə İbn Bəzzazın əsərinin yalnız ayrı-ayrı hissələri dilimizə çevrilmişdir.[21]
Türk dilində olan tərcümələr:[15]
- Hacı Səlim Ağa Kitabxanası. n412. Köçürən Osman ibn Mustafa, köçürmə tarixi 1048-ci il Rəcəb ayı (1638). Əsər 140 vərəqdir, sətir sayı 17-dir.
- Hacı Səlim Ağa Kitabxanası. n247. Köçürən məlum deyil. Köçürmə tarixi 26 Rəbiülaxır 766-cı ildir. (20 yanvar 1365-ci il, bazar ertəsi). Əsər 137 vərəqdir, sətir sayı 13-dür.
- İzmir Milli Kitabxanası, N 1483/3, Natamam nüsxə olduğu üçün nə nüsxəçi, nə də köçürülmə tarixi məlum deyil. Əsər 90 vərəqdən ibarətdir və sətirlərin sayı 21-dir. Manisa İl Xalq Kitabxanası, N1383/1. Köçürənin adı və tarix qeyd edilməyib. Əsər 135 vərəqdir, sətirlərin sayı isə 15-dir.
- Sadberk Xanım Muzeyi, Əlyazmalar n 171. Köçürən məlum deyil. Köçürülmə tarixi 1241/1825-26-ci il . Əsər 122 vərəqdir, sətir sayı 15-dir.
- Süleymaniyyə Kitabxanası, Hacı Mahmud Əfəndi bölməsi n 2716, Kopyaçı və tarix qeyd edilmir. Xüsusilə faydalandığımız nüsxələrdən biridir.
- Süleymaniyyə Kitabxanası, Hacı Mahmud Əfəndi bölməsi n 2642; Köçürənin adı və tarix qeyd edilməyib.
- Süleymaniyyə Kitabxanası, Hacı Mahmud Əfəndi bölməsi. Nüsxəçisi Mustafa Əfəndi və köçürmə tarixi 1254-cü ildir.
- Süleymaniyyə Kitabxanası, İzmir bölməsi, n 465, Köçürən və köçürmə tarixi qeyd olunmayıb.
Mənbə
redaktə- Ethem Cebecioğlu. İbn Bezzaz // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. XIX. Ankara. 1999. səh. 555.
- Yusuf Küçükdağ, Bilal Dədəyev. Safevîler’in Nesebine Farklı Bir Bakış. 2. Uluslararası Sosyal Araştırmalar Dergisi. 2009. 415–424.
- Serap Şah. SAFVETÜ’s-SAFÂ’D SAFİYYÜDDÎN-i ERDEBÎLÎ’NİN HAYATI,TASAVVUFÎ GÖRÜŞLERİ ve MENKIBELERİ. 1. İSTANBUL. T.C.MARMARA ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ İLÂHİYAT ANABİLİM DALI TASAVVUF BİLİM DALI. 2007.
- M. Nağısoylu, S. Cabbarlı, R. Şeyxzamanlı. Şeyx Səfi təzkirəsi (“Səfvətüs-səfa”nın XVI əsr türk tərcüməsi). Bakı: Nurlan. 2006 (Təkrar nəşri: 2010). səh. 932.
- V.M.Cəfərzadə. “ŞEYX SƏFİ TƏZKİRƏSİ”NDƏ DİNİ –TƏSƏVVÜFİ ŞƏXS ADLARI VƏ ONLARIN KONTEKSTUAL-ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ (PDF). Bakı. BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ. 2013. 5–12.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. səh. 344. ISBN 978-9952-34-101-0.
- Vahab Aktaş. SAFVETÜ’S-SAFA’YA GÖRE ANADOLU’DA KIZILBAŞ (ALEVİ) İNANCININ TEŞEKKÜLÜ VE ANADOLU’DA KIZILBAŞ (ALEVİ) –İKTİDAR MÜNASEBETLERİ (XIII.YÜZYIL). Kahramanmaraş. T.C. KAHRAMANMARAŞ SÜTÇÜ İMAM ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ TARİH ANA BİLİM DALI. 2013.
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Əfəndiyev, 2007. səh. 39
- ↑ 1 2 Nağısoylu, 2006. səh. 4
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Cebecioğlu, 1999. səh. 378
- ↑ 1 2 3 Fascicle 1. — Ebn Bazzāz Arxivləşdirilib 2017-11-17 at the Wayback Machine (author Roger Savory), page 8. // Encyclopaedia Iranica Arxivləşdirilib 2011-07-21 at the Wayback Machine. Volume VIII: Ebn ʿAyyāš - Eʿteżād-al-Salṭana. Edited by Ehsan Yarshater. New York: Bibliotheca Persica Press, 1998, 672 pages. ISBN 9781568590578Orijinal mətn (ing.)
EBN BAZZĀZ, DARVĪŠ TAWAKKOLĪ b. Esmāʿīl b. Ḥājī Ardabīlī, author of the Ṣafwat al-ṣafāʾ, a biography of Shaikh Ṣafī-al-Dīn Esḥāq Ardabīlī (d. 935/1334), founder of the Safavid order of Sufis and the eponym of the Safavid dynasty. Ebn Bazzāz was a disciple of Shaikh Ṣadr-al-Dīn Ardabīlī (d. 794/1391-92), the son and successor of Shaikh Ṣafī-al-Dīn. The work, also entitled al-Mawāheb al-sanīya fī manāqeb al-Ṣafawīya, deals mainly with Shaikh Ṣafī-al-Dīn’s miracles and sayings and contains little of a biographical nature (see Browne, Lit. Hist. Persia IV, pp. 38-39, for a list of its contents). Ebn Bazzāz completed this voluminous work (over 800 folios) around 759/1358, only twenty-four years after the death of Shaikh Ṣafī-al-Dīn. It is written in a straightforward style, without much rhetorical embellishment. Ideologically-motivated alterations were already present in a manuscript dated 914/1508, during the reign of Shah Esmāʿīl I (Aya Sofya 2123; Togan). Shah Ṭahmāsb (930-84/1524-76) ordered Mīr Abu’l-Fatḥ Ḥosaynī to produce a revised edition of the Ṣafwat al-ṣafāʾ. This official version contains textual changes designed to obscure the Kurdish origins of the Safavid family and to vindicate their claim to descent from the Imams.
- ↑ SAFEVİLERİN NESEBİNE FARKLI BİR BAKIŞ, Prof. Dr. Yusuf KÜÇÜKDAŞ Arxivləşdirilib 2015-07-31 at the Wayback Machine. Orijinal mətn tərcümədə ing. — "{{{1}}}"
Bu son eser istinsah tarihi H. 914 olan eserden I Şah Tahmasb (1524-1576) tarafından 1548-de Azeri Türkçesine çevirilmiş nushasından hazırlanmıştır.
- ↑ Nağısoylu, 2006. səh. 12
- ↑ Nağısoylu, 2006. səh. 9
- ↑ Şah, 2007. səh. 3
- ↑ Nağısoylu, 2006. səh. 11
- ↑ Cəfərzadə, 2013. səh. 9
- ↑ Şah, 2007. səh. 5
- ↑ Şah, 2007. səh. 6
- ↑ Şah, 2007. səh. 7
- ↑ Cəfərzadə, 2013. səh. 6
- ↑ 1 2 Aktaş, 2013. səh. 30
- ↑ 1 2 Şah, 2007. səh. 10
- ↑ 1 2 3 4 Şah, 2007. səh. 11
- ↑ Nağısoylu, 2006. səh. 7
- ↑ 1 2 3 4 Şah, 2007. səh. 12
- ↑ Nağısoylu, 2006. səh. 3
- ↑ Nağısoylu, 2006. səh. 6